Məhkəmə qərarları › İş №1(124)-343/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-343/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-343/2024 04.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzasının qalan hissəsini çəkməkdən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə axşam radələrində sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs sataşaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, sonuncu da onun ünvanına nalayiq ifadələr işlədən zaman, aralarında sözlü mübahisə yaranmış, lakin mübahisə böyümədən ayrılmış, daha sonra isə həmin gün saat 23:00 radələrində o, yarımçıq qalmış məsələyə aydınlıq gətirmək məqsədi ilə Qusar şəhəri, X6 yerləşən “MM” kafesində Zərərçəkmiş şəxsla görüşüb söhbət edən zaman aralarında təkrar sözlü mübahisə yaranmış və o, üstündə gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol döş nahiyyəsinə bir dəfə və sol ənsə nahiyyəsinə də bir dəfə vuraraq, sonuncuya “döş qəfəsin sol qoltuqaltı nahiyəsinin 9-cu qabırğaarası nahiyəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və sol ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yara” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə axşam radələrində sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında yerləşən “Ömür” aptekin yanında siqarət çəkdiyi vaxt Şahid2 idarə etdiyi avtomobillə tanışı Zərərçəkmiş şəxsla birlikdə “Ömür” aptekin yanından sürətlə keçən zaman əsəbləşib onların ünvanına nalayiq ifadələr işlətdiyindən sonuncular ona yaxınlaşıblar. Zərərçəkmiş şəxs söhbət etmək üçün ona avtomobilə oturmasını təklif edib, o da razılaşıb və söhbət zamanı onların arasında 1- 2 dəqiqəlik sözlü mübahisə yaranıb. Daha sonra Həsən və Elnur onu yaşadığı evin yaxınlığında düşürüb çıxıb gediblər. Bundan sonra o, həmin gün saat 23 radələrində Həsənlə “MM” kafesində görüşüb. Həsən Qusar şəhər sakinləri Şahid2 və Şahid1la birlikdə kafenin həyətində idilər. Həsənin yanında oturub söhbət etməyə başlayıblar və aralarında mübahisə yaranıb və o, bıçaqla Həsəni qəsdən bir dəfə döş nahiyyəsinə, bir dəfə isə ənsə nahiyyəsinə vurub xəsarət yetirib. Bu zaman Həsən orada olan stolu onun üstünə atıb, onun alnı qanayıb və bıçağı yerə atıb. Bundan sonra Şahid2 və Şahid1 Həsəni Qusar RMX-na aparıblar, o isə kafedən çıxan zaman tanışı Edqarla görüşüb, onun xahişi ilə Edqar idarə etdiyi avtomobillə onu Qusar rayon Avtovağzal dairəsi ərazisinə aparıb. Bundan sonra o, Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. O, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə axşam radələrində tanışı Şahid2la birlikdə sonuncunun idarə etdiyi avtomobillə Qusar şəhərində “Ömür” aptekin yanında keçən zaman Məmmədin onların ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, avtomobili sonuncunun yanına sürüb saxlayıblar. Məmməd də avtomobilə əyləşdikdən sonra söhbət zamanı onların arasında sözlü mübahisə yaranıb. Məmməd sərxoş olduğundan ona baş qoşmayaraq Məmmədi yaşadığı evin yaxınlığında düşürüb çıxıb gediblər. Həmin gün tanışları Şahid2, Şahid1, Edqar Mirzağayev və Şahid4la birlikdə çay içmək üçün Qusar şəhərində yerləşən “MM” kafesinə gediblər və saat 23 radələrində Edqar hesabı bağlamaq üçün kafeyə, Vadim isə öz təbii ehtiyacını qarşılamaq üçün tualetə gedib. Bu zaman Məmməd sərxoş vəziyyətdə “MM” kafesinə gəlib, onun yanında oturub söhbət etməyə başlayıb və bir neçə saniyə sonra aralarında mübahisə yaranan zaman Məmməd üstündə gəzdirdiyi bıçaqla qəsdən onun sol döş nahiyyəsinə bir dəfə və sol ənsə nahiyyəsinə də bir dəfə vurub. Bu zaman özünü müdafiə etmək üçün yanında olan stolu Məmmədin üzərinə aşırıb, sonuncuya xəsarətlər yetirib. Bundan sonra Şahid2 və Şahid1 onu Qusar RMX-na aparıblar. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 iyun 2023-cü il tarixdə saat 22 radələrində tanışları Şahid2, Zərərçəkmiş şəxs, Edqar Mirzağayev və Şahid4la birlikdə Qusar şəhərində yerləşən “MM” kafesində oturub çay içən zaman Məmməd içkili halda həmin kafeyə gəlib. Həsənin yanında oturub söhbət etməyə başlayıblar və bir neçə saniyə sonra aralarında mübahisə yaranıb. Sonradan o, səs-küy eşidib, nə baş verdiyini bilməyib. Məhkəmə iclasında Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə saat 22 radələrində tanışları Şahid2, Zərərçəkmiş şəxs, Edqar Mirzağayev və Şahid4la birlikdə çay içmək üçün Qusar şəhəri, X6 yerləşən “MM” kafesinə gedib, kafenin həyətində olan söhbətgahların birində təxminən 1 saat oturub çay içib, söhbət etmişlər. Həmin gün saat 23 radələrində Edqar hesabı bağlamaq üçün kafeyə getmiş, Vadim isə öz təbii ehtiyacını qarşılamaq üçün tualetə getmişdir. Bu zaman Məmməd sərxoş vəziyyətdə “MM” kafesinə gəlib, Həsənin yanında oturub söhbət etməyə başlamış və bir neçə saniyə sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Məmməd bıçaqla qəsdən Həsənin sol döş nahiyyəsinə bir dəfə və sol ənsə nahiyyəsinə də bir dəfə vurmuşdur. Bu zaman Həsən özünü müdafiə etmək üçün söhbətgahda olan stolu Məmmədin üzərinə aşırmış, stolun üzərində olan stekanlar, çaynik və kül qabı sınmışdır. Həmin vaxt Məmməd təkrar Həsənin üzərinə gəlməmişdir. Bundan sonra o, Elnurla birlikdə Həsəni Qusar RMX-na aparmışdır. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində Həsən və Məmməd arasında sözlü mübahisə baş vermiş, sonuncu Həsənlə aralarında yarımçıq qalmış məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlmiş və onların arasında təkrar mübahisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisənin üstündən uzun müddət keçdiyi üçün baş verənlər tam yadında deyil. xx.xx.2023-cü il tarixdə, axşam saat 10 radələrində Qusarda “MM” kafesinin həyətində Zərərçəkmiş şəxs, Şahid1, Edqar Mirzağayev və Şahid4la birlikdə oturub çay içiblər. Bir az sonra Edqar hesabı ödəməyə, Vadim isə tualetə gedib. Daha sonra Məmməd gəlib onlarla görüşüb və Həsənin yanında oturub. O, həmin vaxt Şahid1la, Həsən isə Məmmədlə söhbət ediblər. Qəflətən qışqırıq səsi gəlib və stol çevrilib, bundan sonra o və Şahid1 oturduqları bisetkadan çölə çıxıblar. Ətraf qaranlıq olduğundan Məmmədin bıçaqla Həsənə xəsarət yetirdiyini görməyib. Həsənin üstündə qan olduğunu görüb özünü itirib və onu xəstəxanaya aparıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə axşam radələrində idarə etdiyi avtomobillə tanışı Zərərçəkmiş şəxsla birlikdə Qusar şəhərində “Ömür” aptekin yanında keçən zaman Təqsirləndirilən şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, avtomobili sonuncunun yanına sürüb saxlayıb. Bu zaman Həsən söhbət etmək üçün Məmmədə avtomobilə oturmasını təklif edib, sonuncu da öz razılığını verib. Söhbət zamanı Məmməd və Həsən arasında sözlü mübahisə yaranıb. Məmməd sərxoş olduğundan Həsən ona baş qoşmayıb, Məmmədi yaşadığı evin yaxınlığında düşürüb çıxıb getmişlər. Həmin gün saat 22:00 radələrində tanışları Zərərçəkmiş şəxs, Şahid1, Edqar Mirzağayev və Şahid4la birlikdə çay içmək üçün Qusar şəhəri, X6 yerləşən “MM” kafesinə gedib, kafenin həyətində olan söhbətgahların birində təxminən 1 saat oturub çay içib, söhbət etmişlər. Həmin gün saat 23:00 radələrində Edqar hesabı bağlamaq üçün kafeyə, Şahid4 isə öz təbii ehtiyacını qarşılamaq üçün tualetə getmişdir. Bu zaman Məmməd sərxoş vəziyyətdə tanışı Həsənlə aralarında yarımçıq qalmış məsələyə aydınlıq gətirmək “MM” kafesinə gəlib, Həsənin yanında oturub söhbət etməyə başlamış və bir neçə saniyə sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Məmməd üstündə gəzdirdiyi bıçaqla qəsdən Həsənin sol döş nahiyyəsinə bir dəfə və sol ənsə nahiyyəsinə də bir dəfə vurmuşdur. Bu zaman Həsən özünü müdafiə etmək üçün söhbətgahda olan stolu Məmmədin üzərinə aşırıb xəsarət yetirmişdir. Bundan sonra Elnurla birlikdə Həsəni Qusar RMX-na aparmış, Məmməd isə Həsənin üstünə təkrar gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 13 iyun 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 və Edqar Mirzağayevlə birlikdə çay içmək üçün Qusar şəhərində yerləşən “MM” kafesinə gedib, kafenin həyətində olan söhbətgahların birində təxminən 1 saat oturub çay içib, söhbət etdikdən sonra Edqar hesabı bağlamaq üçün kafeyə, o isə tualetə gedib. Bundan təxminən 10-15 dəqiqə sonra o, söhbətgaha qayıdan zaman, orada heç kim olmayıb, içərisi dağınıq vəziyyətdə olub və dəfələrlə Şahid1 zəng etsə də, sonuncu telefonlarına cavab verməyib. Bundan sonra o, evinə gedib və sonradan öyrənib ki, Məmmədlə Həsən arasında mübahisə yaranıb və mübahisə zamanı Məmməd Həsəni bıçaqlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 13 iyun 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4la birlikdə çay içmək üçün Qusar şəhərində yerləşən “MM” kafesinə gedib, kafenin həyətində olan söhbətgahların birində təxminən 1 saat oturub çay içib, söhbət etdikdən sonra o, hesabı bağlamaq üçün kafeyə, Vadim isə tualetə gedib. Təxminən 15 dəqiqə sonra hesabı bağlayıb, kafedən çıxan zaman tanışı Məmmədi görüb. Məmmədin xahişi ilə onu Qusar rayon Avtovağzal dairəsi ərazisinə aparıb və yolda olanda Məmməddən nə baş verdiyini soruşsa da, Məmməd ona cavab verməyib. Bundan sonra o, kafeyə qayıdıb və Elnurun avtomobilinin kafenin qarşısında olmadığını görüb, sonuncuya zəng edib, harda olduğunu soruşan zaman, X8 bıçaqladığını bildirib. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 281 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - “döş qəfəsin sol qoltuqaltı nahiyəsinin 9-cu qabırğaarası nahiyəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və sol ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yara” bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurula bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2023-cü il tarixli, 1909 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları,həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazrkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 3/1060 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə stehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Məhkəmə kollegiyası şahidlər - Şahid1, Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr iş materiallarında olan digər mötəbər sübutlarla, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə ziddiyət təşkil etdiyindən Təqsirləndirilən şəxs ittihamının əsasına, onun özünün etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini və həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, eyni zamanda iş materiallarında həmin xüsusatı təsdiq edən digər sübutları qoyulur. Beləliklə, məhkəmə kollegiyası, cinayət işinin materiallarını və mövcud sübutları hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən məhkumluğu olan şəxs hesab olunur və onun əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-ci maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən medalların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “İİ Qarabağ Müharibəsi”ndə iştirak etmiş və buna görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəməsini isə CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi və “İİ Qarabağ Müharibəsi”ndə iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində təhlükəli residivin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın mövcudluğunu, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri ləğv olunmalı, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qusar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Qusar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar