Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-34/2025 07.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxsdən, satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 28 mart 2023-cü il tarixdə, saat 03:10-da Xaçmaz st. XPŞ-nin və tabeçiliyində olan Baş Sumqayıt st. X4 əməkdaşlarının Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhərində yerləşən Sumqayıtçay dəmir yolu stansiyasının 2 saylı post məntəqəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu Xaçmaz şəhəri, Xaçmaz dəmir yolu stansiyası ərazisində yerləşən xətt polis şöbəsində saat 06:35-06:55 müddətində üzərinə şəxsi axtarış keçirilərkən, əlində daşıdığı idman çantasının içərisindən sellofan bağlamada külli miqdar təşkil edən 1415 qram narkotik vasitə olan qurudulmuş marixuana, ikinci bağlamada 1010 qram narkotik vasitə olan heroin, üçüncü bağlamada külli miqdar təşkil edən 421,6 qram yumşaq konsistensiyalı maddə olan narkotik vasitə olan heroin, külli miqdar təşkil edən 44,5 qram psixotrop maddə olan metamfetamin və kiçik həcmli sellofanda 0,975 qram çəkidə psixotrop maddə olan metilendioksimetamfetamin (MDMA) 6,5 həb aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda törədilməklə əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Rusiya Federasiyasında kababçı kimi işləmişdir. Bayramlarda isə Azərbaycana gəlib bir müddət ailə və yaxınları ilə görüşdükdən sonra geri qayıtmışdır. Bir dəfə tanışı ilə birlikdə olarkən İran İslam Respublikasının vətəndaşı olan Vahid adlı şəxs həmin tanışına zəng etmiş, tanışı vasitəsilə Vahid adlı şəxslə tanış olmuşdur. Bundan sonra 11 dekabr 2022-ci il tarixdə Azərbaycana qayıtmış və dekabr ayının 12 və 13 tarixlərində Vahidə 360 manat pul göndərmişdir ki, ona 3-4 blister metadon həbləri göndərsin. Belə ki, psixi problemləri olduğu üçün həmin həblərdən istifadə etmişdir. Lakin pulu göndərdikdən sonra İranlı Vahidə zəng çatmamış, o, itmiş və dekabr ayının 15-də o, yenidən Rusiya qayıtmışdır. Bir müddət sonra mart ayının əvvəllərində Rusiyada olarkən Vahid ona zəng edərək dərmanları çatdıracağını vəd etmiş və demişdir ki, guya o, İranda içki məclisində tutulmuş və bu səbəbdən də dərmanları vaxtında çatdıra bilməmişdir. Buna görə Vahidi təhqir etmişdir ki, onun dərmanlarını vaxtında çatdırsın. Bundan sonra Novruz Bayramı münasibəti ilə o, yenidən 2023-cü ilin mart ayının ortalarında Azərbaycana qayıtmışdır. Bu zaman İranlı Vahidə zəng edərək onun ya 360 manat pulunun qaytarılmasını, ya da ki, ona vəd etdiyi həblərin göndərilməsini tələb etmişdir. 28 mart 2023-cü il tarixdə Vahid ona zəng edib Sumqayıt dairəsi adlanan yerdə bir xanımın gözlədiyini, dərmanları ondan götürməli olduğunu demişdir. Vahidlə “vatsap” proqramı vasitəsi ilə danışmışdır. Həmin vaxt saat 24 radələri olmuşdur. Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindən həmin yerə getmiş və Vahiddən bir xəbər çıxmamışdır. Sonradan bilmişdir ki, bu müddət ərzində Vahidlə polislər ona qarşı əməliyyat hazırlamışlar. Az sonra yenidən Vahidlə əlaqə saxlayan zamanı Vahid qadının gözləyə bilmədiyini və 200 metr irəliyə dərmanları yarım tikiliyə siqaret qutusunda qoyduğunu bildirmiş, həmçinin yolda olarkən Vahid onun mobil telefonuna şəkil və ünvan göndərmişdir. İranlının dediyi yarım tikiliyə girib, telefonun işığını yandırıb baxdıqda polis əməkdaşları onu dərhal tutmuşdurlar. O, çantaya əl vurmamış və polislər onu tutan kimi qoluna qandal vurmuşlar, çantanı isə özləri götürmüşdürlər. Həmin çanta ağ rəngli idman çantası olmuşdur. Sonra onu Baş Sumqayıt st. X7 bölmə rəisinin yanına aparmışlar. Polis rəisi onu İranlı ilə danışdırmış və təxminən 1 saatadək o, Sumqayıtda polis bölməsində saxlanılmışdır. Bütün bu müddət ərzində yarım tikiliyə qoyulmuş çanta polislərin özündə olmuşdur. Daha sonra polislər onu maşına oturdaraq Xaçmazda yerləşən bölməyə aparmışlar və onlar təxminən iki saatadək yol getmişlər. Onun üzərində şəxsi axtarış təxminən 08:00 radələrində keçirilmişdir. Videoçəkiliş zamanı da çantanın ona məxsus olmadığını demişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Sumqayıt şəhərində saxlanılıb Baş Sumqayıt st. X7 aparılarkən saat on iki, birə işləmiş olmuşdur. Polislər 3 maşında gəlmişlər və onu maşınların birinə oturtmuşlar. Çantaya o, əlini vurmamış, çantanı polislər götürmüş, o isə əli arxadan qandal ilə bağlı maşında oturmuşdur. Sumqayıtda polislər ona nə qədər təzyiq etsələr də, o, heç nəyi boynuna almamış və çantanın ona aidiyyətinin olmadığını demişdir. Sumqayıtda bölmədə olan müddət ərzində polislər onun boynuna qoymaq üçün iranlı Vahidə onun öz telefonu ilə vatsapla səs göndərmişlər və Vahidin ona qarşı dediyi sözləri səsləndirməklə iranlı ilə əlbir olduğunu sübut etməklə çantanı boynuna qoymağa çalışmışlar. Sumqayıtda təxminən 1 saatadək qalmış sonra onu qəfəsli maşına arxaya qəfəsə oturtmuşlar və Xaçmaza aparmışlar. Maşında çanta qabaqda oturan bölmə rəisində olmuşdur. Xaçmazda videoçəkiliş aparakən təzyiq edərək zorla çantanı onun əlinə vermişlər. Çantanın içərisində nə olmasından onun ümumiyyətlə xəbəri olmamış, hətta o, polislərə etiraz etmişdir ki, “bəlkə bu çantanın içərisində partlayan nə isə var, niyə zorla mənə verirsiz bu çantanı?” Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, iranlı Vahidə öz istifadəsi üçün yalnız 3-4 blister metadon sifariş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində o, oxşar məzmunlu ifadə verərək əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün iranlı Vahid adlı şəxsə 4 blister metadon həbi sifariş etdiyini və Vahidin zənginə əsasən gedib həmin həbləri götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində gpstərdi ki, 28 mart 2023-cü il tarixdə Bakı şəhər sakini Natiq adlı şəxsin Sumqayıt stansiyasının ərazisində və orada yerləşən Sumqayıtçay deyilən yerdə olan yarım tikilidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar rəhbərliyə məruzə edildikdən sonra o, Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, Xaçmaz st. XPŞ-nin PPX-nin manqa komandiri, polis nəfəri Şahid3 və Baş Sumqayıt st. XPB-nin manqa komandiri, Şahid4 ilə birlikdə saat 03 radələrində Sumqayıt şəhərinə Sumqayıt stansiyası ərazisində Sumqayıtçay deyilən yerə getmişlər və orada gözləmişlər. Sonra Təqsirləndirilən şəxs yarım tikiliyə girməsini və oradan çanta ilə çıxmasını görüb ona saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən sadəcə 2-3 blister metadon həbləri götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu ilkin olaraq Baş Sumqayıt st. XPB-nə gətirib rəisə məruzə etmişlər, sonra isə orada müstəntiq olmadığından Xaçmaz st. XPŞ-nə aparmışlar və orada şəxsi axtarış aparılaraq çantada narkotik vasitələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin PPX-nin manqa komandiri Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında o, əməliyyat qrupunun üzvü kimi iştirak etmişdir. Hadisə yerinə Şahid2 ilə gəlmişdir. Əməliyyat tədbirində Şahid4 və Şahid1 də iştirak etmişdir. Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhərində Sumqayıtçay ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs orada olan yarımtikilidən çıxan zaman saxlanılmışdır. İçərisində narkotik vasitələr olan çantanın kimdə olması ilə bağlı verilən suala cavab olaraq Şahid3 göstərmişdir ki, həmin çantanın dəqiq olaraq Təqsirləndirilən şəxs və ya əməliyyat qrupunun rəhbəri Şahid2 olmasını o, xatırlamır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sumqayıt şəhərində yerləşən Baş Sumqayıt st. X7 gətirilmiş, orada bir müddət saxlanıldıqdan sonra isə Xaçmaz şəhərinə Xaçmaz st. XPŞ-yə aparılmışdır. Bu müddət ərzində onlar tərəfindən Təqsirləndirilən şəxs olan çantaya baxış keçirilməmişdir, Xaçmazda isə həmin çantada narkotik vasitələrin olması aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Baş Sumqayıt st. XPB-nin manqa komandiri Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupunun rəhbəri Şahid2 və qrup üzvləri Şahid1 və Şahid3 ilə 28 mart 2023-cü il tarixdə Sumqayıt stansiyası ərazisində Sumqayıtçay deyilən yerə gəlmişlər. Həmin yer Bakı-Quba şossesində yerləşmiş, Sumqayıt şəhərində “Bayatı” adlı restoranına yaxın bir yerdə olmuşdur. 20-30 dəqiqə gözlədikdən sonra gecə saatlarında həmin yerdə olan yarım tikiliyə Təqsirləndirilən şəxs girmiş və yarım tikilidən çanta ilə çıxan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra o, Baş Sumqayıt st. XPB-nə gətirilib rəisə məruzə olunmuş, daha sonra oSumqayıtda bölmədə təxminən 1 saat saxlanılmış, çünki müstəntiq olmamış, oradan isə avtomaşınla Xaçmaz şəhərinə Xaçmaz st. XPŞ-nə aparılmışdır. Həmin vaxt içərisində narkotik aşkar edilmiş çantanın kimdə və harada olmasını o, bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və özü əməliyyat qrupunun rəhbəri, üzvləri isə Şahid4, Şahid3 və Şahid1 olmuşlar. 28 mart 2023-cü il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə yaxın st. Sumqayıta gəlib orada gözləmişlər və bir nəfər şəxsin piyada gəldiyini görmüşlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmuş və o, orada olan yarım tikiliyə girib çanta götürüb çıxanda onu saxlamışlar. Sonradan baxış keçirilən zaman çantanın içində müxtəlif sayda narkotik vasitələr olmasını bilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs demişdir ki, o, bu qədər narkotik sifariş etməmiş, bir neçə ay bundan əvvəl iranlıya dərman sifariş etmiş, bir neçə yüz manat pul göndərmiş, həmin dərmanları götürməyə gəlmişdir. Daha sonra verilən suallara cavab olaraq polis əməkdaşı Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqdan sonra onu ilkin olaraq təxminən 10 dəqiqəyə Sumqayıt şəhərində yerləşən Baş Sumqayıt st. X7 gətirmişlər. Orada rəisə məruzə etmişlər. Bölmə rəisinin özü Təqsirləndirilən şəxs ilə görüşmüş və oturub Təqsirləndirilən şəxs ilə səmimi söhbət aparmış, narkotik vasitələr barədə sorğu-sual etmiş, Natiqdə hamısını etiraf etmişdir. Natiq Sumqayıtda polis bölməsində təxminən yarım saat qalmış, lakin Sumqayıtda vəkil olmadığından, yuxarı rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhərinə, Xaçmaz st. X8 aparmışlar. Sumqayıtdan Xaçmaza Təqsirləndirilən şəxs ilə birgə bir avtomaşında getmişlər. Sumqayıtdan Xaçmaza təxminən 2 saata getmişlər. Bütün bu müddət ərzində Natiqin əlində olan çantaya baxış keçirməmişlər, ola bilsin əlləri ilə partlayıcı və sair maddənin olmadığını yoxlamışlar, lakin çantanın içini açmamışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də hüquqi qiymət verilməsi üçün tədqiq edir. Belə ki, iş materiallarında olan raport, eləcə də şübhəli şəxsin tutulması və şəxsi axtarış keçirilməsi haqqında protokollara, həmçinin digər sənədlərə əsasən Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 03:10 radələrində Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində tutularaq, Xaçmaz şəhəri, Xaçmaz XPŞ-yə gətirilmiş və orada saat 06:35-də başlanılmaqla onun üzərində şəxsi axtarış aparılmış, bu zaman əlində olan ağ rəngli idman çantasında narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin xx.xx.2024-cü il tarixli, 13-1-24/2- 103/2024 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Sumqayıtçay Stansiyasında yerləşən 2 saylı post Azərbaycan Dəmir Yolları QSCnin Baş Sumqayıt Stansiyası ərazisində yerləşir. (cild 1, iş vərəqi 251) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 mart 2023cü il tarixli, 7/445 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bağlamada olan kütlə 1.415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (cild 1, iş vərəqləri 34-36) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023cü il tarixli, 6/1760 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bağlamalarda olan maddələr aşağıdakılardı: kiçik sellofan paketdə 6,5 ədəd həblərin tozları ilə birlikdə ümumilikdə 0,975 qram metilendioksimetamfetamin (MDMA), bir ədəd bükümdə 1.010 qram heroin, bir ədəd bükümdə 421,6 qram yumşaq konsistensiyalı heroin və 44,5 qram metamfetamin. (cild 1, iş vərəqləri 38-41) Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 23 iyun 2023-cü il tarixli 4012 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda, ibtidai istintaq orqanının topladığı digər sübutlarına, eləcə də məhkəmədə ifadə vermiş təqsirləndirilən şəxs və ittiham tərəfinin şahidləri olan, təqsirləndirilən şəxsin tutulmasını həyata keçirən, əməliyyat qrupunda iştirak edən 4 nəfər polis əməkdaşının ifadələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, Sumqayıtçay Stansiyası yaxınlığında saxlanılaraq Baş Sumqayıt st. X7 gətirilmiş, orada 01 saatadək müddətə saxlanılmış, sonra isə tutulmasının sənədləşdirilməsi və üzərinə şəxsi axtarış keçirilməsi üçün o, Sumqayıt şəhərindən 136 km aralıqda yerləşən Xaçmaz şəhərinə aparılaraq orada üzərində şəxsi axtarış aparılmışdır. Cinayət işinin materiallarında olan baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 03:10 radələrində Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində tutulmuşdur. (Cild 1, iş vərəqi 9) Təqsirləndirilən şəxs isə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 28 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində tutulmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhərində tutulan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 28 mart 2023-cü il tarixdə saat 06:35-dən başlayaraq Xaçmaz şəhərində, Xaçmaz XPŞ-də aparılmışdır. “Google maps” internet xəritələri vasitəsi ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhərindən Xaçmaz şəhərinə olan məsafə 136 km. olmaqla, bu məsafəni avtomaşınla ən yaxşı halda 1 saat 45 dəqiqəyə qət etmək olar. Sadə riyazi hesablamalarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə gecə saat 03:10-da Sumqayıt şəhərində tutulmasından 03 saat 25 dəqiqə sonra onun üzərində Xaçmaz şəhərində şəxsi axtarışın aparılması istintaq hərəkəti icra edilmişdir. Sumqayıt şəhərindən Xaçmaz şəhərinə avtomaşınla yola təqribən 1 saat 45 dəqiqə sərf edilməsini nəzərə aldıqda, qalan 1 saat 40 dəqiqə vaxt ərzində Təqsirləndirilən şəxs harada saxlanılması istintaq materialları ilə müəyyən olunmasa da, bu bir daha həm təqsirləndirilən şəxs, həm də polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatı, yəni Təqsirləndirilən şəxs tutulmasında sonra 1 saatadək müddət ərzində Baş Sumqayıt st. X5 saxlanıldığını təsdiq edir. Göründüyü kimi polis əməkdaşları nəinki Təqsirləndirilən şəxs tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri onu apardıqları Baş Sumqayıt st. X9 və ya yaxınlıqda olan müvafiq polis bölmələrində də icra etmədən 03 saat 25 dəqiqədən sonra Sumqayıt şəhərindən Xaçmaz şəhərinə 136 km məsafəni qət edərək gətirilməsi zərurətini də əsaslandırmamışlar. Halbuki, məkəmədə ifadə verən həm Təqsirləndirilən şəxs, həm də onun saxlanılmasında iştirak edən 4 nəfər əməliyyat qrupuna daxil olan polis əməkdaşları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs tutulduqdan 10 dəqiqədən sonra Baş Sumqayıt st. X7 aparılmış və orada 1 saatadək müddətdə saxlanılmış, sonra isə avtomaşınla Xaçmaz şəhərinə aparılmışıdır. Polis əməkdaşlarının verdiyi izaha görə müstəntiq olmadığı və vəkil tapa bilmədikləri üçün Təqsirləndirilən şəxs Xaçmaz şəhərinə aparmışlar və orada onun üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmə xüsusi qeyd edir ki, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 03 saat 25 dəqiqə ərzində polis əməkdaşlarının sərəncamında olan Təqsirləndirilən şəxs əlində olan idman çantasında narkotik vasitə və psixotrop maddə saxlaya bilməsi və bu zaman ərzində polis əməkdaşları tərəfindən tutulan şəxsin üzərində və əlində olan idman çantasında ən azından öz təhlükəsizlikləri üçün yoxlama aparılmaması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə, qeyd edilən məsələ ilə bağlı mövcud məhkəmə praktikası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 34-cü bəndində qeyd olunmuş tövsiyyələri nəzərə alır. Plenum Qərarının həmin bəndində qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Bundan əlavə, Plenumun sözü gedən Qərarına əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Eyni məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əməliyyat qrupunun rəhbəri Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqdan sonra onu ilkin olaraq təxminən 10 dəqiqəyə Sumqayıt şəhərində yerləşən Baş Sumqayıt st. X7 gətirmişlər. Orada rəisə məruzə etmişlər. Bölmə rəisinin özü Təqsirləndirilən şəxs ilə görüşmüş və oturub Təqsirləndirilən şəxs ilə səmimi söhbət aparmış, narkotik vasitələr barədə sorğu-sual etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 6 ay əvvəl iranlı Vahidə 4 blister metadon dərmanı üçün 360 manat pul yollamış, Vahidin ona gödərdiyi 3-4 blister dərman üçün Sumqayıt şəhərinə getmiş, narkotik vasitə olan çantanı qoyulduğu yerdən o, götürməmiş, yarım tikili binaya girən kimi polis əməkdaşları tərəfindən tutularaq qollarına qandal vurulmuş və Baş Sumqayıt st. X7 gətirilmiş, orada onunla bölmə rəisi danışmış, qolları bağlı olmaqla telefonu əlindən alınmış və “votsap” proqramı vasitəsi ilə səs göndərilməklə iranlı Vahidlə danışdırılmışdır ki, Vahidlə əlbir olmasını və narkotik vasitə olan çantanı götürməyə gəldiyini etiraf etsin. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların həqiqət olması istintaq orqanının onun telefonundan götürdüyü “votsap” proqramı vasitəsi ilə göndərilən səs yazıları ilə də təsdiq olunur:
1. PTT – 20230328 – WA0004, Təqsirləndirilən şəxs: “Axşamın xeyir Vahid. Vahid mən burda yağışın altında uje dəli olmuşam, tapa bilmirəm, hara qoymusan o, “məti” listlərini hara qoymusan? Dərmanım hardadı?. Ya mənim dərmanımı gətir, ya da ki, 360 manatımı tez ele yolla, elə eləməki başına oyun açım sənin”
2. PTT – 20230328 – WA0007, Təqsirləndirilən şəxs: “Ayə şərəfsiz nə sumka? Şərəfsizsən ey sən, doğurdan da şərəfsizsən. Kişisən ə sən sən məni sumka dalınca yollamışdın, yoxsa 4-5 dənə list metadon dalınca? Ay şərəfiz 6 ay budan qabaq mən sənə 360 manat pul göndərməmişdim, çekimdə hələ durur? Oları hamısını mən gəlib İranda, səni mən görərsən nə edəcəm. Onsuzda mən bunu boynuma da götürsəm, ancaq səni özümlə aparacam. Bu səs yazıları bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həmin müddət ərzində Baş Sumqayıt st. X5 polisin sərəncamında olmuş, iranlı Vahidlə Təqsirləndirilən şəxs telefonla danışdırılmış, cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bilən iranlı Vahid adlı şəxsi Təqsirləndirilən şəxs üzünə qarşı qoymaqla bu cür qeyri-prosessual üsullarla Təqsirləndirilən şəxs “boynuna götürməsinə”, yəni etiraf xarakterli ifadələrin alınmasına cəhd edilmişdir. Bundan başqa, məhkəmə istintaq orqanın əsas sübut kimi təqdim etməyə çalışdığı “Şəxsi axtarış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş videoşəkilişin də mötəbərliyinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4 və 245.3cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan video qeydiyyatın aparılması başa düşülür. Lakin iş materiallarına əlavə edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokola aid videoçəkilişin 03:35 dəqiqəsində görünür ki, qoyulduğu yerdən çantanın götürüb-götürülməməsi ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala Təqsirləndirilən şəxs cavab vermək istədikdə, açıq-aşkar montaj əlamətləri ilə kadr dəyişməsi baş verir və Natiq Əlizadınin cavabı kəsilir. Bundan başqa, psixotrop maddələr və narkotik vasitələrə bənzər kütlələr torbaya qoyub qablaşdırıldıqdan sonra, sənədləşmə aparılması adı ilə videoçəkiliş 14:17 dəqiqədə dayandırılır və yalnız bərpa edildikdən sonra masanın üzərində olan qablaşdırımanı istintaq hərəkətlərinin iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs imzalayır. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhərindən xx.xx.2023-cü il tarixdə saat 03:10-da Təqsirləndirilən şəxs tərəfindən götürülməsi ehtimal edilən psixotrop maddələr və narkotik vasitələrin 3 saat 25 dəqiqədən sonra protokol tərtib edilərək götürülməsi, bu müddət ərzində təqsirləndirilən şəxsin tamamilə polisin nəzarətində olmaqla ona təzyiq göstərilməsinin istisna edilməməsi, şəxsi axtarış keçirildikdə isə videoçəkilişdə montaj edilən kəsintinin olması və videoçəkilişin səbəbsiz olaraq dayandırılaraq sonradan bərpa edilməsi sübuta “müdaxilə” edilməsi və sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmaqla yanaşı məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən “Şəxsi axtarış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokol və ona əlavə edilən videoçəkiliş mötəbərliyi şübhə altına alınan sübutlar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz və həmin sübutlarla müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ittihamedici ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri ittihamın əsasını təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Məhkəmə həmçinin diqqətdən qaçıra bilmir ki, istintaq orqanı təqsirləndirilən şəxsə satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməkdə ittiham verməsinə baxmayaraq onun narkotik vasitələrin satışa ilə məşğul olmasına dair hər hansı bir dəlil və ya sübut əldə edə bilməmişdir, baxmayaraq ki, təqsirləndirilən şəxsin mobil telefonu götülüb texniki ekspertiza təyin edilməklə onun yaddaşında olan bütün məlumatlar təhlil edilmiş, eyni zamanda mobil telefon nömrəsinə aid, danışıq və “SMS” məlumatları da götürülərək araşdırılmışdır. Belə ki, cinayət işinin materiallarında olan 27 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt stansiyası ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. (cild 1, iş vərəqi 3) Lakin əməliyyat və istintaq orqanları külli miqdarda psixotrop maddələri və narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi ehtimal edilən Təqsirləndirilən şəxs tam ifşa edilməsi üçün onun Bakı şəhərində məlum olan yaşayış evində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə, həmin vaxt və ya bundan sonrakı müddət ərzində qeyd edilən ünvanda axtarış aparmamış, əlaqələrini yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən etməmişdir. Bu isə bir daha məhkəmədə olan ehtimalları təsdiq edir ki, aparılan əməliyyataxtarış tədbirlərinin məqsədi məhz Təqsirləndirilən şəxs tutulmasını təmin etmək olmuşdur. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (Rəşad Həsənov və başqaları, § 101). Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş yuxarıda tədqiq edilən məhkəmə-biloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə müəyyən edilmişdir ki, müxtəlif bağlamalarda külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Həmin ekspert rəyləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəylər Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddələr olan MDMA həbləri və metamfetamin, eləcə də narkotik vasitələr olan heroin və qurudulmuş marixuana ilə bağlıdır. Rəylərin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticələr mövcuddur. Bununla belə, narkotik vasitələrin və psixotrop maddələrin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəylərinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitələr və psixotrop maddələri əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının yuxarıda tədqiq edilən rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öz ifadəsinə əsasən iranlı Vahid adlı şəxsdən 3-4 blister metadon tərkibli dərmanı sifariş etməsi, cinayət tərkibi yarada bilməz. Belə ki, verilmiş ittiham üzrə metadon tərkibli dərman müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yalnız öz sözünə əsasən isə həmin dərmanların tərkibini və cinayət tərkibi yaradacaq həddə psixotrop maddələrin olmasını müəyyən etmək mümükün deyildir. Bu halda da mövcud bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməlidir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44,3 qram çəkidə psixotrop maddə metamfetamin, 1009,8 qram çəkidə narkotik vasitə heroin, 421,4 qram çəkidə yumşaq konsistensiyalı narkotik vasitə heroin, 1414,8 qram narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd psixotrop maddə MDMA həbi, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı, və telefon məlumatlarını özündə əks etdirən 02 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlama yerində saxlanılan 44,3 qram çəkidə psixotrop maddə metamfetamin, 1009,8 qram çəkidə narkotik vasitə heroin, 421,4 qram çəkidə yumşaq konsistensiyalı narkotik vasitə heroin, 1.414,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd psixotrop maddə MDMA həbi həmin narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 272,82 manat (iki yüz yetmiş iki manat səksən iki qəpik) məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. X2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübüta yetirilməməsi əsası ilə baraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin və o, qətimkan tədbirinin tətbiqindən azad edilsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlama yerində saxlanılan 44,3 qram çəkidə psixotrop maddə metamfetamin, 1009,8 qram çəkidə narkotik vasitə heroin, 421,4 qram çəkidə yumşaq konsistensiyalı narkotik vasitə heroin, 1.414,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd psixotrop maddə MDMA həbi həmin narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.