Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-346/2023 04.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1981-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “İphone” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə onlarla əlaqə saxlayıb Bakı şəhəri, Qaradağ rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 4031,99 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 2035 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib “Behzat” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Sumqayıt şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb yaşadığı ünvan 3 ünvana daşımaqla orada saxlamış, deyilən vaxtlarda həmin maddələri verilmiş şifariş əsasında müəyyən edilmiş çeşid və çəkilərə uyğun qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnmiş məkanların fotoşəkillərini İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərməklə onun şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmiş, əldə etmiş olduğu həmin narkotik vasitə heroinin 16,990 qramını üzərində saxlamaqla daşıyarkən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Mərkəz Plaza”nın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada 11 iyun 2022-ci il tarixdə saat 19:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 16,990 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 11 iyun 2022-ci il tarixdə saat 21:20-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana özünün razılığı və iştirakı ilə baxış keçirilərkən evin eyvanında taxta konstruksiyalı dolabın qarşısında gizlətdiyi bir ədəd sellofan torbanın içərisindən həm öz aralarında, həm də üzərindən aşkar olunan heroinlə eyni tərkibli olan külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda 2005 qram və 2010 qram olmaqla ümumilikdə 4015 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda 1005 qram və 1030 qram olmaqla ümumilikdə 2035 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, doxsanıncı illərdən X6 tanış olmuşdur və aralarında qab-qacaq alveri olmuşdur. O, hətta Urmiyada Behzatın evində olmuşdur. Behzat 2021-ci ilin sentyabr-oktyabr aylarında ona 1.000 manat pul da, yollamışdır. Pul Azərbaycandan, tanımadığı şəxs vasitəsilə onun bank kartına keçirilmişdir. Pulu aldıqdan təxminən 1 ay sonra, yəni tutulduğu gündən bir gün əvvəl, Behzat onunla “Vatsap” elektron proqramı vasitəsi ilə əlaqə saxlayaraq Qaradağda bir bağlama olduğunu deyib, onu götürməyi xahiş etmiş və ondan bu kimi işi görməsini xahiş etməsini, başqa etibarlı adamı olmaması ilə əsaslandırmışdır. O, Behzatın dediyi yerə gedib, “Vatsapa” atdığı şəkildə göstərilən nöqtədən bir bağlama aşkar edib götürmüşdür. Bağlama təxminən 2 kiloqram olmuş və o, bu bağlamanı özünün yaşadığı, ünvan 3 ünvana gətirib, içərisində iki bükümdə, təxminən ümumi çəkisi 2 kiloqram olan narkotik olduğunu müəyyən edib, eyvana qoymuşdur. Bunun növbəti günü bərbərxanadan çıxarkən polis əməkdaşları yaxınlaşaraq, etdiyi əməldən xəbərdar olduqlarını bildirib onu sorğu-suala tutmuş, o isə polislərin hər baş verənlərdən məlumatlı olduqlarını anlamış və törətdiyi əməli etiraf etmişdir. Bundan sonra o, Polis İdarəsinə aparılmış, orada ona hər hansı təzyiq göstərilməmiş və işgəncə və ya qeyri-insani rəftara yol verilməmişdir. Bundan sonra polis əməkdaşları ona bir büküm narkotik vermiş və məhz həmin polis əməkdaşlarının təklifi ilə o, videoçəkilişlə üzərinə baxış keçirilərkən bu bükümü təqdim etmişdir. Üzərinə baxış keçirildikdən sonra polislər tərəfindən evinə aparılmış və orada o, eyvanda saxladığı narkotiki də, polislərə təqdim etmişdir. Evdə də, videoçəkiliş aparılmışdır. O hesab edir ki, Behzadın dediyi yerdən götürüb evinin eyvanına qoyduğu iki büküm narkotikin ümumi çəkisi cəmi 2 kiloqrama yaxın olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusunda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə məqsədi ilə, yəni məsuliyyətini yüngülləşdirmək üçün bu cür göstərilmişdir. Çünki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Behzat adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Belə ki, Behzatla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Tutulmamışdan bir müddət öncə Behzat onunla əlaqə saxlayan zaman yaxın günlərdə satmaq məqsədilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəklərini demişdir. Təxminən 1 həftə bundan öncə Behzatla əlaqə saxlayan zaman 3-4 gün ərzində ona satmaq məqsədilə narkotik vasitə heroin göndərəcəyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin yaxşı olmadığından Behzatla razılaşıb sonuncudan zəng gözləməyə başlamışdır. Razılaşmaya əsasən o, göndərilən kütlələri Behzatın dediyi yerdən götürərək özündə saxlamalı, Behzat ona dediyi miqdarda çəkib müxtəlif küçələrdə yerləşdirməli və həmin kütlələri yerləşdirdiyi yerin şəklini çəkib mobil telefon vasitəsilə Behzata göndərməli imiş. Tutulmamışdan təxminən 1 gün öncə Behzat yenidən ona zəng vuraraq Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində, körpünün altında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulacağını bildirmişdir. Belə olan halda o, narkotik vasitəni və psixotrop maddəni götürmək məqsədilə qeyd olunan ünvana getmişdir. Həmin ünvana çatıb qeyd olunan yerdə bir ədəd sellofan paket olduğunu görmüşdür. Sellofan paketin içərisinə nəzər yetirdikdə orada 4 ədəd sellofan büküm və bir ədəd elektron tərəzi olmasını bilmişdir. Belə olan halda həmin sellofanı götürüb yaşadığı Sumqayıt şəhərinə qayıtmaq üçün yola düzəlmişdir. Qeyd etmiş ki, razılaşmaya əsasən o, həmin narkotik vasitəni Behzatın deyəcəyi yerə qoyduqdan sonra təxminən 1000 manat pul almalı imiş. Sumqayıt şəhərinə qayıtdıqdan sonra o, həmin sellofanı yaşadığı evin eyvanında dolabın qarşısında gizlətmişdir. 12 iyun 2022-ci il tarixdə Behzatla əlaqə saxlayan zaman sonuncu narkotik vasitə heroinin 20 qramını özü ilə götürməyi, qoyacağı yer barədə ona məlumat verəcəyini demişdir. Belə olan halda o, Behzatla razılaşıb narkotik vasitə heroini bir bükümündə elektron tərəzidə çəkib təxminən 20 qram götürərək cibinə qoymuşdur. Behzatla əlaqə saxlayan zaman həmin bükümün harada yerləşdiriləcəyi barədə ona məlumat verəcəyini demişdir. 11 iyun 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Mərkəz Plaza”nın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, bir ədəd açar, bir ədəd özünə məxsus plastik bank kartı və 135 (yüz otuz beş) manat pul aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmaqla qablaşdırılaraq üzəri möhürlənmiş və onlar həmin qablaşdırmanın üzərinə imza etmişlər. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus “İphone” markalı mobil telefon və bank kartı ona izah verildikdən sonra götürülmüşdür. Açar və 135 manat pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Behzat” adlı şəxsin vasitəsi ilə tutulmamışdan bir gün öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Behzat” adlı şəxsin ona pul verəcəyini, “Behzat” adlı şəxsi təxminən bir ildir tanıdığını, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, həmçinin Sumqayıt şəhərində yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Daha sonra videoçəkiliş dayandırılaraq bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra onlar doğruluğunu imzaları ilə təsdiqləmişlər. Bundan sonra o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasına dair ərizə yazmış və onlar, polis əməkdaşları, müdafiəçi ilə birlikdə Sumqayıt şəhəri ərazisindəki yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin eyvanında olan taxta konstruksiyah dolabın qarşısından gizlətdiyi içərisində iki ədəd bükümdə heroin, iki ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi olan bir ədəd torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan sellofan torbanın içərisinə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş və üzəri tərəflərindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Behzat” adlı şəxsin vasitəsi ilə tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Behzat” adlı şəxsin ona pul verəcəyini yenidən qeyd etmişdir. Baxış başa çatdıqdan sonra onlar Baş İdarəyə qayıtmışlar. Orada baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək onlara ucadan oxunmuşdur. Daha sonra o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq edərək oxşar ifadələr verərək göstərdilər ki, 11 iyun 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Orada müdafiə hüququ ilə təmin edilmişdir. Üzərinə baxış keçirilərkən üzərindən bir büküm heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin bir hissəsini də Sumqayıt şəhərində yerləşən yaşadığı mənzildə saxladığını bildirmiş və evində olan narkotik vasitələri də təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri iranlı tanışı ilə “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb əldə etdiyini, Bakı şəhərində Qaradağ rayonu ərazisində deyilmiş yerdən götürüb “Behzat” adlı şəxsin göstərişi ilə deyiləcək yerlərə yerləşdirəcəyini, buna görə də pul əldə edəcəyini etiraf etrmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskdə olan videogörüntü və xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 11 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Mərkəz Plaza”-nın yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 16,990 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ikinci diskdən və xx.xx.2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 14/19, mənzil 25 ünvanına keçirilmiş baxış zamanı mənzilin eyvanında yerləşən taxta dolabın qarşısında bükülməsində istifadə edilmiş örtüklərlə birlikdə ümumi çəkisi 4033 qram narkotik vasitə heroin və büküldüyü örtüklərlə birlikdə ümumi çəkisi 2052 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair xx.xx.2022-ci il tarixli 6/3302 saylı rəyindən görünür ki, üzərində ‘'Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,990 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan... ” sözləri olan bağlamadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2005 qram, 2010 qram ümumi təmiz çəkisi 4015 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1030 qram, ümumi təmiz çəkisi 2035 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı.Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 4031,99 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4199 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “iPhone” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Abbas İran” kimi qeyd olunmuş +**********85 saylı, “Afo” kimi qeyd olunmuş +**********43 saylı, “Ağa İR” kimi qeyd olunmuş +**********83 saylı, “Ağaİsmayıl” kimi qeyd olunmuş +**********00 saylı, “Behzad” kimi qeyd olunmuş +**********69 saylı, “Ekber İran” kimi qeyd olunmuş +**********16 saylı, “İsmayıl İr” kimi qeyd olunmuş +**********13 saylı, “Mehdi İran” kimi qeyd olunmuş +**********97 saylı, “Mehti İr” kimi qeyd olunmuş +**********54 saylı, “Miwi” kimi qeyd olunmuş +**********59 saylı, “Pişi” kimi qeyd olunmuş +**********16 saylı, “Pişkuşti” kimi qeyd olunmuş +**********20 saylı, “Pişqedem” kimi qeyd olunmuş +**********15 saylı, “Said” kimi qeyd olunmuş +**********47 saylı, “turk” kimi qeyd olunmuş +**********35 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan +**********21 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin 11 iyun 2022-ci il tarixdə saat 16:23-də Təqsirləndirilən şəxs “Baba 1 saat yarımdı ordadılar” mətnli mesaj yollamış, həmin vaxt Təqsirləndirilən şəxs ona naməlum ünvanın koordinatlarını, daha sonra isə çəkiliş fotoşəkilin üzərində gizlədilmiş əşyanın xüsusi işarələrlə qeydiyyatı aparılmış bir neçə görüntünü həmin istifadəçiyə göndərərək “Behzət nəşə olandı..bir kilo ilə yarım kilo...Behzət pul nə oldu bəs qardaş..sən deyirdin vururlar... ” səsli mesaj yazmış, həmin abunəçi də ona cavab olaraq “Kartivı atmışam baba vuracaqlar..öz adamım vuracaq” səsli mesaj yollamış, daha sonra isə yenidən Təqsirləndirilən şəxs tərəfindən həmin abunəçiyə başqa bir ünvana qoyulmuş bükümün koordinatları və gizlədildiyi yerin işarələrlə qeydiyyatı aparılmış bir neçə görüntülərini yollaması məlum olmuşdur. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs adı kontaktlarda “Novruzəli” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə həmin mobil tətbiqində qeydiyyatdan keçmiş istifadəçi sonuncuya 11 iyun 2022-ci il tarixdə saat 20:55də “Qaqaş neyniyirsən..nə var nə yox?..ay qaqaş sən toydan çıxıb Sumqayıta qayıdanda mənə bir xəbər elə də...keçim sən tərəfə bir iki-üç dənə kola götürüm də...olar? əmələ gələr?” səsli mesaj yollaması məlum olmuşdur. Məhkəmə iclasında mobil telefon cihazına baxış keçirilməsi ilə bağlı tərtib edilərək protokola əlavə edilmiş - telefondan çıxarılmış həmin yazışmaların görüntüləri tədqiq edilərək, protokola uyğun olduğu müəyyənləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 157000/2-4692 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 06 vərəqdə təqdim olunmuş çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, sorğu edilən 4169 74** **** 2454 nömrəli bank kartı Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesabın xx.xx.2022-ci il tarixə cari balansı 2372,57 manat olmaqla xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı-ayrı vaxtlarda 95, 405, 65, 65, 250, 250, 500, 505, 20, 45, 100, 25, 50, 80, 30, 490, 500, 100, 700, 300, 90, 100, 100, 500, 40, 300, 60, 40, 100, 100, 50, 100, 350, 100, 100, 1200, 30, 400, 1000, 150, 40, 100, 150, 340, 600, 120, 10, 100, 150, 300, 300, 170, 50, 630 manat məbləğində pul mədaxil edilmişdir. Odur ki, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrindən və bu sənədə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan P3607595 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2010-cu ildən etibarən bir neçə dəfə İran İslam Respublikasına, o cümlədən də Türkiyə Respublikası və Gürcüstan Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 23:54-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarətburaxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə ərazisini tərk etmiş və xx.xx.2019-cu il tarixdə saat 05:05-də həmin sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli 04 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşadığı müddətdə özünü nizam intizamlı aparmış, 1 saylı Mənzil İstismar İdarəsinin ictimai işlərində yaxından iştirak etmiş, tapşırılan işləri vaxtında vicdanla yerinə yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli 8635 nömrəli arayışdan, şəxsiyyət vəsiqələrinin, doğum haqqında və nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2012-ci il təvəllüdlü qızı X3 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X4 var. Cinayət işinin materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Göründüyü kimi məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən ona verilməsi, Behzat adlı İran İslam Respublikasının vətəndaşının narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməməsi və sonuncu ilə bu barədə məlumat mübadiləsi aparmaması, bağlamaları götürərkən onların içərisində nə olduğunu bilməməsi, açdıqda isə bağlamanın içərisində ümumilikdə iki ədəd bükümdə cəmi 2 kiloqrama yaxın narkotik vasitə olmasını müəyyən etməsi, habelə Behzat adlı şəxsin ona cəmi 1 dəfə 1.000 manat göndərməsi, pulun göndərilməsinin narkotiklərlə bağlı olmaması kimi və digər özünün müdafiəsi üçün dəlillər gətirmiş, lakin məhkəmə araşdırması zamanı bu dəlillər yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiyi, ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən dəlilləri əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamı hissəvi olaraq təkzib edən dəlillər kimi qəbul olunması və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmuyu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə tövsif olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olması və qardaşının “Vətən Müharibəsində” iştirak edərək xüsusi fərqlənməsi və çoxsaylı dövlət təltiflərinə layiq görülməsidir. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli 4199 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də, hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Odur ki, cinayətin törədilməsində istifadə etdiyi və cinayət işi üzrə maddi sübut olan 01 ədəd elektron tərəzi və 01 ədəd “İphone” markalı mobil telefon cihazı xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Digər maddi sübutlarla bağlı məhkəmə məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd torbada və 01 ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 4031,84 qram narkotik vasitə heroin, 2034,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işində olan 02 ədəd DVD, 01 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 81 (səksən bir) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd torbada və 01 ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 4031,84 qram narkotik vasitə heroin, 2034,9 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işində olan 02 ədəd DVD və 01 ədəd CD disklər isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd elektron tərəzi və 01 ədəd “İphone” markalı mobil telefon cihazı xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsınlar. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 81 (səksən bir) manat təqsirləndirilən şəxsdən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-346/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-346/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver