Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-343/2023 16.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, işləməyən, orta təhsilli, məhkumluğu ödənilməmiş və götürülməmiş, Abşeron rayonu Xırdalan şəhəri Məhəmməd Əsədov küçəsi ev 18A-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5, 228.4, 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2022-ci il tarixdə, saat 19:40 da Bakı şəhəri Yasamal rayonu “Moskva” prospektində 20 Yanvar metrostansiyasının yaxınlığında işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qapısını açaraq avtomobilə cəld əyləşib, sol əli ilə Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən tutaraq sağ əlində tutduğu təyinatı məlum olmayan silah qismində istifadə etdiyi bıçağı bədəninin sağ nahiyəsinə dirəyib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə üstündə olan pullarını, qızıl zinyət əşyalarını və avtomobilini, yəni xeyli miqdarda əmlakını verməyini tələb edərək, həmin vəziyyətdə avtomobili insanların az olduğu Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 63 nömrəli evin yaxınlığına sürdürmüş, orada Zərərçəkmiş şəxs2 onun əyilib çantasında nəsə axtarmağından istifadə edərək avtomobildən düşüb qaçdıqdan sonra, 21000 manat dəyərində həmin avtomobili, avtomobilin salonunda olan 4000 manat dəyərində bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə, 180 manat dəyərində əl çantasını içərisindəki 150 manat dəyərində kosmetik vasitələr, 100 manat dəyərində parfumeriya, 50 manat pul, mühum şəxsi sənədi olan AE-023238 nömrəli sürücülük vəsiqəsi və “Hyundai Elantra” markalı minik avtomobilin BD-202759 nömrəli qeydiyyat şəhadətnaməsi ilə birlikdə ələ keçirib quldurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 17 mart 2022-ci il tarixdə, saat 19 radələrində Xırdalan şəhəri Heydər Əliyev prospektində “Rahat market” mağazasının qarşısında tıxacda dayanadayana hərəkət edən X3 idarə etdiyi “Toyota Prius” markalı, 99OJ975 dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sağ qapısını açaraq avtomobilə cəld əyləşib, əlləri ilə Günel Mehdiyevanın sifətindən, boğazından tutub sıxaraq boğub, sonra isə üzərindəki sellofan torbadan qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını Günel Mehdiyevaya tərəf tutaraq, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə üstündəki pulları və 18600 manat dəyərində olan “Toyota Prius minik” markalı avtomobili tələb edərək təkrarən quldurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək xəstə olduğunu, danışa bilmədiyini, ifadə vermək istəmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin avtomobillərinə əyləşdiyini,çantasında bıçaq olduğunu etiraf etsə də, zərərçəkmiş şəxslərə qarşı quldurluq etmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Bakı şəhəri Nərimanov rayonun ərazisində quldurluq cinayəti törətdiyinə görə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1-ci maddələri ilə təqsirli bilinərək, 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 aprel 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur.11 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirməmişdir. Qeyd edilən avtomobili 12 mart 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu F.X.Xoyski küçəsində olan yaşayış binasının zirzəmisində əzilmiş vəziyyətdə görmüş, o, zirzəmiyə təbii tələbatını ödəmək üçün getmiş, avtomobili orada görmüş, avtomobilin qapıları açıq vəziyyətdə olmuş, o, avtomobilin salonuna baxmış, orada heç nə olmamış, avtomobilin qapısını örtmüş, avtomobildən heç bir əşya və ya sənəd götürməmişdir. Zərərçəkmiş şəxs2 qarşı da heç bir quldurluq etməmişdir. Bundan başqa, 17 mart 2022-ci il tarixdə, saat təxminən 19 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində yaşadığı evə getmək istəyirmiş, yolda da tıxac olmuş, o, yolun kənarı ilə gedirmiş, bu zaman qara rəngli taksi kimi bildiyi “Toyuta prius” markalı avtomobilə əyləşmiş və görmüşdür ki, avtomobili bir qadın idarə edir. O, həmin avtomobilə oturan kimi həmin sürücü qadın başlamışdır qışqırmağa və avtomobili idarə edərək qarşıdakı avtomobilə toxunmuş, avtomobili dayanmış və qadın sürücü avtomobildən düşərək qışqırmağa başlamışdır.O, qadının belə etməsindən qorxub və avtomobildən düşərək oradan getmək istəyəndə ətrafda olan tanımadığı şəxslər onu tutub saxlamışlar, sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə aparmışlar. Onun əlində “Bravo” marketə məxsus sellofan olmuş, sellofanda onun papağı, bir ədəd eynək, bir ədəd cib bıçağı olmuş, onları da polis idarəsində növbətçi hissəsində ondan götürmüşlər. Qeyd etmişdir ki, həmin avtomobilin sürücüsü qadın Günel Mehdiyevadan pul və ya avtomobili istəməmiş, ona zor göstərməmiş, onu bıçaqla hədələməmişdir.Üzərində olan həmin selofanda olan bir ədəd qatlanan bıçaq, papaq və eynək ona məxsusdur, digər iri bıçaq və tapança tipli alışqan ona məxsus deyildir, həmin əşyalar onda olmamışdır. ( cild 2, iş vərəqə 193) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 12 mart 2022-ci il tarixdə o, özünə məxsus “Hyundai Elentra” markalı avtomobillə yaşadığı Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmişdir. Saat 19 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında Dərnəgül yolu istiqamətdə hərəkət edirmiş və işıqforda qırmızı işıq yandığından o avtomobili saxlamışdır. Hava qaranlıq və yağışlı olmuşdur. Arxada və qabaqda xeyli avtomobillər dayanmışdır. Bu zaman avtomobilin sağ qabaq qapısı açılmış və Ramil maşına əyləşib qapını örtmüşdür.O, Ramilin hərəkətindən təəccüblənmiş, Ramil sağ əlində tutduğu bıçaqı onun sağ böyrünə dirəyib, ona “qışqırma, qışqırsan səni doğrayacağam avtomobili, üstündəki pulu və qızılları mənə ver” sözlərini demişdir. Həmin vaxt işıqforun yaşıl işığı yanmış və arxadakı avtomobillər siqnal vermiş, o, həyacanlı şəkildə Ramilə “avtomobili bir yana sürsün hərəkətə mane olmasın, orada istədiklərini versin” demişdir. Ramil də ona “hara deyirəm ora sür” demişdir. O, avtomobili idarə edib körpünün üstünə çıxmış, sağa dönərək hərəkət etməyə başlamış və Ramilə ona nə lazımdırsa verəcəyini demişdir. Ramil ona “səsin başıma düşür, indi sənin başını bıçaqla deşəcəm” demiş və sol əli ilə onun boynunun arxasından tutmuş və ondan “pulun varmı”? deyə soruşmuş, özü isə çantasında 50 manat pulu olduğunu demişdir. Daha sonra Ramil ondan qızılı olub-olmadığını soruşmuş, o isə “ boynumda qızıl sepi var, necə çıxardım?” deyə soruşmuşdur. Ramil ona avtomobilin qapıları bağlamasını bildirmiş, o, da əlindəki avtomobil pultu ilə elə görüntü yaratmışdır ki, guya qapıları bağlanıb. Lakin qapıları bağlamamışdır. Ramil özünün qara rəngli çantasında nəsə axtarmağa başlamış, o, Ramilin başını aşağı salıb nəsə axtarmağa çalışmasından istifadə edərək tez avtomobilin qapısını açıb yerə atılmış, sol yanı üstə yerə yıxılmış və tez qalxaraq üzü yuxarı istiqamətdə qaçmağa başlamış və təxminən 10-15 metr qaçdıqdan sonra geri baxıb Ramilin onun avtomobilini sürüb düz istiqamətə getdiyini görmüşdür. O, orada qışqırmış, bir neçə nəfər ona yaxınlaşmış, o, həmin şəxslərə də avtomobilinin qaçırıldığını demişdir. Tanımadığı bir oğlanın mobil telefonu ilə poilisə yığıb hadisə barədə məlumat vermişdir. Həmin şəxs ona xəsarət yetirməmiş, ancaq o, avtomobildən atılan zaman yerə yıxılıb sol ayağından yüngül xəsarət almışdır. Qeyd etmişdir ki, avtomobilində 4000 manat dəyərində Apple iPhome 13 Promax markalı telefon, 180 manat dəyərində əl çantası, həmin çantanın içərisində sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 100 manat dəyərində parfemiyaları, 50 manat pul və 150 manat dəyərində qadın kasmçtikaları olmuşdur. O, təqsirləndirilən şəxslə barışmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “Toyuta prius” markalı, avtomobili özü idarə edir. 17 mart 2022-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobillə Xırdalan şəhəri H.Əliyev prospekti ilə hərəkət edirmiş. Həmin prospektdə yerləşən “Rahat” marketin qarşısı yol tıxac olduğu üçün dayana-dayana hərəkət edirmiş. Bu zaman Ramil avtomobilin sağ qapısını açaraq avtomobilinə oturmuşdur.O, həmin şəxsin avtomobilinin taksi olduğunu bilib səhvən avtomobilinə oturduğunu fikirləşib həmin şəxsə taksi olmadığını demişdir.Bu zaman həmin şəxs əlindəki sellofanı avtomobilə qoyaraq iki əli ilə sifətini tutub sonra əli ilə boğazını sıxaraq onu boğaraq üstündə olan pulları və avtomobili ona verməsini bildirmişdir. Sonra Ramil əli ilə avtomobildə qoyduğu sellofanın içərisindən bir iri xəncəri çıxardıb ona tərəf tutmuş, o, qışqırıb avtomobilin qapısını açıb özünü yerə atmış və qışqırmağa başlamışdır.Onun avtomobili qabaqda hərəkət edən digər avtomobilə toxunub dayanmışdır. Bu zaman Ramil avtomobildən düşərək qaçmağa başlamış, ətrafda olan tanımadığı şəxslər Ramili tutub saxlamışlar. Sonra ora yaxınlaşan polis əməkdaşları həmin şəxsi tutmuş, Qeyd etmişdir ki, onun avtomobilinin dəyəri 15000 manat, üstündə isə 352 manat pul olmuşdur.O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Quba RPŞ-nin polis əməkdaşı olan Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ildə Daxili İşlər Nazirliyinin X13 Alayının 2-ci Patrul Bölüyünün polis nəfəri işləmiş, Bakı şəhəri Binəqədi rayon Polis idarəsində xidmət etmişdir. 17 mart 2022-ci il tarixdə, saat 19 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən qarşıda avtomobillərin dayandığını və avtomobillərin arasında bir qadının qışqırdığını, yaxınlıqdan isə bir oğlanın əlində sellofan torba oradan qaçmaq istədiyini görüb həmin şəxsi tutub saxlamışdır. O, əvvəl həmin şəxsin orada olan qadının çantasını oğurlamaq istədiyini zənn etmiş, lakin sonra həmin qadın ona idarə etdiyi avtomobillə tıxacda həmin yerdə dayana-dayana hərəkətdə olarkən həmin şəxs avtomobilin qapısını açaraq avtomobilə oturub əlindəki bıçağı ona tərəf tutaraq digər əli ilə onu boğmaq istədiyini və ondan üstündəki pulları, avtomobili tələb etdiyini, avtomobildən özünü yerə atdığını bildirmişdir.O, Ramili Abşeron rayon Polis idarəsinin növbətçi hissəsinə təhvil vermişdir, Hadisə vaxtı Ramilin əlində bir ədəd sellofanın içərisində bir ədəd xəncər bıçağı, bir ədəd qatlanan bıçaq, bir ədəd tapança tipli alışqan olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 mart 2022-ci il tarixdə, saat 19 radələrində bir manatlıq tanımadığı taksi avtomobili ilə Xırdalan şəhəri H.Əliyev prospekti ilə evə gedirmiş. Həmin vaxt yolda sıxlıq olmuş və avtomobillər dayana-dayana hərəkət edirmişlər. Həmin prospektdə yerləşən “Rahat” marketin qarşında olanda yolda hərəkət edən “Toyuta prius” markalı, 99OJ975 qeydiyyat nişanlı avtomobil onun sərnişin kimi olduğu avtomobilin arxasına toxunmuş, həmin vaxt həmin avtomobilin sürücüsü olan qadın avtomobilın yanında yolda qışqıraraq kömək istəmişdir. Eyni zamanda yaxınlıqda bir nəfər oğlanın qaçmaq istədiyini görmüş, həmin qadın qışqırıb qaçmaq istəyən oğlanı göstərib demişdir ki, həmin şəxs onun əşyalarını ələ keçirmək istəyir. O, orada olan tanımadığı şəxslər həmin şəxsi tutub saxlamışlar. Həmin qadın demişdir ki, idarə etdiyi avtomobillə hərəkətdə olarkən həmin şəxs onun avtomobilinə oturaraq onu hədələyib, ondan pul və avtomobili tələb etmişdir. Orada olan tanımadığı şəxslər həmin şəxsi saxlamışlar və o, özünə məxsus mobil telefonu ilə 102 xidmətinə zəng edib məlumat vermiş, həmin qadın da onun telefonu ilə danışaraq hadisə barədə 102 xidmətinə ətraflı məlumat vermişdir. Ondan sonra o, oradan çıxıb getmiş, orada olan şəxslər həmin şəxsi tutub saxlamışlar ki, polis əməkdaşlarına təhvil versinlər. Həmin şəxsin şəxsiyyətini və həmin qadına qarşı konkret olaraq hansı hərəkətlər etməsini bilməmişdir. ( cild 1, iş vərəqə 77) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, aket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Yaşadığı bina 16 mərtəbəli olmaqla zirzəmisi avtomobil dayanacağı kimi istifadə edilir.12 mart 2022-ci il tarixdə, saat 08:30 radələrində idarə etdiyi avtomobili yaşayış binasının zirzəmisində olan dayanacaqdan çıxartmaq üçün zirzəminin arxa çıxışında “Hyundai Elantra” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin avtomobilin kənarları əzilmiş vəziyyətdə olmuşdur.Zirzəmidə və avtomobilin ətrafında heç kim olmamış, avtomobil sahibsiz olmuşdur. O, həmin binanın mühafizəçisi Şahid3 avtomobillərin dayanacağına zirzəmiyə çağırmış və Rövşən də həmin avtomobilə baxaraq avtomobilin sahibinin olmadığını bildirmişdir.Ondan sonra həmin avtomobil barəsində 29-cu polis bölməsinə məlumat verilmişdir.Daha sonra polis əməkdaşları gələrək avtomobilə baxış keçirmişlər. ( cild 2, iş vərəqə10-12) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, aket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.ünvan 2v 10 C mühafizə etdiyi yaşayış binasıdır. Həmin binanın zirzəmisi avtomobil dayanacağı kimi istifadə edilir və iki giriş çıxışı vardır. 11 mart 2022-ci il tarixdə, saat 17 radələrində mühafizə etdiyi həmin yaşayış binasına gəlmiş, həmin gecə binada və ətrafda heç bir şübhəli avtomobil və ya hər hansı bir şəxs müşahidə edilməmişdir.11 mart 2022-ci il tarixdə, saat 08:30 radələrində Şahid5 onun yanına gələrək binanın zirzəmisində dayanacaqda qəzalı vəziyyətdə və sahibsiz bir avtomobilin saxlanıldığını bildirmişdir. O, zirzəmiyə girdikdə həqiqətən “Hyundai Elantra” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq və ətrafı əzilmiş vəziyyətdə olduğunu görmüşdür.Həmin avtomobilin binada yaşayan sakinlərə məxsus olmadığını bilmişdir.Həmin avtomobilin naməlum şəxs tərəfindən orada saxlaması barədə 29-cu polis bölməsinə məlumat vermişlər.Daha sonra polis əməkdaşları gələrək avtomobilə baxış keçirmişlər. ( cild 1, iş vərəqə 193-195) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, aket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.O, Hacıqabul rayonunda Quşçuluq şirkətində sürücü işləyərək, “Kamaz” markalı, 24AC254 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhərinə yük daşıyır.12 mçart 2022-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonun ərazisində hərəkətdə olarkən yolun sol tərəfində mobil telefonun olduğunu görmüş, avtomobili saxlamış və yerə düşüb, yerdə üzü və arxası sınmış vəziyyətdə bir “İphone 13 Pro Max” markalı mobil telefonun olduğunu görüb həmin telefonu götürmüşdür. Həmin vaxt ətrafda heç kimin olmadığını və telefonun yararsız vəziyyətdə olduğunu, kimsə tərəfindən atıldığını fikirləşib həmin telefonu cibinə qoymuşdur.Həmin telefonun işlək vəziyyətdə olmasını müəyyən etmək üçün istifadə etdiyi və əmisi oğlu X5 adında olan ***-***-**-** nömrəsini telefona daxil etmiş və telefonda bir neçə dəfə danışıqlar etmişdir.Telefonun elektrik qidalandırıcısı olmadığı üçün telefon sönmüşdür.Daha sonra isə əmisi arvadı X2 adına olan, lakin özü istifadə etdiyi ***-***-**-** nömrəsini də həmin telefona daxil etmiş və danışıqlar aparmışdır. Telefonun qidalandırıcısı olmadığı üçün telefon yenə sönmüşdür. 28 aprel 2022-ci il tarixdə Yasamal rayon polis idarəsinin müstəntiqi tərəfindən ona zəng edilmiş və onda ona məlum olmuşdur ki, həmin telefon quldurluq yolu ilə bir xanımdan ələ keçirilmiş telefondur və telefonu təhvil verməyi bildirilmişdir.O, da həmin telefonu gətirib tədqim etmişdir.Qeyd etmişdir ki, həmin telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. ( cild 2, iş vərəqə 60-62) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 quldurluq cinayəti Bakı şəhəri Yasamal rayonu Moskva prospektində törədilmişdir. ( cild 2, iş vərəqə 89-93) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 quldurluq cinayəti Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Rahat market” mağazasının yaxınlığında törədilmişdir. ( cild 1, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyanın tanınması haqqında” protokoldan görünür ki, zamanı Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş bıçaqların arasında Təqsirləndirilən şəxs götürülmüş bıçağı tanıyıb göstərərək bildirmişdir ki, ona qarşı quldurluq edən Təqsirləndirilən şəxs həmin bıçağı ona tərəf tutaraq üstündə olan pulları və avtomobili tələb etmişdir.( cild 1, iş vərəqə 45-46) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayonu F.X.Xoyski küçəsi, 10 C saylı yaşayın evinin zirzəmisində “Hyundai Elantra” minik markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, avtomobilə baxış zamanı avtomobilin salonundan bir ədəd “Rothmans” markalı siqaret kötüyü və avtomobilin üzərindən 03 ədəd əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə: 110-119) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 16 mart 2022-ci il tarixli, 011-2996-1222 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli, 091-15276-1222 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs2 qarşı baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və 01 ədəd d/x xx.xx.2022-ci il tarixdə DİN-in KTİ-yə daxil olmuşdur.Həmin izlər KTİ-nin ADİS-in məlumat bankında olan, həmçinin tədqiqata təqdim edilmiş şəxslərin əl əksləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olmuş) xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. ( cild 1, iş vərəqə: 133-134) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in X7 etmə Xidmətindən götürülümüş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-064, TŞ 2-118 və TŞ 3-107 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli saat 19:20-dən saat 20:15-dək olan müddətdəki görüntülər olan 4 ədəd disklərə baxış zamanı TŞ 2-064 nömrəli kameranın görüntüsündə qaranlıq şəraitdə “Hyundai Elantra” markalı avtomobilin hərəkəti qeydə alınmışdır. (cild 2, iş vərəqə: 91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 14 mart 2022-ci il tarixli, 250 saylı rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ baldırın qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə: 130-132) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 22 iyul 2022-ci il tarixli, 3/919 saylı məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. ( cild 2, iş vərəqə: 110-113) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 05 may 2022-ci il tarixli, 9/2400 saylı məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, Bakı şəhəri “KİA” Servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixliqüsur aktında olan məlumatlara əsasən, 2013-cü il buraxılışlı, göy rəngli, “Hyundai Elantra” minik markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin mart ayına təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. 1.Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2002,00 manat.O cümlədən: Dəyişməli hissələrin qiyməti – 1552,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 450,00 manat. 2.Dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1561,00 manat.O cümlədən: Dəyişməli hissələrin qiyməti – 1111,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 450,00 manat. Respublikada yerləşən avtobazalarda, internet sayıtlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 2013-cü il buraxılışlı, göy rəngli, “Hyundai Elantra” minik markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 18000,0 manat müəyyən olunur. (cild 2, iş vərəqə: 168-169) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 03 iyun 2022-ci il tarixli, 9/3323 saylı məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, Respublikada yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet sayıtlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, 2022-ci ilin mart ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 1800,00 manat müəyyən edilir. ( cild 2, iş vərəqə: 170) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan bir ədəd barmaq izi, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-064 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli saat 19:20-dən saat 20:15-dək müddətdə görüntü olan bir ədəd disk mühüm sübut əhəməyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan bir ədəd barmaq izi və Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-064 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli saat 19:20-dən saat 20:15-dək müddətdə görüntü olan bir ədəd diskin cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (cild 2, iş vərəqə: 173-181) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 mart 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 08 dekabr 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 181.3.2-ci maddələri ilə təqsirli bilinərək, 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarına əsasən 03 ay, 13 gün vaxtından əvvəl cəzadan azad edilmişdir. ( cild 1, iş vərəqə: 190-191, cild 2, iş vərəqə 160- 165) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayon 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə edilmir. ( cild 2, iş vərəqə 157) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31 yanvar 2009-cu il təvəllüdlü X8 və 23 iyun 2012-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan bir ədəd barmaq izi, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-064 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli saat 19:20-dən saat 20:15-dək müddətdə görüntü olan bir ədəd disk mühüm sübut əhəməyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi olan bir ədəd barmaq izi və Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-064 nömrəli kameralarının xx.xx.2022-ci il tarixli saat 19:20-dən saat 20:15-dək müddətdə görüntü olan bir ədəd diskin cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (cild 2, iş vərəqə: 173-181) Məhkəmədə, təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək quldurluq cinayəti törətmədiyini bildirməsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək qeyd olunan cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına, həmin məcəllənin 228.4 və 326.2-ci maddələri isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5, 228.4, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5, 228.4, 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 08 dekabr 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 noyabr 2019-cü il tarixli qərarına əsasən 03 ay, 13 gün vaxtından əvvəl cəzadan azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədiyi halda yenidən qəsdən ağır cinayətlər törətməsi cinayətin xüsusilə təhlükəli residivini yaratdığından Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 25, 65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməli, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5, 228.4, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-nin 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə 10 (on) il 06 ( altı) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 326.2-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin, “Hyundai Elantra minik” markalı, 99FX891 dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd “İphone 13 Pro Max” markalı, A2643 modelli, 128 GB yaddaş tutumlu **********667997 imey kodlu mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-343/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-343/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver