Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-35/2025 07.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Xətai rayoni, M.Rüstəmov küçəsi, ev 12, mənzil 58-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri Qəzənfər Əkbərov küçəsi ev 60-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcən qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, külli miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə 3,700 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd sellofan kəsiyi bükümündə 2,651 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 100 manat müqabilində əldə edib, Abşeron rayonu Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Qəzənfər Əkbərov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada saat 20:40-dan saat 20:55-dək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən həmin 01 ədəd sellofan kəsiyi bükümündə 3,700 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellofan kəsiyi bükümündə 2,651 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, evdə olmuş, 3 nəfər əməliyyatçı və bir nəfər də onların rəisi onun yaşadığı evin qapısını döyərək evə daxil olmuşdurlar. Həmin vaxt anası da evdə olmuşdur. Yaşadığı mənzildə 03 qram ona məxsus olan metamfetamin olmuş, əməliyyatçılar həmin metamfetamini götürərək evdə bir az ortalığı dağıtmış və daha sonra onu polis idarəsinə aparmışdırlar. Polis idarəsində təxmini olaraq 3 saat koridorda saxlanıldıqdan sonra xidməti otaqların birinə aparılmış və otağa daxil olduqda stolun üstündə bir ədəd tərəzi və narkotik vasitə olduğunu görmüşdür. Lakin narkotik vasitənin çəkisini xatırlamamışdır. Əməliyyatçılar ona “video çəkiliş zamanı tərəzinin bu cibindən, narkotik vasitənin isə digər cibindən çıxacağını deyərsən, səni gedib evdən götürüb polis idarəsinə gətirdiyimizi demə” demiş, o da əməliyyatçılardan çəkindiyi üçün onların dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 3-4 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir. Hadisə vaxtı yaşadığı evdə 03 qram metamfetamin olmuşdur. Həmin metamfetamini instaqram sosial şəbəkəsi vasitəsilə tanış olduğu İİR vətəndaşından əldə etmişdir. O, İİR vətəndaşından 05 qram psixotrop maddə almış, bir az istifadə etmiş və evindən aşkar edilmiş maddə qədəri də qalmışdır. Ona qarşı əməliyyatçılar polis idarəsində zor tətbiq etmiş, barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə əməliyyatçıların ona qarşı qanunsuz hərəkətlər etməsi ilə bağlı hakimə məlumat vermişdir. Həmin polis əməkdaşlarının dördünü də görsə tanıyacağını və onlardan 1-i tərəfindən döyüldüyünü bildirmişdir. Döyülən zaman xəsarət almamış, polis əməkdaşı qoluna yumruqlar vurmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən yaşadığı evdə təxmini olaraq saat 16-17 radələrində tutulmuş, həmin vaxt tutulduğunu anası X6 və qonşusu Taleh də görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, İİR vətəndaşına 05 qram psixotrop maddəni almaq üçün 20 manat ödəmiş, “zakladka” üsulu ilə Biləcəri qəsəbəsindən gedib götürmüşdür. Sosial şəbəkədən tanış olarkən həmin şəxs özünü İİR vətəndaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Təxminən 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binqədi rayonu Biləcəri qəsəbəsində öz şəxsi istifadəsi üçün 100 manata tanımadığı İran vətəndaşından bir büküm narkoik vasitə olan heroin və 1 büküm psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Xırdalan şəhəri Qəzənfər Əkbərov küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitə istifadəsində şübhəli bilindiyini bildirmiş və onu polis idarəsinə dəvət etdikləri üçün onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkillə təmin edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa, könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən qara rəngli siqaret kağızında olan 1 büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin, 1 büküm şəffaf rəngli sellofanda olan metamfetamin, 1 ədəd elektron tərəzini, şalvarının sağ arxa cibindən iki ədəd ona məxsus “Kapital bank kartlarını və 1 ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümlər açıldıqdan sonra onların içərisinə baxış keçirilmişdir. Həmin maddələri haradan və nə vaxt əldə etdiyi soruşulmuşdur. O isə təqdim etdiyi bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində öz şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından 100 manata aldığını bildirmişdir. Bütün aşkar edilənlər qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olması barədə onun icraatına əməliyyat məlumatı daxil olduğunu, əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsin yaşadığı evin qarşısında narkotik vasitəni götürüb qayıdan zaman saxlanıldığını bildirmiş, dəqiq hansı saatda saxlanılmasını isə xatırlamamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, həmçinin onun narkotik vasitənin satışı ilə məşğul olması məlum olmuşdur. Təqsirləndirilən şəxs Xırdalanda həyət evində yaşamış, onlar təqsirləndirilən şəxsin evinə daxil olmamışdırlar. Təqsirləndirilən şəxs üzərindən tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmişdir. Şahid Abşeron RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 oktyabr 2023-cii il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin üzərində gəzdirilməsi, istifadəsi və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə əldə etdikləri məlumat əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Əkbərov küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 19 radələrində Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib həmin şəxsi Abşeron RPİ-və dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz elməyib onlarla birlikdə Abşeron RPİ-və gəlmişdir. RPİ-də olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Aslan Allahverdiyevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kağız büküm və 01 ədəd elektron tərəzini, həmçinin əynində olan şalvarının cibindən 01 ədəd mobil telefon və 02 ədəd bank kartlarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm açıldıqda içərisində 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin narkotik vasitə heroın və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri tanımadığı İran vətəndaşından Biləcəri qəsəbəsi ərazisində 100 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və digər əşyalar qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində hadisə ilə bağlı çox şeyi xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Xırdalan ərazisində saxlanılmışdır, lakin dəqiq hansı ərazidə saxladıqlarını xatırlamamışdır. Həmin vaxtı əməliyyat müvəkkili Şahid1la birlikdə olmuş, təqsirləndirilən şəxsin tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxsin yanında kimin olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə baxış keçirilməmiş, polis idarəsində təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində şəxsi axtarış zamanı nə aşkar olunduğunu və hadisə vaxtı Şahid1 başqa daha kimin olduğunu xatırlamamışdır. Şahid Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin kiçik inspektoru Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, o, Nicat tutulan gün birinci növbə işləmiş, saat 13:30-da işdən çıxıb evə geri qayıtmış və təqribi olaraq 15-16 radələlərində artıq evdə olmuşdur. Həmin gün Nicatla anasıgilə getməli olmuşdur. Evə çatdıqda 5-10 dəqiqə keçdikdən sonra qapı döyülmüş, qapını döyənin kim olduğunu soruşduqda, “işıq idarəsindəndir” demişdirlər. O da işıq idarəsinə borcu olmadığını, işıq ödənişinin kart sistemi ilə olduğunu düşünmüşdür. Qapını açmağa tərəf getdikdə Nicat da onunla gəlmişdir. Qapını açdıqda sarışın, hündür oğlanın və 2 nəfərin də onun ardınca gəldiyini görmüşdür. Onlar içəri daxil olmuş, sarışın, hündür oğlan Nicatın qolların tutmuş və digər 2 nəfər də özlərini təqdim etmədən evə daxil olmuş və axtarış aparmağa başlamışdırlar. Ona məxsus əl çantasına və soyuducaya qədər hər şeyi axtarmış, evdə Nicatın şəxsi istifadəsi üçün saxladığı bir büküm narkotik vasitə tapmışdırlar. O da həmin vaxt evə gələnlərlə sərt danışmış, onların adlarını bilməmişdir. Evə daxil olanlar 3 nəfər olmuş, Nicatı götürüb evdən çıxartmışdırlar. O da qapıya qədər Nicatgilin ardınca getmiş və qapını açan zamanı qonşunun uşağı Talehin qapılarının yanından keçdiyini görmüşdür. Polis əməkdaşları həmin qonşunun uşağına hara getdiyini soruşmuş, o da Talehin əvəzinə “qonşunun uşağıdır və evinə gedir” demişdir. Taleh ondan nə olduğu soruşmuş, o da Nicatı apardıqlarını demişdir. Şahid X6 dövlət ittihamçısının suallarına cavab olaraq xadimə işlədiyini, iş rejiminin bir gün saat 08:00-dən günorta 14:00-14:30-a qədər, digər gün isə günortadan axşam saat 20:00-21:00-a qədər olduğunu bildirmişdir. Nicat tutulan gün isə birinci növbə işləmişdir. O, Nicatın narkotik vasitə istifadəçisi olduğunu əvvəldən bilmiş, iki dəfə də onu narkoloji dispanserdə müalicə etdirmişdir. Evə daxil olan şəxslər Abşeron RPİ-nin əməkdaşları olmuşdur. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayət etmiş, lakin etdiyi şikayətə geri dönüş olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik maddə olan heroini, metamfetamini üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin cibindən 01 ədəd kağız büküm və 01 ədəd elektron tərəzini, şalvarının cibindən 02 ədəd bank kartını və 01 ədəd Samsung markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda içərisindən 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamin olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Biləcəri qəsəbəsində tanımadığı İran vətəndaşından 100 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Bütün aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5641 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3.700 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2.651 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 527 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,600 qram çəkidə narkotik vasitə heroin, 2,551 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilən zaman X4 istifadəsində olmuş (055) 506 00 67 mobil nömrəyə aid mesajlaşma mətnlərindən aydın olur ki, Təqsirləndirilən şəxs müxtəlif nömrələrdən narkotik vasitə və psixotrop maddələrin satışını ehtiva edən “1 kola 10 daw”, “Qaqa özümcun .10.15.manatdiq isteyirdim”, “catan kimi qalx bizede pul cibimdedi senol vezyet yaxwi deyil beyaqda aldatdin yeke kiwsenn neynemiwem sene meni aldadiraan pulmu verib mal alamda”, “Gozdyurem saat nece olur olsun gel yenə deyirəm mal lazım deyil özün gel işim var çatsın yığ malis 100fayiz yığ ha gozdyurem”, “qaqa neynemiwem sene teli acnirsan 10manatim var vezyetim pisdi sen allahin anavin cani el tut olem evde”, “Salam qaqa menim yarimmi düz qos ele gelirem gotürem”, “Еxi 15 Dе Dаw Lаzimdi Qаqа”, “Yoldayam qaqa gelirem.2 yari 10 daw. Temiz olsun qardawimsan qan qarachilig olmasinda sora”, “Qaqa qiz gelir birdene qram düzelt”, “Qaqash,bu ushag sehv yandirdi yandi mal, gelim bidenede 5diy duz qosh elede qardashimsan”, “Kolani 05 ele qaydiram size”, “Qaqa 1k 10d saxla yarim saata gotrürem”, “Yatmisan heci?daw lazimdi 15m.nese elemey olar?” məzmununda mesajlar göndərilmişdir. Cavab olaraq da Təqsirləndirilən şəxs tərəfindən müxtəlif nömrələrə kapital bank kartının nömrəsi göndərilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı MTİİTS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, dalan-3, ev- 9F ünvanında yaşadığı müddət ərzində onu haqqında 4 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması, psixotrop maddənin isə az olması və evdən aşkar edilməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində qeyd olunan narkotik vasitə və psixotrop maddəni öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin anası X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə oğlunun cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan , Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 3,600 qram çəkidə narkotik vasitə heroin və 2,551 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkiləri 3,600 qram çəkidə narkotik vasitə heroin və 2,551 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-35/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-35/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver