Məhkəmə qərarları › İş №1(124)-349/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-349/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-349/2025 22.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1989-cu il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş qalan 03 il 19 gün hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, 32 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram, 0,554 qram, 0,477 qram, 0,513 qram, 0,569 qram, 0,497 qram, 0,462 qram, 0,561 qram, 0,570 qram, 0,052 qram, 0,066 qram, 0,051 qram, 0,048 qram, 0,070 qram, 0,065 qram, 0, 064 qram, 0, 057 qram, 0, 084 qram, 1,071 qram, 0,102 qram, 0,080 qram, 0,031 qram, 0,087 qram, 0,054 qram, 0,105 qram, 0, 087 qram, 0,063 qram, 0,047 qram, 0,081 qram, 0,084 qram, 0,055 qram, 2,058 qram-ümumi təmiz çəkisi 9,237 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən «İmam Sadiq» məscidinin yaxınlığında olan zaman Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş və idarədə xidməti otaqda şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin sol yan cibindən 3 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda külli miqdarda, 32 bükümdə ümumi təmiz çəkisi 9,237 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Post-Patrul Xidməti əməkdaşları “İmam Sadiq” məscidinin yanında mənə yaxınlaşaraq özlərini təqdim etdilər, üzərimdə qanunsuz əşya olub-olmadığını soruşdular, mən də üzərimdə olan kibrit qutusunun içərisində 3 bükümü təqdim etdim. Bükümlərdən birinin içində 1 qram, digər ikisinin içində 0.5 qram metamfetamin var idi. Daha sonra, təhqiqatçının yanında bükümlərin 32 ədəd olduğunu gördüm. X3 Bölməsinin rəisi qapının yanında dayanmışdı və videoda görünmürdü. Əvvəlcə, məni rəisin otağına apardılar və o, mənə 32 bükümü qəbul etməsəm, məni şkafdan çıxardığı 3 kq narkotik vasitə ilə rəsmiləşdirəcəklərini dedi.” Təqsirləndirilən şəxs Aqil İsmayılov məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Məni saxlayan polis əməkdaşları ilə düşmənçiliyim və ədavətim olmayıb. Mənim fikrimcə, məni psixotrop maddənin satışı ilə rəsmiləşdirmək üçün üzərimdən çıxan 2 qram psixotrop maddənin çəkisini artırıb, 9 qram ediblər və 32 bükümə bölüblər. 3 ildir ki, narkotik vasitə istifadə edirdim. Mən yolla gedərkən kibrit qutuları diqqətimi cəlb etdi, qutunu açdım, birini istifadə etdim, qalanını isə saxladım. Metamfetamini heç kimdən almamışam, yoldan tapmışam. Həmin yerdə narkotik vasitənin alışı-satışı ilə məşğul olunur, ola bilsin ki, kiminsə malı olub, mən də götürmüşəm. Heç kim məni döyməyib, amma psixi təsir göstəriblər. 32 bükümü qəbul etməsəm, məni 3 kq narkotik vasitə ilə rəsmiləşdirəcəklərini deyiblər, mən də məcbur qalıb 32 bükümü boynuma almışam. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə 32 bükümün mənə məxsus olmadığını, mənə psixi təsir göstərildiyini deməmişəm, çünki oradan məni X8ytaracaqdılar. İstintaq təcridxanasına aparıldıqdan sonra heç yerə şikayət etməmişəm, başıma gələnləri danışmaq üçün məhkəməni gözləmişəm.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik və psixotrop maddələr qəbul edir. 11 dekabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində «Esmira» şadlıq sarayının yaxınlığından keçən zaman yerdə bir ədəd sellofan bükülü olduğunu görmüş, həmin bükülünü götürüb içərisinə baxanda 3 ədəd kibrit qutusu və həmin kibrit qutuların içərisində kiçik ölçülərdə bükümlərin olduğunu görmüşdür. Tələsik həmin bükülünü götürüb oranı tərk etmişdir. Kənar bir yerdə həmin bükülüdə olan kibrit qutularındakı bükümlərin içərisinə baxanda psixotrop maddə metamfetamin olduğunu görmüş və 2 ədəd bükümdə metamfetamini özü qəbul etmiş, 1 ədəd bükümdə metamfetamini «Maqna» siqaret qutusunun içərisinə qoymuş və 3 ədəd kibrit qutularda olan metamfetaminlə birlikdə özü istifadə etmək məqsədilə əynindəki gödəkcəsinin sol yan cibinə qoyub saxlamışdır. Bir qədər sonra saat 11:40 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yolun kənarında olan zaman yoldan keçən «Toyota Corolla» markalı taksiyə işarə verib saxlatdırmış, taksiyə əyləşəndə sürücünün tanışı Zabil, sərnişinin isə tanışı Aqil olduğunu görmüş, Zabilə onu biraz irəlidə düşünməsini xahiş etmişdir. Həmin ərazi ilə Sumqayıt şəhəri istiqamətinə hərəkət elmişlər. İnşaatçılar qəsəbəsində yerləşən «İmam Sadiq» məscidinin yaxınlığında Zabilə saxlamasını demişdir. Belə ki, həmin yerdə olan zaman onlara həmin ərazidə xidmət aparan polis işçiləri yaxınlaşıb özlərini təqdim edərək özlərini şübhəli apardıqları üçün onları sorğu-sual etməyə başlamışlar, üzərində psixotrop maddələr olduğundan o, özünü itirib sərbəst cavab verə bilməmiş, düşünmüşdür ki, onsuzda yaxalanmışdır, ona görə də ondan üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığını soruşulanda o, üzərində psixitrop maddə olduğunu etiraf etmişdir. Bundan sonra polis işçiləri onları Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Polis idarəsində xidməti otaqda ona şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X10 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 3 ədəd kibrit qutusunu, 1 ədəd boz rəngli «Maqna» markalı siqaret qutusunu, gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd «Redmi Note 11» markalı mobil telefonunu və 1 ədəd qara rəngli «Maqna» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi kibrit qutularına baxış zamanı həmin kibrit qutularından birinin üzərində “y” yazısı, ikinci kibrit qutusunun üzərində “10” yazısı, üçüncü kibrit qutusunun üzərində “5” yazısı olduğu müəyyən edilmişdir. Həmin kibrit qutularının içərisinə ayrı-ayrılıqda baxılan zaman üzərində “y” hərfi olan kibrit qutusunun içərisində 9 ədəd şəffaf sellofana bükülmüş metamfetamin, üzərində ”10” yazısı olan kibrit qutusunun içərisində 9 ədəd gümüşü rəngli siqaret kağızına və 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin, üzərində “5” yazısı olan siqaret qutusunun içərisində 12 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamin aşkar olunmuşdur. Daha sonra boz rəngli «Maqna» markalı siqaret qutusunun içərisinə baxılan zaman içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, üzərində “y” hərfi olan kibrit qutusunun içərisindəki 9 ədəd şəffaf selofana bükülmüş metamfetamin kütləsi olduğu kibrit qutusu ilə birlikdə 8,19 qram, üzərində “10” yazısı olan kibrit qutusunun içərisindəki 9 ədəd gümüşü rəngli siqaret kağızına və 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin kütləsi olduğu kibrit qutusu ilə birlikdə 5,19 qram, üzərində “5” yazısı olan siqaret qutusunun içərisindəki 12 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamin kütləsi olduğu kibrit qutusu ilə birlikdə 4,56 qram, boz rəngli «Maqna» markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin kütləsi olduğu şəffaf sellofan kəsiyi ilə birlikdə 2,10 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılıb möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi, ona məxsus «Birbank» bank kartı, qəpik pullar, 2 ədəd alışqan, 1 ədəd üzük, 1 ədəd göy rəngli «Redmi Note 11» markalı mobil telefon, üzərində nömrə yazısı olan kağız parçası, ev açarları, «Omez» həbi, muncuq, ödəniş qəbzi təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Zabil Əkbərzadənin avtomobilinə baxış keçirilmiş, baxış zamanı qanunla qadağan qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən protokollar tərtib edilmiş, protokolların məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Psixotrop və ya narkotik maddələrin satışı ilə məşğul olmur və olmamışdır, özünə qəbul etmişdir. Saxlanılan zaman avtomobildə olmuş, taksi sürücüsü Zabil Əkbərzadə və sərnişin Aqil Mikayılovun onun üzərində psixotrop maddə olmasından məlumatları olmamışdır, onlara bu barədə heç bir söz deməmişdir. ***-***-**-** saylı mobil nömrə istifadə edir. Polis işçiləri onu saxlayan və idarəyə gəlirən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunurmuş. Onun üzərinə ilk dəfə şəxsi axtarış Sumqayıt Şəhər Polis İdarəsində ona təqdim olunmuş vəkil Nail Məmmədovun iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur (cild 01, iş vər. 74-79). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs Aqil İsmayılov ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Həmin ifadəni psixi təsir nəticəsində vermişəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun əməkdaşları ilə birlikdə xidmətdə olarkən Sumqayıt şəhəri, S.Vurğun küçəsində ağ avtomobil müşahidə etdik, bizi görəndə avtomobildə olan 3 şəxs özlərini şübhəli aparmağa başladılar, onlara yaxınlaşdıq və sorğu-sual zamanı Aqil adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. Bununla bağlı, rəhbərliyə məruzə olundu, əməliyyatçılar gəldilər və şəxsləri polis idarəsinə apardıq. İdarədə şəxslərin üzərinə şəxsi axtarış keçirildi, Təqsirləndirilən şəxs üzərindən çoxlu sayda bükümlər aşkar olundu. Aşkar olunan kütlələrin növünü hazırda xatırlamıram.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxslərin olduğu avtomobil dayanmış vəziyyətdə idi. Şəxslər 3 nəfər idilər. Yalnız Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. Əməliyyatçılar gəldikdən sonra, şəxsləri öz avtomobillərimizlə idarəyə apardıq. İdarədə çəkilişin nə qədər davam etdiyi yadımda deyil. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X16 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 12 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “İmam Sadiq” məscidinin yaxınlığında “**-VT-***” dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobildə 3 nəfər şəxs saxlanılmış, sorğu-sual zamanı sürücünün yanında əyləşən “Aqil” adlı sərnişin özünü şübhəli apardığından üzərində qanunsuz əşya və predmet olub-olmadığı soruşulduqda, həmin şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Müvafiq araşdırılma aparılması məqsədilə həmin şəxslər avtomobillə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, üzərində psixotrop maddə olduğunu bildirən şəxsin xx.xx.1989-cu il təvəllüdlü, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs, digər şəxslərin xx.xx.1977-ci il təvəllüdlü, Bərdə rayonu, Mehdixanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X11 və xx.xx.1987-ci il təvəllüdlü, Qubadlı rayonu, Cibikli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan X13 olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsində xidməti otaqda təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X9, iştirakçılar X11 və X6 iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxlamış olduğu 3 ədəd kibrit qutularını, 1 ədəd boz rəngli “magna” markalı siqaret qutusunu, həmin gödəkcənin sağ yan cibində saxlamış olduğu 1 ədəd mobil telefonu, 1 ədəd qara rəngli “magna” markalı siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuş, masanın üzərinə qoyulmuş kibrit qutularına baxış zamanı həmin kibrit qutularından birinin üzərində “y” yazısı, ikinci kibrit qutusunun üzərində “10” yazısı, üçüncü kibrit qutusunun üzərində “5” yazısı olduğu müəyyən edildiyi, həmin kibrit qutuları ayrı-ayrılıqda açılan zaman üzərində “y” hərfi olan kibrit qutusunun içərisində 9 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, üzərində “10” yazısı olan kibrit qutusu açılan zaman həmin qutusunun içərisində 9 ədəd gümüşü rəngli siqaret kağızına, 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, üzərində “5" yazısı olan siqaret qutusu açılan zaman həmin siqaret qutusunun içərisində 12 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu müəyyən edilmiş, daha sonra boz rəngli «magna» markalı siqaret qutusu açılan zaman həmin siqaret qutusunun içərisindən 1 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu görülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində “Esmira” şadlıq sarayının yaxınlığında yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd üzərində “y” hərfi olan kibrit qutusunun içərisindəki 9 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kibrit qutusu ilə birlikdə çəkisinin 8,19 qram, 1 ədəd üzərində “10” yazısı olan kibrit qutusunun içərisindəki 9 ədəd gümüşü rəngli siqaret kağızına, 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kibrit qutusu ilə birlikdə çəkisinin 5.19 qram, 1 ədəd üzərində ”5” yazısı olan siqaret qutusunun içərisindəki 12 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kibrit qutusu ilə birlikdə çəkisinin 4,56 qram, “Magna” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf selofanla birlikdə çəkisinin 2,10 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 2 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, sonuncunun üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi, plastik bank kartı, qəpik pullar, 2 ədəd alışqan, 1 ədəd üzük, 1 ədəd göy rəngli “Redmi Note 11” markalı mobil telefon, üzərində nömrələr yazılan kağız parçası təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi axtarışda onunla birlikdə iştirak edən X11, həmin şəxsin onun avtomobilinə sərnişin qismində əyləşdiyini, X6 isə qonşu olduğunu, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxladığından məlumatsız olduqlarını bildirdikləri müəyyən olunmuşdur. Çəkilişin əks olunduğu “DVD” disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 24- 26, 30). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 6/5452 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zətflər üçün Nİ24" dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr...(imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki üzərində "Y" yazısı olan kibrit qutuda 9 (doqquz) ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,472 qram, 0,554 qram, 0,477 qram, 0,513 qram, 0.569 qram, 0,497 qram, 0,462 qram, 0,561 qram, 0,570 qram, ümumi təmiz çəkisi 4,675 qram ağımtıl rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində "10" yazısı olan kibrit qutuda 9 (doqquz) ədəd "gümüşü" rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,066 qram, 0,051 qram, 0,048 qram, 0,070 qram, 0,065 qram, 0,064 qram, 0,057 qram, 0,084 qram və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,071 qram, ümumi təmiz çəkisi 1,628 qram ağımtıl rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Üzərində "5" yazısı olan kibrit qutuda 12 (on iki) ədəd "gümüşü" rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,080 qram, 0,031 qram, 0,087 qram, 0,054 qram, 0,105 qram, 0,087 qram, 0,063 qram, 0,047qram, 0,081 qram, 0,084 qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,876 qram ağımtıl rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,058 qram ağımtıl rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş ümumilikdə 32 ədəd bükümdə (11 ədəd şəffaf polietilen və 21 ədəd «gümüşü» rəngli kağız bükümlər) metamfetaminin ümumi təmiz çəkisi 9,237 qram təşkil edir və həmin metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. (cild 01, iş vər. 46-51). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024cü il tarixli 2084 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 67-69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli 7997 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 111-112) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X13 və X11 barəsində CM-in 234 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddənin əldə edilmə mənbəyinə görə hazırki cinayət işinin materiallarından CM-in 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılması qərara alınmışdır (cild 01, iş vər. 165- 176). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “İmam Sadiq” məscidinin yaxınlığında “**-VT-***” dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobildə saxlanılıb idarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış zamanı gödəkcəsinin sol yan cibindən 3 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda külli miqdarda, 32 bükümdə ümumi təmiz çəkisi 9,237 qram psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi və bununla bağlı bildirdiklərinə (üzərindən aşkar olunan külli miqdarda psixotrop maddənin ittiham aktında qeyd olunan çəkidə və bükümlərdə olmaması, polis əməkdaşları tərəfindən qərəzli şəkildə çəkinin və bükümlərin sayının artırılması, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, psixoloji təsir nəticəsində məcbur qalıb aşkar olunan kütlələri boynuna alması) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən–ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərində yalnız 3 bükümdə 2 qrama yaxın psixotrop maddə metamfetamin olması, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, aşkar olunan bükümlərin sayının və çəkisinin sonradan polis əməkdaşları tərəfindən artırılması və onun üzərinə qoyulması, habelə psixoloji təsir nəticəsində məcbur qalıb aşkar olunan kütlələri boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ona qarşı heç bir təzyiq olmadığını, barəsində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız müqavilə üzrə müdafiəçisi prosesə qoşulduqdan sonra və məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halların müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə psixotrop maddənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə və müdafiəçinin də bunu əsas götürərək təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunmasına dair xahişinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən aşkar olunan psixotrop maddələrin ümumi çəkisinin şəxsi istehlak miqdarından, o cümlədən külli miqdardan dəfələrlə çox olması, habelə həmin kütlələrin çoxlu sayda xırda bükümlərə bölünməsi bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən psixotrop maddələri məhz satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə-informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Müdafiə tərəfi həmin uşağın Təqsirləndirilən şəxs himayəsində olduğunu, eyni zamanda əlil olduğunu bildirsə də, iş materiallarında qeyd olunan halları təsdiq edən heç bir sübut mövcud deyildir, həmçinin bununla bağlı müdafiə tərəfindən məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş qalan 03 il 19 gün hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 95-97). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. CM-in 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli ağır cinayətdir və o, xx.xx.2019-cu il tarixdə həmin hökmlə təyin olunmuş cəzadan vaxtından əvvəl azad edilmişdir. Onun tərəfindən hazırki iş üzrə təqsirli bilindiyi ağır cinayət əməli isə xx.xx.2024-cü il tarixdə, yəni cəzanı çəkməkdən azad edildiyi vaxtdan 6 il keçmədən və məhkumluq ödənilmədən törədildiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl də ağır cinayət əməlləri törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-368/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 07, 82-84). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8,397 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8,397 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar