Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-347/2023 08.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Sabirabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu, Qaratəpə ərazi dairəsi, Nərimankənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda psixotrop maddələrin öz istifadəsi üçün ona ayrılan müəyyən miqdarda psixotrop maddə müqabilində istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikası ərazisində satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlmiş, mobil telefonun «Whatsapp» tətbiqi vasitəsi ilə yazışıb psixotrop maddələrin olduğu yeri öyrənib 24 avqust 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yol kənarında qoyulmuş içərisində 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,392 qram, 0,468, qram, 0,190 qram, 0,399 qram, 0,480 qram, 0,278 qram olmaqla ümumi çəkisi külli miqdar olan 2,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitələri ayrı-ayrı yerlərə qoymaqla satışını təmin etmək üçün şəklini çəkib həmin İran İslam Respublikasının vətəndaşına göndərməsi məqsədi ilə üzərində saxlayaraq daşımış, 25 avqust 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Bakı – Şamaxı yolunun 17,2-ci kilometrliyində DİN-nin Baş dövlət yol polisi idarəsinin yol patrul xidməti alayının 3-cü tağımın əməkdaşları tərəfindən idarə etdiyi «Saipa» markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibb müayinəsindən keçirilərkən sidik nümunəsində psixotrop maddə metamfetaminin qəbul etməsi müəyyən edildikdən sonra Qobu polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən həmin 6 ədəd bükümlərdə ümumi çəkisi 2,207 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş, müxtəlif yerlərdən narkotik vasitə almışdır. Bir dəfə “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxsin ona yazaraq narkotik vasitəni ucuz qiymətə satdığını demişdir. Həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu demiş, lakin Azərbaycan dilində yazmışdır. O, psixotrop maddəni axşam aldıqdan sonra səhəri gün tutulduğunu, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, günə 0.5 qram psixotrop maddə istifadə etmiş və onu tüstü vasitəsilə qəbul etmişdir. O, İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi ilə danışmamış, “İnstagram” ilə yazışmışdır. Həmin şəxs ilə psixotrop maddənin bir qramını 16 manata razılaşmış, ümumillikdə, isə 55 manat ödəmişdir. İran İslam Respublikası vətəndaşı ona kart atmış və o da ödəmə terminalından həmin karta ödəniş edərək psixotrop maddəni Masazırdan götürmüşdür. O, İran İslam Respublikası vətəndaşından bir dəfə psixotrop maddə almış və onu bükümlərə ayrılmış vəziyyətdə götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün iki qram psixotrop maddə istəmiş, siqaret qutusunda bükümlərə ayrılmış halda olan həmin maddəni axşam saat 21 radələrində götürmüş, götürdüyü gün istifadə etməmiş, evdəkilərin bilməməsi üçün psixotrop maddəni avtomobilə qoymuş, səhər isə işə gedərkən yol polisləri tərəfindən saxlanılmışdır. Ödəniş etdiyi kartın üzərində “Hümbətov” sözü olmuş, “İnstagram” sosial şəbəkəsində təsheb və.s kimi şəkillər paylaşdığı üçün həmin şəxs onun o aləmin adamı olduğunu zənn edib ona yazmışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək İran İslam Respublikası vətəndaşının ona tərəzinin üzərində olan narkotik vasitənin şəkillərini atdığını, onu kuryer kimi cəlb etməyə çalışdığını, o, psixotrop maddəni götürdükdən sonra həmin şəxsin narkotik vasitənin şəkillərini “İnstagram”dan göndərdiyini, saxlanılan zaman avtomobildən aşkar edilən altı bükümün ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Belə ki, İnstaqram səhifəsində bir gün ona özünü İran vətəndaşı kimi yazan şəxslə yazışmağa başlamışdır. O həmin şəxsin adını «Hasim Xalaoğlu» kimi telefonunda qeyd etmişdir. O “Saipa” markalı maşın sürdüyü üçün ondan avtomobilə bəzi “zapçast”lar istəmişdir. Sonra iranlıya bildirmişdir ki, bir neçə dəfə metamfetamin çəkmişdir, iranlı isə ona təşkil edə biləcəyini demişdir. Bakıda xeyli tanışları var, onlara deyər gedib götürər. Lakin götürdüyü yerdən başqa bir yerə qoymalıdır. O da razılaşmışdır. Təxminən bir ay əvvəl ona yazmış ki, çəkmək üçün metamfetamin təşkil etsin. O da demişdir ki, get Yasamal tərəfdə yol kənarında özün üçün götür. O Yasamal rayonunda hazırda yadında qalmayan yerdə yolun kənarında onun üçün qoydurduğu bir büküm metamfetamin götürmüş istifadə etmişdir. Pulu isə sonra ödəyəcəyini bildirmişdir. 24 avqust 2022-ci il tarixdə onunla yenidən yazışmış və istifadə etmək üçün yenə ona metamfetamin təşkil edib-etməyəcəyini soruşanda ona demişdir ki, 30 manat aralarında borc var, əgər onun dediyi yerdən gedib götürüb başqa bir yerə qoysa orada olan metamfetaminin arasından özü üçün də götürər. O etiraz etməmiş və fikirləşmiş ki, ona dediyi Masazır dairəsindən biraz qabağa gedəndə yolun qırağında daşın altında olan metamfetamini götürüb başqa bir yerə qoyar. Onun dediyi yerə, yəni Masazır qəsəbəsində dairədən biraz qabağa yolun kənarında daşın altından bir ədəd siqaret qutusu götürmüşdür. İçərisinə baxanda 6 ədəd büküm olduğunu görmüşdür. İranlı demiş ki, hara istəsə ora qoysun və yerini ona desin. Keçən dəfə ona göndərdiyi metamfetaminə görə də pul verməyəcək. O buna görə, yəni pul xərcləmədiyi üçün razılaşmışdır. Həmin qutunu götürüb maşına qoymuş və arasından bir hissəsini götürüb çəkmək yolu ilə istifadə etmişdir. Qalanı necə var idisə qalmışdır. 25 avqust 2022-ci il tarixdə saat 11 radələrində evdən çıxıb işlərinin dalınca gedən vaxtı yol polisi onu Bakı-Şamaxı yolunda saxlamışdır. Ödənilməyən cərimə olduğunu ona bildirib ondan içkili olub olmadığı soruşmuş, o bir gün əvvəl içdiyini demişdir. Bundan sonra sərxoşluğunun müayinə edilməsi üçün onu Sumqayıta aparmışlar. Müayinə zamanı dünən çəkdiyi metamfetaminin qalıqları sidiyindən çıxmışdır. Sürücülük vəsiqəsini alıb avtomobili cərimə meydançasına yerləşdirmişlər. Sonra Qobu polis bölməsinə aparmışlar. Qobu polisində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman sağ cibindən siqaretin qutusunda olan 6 ədəd bukümləri təqdim etmişdir. İran İslam Respublikasının vətəndaşının adı, soyadı və atasını adı barədə məlumatı yoxdur. Həmin şəxslə hər dəfəsində ayrı-ayrı xarici “Whatsapp” nömrələrlə danışırmış. Həmin şəxs özünü iranlı kimi təqdim etmiş, lakin Azərbaycan dilində danışmışdır. Telefonununda olan şəkillərdə olan bağlamalar və bağlamaların içində olan narkotik vasitə və psixotrop maddələri Hasim ona göndərmək istədiyini deyəndə ona şəkillər də atmışdır, həmin şəkillərdə tərəzi ilə ölçülmüş narkotik vasitələr olmuş lakin fotoşəkillərdə olan maddələri ona göndərmək istəsə də sonradan göndərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtromobilin “bort” kompyüter vasitəsi ilə ödənilməyən cərimələri olduğu müəyyən edildiyi üçün saxlanılmışdır. Həmin avtomobil 710 saylı postun yanında olan duracağa yerləşdirilən vaxt Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurmuş, o narkoloji dispanserə aparılmış və onda metamfetamin olduğu müəyyən edilmişdir. Daha sonra o, Qobu polis bölməsinə aparılmış, onun üzərindən 06 bükümdə olan metamfetamin aşkar edilmişdir. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, , 25 avqust 2022-ci il tarixdə saat təxminən 11 radələrində xidməti avtomobillə iş yoldaşı Şahid1la birlikdə xidmətdə olduğu zaman Bakı- Şamaxı yolunun 17-ci kilometrliyində Abşeron rayonu ərazisində magistral yolda Saipa markalı 99GL125 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görüb bort kompyüter vasitəsi ilə avtomobilin ödənilməyən cərimələri olduğu müəyyən etmişlər. Bu səbəbdən həmin avtomobil saxlanılmışdır. Həmin avtomobilin sürücüsündən nə səbəbə görə cərimələri ödəmədiyini soruşduqda yaxın vaxtlarda ödəyəcəyini bildirsə də onun hərəkətləri şübhə yaratmağa başlamış ona görə də onu Abşeron rayonu Müşfiqabad qəsəbəsində yerləşən 710 saylı posta aparıb, maşını isə duracağa yerləşdirmişlər. Sürücü Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğu üçün onun sərxoşluq vəziyyətinin yoxlanılması üçün o tibb müayinəsindən keçirilməsi üçün Sumqayıt şəhərinə aparılmış, orada tibbi müayindən keçirildikdən sonra sidiyində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra rəhbərliyə məruzə edilmiş, həmin şəxsi Qobu PB-nə təhvil verilməsi tapşırılmışdir. Bir qədər sonra onu Qobu PB-nə aparmışlar. Qobu PB-də Şahid1 tərəfindən raport tərtib edilmiş və material təhqiqatçıya həvalə edilmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən dəvət edilmiş vəkilin işitirakı ilə sürücü Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zaman sürücü Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd «Vinçester» adlı siqaret qutusu aşkar edilmişdir. Qutunun içərisinə baxıldıqda gümüşü rəngli kağızlarda 6 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ kristalşəkilli maddələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümlərdə olan maddə metamfetamindir, onları Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşının ona tapşırdığı yerdən satış məqsədilə götürüb üzərində saxlamışdır. Bundan sonra Qobu PB-nin təhqiqatçısı tərəfindən protokol tərtib edilmiş və o protokola imza etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində olan 6 ədəd bükümdə psixotrop maddə metamfetamini, sol yan cibindən isə “Samsung” markalı bir ədəd mobil telefonu çıxardaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 6/4555 №-li məhkəmə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,392 qram, 0,468, qram, 0,190 qram, 0,399 qram, 0,480 qram, 0,278 qram ümumi çəkisi miqdar olan 2,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5883 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Telefona baxış keçirilməsi haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli «Samsung» markalı mobil telefonun yaddaşında «Hasim Xalaoğlun» adı ilə +**********53 saylı nömrə olmuş, aralarında danışıqların aparılmış, həmçinin telefonda olan fotoşəkillərdə bir ədəd tərəzi və ayrı-ayrı müxtəlif çəkidə olan bağlamalar müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 6 ədəd bükümdə ümumi çəkisi 2,027 qram çəkidə psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd disk və bir ədəd «Samsung» markalı mobil telefon iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sabirabad rayon İHBnın Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Sabirabad rayonu, Qaratəpə kəndində yaşamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X2 xx.xx.2013-cü il və X3 xx.xx.2015-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi – 2,027 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş materiallarında olan 01 (bir) ədəd mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalı, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – 2,027 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş materiallarında olan 01 (bir) ədəd mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın. 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-347/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-347/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver