Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-348/2024 13.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 4 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs istifadə etmək məqsədilə vermiş olduğu istintaqla aşkar edilib götürülməsi mümkün olmayan narkotik maddənin sonuncu tərəfindən narkotik maddə olmadığı və aldadıldığını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə ilə bağlı həmin gün saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində görüşərək sakit yerdə söhbət etmək üçün birlikdə Sumqayıt şəhəri, Novxanı bağlan ərazisində "Sarı qaya" deyilən yerdə yeni tikilmiş fərdi evlərin yerləşdiyi küçəyə gəlib mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs aldatmadığını və narkotik maddə verdiyini deyib bununla bağlı söyüş söymüş, lakin Zərərçəkmiş şəxs onun sözü və söyüşlərinə inanmayaraq və bununla bağlı da söyüş söydüyünə əsəbləşib sonuncunun sifətinə bir neçə sillə zərbəsi vurmuş, həmin vaxtı Zərərçəkmiş şəxs üzərindən istintaqla aşkar edilib götürülməsi mümkün olmayan bıçağı çıxarıb ona göstərdikdə, o daha da əsəbləşib və bu halı özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunu bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçağı çıxarıb sonuncunun döş qəfəsi nahiyyəsinə qəsdən bir dəfə bıçaqla vuraraq ona sol tərəfli hemopnevmotoraksla müşayət olunmuş döş qəfəsinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində bildirdi ki, o, özünü CM-nin 126.2.4-cü maddəsi ilə deyil, 126.1ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Novruzbəyin istəyi ilə ona narkotik maddə vermiş, sonradan Novruzbəy ona verdiyi maddənin narkotik maddə olmadığını demiş və ona görə aralarında dava düşmüş, hər ikisi söyüş söymüş və əlbəyaxa olmuşdurlar. Sonradan o, Novruzbəyə 1 dəfə bıçaq zərbəsi vurmuşdur. Daha sonra özü Novruzbəyi xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxs üzərində də bıçaq olmuşdur. O, Novruzbəyə 01 dəfə bıçaq zərbəsi vurmuşdur. Onun Novruzbəyi bıçaqla vurmaq fikri olmamış, üzünə bir neçə dəfə şillə vurmuşdur. Əvvəlcə Novruzbəy öz cibindən bıçaq çıxartmış, daha sonra o da cibindəki bıçağı çıxararaq Novruzbəyə 01 dəfə bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış və onun xəstəxana xərclərinin ödənilməsinə də köməklik göstərmişdir. Onlar dalaşanda yanlarında taksi sürücüsü Ceyhun olmuşdur. Dava olan zaman narkotik maddənin təsiri altında olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamışdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Pərvizdən pul qarşılığında onun üçün narkotik maddə təşkil etməsini istəmişdir. Pərviz də onun üçün narkotik maddə təşkil etmiş, lakin həmin narkotik maddəni istifadə etdikdə onun narkotik maddə olmadığını, pudra olduğunu bilmiş və buna görə də Pərvizlə aralarında mübahisə yaranmışdır. Hadisə baş verən günü bir yerdə Corat qəsəbəsinə getmiş, orada mübahisələri yaranmış, Pərviz ona əvvəlcə bir şillə vurmuş, daha sonra bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra taksi sürücüsü ilə onu xəstəxanaya aparmışdırlar. Zərərçəkmiş şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, onda bıçaq olmamışdır, Pərvizin üzərində bıçaq olmuşdur. Yanlarında olan taksi sürücüsü mübahisəyə qarışmamışdır. Onun xəstəxana xərclərinə Pərviz tərəfindən köməklik göstərilməmişdir. Pərvizlə barışmışdır, ona qarşı şikayəti yoxdur. Pərvizə mümkün ən yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək bildirdi ki, Pərvizi qəsəbə sakini kimi tanıyır, lakin Novruzbəyi tanımır. Taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən hadisə baş verən günü yol kənarında Pərviz ona işarə edərək maşını saxlatdırmış, onu dəniz kənarına aparmasını və yolda Novruzbəyin də maşına minib onunla gedəcəyini demişdir. Orda onu düşürdüb qayıtmaq istəyəndə Novruzbəyin sinəsindən qan axdığını görmüşdür. Maşını saxlayıb Pərvizlə birlikdə Novruzbəyi maşına mindirib xəstəxanaya aparmışdırlar. Şahid ona verilən sualları cavablandırarkən bildirdi ki, nə Pərvizin, nə də Novruzbəyin əlində bıçaq görməmişdir. O, Pərvizin Novruzbəyi vurmasının birbaşa şahidi olmamışdır. Yanlarında başqa heç kim olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi X9i Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1081 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol tərəfli hemopnevmotoraksla müşayət olunmuş döş qəfəsinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın(alətin) ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi X9i tərəfindən verilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 410/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:0(l) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni aşkar olunmuşdur. Belə olan halda bu ləkələr ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan cib bıçağı üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi X9i tərəfindən verilmiş məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 306/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin sol yuxarı nahiyyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sol yuxarı nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan bir ədəd eyni xarakterli xəsarətlə yerləşmə nahiyyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X9 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2015 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə onda hadisə ilə əlaqədar özündən uydurmağa meyilllilik əlamətləri müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "baxış keçirilməsi və götürmə aparılması haqqında" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bıçaq açılıb-bağlanan tipli bıçaqdır. Baxış zamanı X5 Məmmədova həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus götürülmüş 1 ədəd boz rəngli zolaqlı köynəyin və 1 ədəd qara rəngli maykanın sol yuxarı nahiyyəsində bir ədəd kəsilmiş-deşilmiş zədə izləri aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirən zaman həmin mayka və köynək onun əynində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 24 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağları ərazisində "Sarı qaya" deyilən yerdə yeni tikilmiş fərdi evlərin yerləşdiyi küçədə Zərərçəkmiş şəxs bıçaqla hansı şəraitdə vurub xəsarət yetirdiyini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-tibbi ekspertizasının 26 iyun 2023-cü il tarixli 334 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka Sumqayıt ŞPİ-də saxlanılır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarında iş üzrə zərərçəkmiş şəxsin adı Zərərçəkmiş şəxs kimi oxunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə və Sumqayıt şəhər Probasiya şöbəsinə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü CM-nin 126.4.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə təqsirli bilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası bunu təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadələri, zərərçəkmişin şəxsin və şahidin ifadəsi protokollar, maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Həmin Qərarın 5-ci bəndində izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. Ali Məhkəmənin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyinin əks olunduğu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 6-cı bəndində qeyd deyilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin İcmal məktubunda qeyd olunmuşdur ki, bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara və əxlaq normalarına açıq etinasızlıq göstərməklə, mübahisə üçün heç bir əsaslı səbəb olmadan, yəni narkotik vasitəyə görə özünün şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətindən üstün tutaraq, zərərçəkmiş şəxsin ona inanmamasını və ona qarşı nalayiq ifadələr işlətməsini özü üçün qəbul edilməz hal hesab edərək, xuliqanlıq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti törətməsindən bilavasitə sonra zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması məqsədilə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmasını Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs qətimkan tədbiri məhkəmə icraatı dövründə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-348/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-348/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver