Məhkəmə qərarları › İş №1(124)-35/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-35/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-35/2022 24.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X2 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, 1 ədəd kibrit qutusunun içində bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,622 qram narkotik vasitə olan heroin, bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,015 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi əldə edib saxlamaqla üzərində daşımış, 27 mart 2021-ci il tarixdə, saat 01:58-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və polis bölməsinin xidməti otağında üzərində şəxsi axtarış keçirilən zaman çiynindən asılmış qara rəngli dəri çantasının içərisindən 1 ədəd kibrit qutusunun içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,622 qram- külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və əynində olan boz rəngli jaketin sol yan cibindən 1 ədəd gümüşü rəngli sellofan bükümdə təmiz çəkisi 0,015 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü ittiham aktında göstərilən ərazidə olmamışdır. O, yaşadıqları evin həyətindən biraz kənar 2-ci məhəllədə ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra 8 nömrəli məktəbin yanında qurama çəkiliş olmuşdur. Narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuşlar. Polis əməkdaşları ona təzyiq göstərdikdən sonra sənədləri imzalamışdır. Heç kimə narkotik vasitə satmamış və verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və təxminən bir neçə ay bundan əvvəl Sumqayıt şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Heç bir fiziki və əqli qüsuru yoxdur. Narkotik vasitələrdən və psixotrop maddələrdən xeyli müddətdir ki, istifadə edir. 26 mart 2021-ci il tarixdə o, Bakı şəhərində işlərini yekunlaşdırıb saat 18:00 – 19:00 radələrində Sumqayıt şəhərinə qayıdarkən, yolu «20 Yanvar» metro stansiyasının yanından düşmüş və «20 Yanvar» metro stansiyasının yaxınlığında üzdən tanıdığı, əvvəllərdə özü üçün bir neçə dəfə narkotik vasitələr və psixotrop maddələr aldığı təxminən orta yaşlı kişi ilə rastlaşmışdır. Söhbət əsnasında o, həmin kişidən onun üçün narkotik vasitə olan «kokos» (heroin) və psixotrop maddə olan «şüşə» (metamfetamin) təşkil edə bilib-bilməyəcəyini soruşmüş, həmin kişi isə ona bir ədəd kibrit qutusunda narkotik vasitə olan heroin və bir sellofan bükümdə psixotrop maddə olan metamfetamini 160 (yüz altmış) manat pula təşkil edə biləcəyini bildirmişdir. O həmin kişi ilə razılaşmışdır. Qeyd etdiyi şəxs harasa gedərək 5-10 dəqiqəyə qayıdacağını demiş və onun yanından uzaqşalmışdır. Təxminən 10 dəqiqədən sonra onun yanına qayıtdıqdan sonra həmin kişi 1 ədəd kibrit qutusunu və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü ona təqdim edərək kibrit qutusunun içində təxminən 4-5 qram narkotik vasitə olan heroin olduğunu, gümüşü rəngli siqaret kağızı bükülüsünün içərisində isə bir dəfəlik psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O həmin kişiyə 160 (yüz altmış) manat pul verərək, 1 ədəd kibrit qutusunda narkotik vasitə olan heroini və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə psixotrop maddə olan metamfetamini ondan almışdır. Bundan sonra, o, içində heroin olan 1 ədəd kibrit qutusunu çiynindən asıb özü ilə gəzdirdiyi qara rəngli dəri çantanın içərisinə, içində metamfetamin olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü isə əynindəki boz rəngli jaketinin sol yan cibinə qoymuş və yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. 27 mart 2021-ci il tarixdə, saat 01:30 radələrində, o narkotik vasitə və psixotrop maddədən rahat istifadə edə bilməsi üçün Sumqayıt şəhəri, Kotec qəsəbəsinə getmişdir. 27 mart 2021-ci il tarixdə, saat 02:00 radələrində, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığında mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmişlər və həmin zaman bir nəfərdə polis əməkdaşı videokamera ilə çəkiliş aparmağa başlamışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra, ondan da özünü təqdim etməsini istəmişlər. O polis əməkdaşlarına özünü təqdim edərək, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1, mənzil 36-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməkdə, üzərində saxlayaraq, daşımaqda, satmaqda və istifadə etməkdə şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirilməli olduğunu və bunun üçün, onlarla birlikdə saxlanıldığı ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getməyi təklif etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin xidməti otaqlarının birində polis formasında olan bir nəfərdə ona yaxınlaşaraq, özünü təqdim edib, Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin baş təhqiqatçısı olduğunu bildirmişdir. Orada olan digər polis əməkdaşı isə əlində videokamera ilə çəkiliş aparırmış. Orada ona vəkil Müdafiəçi təqdim olunandan sonra, polis əməkdaşları bir daha ona narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməkdə, satmaqda və üzərində saxlayaraq daşımaqda şübhəli olduğu üçün, üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişlər və ona hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, məcbur olub, çiynindən asdığı qara rəngli dəri çantanı açıb, içərisindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, həmin kibrit qutusunun içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra, videoçəkiliş davam etməklə, onun üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki boz rəngli jaketin sol yan cibindən, içində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilərək götürülmüş və o həmin gümüşü rəngli siqaret kağızı bükümünün içində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Polis əməkdaşları ondan təqdim etdiyi 1 ədəd kibrit qutusunun içində təqdim etdiyim narkotik vasitə olan heroini və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə aşkar etdikləri psixotrop maddə olan metamfetamini haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını soruşmuşlar. O polis əməkdaşlarına 1 ədəd kibrit qutusunun içindəki narkotik vasitə olan heroini və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə psixotrop maddə olan metamfetamini 26 mart 2021-ci il tarixdə, saat 18:00 – 19:00 radələrində, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını, atasının adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi bir nəfər orta yaşlı kişidən 160 (yüz altmış) manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkilərini müəyyən etmək məqsədi ilə polis əməkdaşları heroini kibrit qutusunda, metamfetamini isə siqaretin kağız bükümündə, ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər və kibrit qutusunun içində olan narkotik vasitə heroinin çəkisinin 4-5 qram, siqaretin kağız bükümündə olan psixotrop maddə metamfetaminin çəkisinin az miqdar təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün başqa bir kağız paketə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həm kağız paketin üzərinə, həmdə protokola imza etmişlər. (cild 1, iş vərəqə 61-62) Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, ona dair düşmənçilik və ədavət münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin CAŞ-na məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları Şahid3, Ramin Kərimov və Sumqayıt ŞPİ-nin kriminalisti Şahid1 ibarət tərkibdə qrup yaradılmışdır. Qrup üzləri ilə birgə xidməti avtomobillə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığına getmişlər. Pusqu qurmuşlar. Saat 01:58-də əynində Ramili saxlamışlar. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirmişlər. Oradan xidməti avtobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Həmin bölmənin inzibati binasında olan xidməti otaqlardan birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs çiynindən asmış olduğu qara rəngli dəri çantanı masanın üzərinə qoyaraq həmin çantanın içərisində olan əşyaları təqdim etməyə başlamışdır. Təqsirləndirilən şəxs bir ədəd kibrit qutusu təqdim etmiş, həmin kibrit qutusunun içərisində şəffaf rəngdə sellofan büküm olmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərəsindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. R.Quliyev bükümü açmış və içərisində boz rəngli kütlə müşahidə edilmişdir. Bükümün çəkisinin 4,01 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanılan gün Bakı şəhərində tanıdığı şəxsdən 160 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs limon duzu, üzərində “Classic” yazısı olan siqaret qutusu, bir ədəd elektron tərəzi və bir ədəd mobil telefon aparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan sarı rəngli jaketin sol cibindən gümüşü rəngli büküm aşkar olunmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükülünün içərisində limon duzu olduğunu bildirsə də, baş təhqiqatçı həmin bükülünü elektron tərəzinin üzərinə qoymuş və həmin bükülünün çəkisinin 0,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş dayanmadan işləmişdir. Şahid2 ifadəsində həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs Kotec qəsəbəsi ərazisində saxlamışlar, Kotec qəsəbəsi ilə 2-ci məhəllə arasındakı məsafə təxminən 1 km təşkil edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsasatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 27 mart 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 9, 30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 27 mart 2021-ci il tarixdə, saat 01:58də, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətijəsində saxlanılaraq, ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətiriləndən sonra, ona, Müdafiəçi təqdim edilərək, qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonra, şübhəli şəxsin hüquq və vəzifələri izah edilməklə, üzərindəki əşyaları özünün çıxarıb təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs etiraz etməyərək, çiynindən asılmış qara rəngli dəri çantasının içərisindən 1 ədəd kibrit qutusunu çıxarıb, təqdim edərək, içərisində 1 ədəd sellofan bükümdə olan tünd qəhvəyi rəngli toz şəkilindəki kütlənin narkotik vasitə olan «kokos», yəni, heroin olduğunu bildirmiş və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim edərək, nəyinsə ölçülməsində lazım olduğu üçün, özü ilə gəzdirdiyini bildirmişdir. Bundan sonra, baş təhqiqatçı Rafiq Quliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və şəxsi axtarış zamanı sonunjunun əynindəki boz rəngli jaketinin sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızının bükümü aşkar edilərək, götürülmüşdür. Həmin büküm açıldıqda, içərisindən ağ rəngli kristal şəkilindəki kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan «şüşə», yəni, metamfetamin olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ədəd kibrit qutusunda olan heroini və bir büküm psixotrop maddə olan metamfetamini 26 mart 2021-ci il tarixdə, saat 18:00 – 19:00 radələrində, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin, adını, soyadını, atasının adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən, 160 (yüz altmış) manat pula öz istifadəsi üçün almışdır. Yuxarıda qeyd olunan narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyaları və 70 (yetmiş qəpik) xırda pullar onun özünə qaytarılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tünd qəhvəyi rəngli toz şəkilindəki narkotik vasitə olan heroinə və ağ rəngli kristal şəkilindəki psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin çəkilərini müəyyən etmək məqsədi ilə hər iki kütlələr, heroin kibrit qutusunun içində, metamfetamin isə siqaretin gümüşü rəngli kağız bükümündə olmaqla, elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri çəkilmiş, narkotik vasitə olan heroinə oxşar kütlənin, kibrit qutusu ilə birlikdə çəkisi 4,01 qram, psixotrop maddə olan metamfetaminə oxşar kütlənin, siqaretin gümüşü rəngli kağız bükümü ilə birlikdə çəkisi 0,13 qram olduğu müəyyən edilmişdir. Baxış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir.(cild 1, iş vərəq 44-45) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1196 №li rəyindən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 1 ədəd kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,622 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Kent” yazısı olan bir ədəd sarı rəngli kağız paketdə təmiz çəkisi 3,408 qram olan ağ rəngli maddə-limon tuşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılar”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Bir ədəd qırılmış ampulanın içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. (cild 1, iş vərəqə 36- 39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1394 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 93- 94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 31 mart 2021-ciil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 3,622 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 3,572 qram narkotik vasitə olan heroin, 0,015 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,01 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, 3,358 qram limon turşusu və bir ədəd qırılmış ampulanın hissələri maddi sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 79-81) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Cəfər Mövsümov tərəfindən qəbul edilmiş 03 sentyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən döyülməsi, qeyri-insanı rəftara, təsir və təzyiqlərə məruz qalması öz təsdiqinin tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2020-ci il tarixli hökmü əsasında isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 90-92) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probarsiya şöbəsinin xx.xx.2021-ci il tarixli 223998 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində seçilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. (cild 1, iş vərəqə 135) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(060)-105/2022 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)- 486/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Qeyd edilənlərə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 549 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. (cild 1, iş vərəqə 141-142) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olmuş mobil telefon nömrəsinin ***-***-**-** mobil telefon nömrəsinin məlumatlarından görünür ki, mobil nömrənin 26 mart 2021-ci il saat 23 radələrindən 27 mart 2022-ci il saat 02 radələrinədək müxtəlif antenlərdə olduğu 27 mart 2022-ci il saat 01:46-dan saat 02:02-dək ümumiyyətlə anten məlumatının olmadığı müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrinin ona məxsus olmaması və həmi narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzini üzərində gəzdirməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 mart 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 73-74) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – 3,572 qram narkotik vasitə olan heroin, 0,01 qram psixotrop maddə olan metamfetamin, 3,358 qram limon turşusu və 01 bir ədəd qırılmış ampulanın hissələri, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (atmış beş manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 6 il 3 ay (altı il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş hissəsi 11 ay 26 gün olan azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 6 il 6 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – 3,572 qram narkotik vasitə olan heroin, 0,01 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi, 3,358 qram limon turşusu və 01 bir ədəd qırılmış ampulanın hissələri məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar