Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-342/2022 29.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi : “Verdiktum” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs : Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Balakən rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının sonlarında Rusiya Federasiyasının Moskva şəhərində olarkən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqəsdi ilə külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmə, habelə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda əldə olunaraq Azərbaycan Respublikasına gətirilməklə satış məqsədi ilə saxlanılması barədə şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə Moskva şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən və mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki sibutramin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda - 8,10 qram təşkil edən 6 qutuda cəmi 54 konvolyutda 540 ədəd həb “Редуксин” dərman preparatını tamah və satış məqəsdilə qəsdən qanunsuz əldə edərək idarə etdiyi “Mersedes Benz” markalı 99MK926/99ZD926 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında yataq yerinin altında yerləşən soyuducunun arxa hissəsindəki boşluqda gizlədərək saxlamış, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıyaraq 7 mart 2021-ci il tarixdə, saat 11:50 radələrində Qusar rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda tamah niyyəti ilə qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs cinayətkar qrupun şəxsiyyətləri müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olan bir bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Moskva şəhərində olarkən eyni vaxtda və istintaqa məlum olmayan mənbədən əldə etdiyi, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda - 15292,30 manat dəyərində 13 adda müxtəlif dərman vasitələrini, yəni 1 ədədinin qiyməti 24 manat olan 1032 manat dəyərində 43 qutu “Цитофлавин”, 1 ədədinin qiyməti 2,40 manat olan 55,20 manat dəyərində 23 ampula “Цитофлавин”, 1 ədədinin qiyməti 11,25 manat olan 652,50 manat dəyərində 58 qutu “Салофальк 500 мг”, 1 ədədinin qiyməti 850 manat olan 2550 manat dəyərində 3 qutu “Safosbuvir 400 mg & Velpatasvir 100 mg Velakast”, 1 ədədinin qiyməti 92 manat olan 828 manat dəyərində 9 qutu “Ledipasvir 90 mg & Sofosbuvir 100 mg Ledifos”, 1 ədədinin qiyməti 224 manat olan 2240 manat dəyərində 10 qutu “Вазапростан 20 мкг”, 1 ədədinin qiyməti 110 manat olan 330 manat dəyərində 3 qutu “Вазостенон 20 мкг”, 1 ədədinin qiyməti 374 manat olan 1122 manat dəyərində 3 qutu “Daclatasvir and Sofosbuvir 60 mg/400 mg Heptinat Plus”, 1 ədədinin qiyməti 74 manat olan 148 manat dəyərində 2 qutu “Лонгидаза 3000 ME”, 1 ədədinin qiyməti 56 manat olan 112 manat dəyərində 2 konvalyut “Джардинс 25мг”, 1 ədədinin qiyməti 19 manat olan 38 manat dəyərində 2 qutu “Трайкор 145 мг”, 1 ədədinin qiyməti 28,80 manat olan 57,60 manat dəyərində 2 qutu “Реаферон- ЕС”, 1 ədədinin qiyməti 990 manat olan 5940 manat dəyərində 6 qutu “Soforbuvir 400 mg & Velpatasvir 100 mg Velasoft”, 1 ədədinin qiyməti 0,37 manat olan 187 manat dəyərində 500 konvalyut “Тамоксифен 20 мг” dərman preparatlarını idarə etdiyi “Mercedes Benz” markalı, 99MK926/99ZD926 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının sağ və sol çöl yan hissələrinin alt tərəfində yerləşən müxtəlif əşyaların qoyulması üçün nəzərdə tutulmuş qutularda və kabinada yataq yerinin altında olan soyuducunun arxasındakı boşluqda gizlədib qəsdən tamah və satış məqsədilə saxlayaraq Azərbaycan Respublikasına gətirmiş, qeyd edilən dərman vasitələri 7 mart 2021-ci il tarixdə, saat 11:50 radələrində Qusar rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərdi ki, 07 mart tarixində yük avtomobili ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış, resept əsasında “Reduksin” dərmanını aptekdən almış və həmin dərman avtomobilin salonunda olmuşdur. Gömrük yoxlanışı zamanı ondan avtomobilin içərisində nə olduğu soruşulmuş, o isə ev üçün ərzaqlar, reseptlər əsasında dərmanlar olduğunu bildirmişdir. Həmçinin o “Reduksin” dərmanını da orada olan əməkdaşlara bəyan etdiyini, bəyan etmədiyi dərmanlarla bağlı video-çəkiliş aparılarkən orada olan gömkrük əməkdaşları “Reduksin” dərmanını dedikləri yerə qoymağını söylədikləri zaman onlara həmin dərmanı bəyan etdiyini bildirdiyini, onların isə “Gətir qoy bura, sonra götürərsən” dediyini, həmin dərman digər dərmanların içərisinə qarışdığını, təxminən iki ay keçdikdən sonra istintaq zamanı ona həmin dərmanın bəyan edilmədiyi deyildini, lakin onu bəyan etdiyini, həmin faktın video-çəkilişə düşdüyünü söylədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, Moskva şəhərində, 91-ci kilometrdə bütün sürücülərin yığışdığı dayanacaqda olarkən tanımadığı azərbaycanlı şəxs həmin dərmanlar üçün 150 dollar verəcəyini söyləmiş, avtomobilin nömrəsini və mobil nömrəsini götürmüş, 7-10 günə ona zəng edəcəklərini söyləmişdir. Dərmanların tərkibi ilə maraqlandığını, tərkibində təhlükəli maddə olmadığını, həmin dərmanları avtomobildə, kabinədə saxladığını, dərmanları bəyan etmədiyini, dərmanların tərkibində təhlükəli maddə olduğunu bilmədiyini, dörd qutu “Reduksin” aldığını, lakin kampaniya olduğu üçün əlavə ikisini hədiyyə etdiklərini, “Reduksin” dərmanının təyinatını bilmədiyini, həmin dərmanı Rüfət müəllimə bəyan etdiyini, “Reduksin” dərmanını almağını dostu Vüsalın dediyini, ucuz qiymətə olduğu üçün həmin dərmanı resept əsasında oradan aldığını, rus dilində olan tibbi resepti Vüsaldan aldığını, reseptin həkimlə danışaraq online qaydada yazdırıldığını bildirmişdir. Həmin reseptdə Rusiya Federasiyasına aid üç möhür olmuş, Vüsal ona “Gətirib sənə resept verəcəklər” demiş və ona həm resept, həm də dərman verilmiş, həmin resepti Vüsal yazdırmış, həkimlə də o danışmış, gömrük yoxlanışına girdiyi zaman “Reduksin” dərmanını, resepti, həmçinin evə aldığı ərzaqları bəyan etmiş, ona həmin dərmanı kənara qoymaq söylənilmiş, lakin daha sonradan həmin “Reduksin” dərmanını digər dərmanlarla qarışdırılmışdır. Tibbi reseptin özündə olduğunu, avtomobildəki soyuducunun arxasında digər dərmanların da göründüyünü, digər dərmanları bəyan etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq müqavilə üzrə deyil, sifariş üzrə sürücü olaraq işlədiyini, idarə etdiyi tırın “Mercedes” markalı olduğunu, əvvəllər də eyni marka ilə çalışdığını, heç bir problem olmadığını, sadəcə olaraq sürücü üçün nəzərdə tutulan ödənişi aldığını, reseptin dərmanla birlikdə ona Moskva şəhərində olarkən verildiyini, Vüsal ilə ailəvi dost olduqlarını, onun xahişi ilə “Reduksin” dərmanını götürdüyünü, təmənnasız olaraq Vüsal üçün həmin dərmanı gömrükdən keçirmək istədiyini, özünün yük avtomobili ilə şəhərə girə bilmədiyi üçün Vüsalın “Reduksin” dərmanının tanımadığı bir şəxslə ona çatdırıldığını, Vüsalın da “Reduksin” dərmanının tərkibində təhülkəli maddə olduğunu bilmədiyini qeyd etmişdir. Gömrük əməkdaşları ona yaxınlaşaraq avtomobildə nə olduğunu soruşmuş, o isə avtomobildə dərmanlar, ərzaq olduğunu bildirmiş və “Reduksin” dərmanını bəyan etmiş, say çox olduğundan gömrükdən buraxmayacaqlarını düşünərək digər dərmanları bəyan etməmiş, digər dərmanları tanımadığı şəxsdən götürmüş,tanımadığı şəxs 7-10 gündən sonra onunla əlaqə saxlayacaqlarını söyləmiş və onun telefon nömrəsini almışdır. Dərmanların qutuda olduğunu, onları açıb baxdığını, onların üzərində insan orqanlarının şəkli olduğunu, bu hadisələr baş verərkən Vüsalın Azərbaycan Respublikasında olduğunu, Vüsalın dostunun imkanı olmadığını, ona görə də oradan dərman almağını ondan xahiş etdiyini, bəzən xaricdən anası üçün şəkər dərmanı aldığını, heç bir problemlə qarşılaşmadığını, reseptin üzərində möhür olmasının nə məna ifadə etdiyini bilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinə təhkim olunmuş Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin inspektoru Şahid3 ifadəsində göstərdi ki, gömrük yoxlanışından əvvəl Təqsirləndirilən şəxs avtomobildə bəyan edilməmiş nə isə varsa bəyan etməsini söyləmiş, o isə heç nə olmadığını bildirmiş, gömrük yoxlanışı zamanı avtomobildəki soyuducunun arxasından və kənar yeşiklərdən bəyan edilməmiş dərmanları aşkar etmişdir. Bəyan etmənin ya şifahi, ya yazılı, ya da ki elektron formada həyata keçirildiyini, çox zaman bəyan etmənin şifahi formada edildiyini, lakin Təqsirləndirilən şəxs ona heç bir söz demədiyini, hər bir halda avtomobilin kabinəsini yoxladıqlarını, dərman vasitələri avtomobildəki soyuducunun arxasında və kənar yeşiklərin dibində olduğunu, aşkar edilən dərmanların adlarını xatırlamadığını, “Reduksin” dərmanını haradan aşkar etdiklərini xatırlamadığını, Nizaminin ona resept təqdim etmədiyini qeyd etmişdir. Ona hər hansı əməliyyat məlumatı bildirilməmiş, hər bir halda yoxlama aparmalı olmuş, avtomobildəki soyuducu əslində olmalı olduğu yerdən nisbətən irəli çıxmış, buna görə də soyuducunun arxasında nə isə ola biləcəyi ilə bağlı onda şübhə yaranmış, bu səbəbdən də həmin yeri yoxlamış və dərman vasitələri aşkar edilmişdir. Normal baxış zamanı çox zaman həmin yerə baxmadıqlarını, yoxlamanı Şahid4la birlikdə həyata keçirdiklərini, dərman vasitələrini aşkar etdikdən sonra protokollaşdırdıqlarını, Nizaminin ona heç nə təqdim etmədiyini, Nizamiyə ilk əvvəl özünün yaxınlaşdığını, daha sonra Rüfət onun yanına getdiyini və avtomobili yoxlamağa başladıqlarını, kabinəni isə birlikdə yoxladıqlarını, onlarda dövriyyəsi qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış maddələrin siyahısı olduğunu, həmin siyahıya baxmaqla yoxlanışı həyata keçirdiklərini, maddələri aşkar etdikdən sonra protokollaşdırdıqlarını, şəxsin razı olduğu halda həmin protokolu imzaladığını, razı olmadıqda isə imzalamaqdan imtina etməklə protokola öz qeydini apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır, dostu Şahid2 ona arıqlamaq istədiyini, köklükdən əziyyət çəkdiyini və arıqlamaq üçün “Reduksin” dərmanının təsirli olduğunu bildirmiş, o isə Eminə hazırda Moskva şəhərinə gedən tanışının olmadığını, kimsə getdiyi halda həmin dərmanın qiymətini maraqlanıb ona deyəcəyini söyləmiş, bu ərəfələrdə Nizami ona Moskva şəhərinə gedəcəyini bildirmiş, o isə orada yaşayan və taksi sürücüsü kimi çalışan bir tanışının vasitəsilə həmin dərmanın və reseptin Nizamiyə təhvil verilməsini təmin etmiş, 06 ədəd “Reduksin” dərmanını pandemiya ilə əlaqədar həkimlə online qaydada danışaraq əldə etmiş, taksi sürücüsü olan tanışı Tofiq resept əsasında aptekdən “Reduksin” dərmanını almış və Nizami ilə görüşüb onu vermişdir. Daha sonra Nizami gömrük yoxlanışı zamanı saxlanılmış, başına gələn hadisələri Vüsala danışmışdır. Eminin Azərbaycan Respublikasında “Reduksin” dərmanını almadığını, onun Vüsala həmin dərmanın Azərbaycan Respublikasında satıldığını, lakin 200 manatdan daha bahalı olduğunu söylədiyini, özünün isə həmin dərmanın Rusiya Federasiyasına məxsus olduğundan elə bahalı olduğunu bildirdiyini, həmin dərmanı almasını Tofiqdən xahiş etdiyini,“Reduksin” dərmanının resept əsasında əldə edildiyini, online qaydada resept yazan həkim ilə əlaqə saxladıqlarını və həmin həkim Şahid2 adına resept yazdığını və onun yazılan resept əsasında Tofiqin aptekdən həmin dərmanı aldığını bildirmişdir. Nizaminin saxlanıldığını təxminən 08 mart 2021-ci il tarixində öyrənmiş, “Reduksin” dərmanının tərkibində təhlükəli maddənin olacağını heç düşünməmiş, Eminin artıq çəkidən əziyyət çəkdiyini həkimə bildirmiş, həkim isə ona “Reduksin” dərmanını məsləhət görmüş, Emin də həmin dərmanla bağlı internetdə araşdırma aparmış və yaxşı nəticələrin olduğunu söyləmişdir. Həkimin həmin resepti Emin ilə danışdıqdan sonra yazdığını, online qaydada danışdığı həkimin əlaqə nömrəsini məhkəməyə təqdim edə biləcəyini, reseptin öz avtomobilində olduğunu, çalışdığı redaksiyaya gələn bir şəxsdən həmin resepti yazmasının xahiş olunduğunu, həmin dərmanın tərkibində təhlükə maddə olduğunu bilsələr, onu ölkə ərazisinə gətirmək istəməyəcəklərini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o arıqlamaq üçün “Reduksin” dərmanını almasını dostu Şahid1 xahiş etmişdir. Belə ki, Bakı şəhərində həmin dərmanın qiymətinin baha olduğunu, burada olan bir qutu “Reduksin” dərmanının qiyməti ilə Rusiya Federasiyasında dörd qutu “Reduksin” dərmanı almağın mümkün olduğunu, həmin dərmanın tərkibində təhlükəli maddənin olduğunu bilmədiyini, hadisədan sonra həmin dərmanın tərkibinin öyrəndiyini, Azərbaycan Respublikasında bir qutu “Reduksin” dərmanının qiyməti 220-280 manat aralığında olduğunu, Rusiya Federasiyasında Vüsalın tanışları olduğunu bildiyi üçün onun nə isə sifariş verdikdə gətirə biləcəyini bildiyini, Rusiya Federasiyasında həmin dərmanın qiymətinin 30-40 manat olduğunu bildirmişdir. O, “Reduksin" dərmanı üçün ödəniş etməmiş, çünki həmin dərman ona gəlib çatmamış, həmçinin Vüsal ödənişi etməyini tələb etməmişdir. “Reduksin” dərmanının Azərbaycan Respublikasında üç möhürlü resept ilə satıldığını, həmin dərmanından heç bir zaman istifadə etmədiyini və onun nə üçün üç möhürlü resept ilə satıldığını bilmədiyini, Azərbaycan Respublikasında “Reduksin” dərmanının qiymətini bir neçə aptekdən maraqlandığını, dərmanı Azərbaycan Respublikasına kimin gətirəcəyi ilə bağlı məlumatının olmadığını, Rusiya Federasiyasında yazılan resept ilə şəxsən tanış olmadığını, və resept yazan həkimlə şəxsən danışmadığını, rus dilini bilmədiyi üçün Vüsalın həmin həkimlə video-görüntülü ilə danışdığını, özünün həmin vaxt təxminən 110 kiloqram çəkidə olduğunu bildirmişdir. “Reduksin” dərmanını ölkə ərazisinə kimin gətirdiyini əvvəlcədən bilməmiş, daha sonradan Vüsal ona dərmanı gətirən şəxsin saxlanıldığını söyləmişdir. Stamotoloji klinikada çalışdığını, bir firmanin icraçı direktoru olduğunu, diş ilə bağlı məhsulları ölkə ərazisinə gətirdiyini, “Reduksin” dərmanının tərkibini bilmiş olsaydı, həmin dərmanı Azərbaycan Respublikasına gətirilməsini Vüsaldan xahiş etmək istəməyəcəyini, neçə qutu “Reduksin” dərmani alınmasını əvvəldən demədiyini, sadəcə olaraq həmin dərmanın qiyməti ucuz olduğu üçün çox sayda alındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin kinoloqu Şahid4 ifadəsində göstərdi ki, hadisə günü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yoxlanılmış, yoxlama nəticəsində avtomobildən dərmanlar aşkar edilmiş, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşdıqları zaman ondan avtomobildə nə olduğu soruşulmuş, lakin Təqsirləndirilən şəxs avtomobildə dərmanın və yaxud da başqa bir şeyin olduğunu bəyan etməmişdir. Avtomobilə baxış keçirərkən orada olan soyuducunun arxasından paketə bağlanmış halda dərmanlar aşkarlanmış, həmçinin avtomobilin yan tərəflərindən də dərmanlar aşkar edilmiş, “Reduksin” dərmanı digər dərmanla birlikdə bir bağlamadan çıxmışdır. Avtomobildən nə isə aşkar etdikləri zaman onları paketlərə yığıb saydıqlarını, həmçinin video-çəkiliş üçün avtomobilin qarşısına yığdıqlarını, hadisə günü də paketin avtomobildə olduğunu əvvəldən gördüyünü, Təqsirləndirilən şəxs “Gətir paketi, kameraya düşsün” dediklərini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda tərtib olunmuş “Yoxlama haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, nəqliyyat vasitəsinin kabinasının çöl hissəsində sol tərəfindəki yeşikdən gömrük nəzarətinə bəyan olunmamış üzərində “Тамоксифен 20 мг” yazısı olan 25 qutu hər qutuda 20 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 5000 həb, sağ tərəfindəki yeşikdən gömrük nəzarətinə bəyan olunmamış üzərində “Цитофлавин” yazısı olan 8 qutu hər qutuda 10 ml-lik 10 ampula olmaqla cəmi 80 ampula, üzərində “Салофальк 500 мг” yazısı olan 6 qutu hər qutuda 30 ədəd olmaqla cəmi 180 ədəd tibbi şam, üzərində “Velakast” yazısı olan 3 qutu hər qutuda 28 həb olmaqla cəmi 84 həb, üzərində “Ledifos” yazısı olan 4 qutu hər qutuda 28 həb olmaqla cəmi 112 həb, üzərində “Hepcinat Plus” yazısı olan 1 qutuda 28 həb, üzərində “Velasof” yazısı olan 1 qutuda 28 həb, nəqliyat vasitəsinin kabinasında yataq yerinin altında yerləşən soyuducunun arxasındakı boşluqdan isə gömrük nəzarətindən gizlədilmiş üzərində “Редуксин” yazısı olan 6 qutu hər qutuda 9 konvolyut hər konvolyutda 10 kapsul olmaqla cəmi 540 kapsul, üzərində “Салофальк 500 мг” yazısı olan 52 qutu hər qutuda 30 ədəd olmaqla cəmi 1560 ədəd tibbi şam, üzərində “Вазапростан” yazısı olan 10 qutu hər qutuda 10 ampula olmaqla cəmi 100 ampula, üzərində “Вазостенон 20 мкг/мл” yazısı olan 3 qutu hər qutuda 10 ampula olmaqla cəmi 30 ampula, üzərində “Реаферон-ЕС” yazısı olan 2 qutu hər qutuda 5 flakon olmaqla cəmi 10 flakon, üzərində “Трайкор 145 мг” yazısı olan 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 60 həb, üzərində “Лонгидаза 3000 ME” yazısı olan 2 qutu hər qutuda 20 ədəd olmaqla cəmi 40 ədəd tibbi şam, üzərində “Джардинс 25мг” yazısı olan 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 60 həb, üzərində “Velasof” yazısı olan 5 qutu hər qutuda 28 həb olmaqla cəmi 140 həb, üzərində “Hepcinat Plus” yazısı olan 2 qutu hər qutuda 28 həb olmaqla cəmi 56 həb, üzərində “Ledifos” yazısı olan 5 qutu hər qutuda 28 həb olmaqla cəmi 140 həb, üzərində “Цитофлавин” yazısı olan 35 qutu hər qutuda 10 ampula, 2 qutu hər qutuda 7 ədəd bütöv və 3 ədəd qırıq ampula, 1 qutuda 9 ədəd bütöv və 1 ədəd qırıq ampula olmaqla cəmi 380 ampula aşkar edilmişdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda tərtib olunmuş “Yoxlama haqqında” xx.xx.2021-ci il tarixli protokola əlavə edilmiş DVD-yə xx.xx.2021-ci il tarixli “Baxış protokolu”nda, video görüntü “Mercedes Benz” markalı, 99MK926/99ZD926 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin öndən çəkilişi ilə başlayır və davamı olaraq Təqsirləndirilən şəxs yük avtomobilinin sol tərəfindəki müxtəlif əşyaların olduğu yeşiyi açır və gömrük əməkdaşı baxış zamanı qara rəngli sellofan paketin içərisində əlavə olaraq mavi rəngli sellofana qoyularaq bağlanmış 1 bağlama dərman vasitələrini aşkar edir. Bundan sonra nəqliyyat vasitəsinin sağ tərəfindəki yeşiyə baxış keçirilir və eyni qaydada qalbaşdırılmış 1 bağlama dərman vasitələri aşkar edilir. Daha sonra sürücü ilə birlikdə nəqliyyat vasitəsinin kabinasına baxış keçirilir. Baxış zamanı yataq yerinin altındakı soyuducunun arxasındankı boşluqdan eyni formada qablaşdırılmış 12 bağlama dərman vasitələrinin aşkar edildiyi əks edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X4 Hüquqi Şəxsinin 09/4532 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən təqdim olunmuş 14 adda dərman vasitələri Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməmişdir. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertizası Mərkəzində analiz edilməmiş və idxalına icazə məktubu verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 6/990-9/1382 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ümumi sayı 450 kapsuldan ibarət olan “Редуксин” adlı preparatının tərkibində sibutramin təsir maddəsinin ümumi miqdarı 6,75 qram təşkil edir. Sibutramin 2016-ci il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Digər dərman vasitələri dərman formalarına və kimyəvi tərkibinə görə adlarına uyğundurlar (təsirdici maddələrin adları 1№-li cədvəldə göstərilmişdir) və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahisi”na və “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahisi”na daxil deyildirlər. Tədqiqata təqdim edilmiş dərman preparatlarının qablaşması üzərindəki tarix göstəricilərə görə yararlılıq müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda dərman pereparatlarının ümumilikdə xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 15363,10 manat müəyyən edilir. Həmin dərman preparatlarının ayrı-ayrılıqda adları və qiymətləri 2 №-li cədvəldə göstərilmişdir. Əlavə olaraq “məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında” qərar qəbul edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/2645 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Цитофлавин 10ml” markalı dərman preparatlarının 1 ampulasının xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 2,40 manat, 23 ədədinin qiyməti isə 55,20 manat müəyyən edilir, 7 ədəd ampula sınıq vəziyyətdə olduğundan qiymətsiz hesab olunur. Həmçinin “məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında” qərar qəbul edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 6/1866 nömrəli xx.xx.2021-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş, DGK-ə məxsus 205112 №-li sellofan paketdə 90 kapsuldan ibarət “Редуксин” adlı dərman preparatının üzərindəki göstəricilərə əsasən tərkibində sibutramin təsir maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edir, Sibutramin 2016-ci il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X9 xx.xx.2021-ci il tarixli xx/xx-6625 №-li məktubuna əsasən Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə qeydiyyatının olmadığı və müalicə almadığı qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2021-ci il tarixli 5268 №-li məktublarda Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Eləcə də cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 1706 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkonamiya xəstəliyi aşkar olunmur, hal-hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş həkim X3 tərəfindən Şahid2 adına yazıldığı iddia olunan reseptin kim tərəfindən yazıldığını müəyyən etmək məqsədi ilə “Sənədlərin məhkəmə texniki ekspertizası” təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1718-5/1336 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyi alınmışdır. Qeyd edilən rəyə əsasən ekspertizaya təqdim edilmiş, Rövnəq Hümbətovanın adından olan 18 fevral 2021-ci il tarixli tövsiyyə vərəqəsindəki əlyazmalar - Rövnəq Hümbətova, Şahid1 və Şahid2 tərəfindən deyil, istintaqa məlum olmayan başqa şəxs tərəfindən icra olunmuşdur. 18 fevral 2021-ci il tarixli tövsiyyə vərəqəsindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İş materiallarına rus dilindən tərcümə edilərək əlavə edilmiş “Редуксин” dərman vasitəsinin qutusu və içlik vərəqəsindən qeyd edilən dərman vasitəsinin bədən kütləsini azaltmaq üçün vasitə olduğu, reseptlə satıldığı, etibarlılıq müddətinin 03.2032-cü ilədək olduğu, “Sibutramin”in Rusiya Federasiyası Hökümətinin 29 dekabr 2007-ci il tarixli 964 nömrəli qərarı ilə təsdiq edilmiş güclü təsiredən maddələrin siyahısına aid edildiyi görünür. Həmçinin Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi Şahid2 adına Rusiya Federasiyasında yazılmış, tərkibində “Sibutramin” güclü təsiredici maddəsinin olduğu resept tərcümə edilərək iş materiallarına əlavə edilmişdir. Buradan qeyd edilən reseptin 4 fevral 2021-ci il tarixdə Şahid2 adına yazıldığı, resepti yazan həkimin Quseva T.A. olduğu və reseptin 15 gün ərzində etibarlı olduğu müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi preparatların tərkibində güclü təsir edən maddənin olmasından xəbərinin olmaması, həmin preparatları gzilətməyərək aşkar keçirməsi və özünü müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərinin törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 aprel 2016-cı il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarını da rəhbər tutur. Belə ki, 18 aprel 2016-cı il tarixli Qanununla təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”-nın 69-cu bəndinə əsasən sibutramin və onun eyni psixoaktiv təsirə malik struktur analoqları güclü təsir edən maddələrə aid edilmiş, onun külli miqdarının aşağı həddi isə 0,5 qram həcmində müəyyən edilmişdir. Sözü gedən Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”-nın “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən həmin Siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq güclü təsir edən maddələrə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş 02 iyu 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Balakən rayon Qullar kəndində yaşayır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X5 xx.xx.2010-cü il və X6 xx.xx.2014-cü il və X7 isə xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, həmçinin əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan və DGK-nin “Azərterminalkompleks” Birliyində saxlanılan 13 adda müxtəlif dərman vasitələri, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda tərkibində sibutramin güclü təsir edən maddəsinin ümumi miqdarı 8,10 qram təşkil edən 6 qutu “Редуксин” dərman vasitəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 457( dörd yüz əlli yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 01 il müddətinə başqa ölkədən Azərbaycan Respublikası ərazisinə və əks istiqamətdə yük daşınması fəaliyyəti ilə məşğul olması qadağan edilməklə Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Balakən rayon İcra və Probasiya Şöbsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və DGK-nin “Azərterminalkompleks” Birliyində saxlanılan 13 adda müxtəlif dərman vasitələri, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda tərkibində sibutramin güclü təsir edən maddəsinin ümumi miqdarı 8,10 qram təşkil edən 6 qutu “Редуксин” dərman vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs 457 (dörd yüz əlli yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-342/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-342/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver