Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-340/2025 18.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2025ci il tarixdə, saat 18:15-də Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən "xxxx" MMCnin inzibati binasının yaxınlığında saxlanılıb orada həmin gün saat 18:15-dən 18:25-ə kimi üstü yoxlanılan zaman sağ əlində daşıdığı 01 ədəd qara rəngli sellofan torbada 2150 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən polis əməkdaşlarının təzyiqi altında olduğum üçün 2 kq 320 qram narkotik vasitəni üzərimə götürməyə məcbur oldum. Videoçəkiliş də təzyiq altında çəkilib, təzyiq döyülməklə bağlı olmayıb, polis əməkdaşları müxtəlif formada mənə təzyiqlər göstərirdilər. Onlar mənə bildirdilər ki, əgər narkotik vasitəni üzərimə götürməsəm, ailəmin, uşaqlarımın yanında məni biabır edəcəklər. Polis əməkdaşları məni təhqir etdilər və mənə psixoloji təzyiq etdilər, buna görə də məcbur qalıb narkotik vasitəni üzərimə götürdüm. Polis əməkdaşları məni əvvəlcə telefon oğurluğu adıyla evimin qarşısından götürdülər. Onlar məni saat 14:30-dan başlayaraq polis şöbəsində saxladılar, 18:55-də isə tamamilə başqa bir ünvana gətirib orada videoçəkiliş etdilər. Polis əməkdaşları məni qeydiyyatda olduğum Üzeyir Hacıbəyov küçəsi, ev 65 ünvanından götürdülər, ancaq videoçəkiliş Ziya Bünyadov küçəsində oldu. Mən videoçəkiliş zamanı narkotik vasitənin mənim olduğunu qəbul etsəm də, əslində həmin narkotik vasitə mənə aid olmayıb, təzyiq altında onu qəbul etmişəm. Polis əməkdaşları məni Üzeyir Hacıbəyov küçəsində saxladılar, daha sonra məni polis şöbəsinə gətirib təzyiq göstərdilər. Təzyiqlər döyülmə ilə bağlı olmayıb. Qeyd etdiklərimin sübut olunması üçün telefonun anten-dairə məlumatlarına və dükanların kameralarına baxa bilərsiniz.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Narkotik vasitə marixuana istifadə etmişəm. Narkotik vasitədən əməliyyat olunduğum 2022-ci ildən başlayaraq istifadə etmişəm. İstintaqda yazılan ifadələrim doğru deyil. İttiham aktında qeyd olunan saxlanma yeri doğru deyil. X14 küçəsi 65 nömrəli evin qarşısında saxlanılmışam. Saxlanıldığım yerlə videoçəkilişin olduğu yer yaxın deyil, aralarında təxminən 10-15 kilometr məsafə var. Mən təxminən saat 14:30-da saxlanıldım, videoçəkiliş isə təxminən 18:15-də aparılıb. Polis əməkdaşları tərəfindən mənə fiziki təzyiq olmasa da, psixi təzyiq olub. Polis əməkdaşlarının mənimlə yaxın münasibəti olub, ədavət olmasının səbəbi isə narkotik vasitə istifadə etdiyim üçün onlara pul verməməyim idi. Mən özüm mebel ustasıyam. Narkotik vasitə satışı ilə məşğul olmamışam. İstifamdə ********** nömrəsi olub. Mən bu nömrəylə heç kimlə mesajlaşmamışam. Rövşən adlı şəxs mənə mesaj yazmışdı. Rövşən fəhlə işləyirdi. O, narkotik vasitənin təsirindən mədəsində olan ağrıları kəsmək üçün “Restalgin” adlı reseptsiz satılan dərmanı istəyirdi. Mən Rövşənlə qonşu olduğum üçün yolda bu SMS-i niyə göndərdiyini soruşdum və o, mesajları səhvən yazdığını bildirdi. Rövşənin ibtidai istintaqda verdiyi ifadələr də yalandır. Narkotik vasitəni mənə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Orxan müəllim verdi və götürməsəm mənim üçün pis olacağını söylədi. Mənim tanıdığım polis əməkdaşları rəis Orxan müəllim və bir əməliyyatçı idi. Onlar məni əvvəlcə telefon oğurluğu ilə bağlı saxlamışdılar və polis şöbəsinə aparacaqlarını söyləmişdilər. Mən narkotik istifadə etmişəm, ancaq heç kimə narkotik vasitə satmamışam. İbtidai istintaq zamanı verdiyim ifadəni xatırlayıram.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Xaçmaz şəhəri ərazisində gəzib dəmir və başqa əlvan metal qırıntıları toplayıb satmaqla məşğul olmuşdur. 25-30 il olar ki, narkotik vasitədən istifadə edir. 10 yanvar 2025-ci il tarixdə təxminən saat 16 radələrində metal yığmaq məqsədilə Xaçmaz-Niyazoba kənd yolu ilə gedərkən yolun kənarında bir ədəd polietilen bağlama görmüş və yaxınlaşıb həmin bağlamanı götürüb açanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və əlində daşımaqla iki saata yaxın Xaçmaz şəhəri ərazisində ayrı-ayrı küçələri gəzib metal toplamağa çalışmışdır. Xaçmaz şəhəri, Zərifə Əliyeva küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsinə gəlib 5-10 dəqiqəyə yaxın orada oturub dincəlmiş, sonra isə piyada Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsi ilə Xaçmaz rayonu, Qaraçı kəndi istiqamətində getməyə başlamışdır. 10 yanvar 2025-ci il tarixdə saat 18:15-də Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsi ilə gedərkən mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib daşımağı ilə bağlı məlumat daxil olduğunu bildirərək əlində daşıdığı polietilen torbada nə olduğunu soruşmuşdurlar. Əlində daşıdığı polietilen torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri torbanı açıb içərisində olan qurudulmuş marixuananı görmüş və həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuş, etiraf edərək polietilen torbada olan narkotik vasitənin Xaçmaz-Niyazoba kənd yolunun kənarında yerdən tapmasını bildirmişdir. Polis əməkdaşları üzərində olan əşyaları çıxarıb təqdim etməyini təklif etmiş, əynində olan şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarından biri üstünü yoxlamış və üstündə başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları mobil telefonunu və şəxsiyyət vəsiqəsini qaytardıqdan sonra polietilen torbada olan qurudulmuş marixuananı iştirakı ilə qablaşdırıb möhürləmiş, iştirak edən şəxslərlə polis əməkdaşlarının özləri həmin bağlamanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkilmiş və qurudulmuş marixuananın torba ilə çəkisinin 2220 qram olması müəyyən edilmişdir. Bundan sonra izahatın alınması üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət olunmuş və etiraz etməyərək avtomobilə əyləşərək Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir (cild 01, iş vər. 133-135). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən özüm narkotik vasitə istifadəçisi olsam da, onun satışı ilə məşğul olmamışam. Barəmdə həbs qətimkan tədbiri seçilərkən məhkəmədə həmin narkotik vasitənin mənim olmadığını söyləməmişəm. Həbs qətimkan tədbiri uzadılarkən məhkəməyə üzərimə qoyulan narkotik vasitənin çok olduğunu söyləyəndə istər 100 qr, istər 2 kq-a görə eyni məsuliyyətin yaranacağını bildirdilər. Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinda saxlanılarkən təqsirimi qəbul etməyimlə bağlı sənədi imzalamaqdan imtina etdim, ancaq rəis mənə hədə qorxu gələrək psixoloji təzyiq göstərdi. Buna görə də mən həmin sənədi imzalamalı oldum.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Səhv etmirəmsə, yanvar ayının 10-u Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində daşıması barədə Xaçmaz Rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil oldu. Şəxsin yeri müəyyən edildi, Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Post-patrul xidmətinin polis nəfəri Elçin Abbasovla birlikdə Ziya Bünyadov küçəsində axşam saat 6-7 radələrində şəxsə yaxınlaşdıq və əlindəki sellofan torbada nə olduğunu soruşduq. Daha sonra məlum oldu ki, sellofan torbanın içində qurudulmuş marixuanaya bənzər kütlə var. Təqsirləndirilən şəxs narkotik vasitəni Niyazabad yolunun kənarından tapdığını söylədi. Narkotik vasitə sənədləşdirildi, qablaşdırıldı və ekspertizaya təqdim edilməsi üçün göndərildi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat məlumatının kimə daxil olduğu dəqiq yadımda deyil. Əməliyyat qrupuna mən, Şahid2 və polis nəfəri Elçin Abbasov daxil idi. Şəxsə heç bir təzyiq və təsir göstərilməyib. Şəxs qaçmağa cəhd göstərməyib. Sellofan torbanın içindən çəkisi təxminən 2 kq narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Şəxsi axtarış şəxsin saxlanıldığı yerdə keçirildi. Narkotik vasitə şəxsin əlində idi. Şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra narkotik vasitəni təqdim etdi. Şəxs narkotik vasitəni Niyazabad yolunun yaxınlığından tapdığını söylədi. Şəxsin narkotik vasitəni hansı saatda tapdığı dəqiq yadımda deyil. Xaçmaz rayonunda çox sakin məni tanıyır, Təqsirləndirilən şəxs də məni tanıya bilər. Ancaq mənim onunla əvvəlcədən hər hansı tanışılığım və ya ədavətim olmayıb. Şəxsə qarşı təzyiq olmayıb və digər polis əməkdaşlarının ona təzyiq etdiyini görməmişəm. X15 küçəsində, “Şahdağ” ət və süd məhsulları mağazasının qarşısında saxlanılıb. Şəxs evinin qarşısında saxlanılmayıb. Şəxs axşamüstü saat 6-7 radələrində saxlanılıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Əvvəllər bu şəxs barəsində məndə əməliyyat məlumatı olmayıb. Şəxs saxlanılarkən heç bir müqavimət göstərməyib. Şəxs saxlanıldıqdan sonra digər şəxslərin dairəsini müəyyənləşdirmək məqsədilə əməliyyat tədbiri keçirilməyib. Şahid4 hardasa görməmişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Mən Kamaldan bir dəfə ağrıkəsici dərman, bir dəfə də narkotik vasitə almışam. Mən həmin narkotik vasitəni tanışım olduğu üçün pulla deyil, pulsuz olaraq Kamaldan almışam. Mən ağrılarım olduğu üçün bir-iki dəfə narkotik vasitə istifadə etmişəm. Ancaq Kamalın narkotik vasitə istifadə etdiyini və satdığını bilmirdim.” Şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bir dəfə ağrıkəsici dərman, bir dəfə narkotik vasitə metamfetamin istifadə etmişəm. Hal-hazırda müalicə aldığım üçün ağrılarım yoxdur. Mənim telefonum xarab olduğu üçün səs eşidilmirdi, ona görə də SMS göndərdim. Kamalla mənim evim arasında 7-8 dəqiqəlik məsafə var. Mən bir də onun evinə getmədim, telefonla SMS göndərdim və ondan ağrıkəsici dərman istədim. Mən Kamaldan bir-iki dəfə dərman götürmüşəm. Mən narkotik vasitəni Kamaldan əlbəəl sadəcə bir tabletdə götürmüşəm. Kamal göndərdiyim mesajlara cavab verməyib. Mən mesaj göndərdim, ancaq telefonum xarab olduğu üçün mesaj Kamala çatmadı. Dərman qarşılığında Kamal məndən heç bir şey almayıb. Kamal əvvəllər Nabranda istirahət mərkəzində işləyib. Kamalın narkotik vasitə becərməsini eşitməmişəm. Başqa şəxslərdən narkotik vasitə almamışam. Hadisə çox əvvəl olduğu üçün Kamaldan hansı narkotik vasitə aldığım yadımda deyil. Kamalın narkotik vasitə satması ilə bağlı nəsə eşitməmişəm. Kamalla mən birlikdə ofisiant işləmişik. Həmin vaxt ağrıkəsici kimi Kamaldan dərman aldım. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. İbtidai istintaqda heç kim məni Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur etməyib.” İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, tanımaq səbəbi isə Kamal üçün bir neçə dəfə iş görməyi, habelə qonşu küçədə yaşaması olmuşdur. Bir ildir ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini ara-sıra istifadə etmişdir. Ətrafında olan şəxslərdən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini birgə istifadə edilən zaman təsirinin uzunmüddətli olmasını eşitmişdir. Qonşusu Kamal ilə münasibəti yaxşı olduğundan, habelə Kamalda narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasını, onları satmasını bildiyindən ağrılarının azaldılması üçün Kamalla əlaqə saxlayaraq müəyyən vaxtlarda narkotik vasitə və psixotrop maddəni pul qarşılığında istəmişdir. ********** və ********** mobil nömrələri adında olmuş və tərəfindən istifadə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrəsinə xx.xx.2024-cü il saat 19:59:16-da mesaj yazaraq yadında qalmayan məbləğdə pul qarşılığında ağ bal, yəni psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana istəmiş, Kamal da həmin maddəni satmış, istifadə etmişdir. xx.xx.2024-cü il saat 04:00:03-da Kamalın istifadəsində olan mobil nömrəsinə mesaj yazaraq, üzərində pulun olmadığını, yalnız evdən bir qutu mürəbbə qarşılığında psixotrop maddə metamfetamin və marixuana istəmiş, Kamal da həmin patını, yəni psixotrop maddə metamfetamini mürəbbə qarşılığında vermişdir. xx.xx.2024-cü il tarixdə saat 22:19:16-da Kamalın istifadəsində olan mobil nömrəsinə mesaj yazaraq üzərində 5 manat pulun olmasını, bunun qarşlığında bir istifadəlik metamfetamin istəmiş, Kamal da həmin patını 5 manata satmış və istifadə etmişdir. xx.xx.2024-cü il saat 02:07:10-da Kamalın istifadəsində olan mobil nömrəsinə mesaj yazaraq ondan əvvəl aldığı psixotrop maddə patının az olmasını, pulun qalan hissəsini verəcəyini, sonra istifadə üçün patı verməsini xahiş etmiş, Kamal da patını satmışdır. xx.xx.2024-cü il tarixdə saat 22:49:16-da Kamalın istifadəsində olan mobil nömrəsinə mesaj yazaraq yenidən ondan 5 manat qarşılığında psixotrop maddə metamfetamin istəmiş, Kamal da həmin psixotrop maddəni satmışdır. Hazırda heç bir narkotik vasitə və istifadə etməmişdir, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri istifadə etmişdir (cild 01, iş vər. 120-122). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid4 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “SMS-də “ağ bal” dedikdə dərmanı nəzərdə tutmuşam. Mən Kamaldan üstüörtülü formada bir dəfə psixotrop maddə metamfetamin istəmişəm. Dərmanı Kamaldan pul qarşılığında almamışam. Kamaldan bir neçə dəfə dərman, bir dəfə metamfetamin əldə etmişəm. Dərman dediyim “Tramadol”dur. Heç kim məni Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur etməyib. ********** saylı mobil nömrə mənə məxsus olub, ********** mobil nömrəsi isə mənə məxsus deyil. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Xaçmaz şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması ilə bağlı daxil olmuş məlumatla əlaqədar olaraq onun olduğu yerlərin və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə vətəndaşların sorğusu və soraqlaşma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 10 yanvar 2025-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Xaşmaz şəhəri, Ziya Bünyadov küçəsində saxlanılmış, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, əlində daşıdığı qara rəngli polietilen torbada nə olduğu soruşulduqda içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu Xaçmaz-Niyazoba kənd yolunun kənarından tapdığını bildirmişdir. Daha sonra əlində daşıdığı polietilen torba əməliyyat müvəkkili tərəfindən açıldığı zaman qurudulmuş marixuanaya oxşar bitki kütləsi olduğu müəyyən edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Möhürləndikdən sonra həmin kütlənin torba ilə çəkisinin 2,220 kq olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmiş, başqa heç bir əşya aşkar olunmadığından telefon və şəxsiyyət vəsiqəsi özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Çəkilişin əks olunduğu “DVD” disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 8-10). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 18:15-də daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Ziya Bünyadov küçəsində olması müəyyən edildikdən sonra əməliyyat qrupu tərəfindən videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və istifadə etməsində şübhəli olması bildirilərək üzərində narkotik vasitə olması halında təqdim etməsi təklif edilmiş və sonuncu sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və Niyazabad yolunun kənarında tapdığını bildirmiş, habelə üzərinə baxış keçirilən zaman 01 ədəd “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmin torba qablaşdırılaraq möhürlənib götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra şəxs Xaçmaz Rayon Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş qara rəngli sellofan torbanın üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuana, 1.Təqsirləndirilən şəxs, 2.Şahid2, 3.Şahid1, 4.Şahid3” sözləri yazılaraq imza edilmiş və torba möhürlənmişdir. Sellafon torba qayçı ilə alt hissədən kəsilərək içərisinə baxılmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Həmin sellafon torba tərəzi ilə çəkilmiş və torba ilə birlikdə çəkisinin 2,215 kq olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunan “01” ədəd sellafon torbanın özünə məxsus olmasını, içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsi olmasını, həmin qurudulmuş marixuana kütləsini polis əməkdaşları tərəfindən saxlanılmasından 2 saat əvvəl tapmasını və gələcəkdə özünün istifadə etməsi üçün saxlamasını bildirmişdir. Təqdim olunan “01” ədəd qara rəngli sellafon torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntülərinin əks olunduğu bir ədəd “DVD” diskə baxış keçirilən zaman yoxlamanın əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə fasiləsiz qeydə alınması müəyyən edilmiş və görüntülərin köçürüldüyü “DVD” disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 12-13). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2025ci il tarixli 3-16-16-2-7/55 nömrəli rəyindən görünür ki, üzərində «Təqsirləndirilən şəxs üzərindən.....» yazısı və imzalar olan bir ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 2150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 37-39). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(067)-9/2025 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat tədbirinin keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 75-77). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 5 fevral 2025-ci il tarixli, 18-1-43/2-192/2025 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 2020-ci il tarixdən “xroniki narkomaniya” diqanozu ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində həkim-narkoloqun qeydiyyatındadır, həkim psixiatrın qeydiyyatında yoxdur (cild 01, iş vər. 89). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə üzrə telefon danışıqlarını özündə əks etdirən məlumatlar olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Onun içərisində 1) 2025_001_Hadisə-TN_(abunə_ilə-Texniki_parametr_ilə)_**********51_01 2) 2025_002_SMS_məzmun-TN_(qarşı_abunə_ilə)_**********51_02 3) 2025_003_SMS_Statistika-TN_(qarşı_abunə_ilə)_**********51_03 4) 2025_004_Zəng_statistika-TN_(qarşı_abunəJlə)_**********51_04 başlıqları yazılmış 04 ədəd “ Microsoft Excel” qovluqları olması görünür. 2025_002_SMS_məzmun-TN_(qarşı_abunə_ilə)_**********51 _02 başlıqlı qovluğa giriş etdikdə orada Təqsirləndirilən şəxs Əliağa oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək giriş-çıxış sms-lərin mətnləri və sms-ləri göndərən şəxslər barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs Əliağa oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 19:59:16-da +**********00 saylı mobil nömrədən “Kamal salam qardasim necesen Rovsendi zeng edirem acmirsan sms yazsim biraz o ag baldan varsa vererdinde qardasa nolardiki pulumda yoxdu vallah” məzmunlu; xx.xx.2024-cü il tarixdə saat 04:00:03-də +**********00 saylı nömrədən “Salam qardasim bagisla narahat edirem seni seher isde olacam yoxundu nese pul yoxumdu ama bir banka vareyna vererdim sene eli bos gelmeyim yanina” məzmunlu; xx.xx.2024-cü il tarixdə saat 22:19:16-da +**********28 nömrədən “SALAM BRAT TELFON XARABDİ SES GETMİR 5 MANATDİ MENDE YAXSİ QOYARSAN SABAH QARDAS SENİN XECALETİNDEN CİXARAM VALLAH SABAH İSDEYEM FSO GELİREM” məzmunlu; xx.xx.2024-cü il tarixdə saat 02:07:10-da +**********28 nömrədən “CAN AY BRAT BU LAP AZ İDİYE VALLAH BELƏ ALLAH CANVİ SAG ELESİN VALLAH. BİDENE İMKANİN OLSAYDİ VERMEYE SABAH İSDEYEM CİXİB AXSAM PULUN VERERDİM SENE VALLAH BİLLAH” məzmunlu; xx.xx.2024-cü il tarixdə saat 22:49:16-da +**********00 saylı mobil nömrədən “SENİN ALLAH CANVİ SAG ELESİN HEMİSE DADİMA CATMİSAN. BAYAQKİ YARİM CAN EDİB MENİ BİR 5LİY VAR KARTDA VERSİN QARDAS SENE DABAFKA OLSA SUPER OLARDİ BRAT” məzmunlu ROVSEN SƏFƏFRƏLİYEV İSA, 1987.10.25, xxxxxxx, AA******* anket məlumatlı şəxs tərəfindən mesajlar göndərilməsi müəyyən olunmuşdur. Qeyd olunan diskə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinin özünə məxsus olduğunu, Şahid4 narkotik vasitə və psixotrop maddə satdığını bildirmişdir (cild 01, iş vər. 116-117). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 118-119). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CMin 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Şahid4 barəsində CM-in 234-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən olunması üçün hazırkı cinayət işindən başqa cinayət işinin icraatı ayrılmışdır (cild 01, iş vər. 144-152) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən "xxxx" MMC-nin inzibati binasının yaxınlığında saxlanılıb üstü yoxlanılan zaman 01 ədəd qara rəngli sellofan torbada 2150 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Götürülmüş kütlə məhkəməbioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əməliyyat tədbiri Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(067)-9/2025 nömrəli qərarı ilə qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, müvafiq telefon məlumatları, o cümlədən Şahid4 etirafedici ifadəsi, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və bununla bağlı bildirdiklərinə (üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qərəzli şəkildə qoyulması, polis əməkdaşlarının onu ittiham aktında qeyd olunan saatdan daha tez, yəni günorta saat 14:30 radələrində saxlamaları) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusat iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən - ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan külli miqdarda narkotik vasitənin ona aid olmaması, polis əməkdaşları tərəfindən qərəzli şəkildə qoyulması, polis əməkdaşlarının onu ittiham aktında qeyd olunan saatdan daha tez, yəni günorta saat 14:30 radələrində saxlamaları barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədən barəsində verilmiş vəsatət və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması və daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 81-82). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 90). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(067)- 6/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 28-29, 65-67). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2149,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olmaqla Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2149,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-340/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-340/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver