Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-340/2023 14.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi ev 605-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs mobil telefonla internet sosial şəbəkəsinin “WhatsApp” xidməti vasitəsi ilə əlaqə saxladığı istintaqla şəxsiyyəti müəyyən olunmamış İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin 100 manat müqabilində 14 may 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Masazır kəndi, Həzi Aslanov küçəsində elektrik dirəyinin yanında qoyduğu Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin siyahısı»na daxil olan 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə 7,330 qram çəkidə külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlayıb oradan uzaqlaşmaq istəyərkən o, Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin günü saat 19:50 dəqiqədən saat 20:25 dəqiqəyə kimi üzərində şəxsi axtarış keçirilərkən onun əyindəki gödəkçəsinin iç cibində saxladığı həmin 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə 7,330 qram çəkidə olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 il idi ki, narkotik vasitə istifadə etmiş, Faxı adlı dostunun vasitəsi ilə tanış olduğu iranlı ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış və onun bank hesabına 100 manat pul göndərmişdir. Sonra iranlı ona 5 qram narkotik vasitə olan heroin verəcəyini və heroini götürəcəyi yerin şəkilini çəkib telefonuna göndərəcəyini yazmışdır. Bundan təxminən 20 dəqiqə sonra həmin iranlı şəxs narkotikin Abşeron rayonu, Masazır qəsəbəsində elektrik dirəyinin yanında qoyulduğu yerin şəklini onun telefonuna göndərmiş, o isə həmin yerə gedib, heroini götürüb oradan uzaqlaşmaq istəyəndə polis əməkdaşları onu saxlamışlar. Əvvəllər həmin şəxsdən 1 dəfə narkotik vasitə almış, narkotik vasitə almaqda satış məqsədi olmamış, narkotik vasitəni şəxsi istifadə üçün almışdır. Narkoloji dispanserdə qeydiyyatı olmamış, 7 qram narkotik vasitəni təxminən 5 gün ərzində istifadə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan heroini əldə etmək üçün 3 ay əvvəl vəfat etmiş Faxı ləqəbli dostu vasitəsi ilə tanış olduğu iranlı kimi bildiyi şəxslə mobil telefonunun “WhatsApp” xidməti vasitəsi ilə əlaqə saxlamış və yaşadığı Əmircan qəsəbəsindəki mağazadakı “eManat" aparatından onun bank hesabına 100 manat pul göndərdikdən sonra ona 5 qram narkotik vasitə olan heroin verəcəyini və heroini götürəcəyi yerin şəkilini çəkib telefonuna göndərəcəyini yazmışdır. O da həmin şəxsin bank kartının şəklini və “WhatsApp” yazışmalarını mobil telefonumdan silib, ona göndərdiyi pulun qəbzini cırıb atmışdır. Bundan təxminən 20 dəqiqə sonra həmin şəxs narkotikin Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində elektrik dirəyinin yanında qoyulduğu yerin şəklini onun telefonuna göndərmiş, o, həmin günü saat 17 radələrində yaşadığı Bakı şəhəri Əmircan qəsəbəsindən çıxıb, taksi ilə Abşeron rayonu Masazır kəndinə gedib, aldığı heroini H.Aslanov küçəsindəki elektrik dirəyinin yanından götürüb əynindəki gödəkçəmin iç cibinə qoyub, oradan uzaqlaşmaq istəyəndə polis əməkdaşları xidməti avtomobillərini saxlayıb ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ondan kimliyini soruşub, onun narkotik vasitə istifadəçisi olmasından şübhələndiklərini söyləyib, onlarla birlikdə Abşeron RPİ-nə getməyi təklif etmişlər. O da etiraz edə bilməyib polislərin xidməti avtomobilinə minmiş, cibində olan narkotik vasitəni atmaq imkanı olmadığına görə avtomaşında olan zaman onlara üzərimdə narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu Abşeron RPİ-nə gətirmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini deyib, onu oradakı xidməti otaqlardan birinə aparmışlar. Sonra həmin otağa onun razılığı ilə müdafiəçi dəvət edib, şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edib, üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da cibində özü istifadə etmək üçün aldığı bir büküm heroin olduğunu bildirib, əlini əynindəki gödəkçənin içəri cibinə salıb orada olan bir büküm heroini onlara təqdim etmişdir. Bundan sonra da polislər onun üzərində şəxsi axtarış aparmış, lakin heç nə tapmayıb, onlara təqdim etdiyi bükümə baxış keçirmişlər. Sonra həmin bir büküm heroini kağız zərfə qoyub qablaşdırıb götürmüşlər. Bundan sonra o və orada olan digər iştirakçılar həmin zərfə və bu barədə tərtib olunmuş protokala imza etmiş, həmin vaxtı polislər ondan həmin heroini haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, o da həmin heroini Faxı ləqəbli mərhum dostunun vasitəsi ilə internet sosial şəbəkəsində iranlı kimi tanış olduğu şəxslə telefon əlaqəsi saxlayaraq onun bank hesabına 100 manat ödədikdən sonra telefon vasitəsi ilə ona göndərdiyi şəkil əsasında Abşeron rayonu Masazır kəndi, H.Aslanov küçəsindəki elektrik dirəyindən götürdüyünü söyləmişdir. Həmin narkotik vasitədən özü istifadə etməmiş, heç kimə satmamış və heç kimə hədiyyə verməmişdir. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün internet sosial şəbəkəsində iranlı kimi tanış olduğu şəxsdən 100 manata almış, iranlı kimi bildiyi şəxsin adını və soyadını bilmir, onunla yalnız “Samsunq J5” markalı mobil telefonu ilə internet sosial şəbəkəsinin “WhatsApp” xidməti vasitəsi ilə əlaqə saxlamış, həmin şəxslə olan danışıqlarını və mesajlarını telefonundan silmiş, həmin şəxsdən ilk dəfə narkotik vasitə almış, həmin günü mobil telefonu ilə internet oyunda 120 manat pul qazanmış, narkotik vasitəni də həmin pulla almışdır. (cild 1, iş vərəqə 57-58, 124-125) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə digər polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi, H.Aslanov küçəsində xidmətdə olarkən saat 18 radələrində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Lakin həmin şəxs özü barədə anket məlumatları bildirsə də, avtopatrulun portal xidmətinə baxarkən onun bildirdiyi ad, soyadın çıxmadığından həmin şəxsi Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis idarəsinə gətirilərkən narkotik vasitə aludəçisi olduğu və bu məqsədlə də üzərində narkotik vasitə gəzdirdiyini bildirmiş, polis idarəsinə gətirildikdən sonra onun şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonra xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin iç cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş ümumilikdə bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin həmin bükümü mərhum dostu Fəxi adlı şəxsin vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə telefon əlaqəsi saxladığını həmin şəxsin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, elektrik dirəyinin yanına qoyduqdan sonra xx.xx.2022-ci il tarixdə oradan götürdüyünü, eyni zamanda həmin kütləni əldə etmək üçün 100 manat məbləğində İran vətəndaşının bank hesabına göndərdiyini, kütlələri özü istifadə etmək üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşları Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 79-81) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-cı il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinin inzibati binasına aparılıb, üzərinə keçirilən şəxsi axtarış zamanı, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. (cild 1, vərəqə 27-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:50 radələrindən saat 20:25 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 may 2022-cı il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinin inzibati binasına aparıb, üzərinə keçirilən şəxsi axtarış zamanı, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 14 may 2022-cı il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinin inzibati binasına aparıb, üzərinə keçirilən şəxsi axtarış zaman üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. (cild 1, vərəqə 106) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2786 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs…..» və s sözlər, imzalar olan 01 ədəd zərfdə təmiz çəkisi 7,330 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. (cild 1, iş vərəqə: 34-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1006 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. (cild 1, iş vərəqə: 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6805 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokasikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətlərinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 128-129) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 7,280 qram heroin, bir ədəd Samsunq markalı mobil telefon saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş və 01 ədəd DVD diski cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 137-138) DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 118- 119) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayonu İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi ev 605-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşadığı müddət ərzində barəsində Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 131- 133) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokasikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətlərinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür, odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış- 7,280 qram heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış- 7,280 qram heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-340/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-340/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver