Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-342/2024 31.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, tərcüməçi X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qızılyurd rayonu, Sultanyanqiyurd kəndi, Dağıstan küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasından istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 1,575 qram təşkil edən 21 ədəd dərman kapsulunu özünə məxsus qara rəngli əl çantasına yerləşdirmiş və 26 iyul 2023-cü il tarixdə idarə etdiyi 'Volvo FH 12” markalı, P445AE05/BA002906 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kələm” yükü apararkən həmin gün saat 02 radələrində Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci Bölməsindən Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa o, 26 iyul 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi və özünə məxsus qara rəngli əl çantasına yerləşdirdiyi, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 1,575 qram təşkil edən həmin 21 ədəd dərman kapsulunu 26 iyul 2023- cü il tarixdə idarə etdiyi “Volvo FH 12” markalı, P445AE05/BA002906 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü apararkən həmin gün saat 20 radələrində Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən "Xanoba” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən təkrar keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, yük avtomaşını sürməklə xarici ölkələrə yük daşıma fəaliyyəti ilə məşğul olur. 18 iyul 2023-cü il tarixdə idarə etdiyi "Volvo FH 12" markalı nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına taxıl yükü aparmış, İran İslam Respublikasından Rusiya Federasiyasına aparılması üçün, “kələm" yükü götürmüşdür. İran İslam Respublikasının Astara şəhərində olarkən, bir qədər "lirika” adlı dərman vasitəsini almışdır. Həmin dərmanları baş arısının qarşısını almaq üçün və yuxusu gəlməsin deyə almışdır. Aldığı dərman vasitələrini sənədlər qoymaq üçün istifadə etdiyi qara rəngli əl çantasının içərisinə qoymuş, daha sonra, 26 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasına getmək üçün “Astara" gömrük postundan Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Aldığı dərman vasitələrinin bir qismini yolda olarkən istifadə etmişdir. Həmin gün saat 20:00 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə gömrük postuna daxil olmuşdur. Postda gömrük əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsini yoxlamışlar, bu zaman üzərində olan əl çantasına da baxış keçirmişlər. Bundan sonra həmin əl çantasından dərman vasitələri aşkar edilmişdir. Aşkar olunan dərman vasitələrini açıq vəziyyətdə, şəxsi istifadəsi üçün əldə etmişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, cəmi 21 ədəd “preqabalin” tərkibli dərman almışdır. Bu dərmanların qanunsuz olmasını bilməmiş, çünki dərman vasitələri İranda açıq vəziyyətdə satılır. Uzun yola çıxdığı üçün yuxusunun gəlməməsi və baş ağrısının olmaması üçün dərmanları almışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda inspektor Şahid1 ifadəsində göstərdi ki, 26 iyul 2023cü il tarixdə "Xanoba" gömrük postunda növbədə olduğu gün saat 20:00 radələrində postun ixrac gömrük nəzarəti zonasına Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12" markalı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Təqsirləndirilən şəxs gömrük nəzarətinə bəyan olunmalı mallarının olub-olmadığını soruşduqda o, gömrük nəzarətinə bəyan olunmalı mallarının olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs özünü şübhəli aparır, qeyri-müəyyən suallar verirdi. Daha sonra təlimçi kinoloq Şahid2 ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yoxlamağa başlamışlar. Nəqliyyat vasitəsi yoxlanan zaman Təqsirləndirilən şəxs qara rəngli əl çantasından gömrük nəzarətinə bəyan olunmayan rəngli kapsullar aşkar etmişlər. Təlimçi kinoloq Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə 26 iyul 2023-cü il tarixli "Yoxlama və götürmə haqqında" protokol tərtib edilərək aşkar edilmiş predmetlər götürülmüşdür. İçərisində müxtəlif rəngli kapsullar aşkar edilmiş çanta yük avtomobilinin sürücü üçün dicəlmə yeri olan hissəsində idi. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Kinoloji mərkəzinin İtçilik klubunda təlimçi kinoloq Şahid2 ifadəsində göstərdi ki, 26 iyul 2023-cü il tarixdə "Xanoba" gömrük postunda növbədə olduğu gün saat 20:00 radələrində postun ixrac gömrük nəzarəti zonasına Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12" markalı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. O, İran İslam Respublikasından Rusiya Federasiyasına gedirdi. Təqsirləndirilən şəxs gömrük nəzarətinə bəyan olunmalı mallarının olub-olmadığını soruşduqda o, gömrük nəzarətinə bəyan olunmalı mallarının olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs özünü şübhəli aparır, tez-tez onu ləngitmədən gömrük postundan buraxmalarını bildirirdi. Daha sonra gömrük inspektoru Şahid1 ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üzərində əl çantası var idi. Nəqliyyat vasitəsi yoxlanan zaman həmin əl çantasını soyuducunun üzərində qoymuşdur. Onun içərisində nə olması barədə soruşduqda pul olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli əl çantasından gömrük nəzarətinə bəyan olunmayan rəngli kapsullar aşkar edilmişdir. Gömrük inspektoru Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə 26 iyul 2023-cü il tarixli "Yoxlama və götürmə haqqında" protokol tərtib edilərək aşkar edilmiş predmetlər götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda tərtib edilmiş 26 iyul 2023-ci il tarixli “yoxlama və götürmə haqqında” protokoldan görünür ki, nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirildikdən sonra, nəqliyyat vasitəsinin kabinası yoxlanan zaman Təqsirləndirilən şəxs üzərindəki qara rəngli əl çantasını gömrük yoxlamasına təqdim etmiş, əl çantasına gömrük yoxlaması keçirimiş və və çantanın iç cibindən gömrük nəzarətinə bəyan olunmayan 21 ədəd yarı hissəsi sarı, yarı hissəsi göy rəngli üzərində heç bir yazısı əks olunmayan kapsullar aşkar edilərək protokol əsasında götürülmüşdür. (Cild 1, iş vərəqləri 09-10) “Yoxlama və götürmə haqqında” 26 iyul 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 158) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 01 avqust 2023-cü il tarixli "baxış keçirilməsi haqqında" protokoldan görünür ki, X1 Sistemindən əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs idarə etdiyi "Volvo FH 12" markalı, P445AE05/BA002906 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 01:57-də İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməsi, xx.xx.2023-cü il tarixdə saat 20:17- də "Xanoba" X7 Məntəqəsindən keçməklə Rusiya Federasiyasına getmək istəyərkən saxlanılması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4054 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs" yazıları olan DGK-ya məxsus bir ədəd kağız paketdə qablaşdırılmış 21 ədəd göy/narıncı rəngli dərman kapsullarının tərkibində ümumilikdə 1,575 qram preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir. (Cild 1, iş vərəqləri 54-58) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 avqust 2023-cü il tarixli, 19/51- 10228 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 102,155-157) Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,425 qram təşkil edən 19 ədəd kapsullar maddi sübut kimi tanınaraq DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutları saxlanc otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 191-201) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, eləcə də qanunla nəzərdə tutulmuş əlavə cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 06 yanvar 2021-ci il tarixli Qərarının tələblərini rəhbər tutur. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəq 145) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin gənc olması, əməlindən səmimi peşmançılıq çəkməsi, müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailəni dolandıran yeganə şəxs olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin yuxarıda sadalanan halları, eləcə də cinayət qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddəndə az azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etməklə də, ona təyin edilmiş cəzanın məqsədinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası ilə müəyyən edilmiş aşağı həddəndə az azadlıqdan məhrum etmə növündə cəzanı çəkməklə islah olunmasını, bununla da cəzanın məqsədinə nail olunmasını mümkün hesab edir: Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu – məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün, cinayət tərkibi yaratmayan həddə tərkibində güclü təsir edən maddə pregebalin olan cəmi 21 ədəd kapsulda dərman preparatını Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Azərbaycan Respublikasının ərazisindən tranzit keçməsi səbəbindən onun təkrarən qaçaqmalçılıq əməlini törətməyə qərəzli motivi və məqsədi olmamışdır. Cinayətin motivi təqsirləndirilən şəxs tərəfindən həmin dərman preparatlarının yaşadığı Rusiya Federasiyasının Dağıstan Respublikasına aparılması olsa da, cinayətin məqsədi yalnız gömrükdə bəyan etməməklə bu dərman preparatlarının Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi olmuşdur. Bu zaman təqsirləndirilən şəxsin məqsədi cinayət qanunu ilə qorunan hər hansı bir digər ictimai münasibətlərə və obyektlərə zərər yetirmək olmamışdır. Başqa, sözlə Təqsirləndirilən şəxs tərkibində güclü təsir edən maddə olan dərman preparatlarının Azərbaycan Respublikasının ərazisində yayılmasına, bundan qazanc əldə olunmasına, nəticədə ölkə vərəndaşlarının sağlamlığına zərər yetirilməsinə yönəlmiş hərəkətlər etməmiş, bununla bağlı motivi və məqsədi də olmamışdır. Onun, məqsədi yalnız tranzit olaraq Azərbaycan Respublikası ərazisindən keçərkən onda olan dərman preparatlarını gömrük sərhədində bəyan etməməyə yönəlmişdir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində roluna gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti başqa şəxslərlə əlbir olaraq, xüsusi hazırlanmış, əvvəlcədən planlaşdırılmış və cinayətin aşkarlanmasını çətinləşdirən usul və vasitələrdən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə cinayət törətməmiş, o, yalnız şəxsi istifadəsi üçün tərkibində güclü təsir edən maddə olan dərman vasitələrini bəyan etməmişdir. Cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı – məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs cinayətin predmetini gizlətməyə çalışmamış, törətdiyi cinayət əməlini tam etiraf edərək, istintaqla əməkdaşlıq etmiş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı səmimi ifadələr vermişdir. Bu isə onun şəxsiyyətinin cinayətə meyilli olmadığının və törətdiyi əməldən nəticə çıxarmaqla islah yoluna qədəm qoymasının təzahürüdür. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar – məhkəmə qeyd edir ki, təsirləndirilən şəxs Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda narkotik vasitə, psixotrop, zəhərləyici və partlayıcı maddələr, odlu silah və ya döyüş sursatı keçirməmişdir. O, şəxsi istifadəsi üçün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin tərkibini belə yaratmayan həddə tərkibində güclü təsir edən maddə olan az sayda dərman preparatını bəyan etməməklə gömrük sərhədindən keçirmişdir. Məhkəmə hesab edir ki, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticələrə səbəb olmayan əmələ görə xarici vətəndaş olan təqsirləndirilən şəxsin azı 5 il müddətində Azərbaycan Respublikası ərazisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu müddət ərzində onun saxlanılmasına dövlət büdcəsindən külli miqdarda pul xərclənməsi cəzanın məqsədinə uyğun olmaqla, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Əksinə Azərbaycan Respublikasının vətəndaşı olmayan və nəticə etibarı ilə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq bir gənc əcnəbinin uzun müddət ərzində azadlıqdan məhrum etmə yerində saxlanılmaqla islah olunmasının gözlənilməsi əvəzinə, islah yolunda olan bu şəxsə münasibətdə əlavə cəzanın icrasına daha tez nail omaqla onun ölkə hüdudlarından kənara məcburi çıxarılması ümumilikdə ona təyin olunan əsas və əlavə cəzanın məqsədinə uyğun olmaqla yanaşı, bu yanaşmanı dövlətin və cəmiyyətin maraqlarına da uyğun yanaşma kimi qəbul etmək olar. Məhkəmə həmçinin qeyd edir ki, cinayət törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin onun əməlinə görə qanunla nəzərdə tutulmuş cəzanın aşağı həddindəndə az cəza çəkməklə islah olunacağına dair inam onun barəsində bu institutun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, 26 iyul 2023-cü il tarixdə saxlanılaraq faktiki azadlığı məhdudlaşdrılmış Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Yasamal rayon məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 26 iyul 2023cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 116-120) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 19 həb dərman kapsulu məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Xüsusi müsadirə ediləsi əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə o, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 19 həb dərman kapsulu məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-342/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-342/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver