Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-340/2022 11.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu Fatmayı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Abşeron rayonu Fatmayı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmiş, eləcə də qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətinin törədilməsinə köməkçilik etmişdir. Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən məbləğdə pul qarşılığında eləcə də öz istifadəsi üçün ona ayrılan müəyyən miqdarda narkotik vasitə və psixotrop maddə müqabilində istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə ayrı-ayrı yerlərdə qoymaqla Azərbaycan Respublikası ərazisində satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlmiş, İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək mobil telefonun «Whatsapp» vasitəsi ilə yazışıb narkotik vasitələrin və psixotrop maddələrin olduğu yeri öyrənib 03 fevral 2022-ci il tarixdə Milliön aparatı ilə göndərdiyi 80 manat pul müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsinə köməkçilik edərək, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yol kənarında qoyduğu içərisində külli miqdarda tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,012 qram, 0,201 qram, ümumi təmiz çəkiləri 5,213 qram narkotik vasitə heroini və üç bükümdə ayrı-ayrılıqda tərkibinə görə eynilik təşkil edən təmiz çəkiləri 0,227 qram, 0,195 qram, 0,263 qram, ümumi təmiz çəkiləri 0,685 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi ayrı-ayrı yerlərə qoymaqla satışını təmin etmək üçün şəklini çəkib həmin İran İslam Respublikasının vətəndaşına göndərməsi məqsədi ilə üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən 06 fevral 2022-ci il tarixdə saat 12 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Fatmayı kəndində saxlanılıb polis bölməsinə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol döş cibindən həmin iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,213 qram narkotik vasitə heroin və üç ədəd bükümdə ümumi çəkisi 0,685 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs bildirdi ki, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, belə ki, o, narkotik vasitələrin istifadəçisidir. Tutulandan 2-3 ay əvvələ qədər ona təsadüfən zəng vuran iranlı olduğunu deyən şəxsdən narkotik vasitə almış, həmin narkotik vasitəyə görə onun kartına pul göndərmiş, həmin iranlı da narkotik vasitəni qoyduğu yeri ona demişdir. Birdəfəlik 7-8 qram narkotik vasitə almış, həmin narkotik vasitəyə görə təxminən 70-80 manat pul ödəmiş, gündəlik olaraq 3-5 qram narkotik vasitə istifadə etmişdir. Eyni zamanda yalnız heroindən istifadə etmiş, heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmiş, metamfetamindən istifadə etməmişdir. Tutulana qədər tikinti işlərində usta işləmiş, bəzən aylıq qazancı 3.000-4.000 manat olmuşdur. Həmçinin o ittiham aktında göstərilən kimi küçədə deyil, hadisə olan gün səhər saat 7 radələində evində tutulmuş, tutulan zaman üzərində 2 qram heroin olmuşdur. Polis əməkdaşları ona çəkiliş aparılarkən küçədə tutulmasını deməyi tapşırmış, o da elə demişdir. Həmçinin bölmədə olarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Məmməd oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 fevral 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Abşeron rayonu Fatmayı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs yerini müəyyən edərək Abşeron rayonu, Fatmayı kəndində yaşadığı evin qarşısında ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Ona bildirmişlər ki, o narkotik vasitələrin satışında şübhəlidir. Sonra onu Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirib raport tərtib edilərək material təhqiqatçıya həvalə edilmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Səxavətin üzərindən müxtəlif bükümlərdə heroin və metamfetamin aşkar edilərək götürülmüş, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunaraq götürülmüş həmin bükülülərdə olan heroin və metamfetaminə bənzər kütlələr boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Şahid1 ona verilən suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs evinin qarşısında tutulmuş, ona qarşı hər hansı bir zorakılıq olmamışdır. Eyni zamanda daxil olmuş əməliyyat məlumatına əsasən o ailəsinə baxmamış, hətta narkotik vasitə əldə etmək üçün azyaşlı uşaqlarından da istifadə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi Nağıyev X1 Məmmədov ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. xx.xx.2022-ci il tarixli “əməliyyat qrupunun yaradılması barədə” protokol, eyni tarix və məzmunlu raport və “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri əldə etmə, saxlama və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış keçirilməsi”nin video görüntüsünü əks etdirən CD disk və həmin diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş və məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən üçü sellefon bükümdə, ikisi kağız bükümdə olmaqla cəmi beş bükümü çıxararaq təqdim edir, sellofan bükümlərdən ikisinin heroin, birinin metamfetamin, kağız bükümlərin isə metamfetamin olduğunu bildirir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilmiş, baxış zamanı Samsunq markalı telefonda “Whatsapp” proqramı vasitəsi ilə «İRANLİ» adı ilə qeydə alınan +**********17 saylı nömrə ilə aparılmış danışıqların silindiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 7 fevral 2022-ci il tarixli 6/736 №-li ekspert rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 5,012 qram, 0,201 qram, ümumi təmiz çəkiləri 5,213 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir, iki bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,195 qram, 0,263 qram, ümumi təmiz çəkiləri 0,685 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üç bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,595 qram çəkidə psixotrop maddə metamfetamin və 5,113 qram çəkidə narkotik vasitə heroin və bir ədəd Samsunq markalı telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1630 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron RİH başçısının Fatmayı kənd İƏD üzrə nümayəndəsinin 10 fevral 2022-ci il tarixli arayışından və “doğum haqqında şəhadətnamələr”dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağı var. Həmin arayışa əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəmənin hazırlıq iclasında verdiyi məlumat araşdırılması üçün aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərarla həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs onun üzərində ittihamda qeyd olunan həcmdə deyil daha az həcmdə narkotik vasitənin olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması və qaçaqmalçılıqda köməkçi qismində iştirak etməməsi, eləcə də polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra ümumi qalıq çəkisi 5,113 qram olan narkotik vasitə heroin və 0,595 qram metamfetamin məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32,5 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 32,5 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,595 qram çəkidə psixotrop maddə metamfetamin və 5,113 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-340/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-340/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver