Məhkəmə qərarları › İş №1(124)-348/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-348/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-348/2025 24.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlilliyi olan, "xxxx" MMC-də fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Çingiz Mustafayev küçəsindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onu əvvəlcədən danışdıqları ünvana çatdırmamasına görə aralarında yaranmış sözlü mübahisənin gedişində göstərdiyi taksi xidmətinə görə razılaşdıqları pulu verməyib avtomobildən düşərək oradan uzaqlaşmaq istədikdə, Zərərçəkmiş şəxs əvvəlcə ondan göstərdiyi taksi xidmətinə görə ona çatacaq pulu istəmiş, daha sonra Təqsirləndirilən şəxs pulu ödəməyib getmək istədiyini gördükdə onun sinəsindən tutub dartaraq üz nahiyəsinə yumruq zərbəsi ilə vurduqda aralarında yaranmış sözlü mübahisənin dava-dalaşa keçməsindən sonra vurduğu yumruq zərbəsinə görə sonuncudan qisas almaq məqsədi ilə o, istintaqla məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış maskalanmış atipik deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs iki dəfə bədən nahiyəsinin sol yan, bir dəfə isə kürəyinin sol yan hissəsindən vuraraq ona döş qəfəsinin daxilə keçərək hemopnevmotoraksa (döş qəfəsinə qanın və havanın toplanması) səbəb olmuş 1 ədəd kəsilmiş deşilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, döş qəfəsinin 1 ədəd və sol kürək nahiyəsinin 1 ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1 və 228-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən 20 Yanvar dairəsinə gəlmişdim, taksi şoferləri “Qobu yolu” deyə qışqırırdılar. İki nəfər taksi şoferinə yaxınlaşdım və hansı tərəfə getdiklərini soruşdum. Onlar da məndən hara getmək istədiyimi soruşdular və mən Qobuda Güzdək yoluna yaxın “Xan Çinar” adlı restoranın yanına gedəcəyimi söylədim. Zərərçəkmiş şəxs mənə “əyləş maşına, bir nəfər də gəlsin, gedək” dedi. Mən maşına əyləşdim, biraz sonra Cavidan bir nəfərlə gəldi və yola düşüb getdik. Yolda biraz tıxac var idi, Cavidana tələsdiyimi dedim və yenidən hara gedəcəyimi xatırlatdım, o da problem olmadığını söylədi. Bundan sonra “Yurd” adlı marketin yanına çatdıq və maşında olan hər kəs düşdü. Mən əvvəldən taksi şoferinin yanında Cavidana demişdim ki, “Vulkan” adlı restoran var, oranı keçdikdən sonra mən düşəcəm. Həmin taksi şoferi də Cavidanı başa salmışdı. Cavidan həmin yerə çatanda “bura “Vulkan” restoranıdır?” deyə soruşdu. Mən də “hə, “Vulkan” restoranıdır” deyə cavab verdim. O “Xan Çinar” restoranının harada olduğunu soruşdu və mən biraz qabaqda olduğunu dedim. O maşını biraz sürdü və benzini olmadığını dedi. Mən qabaqda yanacaq doldurma məntəqəsi olduğunu və oradan benzin doldura biləcəyini söylədim. Cavidan orada benzin doldurmayacağını dedi, maşını saxlayıb düşməyimi istədi və həmin yolların xarab olduğunu bildirdi. Mən də Güzdəyin içinə girməyəcəyimizi, mənim gedəcəyim yolun yaxşı olduğunu söylədim. Cavidan yenə də razılaşmadı və mən ona burada düşsəm, başqa bir taksiyə minib getməli olduğumu dedim. O, israrla düşməyimi istədi, mən də məni yarı yolda düşürdüyü üçün ona pul verməyəcəyimi dedim. Mən maşından düşüb gedəndə Cavidan pulunu istədi, ona başqa taksiyə minəcəyimi, həmin taksiyə də pul verməli olduğumu bildirdim və getdim. Mən düşünürdüm ki, Cavidan artıq maşını ilə gedib. 3-4 addım getmişdim ki, Cavidan məni arxadan tutdu və çevirib sol gözümə yumruqla vurdu. Məni maşına tərəf itələyərək arxa şüşəyə qədər gətirdi və yaxamdan tutdu. Mən ona “2 manata görə sənə əl qaldırmaq istəmirəm, səninlə əvvəldən söz danışmışıq, gətirməyəcəkdinsə, məni niyə maşına mindirirdin?” dedim. Cavidan yenidən məni aparmayacağını dedi və mən də ona pul verməyəcəyimi söylədim. Bundan sonra Cavidan qaçaraq maşının qabaq-özü əyləşdiyi tərəfdə olan qapısını açdı və oturacağın altından nəsə götürdü. Mən həmin vaxt asfalt tərəfə çəkildim, Cavidan bilmədiyim anda gözümə zərbə vurduğu üçün gözüm zədələnmişdi. Bundan sonra Cavidan söyə-söyə “gör sənə nə edəcəm” deyərək üstümə gəldi, onun əlində nəsə var idi, amma əlindəkinin nə olduğunu bilmədim. Cavidan mənə çatanda mən də bıçağımı çıxartdım və onun sadəcə çiyin nahiyəsinə vurdum. Mən əslində ona yumruq kimi vurmuşdum, bıçaq isə səhvən dəymişdi. Daha sonra Cavidan məni itələdi, maşına qaçdı və “səni maşınla vuracam” dedi. Mən gördüm ki, o maşını arxaya sürür ki, sürətlə üstümə gəlsin. Həmin vaxt ayaqlarım tutulmuşdu deyə qaça bilmədim. Cavidan maşını üstümə sürəndə qaz torbalarının üstündən tullanıb digər tərəfə keçdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Hadisəyə qədər “Farko MMC”-də fəhlə işləmişəm. Hadisə günü bıçaq üstümdə olub. Bıçağı çörək kəsmək üçün üstümdə gəzdirirdim, balaca bir bıçaq idi və “İnstagram” vasitəsilə almışdım. Həmin bıçağın soyuq silah olduğunu və üzərimdə daşımağımın cinayət məsuliyyətinə səbəb olacağını bilmirdim. Bıçağı kəmər kimi belimə bağlamışdım. Hadisədən sonra yaxınlarım zərərçəkmiş şəxsin xəstəxana xərclərini çəkiblər. Mən maşından düşdükdən sonra Cavidan maşının şüşəsini açıb məndən pulunu istədi, mən də yarı yola qədər gətirdiyini və başqa taksiyə minməli olduğumu deyib ona pul verməyəcəyimi dedim. Daha sonra, mən Cavidanın getdiyini düşündüm, lakin 1-2 metr getdikdən sonra Cavidan üstümə gəlib məni çevirdi və sol gözümə yumruqla vurdu. O, boynumdan tutaraq məni maşının önünə, oradan da arxa tərəfinə apardı və mən orada yenidən ona pul verməyəcəyimi dedim. Onun məni düşürdüyü yer çöllük idi, sadəcə yarıtikili evlər var idi. Cavidan mənə “gör pulu səndən necə alacam” deyib maşına tərəf qaçdı, oturacağın altından nəsə götürdü və üstümə gəldi. Əlində nə olduğunu görmədim. Mən ona zərbə vurduğumu belə düşünmürdüm, hətta X15 Cavidanı mənim vurubvurmadığımı soruşdular, mən də bilmədiyimi dedim. Həmin vaxt mən özümü itirmişdim, ona görə də Cavidanı vurduğumu bilməmişəm.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “ Mən 20 Yanvar dairəsindən 4 nəfər müştərini götürüb Qobuya gəlirdim. Qəribin dediyi yeri tanımıram. Mənə dedilər ki, “Vulkan”ı keçəndən sonra düşəcək. Mən də “Vulkan”a çatanda Qəribdən getdiyi yerin bura olub-olmadığını soruşdum, o həmin yerin qabaqda olduğunu dedi və mən onu təzə məscid yoluna qədər apardım. Təzə məscid tərəfdə ondan yenə də getdiyi yerə çatıb-çatmadığımızı soruşdum, o çatmadığımızı dedi. 20 Yanvar dairəsində məndən başqa da taksi var idi, lakin mən tələsdiyim üçün tez çıxmışdım. Orada da mənə Qəribi “Vulkan”dan sonra düşürəcəyimi izah etmişdilər. Mən Qəribə burdan artıq gedə bilməyəcəyimi, müəyyən bir məsafə üzrə hərəkət etdiyimi, maşının benzinin bitdiyini və özümün də qayıda bilməyəcəyimi dedim. Həmçinin, Qəribin getdiyi yer Qobu yolu deyildi, biz normalda təzə məscidə qədər gedib qayıdırdıq. Ondan maşından düşməsini və pulumu verməsini istədim. O, pulumu vermədi. 3-4 dəfə pulumu istədim, tıxacla gəldiyimizi və bu hərəkətinin düzgün olmadığını söylədim. Bu zaman aramızda söz-söhbət yarandı və mən onu yumruqla vurdum. Maşından çiynim yaralandıqdan sonra dəsmal götürmüşəm, başqa heç nə götürməmişəm. Daha sonra çiynimdən ağrı tutub və maşına minib qayıtmışam.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim maşınımda bıçaq olmayıb. Mənim təqsirləndirilən şəxsdən heç bir şikayətim və tələbim yoxdur, onunla barışmışam. Xəstəxana xərclərimi qarşılayıb. Müştərini çağıranda “Qobu yolu” deyirik, Qərib və digər müştərilərə də belə demişəm. “Qobu yolu” və “Qobu kəndi” fərqlidir. Qərib “Vulkan” dediyinə görə onun getdiyi yer də “Qobu yolu” sayılırdı. Biz yolda olduğumuz müddətdə Qəriblə heç nə danışmamışıq. Digər 3 nəfər müştəri düşdükdən sonra Qərib arxa oturacaqdan qabaq oturacağa mənim yanıma keçdi. Qəribi maşından düşürdüm, şüşəni açdım və pulumu istədim. O, dediyi yerə aparmadığım üçün pulumu verməyəcəyini dedi, mən də onun dediyi yerə qədər gətirdiyimi bildirib pulumu istədim. 3-4 dəfə istədikdən sonra aramızda mübahisə yarandı.Tıxaca görə yolu uzun müddətə gəldiyim üçün əsəbi idim. Həmin vaxt günorta saatları idi. Təzə məsciddən o tərəfə getməməyimin əsas səbəbi maşının benzininin bitməsi və qayıda bilməmək ehtimalımın olması idi. Getməməyimin hər hansı qorxu ilə əlaqəsi yox idi. Maşının benzini olsaydı, aparardım. Qəribi düşürdüyüm yer çöllük deyildi, təzə məscidin yolu idi. Həmin yoldan maşınlar keçirdi. Həmin vaxt ətrafımızda heç kim yox idi. Maşından düşdükdən sonra əvvəlcə biraz dartışmışıq, daha sonra mən ona yumruqla vurmuşam. Bundan sonra, o mənə bıçaqla vurub.” Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir: “Mən hadisə günü X16 Növbətçi Hissəsində məsul növbətçi idim. Axşam saatlarında bölmənin həyətinə ağ bir maşın siqnal verə-verə daxil oldu. Dərhal həyətə çıxdıq, maşında bir nəfəri gördük, yaxınlaşıb maşının qapısını açdım və nə baş verdiyini soruşdum. Həmin şəxs yaralandığını dedi və ona kömək etməyimizi istədi. Onun çiynində qan olduğunu gördüm və əlavə heç nə soruşmadım. Dərhal Post-Patrul Xidməti əməkdaşlarını çağırdım ki, onu xəstəxanaya çatdırsınlar. Əməkdaşlar onu xəstəxanaya apardılar, mən də baş verənləri raportla bölmə rəisinə məruzə etdim. Həmin vaxt axşam saatları idi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə “Assamand” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs adlı şəxs X16 həyətinə daxil olaraq taksi kimi fəaliyyət göstərdiyini və avtomobilinə əyləşən sərnişin qismində tanımadığı şəxsin onun Qobu qəsəbəsindən Güzdək qəsəbəsinə aparılmasını bildirmiş, lakin o, Güzdək qəsəbəsinə getməkdən imtina etdiyi üçün aralarında sözlə mübahisə yaranmış və nəticədə həmin şəxsin onun qəsdən bıçaqla kürək və sinə nahiyələrinə vuraraq xəsarət yetirməsini bildirmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2025-ci il tarixli 59- 1/2-1846 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayon Mərkəzi xəstəxanasından tibb bacısı Novruzova Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol kürək nahiyəsi və döş qəfəsinin daxilə nüfuz edən xəsarətilə xəstəxanaya müraciət etməsi barədə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat vermişdir. Keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində hadisəni törədən Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasından Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli uzunqol gödəkçə və bir ədəd qara rəngli uzunqol pulover götürülmüşdür (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 01, iş vər. 47). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilərək Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutularaq aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 01, iş vər. 53). Cinayət işinin materiallarında olan “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs, onun müdafiəçisi və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bir ədəd qara rəngli bıçağı remenlə birlikdə götürülmüşdür. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 76-78). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 81-84). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 453 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-döş qəfəsinin daxilə keçərək hemopnevmotoraksa (döş qəfəsinə qanın və havanın toplanması) səbəb olmuş 1 ədəd kəsilmiş deşilmiş yarası, eləcə də döş qəfəsinin 1 ədəd və sol kürək nahiyəsinin 1 ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları (ümumilikdə 3 ədəd) iti kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən:-döş qəfəsinin daxilə keçərək hemopnevmotoraksa (döş qəfəsinə qanın və havanın toplanması) səbəb olmuş 1 ədəd kəsilmiş deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, döş qəfəsinin 1 ədəd və sol kürək nahiyəsinin 1 ədəd daxilə keçməyən kəsilmişdeşilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 01, iş vər. 132- 134). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 833 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür (cild 01, iş vər. 139-141). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 147/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A (İl)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, polver, alt mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Bu antigen A(İİ) qan qrupunun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 143-147). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 84/MTKŞ-2025 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçənin arxa səthinin sol yarısında üç ədəd deşilmiş-kəsilmiş zədə və bir ədəd dəlib-keçməyən kəsilmiş zədə, puloverin arxa səthinin sol yarısında üç ədəd deşilmiş-kəsilmiş zədə, qolsuz maykanın sol yan nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələrdən deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, gödəkçənin üzərində olan kəsilmiş zədə isə kəsici kənara malik iti alətin təsirindən törənmişlər. Paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələr yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil edir. Maykanın üzərində iki deşilmişkəsilmiş zədənin olması maykanın quruluşu ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim olunmuş kəmər üzərində olan bıçaq zavod üsulu ilə hazırlanmış maskalanmış atipik bıçaqdır və deşici kəsici xassəyə malik soyuq silah hesab edilir (cild 01, iş vər. 149-154). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və və 228.5-ci maddələrinə tövsif edilmiş və ona CM-in 126.2.4 və və 228.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 131 və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi və Zərərçəkmiş şəxs vurduğu zavod üsulu ilə hazırlanmış maskalanmış atipik kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçağı əldə etdiyi mənbə barəsində cinayət işindən material ayrılmışdır (cild 01, iş vər. 158-168) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşsa da, onun əməlinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 126.2.4 və 228.5-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası ona qarşı sözügedən maddələrlə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir və hesab edir ki, onun əməlləri CM-in 126.1 və xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələrinə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir və və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin cinayət əməli xuliqanlıq niyyəti ilə törədildikdə əməl CM-in 126.2.4-cü maddəsi ilə tövsif olunur və sözügedən əməli törətməkdə təqsirli bilinən şəxs altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilənlər nəzərə alınmaqla qeyd olunmalıdır ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinayətlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədilməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Çingiz Mustafayev küçəsindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə əvvəlcədən danışdıqları ünvana çatdırmamasını bəhanə edib buna görə razılaşdıqları pulu vermədikdə sonuncunun pulunu istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı özünün şəxsiyyətini Zərərçəkmiş şəxs fövqündə üstün tutmaqla faktiki olaraq heç bir əsaslı səbəb olmadan öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib gücünü nümayiş etdirməklə istintaqla məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış maskalanmış atipik deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçaq ilə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib xuliqanlıq niyyəti ilə iki dəfə sonuncunun bədən nahiyəsinin sol yan, bir dəfə isə kürəyinin sol yan hissəsindən ardıcıl olaraq vuraraq ona döş qəfəsinin daxilə keçərək hemopnevmotoraksa (döş qəfəsinə qanın və havanın toplanması) səbəb olmuş 1 ədəd kəsilmiş deşilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, döşqəfəsinin 1 ədəd və sol kürək nahiyəsinin 1 ədəd daxilə keçməyən kəsilmişdeşilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etdiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 126.2.4-cü maddəsinə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu, qeyd olunanların özünü nədə büruzə verdiyini, hansı hərəkətlərin təqsirləndirilən şəxsin öz şəxsiyyətini digər şəxsin fövqündə tutmasını təsdiq etdiyini, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı etinasızlıq olduğunu konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, hazırki işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən heç də xuliqanlıq niyyəti ilə hərəkət etməmişdir. Belə ki, o, əvvəlcədən Zərərçəkmiş şəxslə gedəcəyi ünvan barədə razılaşmış, lakin sonuncu yolun müəyyən bir hissəsini getdikdən sonra onu həmin ünvana çatdırmadaqdan imtina edərək onun maşından düşməsini və göstərdiyi taksi xidməti ilə bağlı ona çatacaq yol pulunu ödəməsini istəmişdir. Həmin vaxt zərərçəkmiş şəxs onu düşürməsinə səbəb kimi maşının benzinin bitməsini göstərmiş və Təqsirləndirilən şəxs ona yanacaq doldurma məntəqəsində benzin doldura biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs bir daha onu aparmayacağını qeyd etdikdən sonra onlar arasında sözlü mübahisə yaranmış və Təqsirləndirilən şəxs pulu ödəməyəcəyini bildirərək Zərərçəkmiş şəxs uzaqlaşmasına baxmayaraq, sonuncu onun arxasından gələrək yaxasından tutmuş və onun sol gözünə yumruqla vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış dava-dalaşın gedişində sonuncunun qanunsuz hərəkətlərindən sonra ondan etdiyi hərəkətlərə görə ondan qisas almaq üçün üzərində olan soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən vurmaqla onun sağlamlığına ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı aralarında yaranmış mübahisədən doğan, o cümlədən zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən sonra müdafiə xarakterli konkret səbəbin yaranmasına baxmayaraq bunu “heç bir əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “cüzi səbəbin (hazırki halda onun əvvəlcədən vəd verilən ünvana çatdırılmaması və ondan yol pulunun tələb edilməsi) bəhanə edilməsi” kimi, əslində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış dava-dalaşı, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə, Təqsirləndirilən şəxs məhz bu motivdən, yəni xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi deyil, məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən sonra mübahisənin gedişində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında icmal) Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli həmçinin CM-in hazırda qüvvədə olan 228.5-ci maddəsi ilə tövsif edilərkən də yanlışlığa yol verilmiş, hadisənin törədildiyi vaxt hazırda qüvvədə olan cinayət qanunvericiliyində həmin maddənin olmadığı nəzərə alınmamışdır. Belə ki, həmin maddə (228.5) CM-ə xx.xx.2025-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, hazırki iş üzrə cinayət əməli isə xx.xx.2025-ci il tarixdə törədilmişdir. CM-nin 10.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. xx.xx.2025-ci il tarixədək qüvvədə olan CM-in 228.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət sayılır və bu əməli törətməkdə təqsirli bilinən şəxs iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx.xx.2025-ci il tarixədək qüvvədə olan həmin Məcəllənin 228.4-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna edildikdə cinayət əməli kimi qiymətləndirilir və bu əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sözügedən yanlışlıq aradan qaldırılmalı, təqsirləndirilən şəxsin əməli hazırki halda CM-in 126.1-ci maddəsi ilə yanaşı, xx.xx.2025-ci il tarixədək qüvvədə olan CM-in 228.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1 və xx.xx.2025-ci il tarixədək qüvvədə olan CM-in 228.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Qəribov X7 rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yaşadığı müddətdə özünü sakit aparmış, qohumlarının, qonşuların və dostlarının hörmətini qazanmışdır. Qobu qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyinə o və onun ailəsi barəsində mənfi xarakterizə olunan məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır. O, nümunəvi işçilərdən biri olmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətli, ünsiyyətcil və nəticəyönümlü biri kimi xasiyyətləndirmək olar. İşçilər arasında öz işgüzarlığı, mədəni, düzgün davranışı, səlis və işgüzar danışıq qabiliyyəti ilə kollektivin hörmətini qazanmışdır. İş materiallarına əlavə edilmiş “Funda Hospital”-dan verilmiş xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Funda Hospital”da müayinədə olmuş, ona “OU-artifakiya” diaqnozu qoyulmuş və xx.xx.2022-ci il tarixdə “OSbüllurun dəyişdirilməsi və yeni büllur implantasiyası, bəbəyin plastikası” əməliyyatı icra olunmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixdə “OD-büllurun dəyişdirilməsi və yeni büllur implantasiyası, bəbəyin plastikası” əməliyyatı icra olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərbaycan X4 İnstitutu”-dan verilmiş xx.xx.2003-cü il tarixli tibbi rəyin surətindən görünür ki, Təqsirləndirilən şəxs “OU-artifakiya” və ”arxa kapsulanın fibrozu” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 204381 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan 2-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə-informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən 2-ci qrup əlildir və 250 manat pensiya alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, 2-ci qrup əlil olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 51). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun şəxsiyyəti və ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailəsinə təsirini əsas götürülməklə ona təqsirli bilindiyi maddənin (CM-in 126.1-ci maddəsinə münasibətdə) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası iş üzrə cəzanı yüngülləşdirən halların çoxluğunu, o cümlədən təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin xəstəxana xərclərini çəkməsini, əlil olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin daha az müddətdə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla onun islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin (CM-in 126.1-ci maddəsi) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi digər əməl üzrə də (xx.xx.2025-ci il tarixədək qüvvədə olan CM-in 228.4-cü maddəsi) azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalı və təyin olunan sözügedən cəzalar qismən toplanılmaqla yekunda sonuncuya cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 01, 54). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(012)-117/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 111-114). Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd qara rəngli remenli bıçaq, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli uzunqol gödəkçə və bir ədəd qara rəngli uzunqol pulover hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcinin, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi və xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd qara rəngli remenli bıçaq, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli uzunqol gödəkçə və bir ədəd qara rəngli uzunqol pulover hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar