Məhkəmə qərarları › İş №1(124)-350/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-350/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-350/2025 10.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 15 saylı binanın 2-ci blokunun 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs kömək etmək adı ilə yaxınlaşıb üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək sonuncunun boğazına dirəyib boyun nahiyəsinin səthi kəsilmiş yarası kimi sağlamlığına zərər vurmayan xəsarət yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncunun qulağında olan 800 manat dəyərində 1 cüt qızıl sırğanı çıxarıb alaraq Zərərçəkmiş şəxs qarşı quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən Zərərçəkmiş şəxs kömək məqsədilə yaxınlaşmışdım və ona kömək etdim. Həmin vaxt ac idim və pul lazım idi. Onun qulağında qızıl sırğaları var idi, sırğaları tələb etdim. Əlimdəki bağlama da mətbəx bıçağı var idi, həmin bıçaqla onu hədələdim. O qızıl sırğalarını verdi, qızılları götürdüm və “Moskva” univermağına gedib pula satdım.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Sırğaları 145 manata satdım. Pulu qaytarmaq üçün cəhd etməmişəm. Mən uzun müddət idi ki, işsiz idim. 145 manatla borclarımı ödədim. Əvvəllər qardaşımın evində qalırdım, daha sonra qardaşım məni evdən çıxardı. Mən də hadisə vaxtı qaldığım yerin pulunu ödəməliydim. Qardaşımın evindən oğurluq etməmişdim. Həmin pulla yemək də yedim. Əməlimdən peşmanam. Narkotik vasitə istifadə etmirdim, arada spirtli içki içirdim. Psixoloji xəstəlikdən əziyyət çəkmirəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm, hər şey danışdığım kimi olub.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Həmin gün əlimdə əl arabası ilə bazara getmişdim, yağışlı bir gün idi, həyətdə də heç kim yox idi. Bazardan qayıtdım və bloka çatanda həyətdə ağacın altında bir nəfər kişinin dayandığını gördüm. Mən oğlum və ailəsi ilə birlikdə yaşayıram və həmin ünvana 3- 4 il idi ki, köçmüşdük, əvvəllər başqa məhəllədə yaşayırdıq. Ağacın altında kişini görüb qonşulardan biri olduğunu düşündüm. O, mənə yaxınlaşıb kömək etmək istədi, lakin mən “çox sağol, özüm yavaş-yavaş apararam” dedim. O, mənimlə bloka girib neçənci mərtəbədə yaşadığımı soruşdu, mən də 2-ci mərtəbədə yaşadığımı bildirdim. O, 2-ci mərtəbənin dəhliz hissəsində əlindəki çantanı yerə qoyub içindən nəsə çıxartdı, mən həmin vaxt beynimdə “əlindəki bağlamaları nə yaxşı yerə qoydu, 2-ci mərtəbəyə qədər qaldırmadı” deyə düşünürdüm. Qəflətən bıçağı boğazıma dirədi və “sırğalarını çıxart, ver” dedi. Mən ona “məndən əl çək, mənim səninlə işim yoxdur, bircə sırğalarım qalıb” dedim. O yenə də sırğalarımı tələb etdi, birini özü çıxartdı, digərini isə qorxudan özüm çıxarıb ona verdim. O, məndən pul da tələb etdi, lakin mən bütün pulumu bazarda xərclədiyim üçün məndə pul olmadığını bildirdim və o, qaçaraq çıxıb getdi. Daha sonra oğluma zəng edib hadisəni danışdım, o da tez polisə zəng etməyimi istədi və mən polisə zəng etdim.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxsi bağışlayıram, hazırda ona qarşı şikayətim və tələbim yoxdur. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir: “Zərərçəkmiş şəxs bildirdiyinə görə təqsirləndirilən şəxs ona kömək məqsədilə yaxınlaşmış, onun boğaz nahiyəsinə bıçaq dirəmiş və səhv etmirəmsə, sırğalarını götürüb qaçmışdır. Şəxs tərəfimdən saxlanıldı, əlində olan sellofana bükülmüş bıçaq təhlükəsizlik məqsədilə götürüldü və Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə təhvil verildi. Həmçinin, hal şahidlərinin iştirakı ilə protokollar tərtib olundu. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir: “Dükanda oturmuşdum, təqsirləndirilən şəxs yaxınlaşıb qızıl satmaq istədiyini bildirdi. Mən ondan şəxsiyyət vəsiqəsini istədim, qızılın ona aid olub-olmadığını, həmçinin oğurluq olub-olmadığını soruşdum. O da qızılın oğurluq olmadığını, onun olduğunu bildirdi. Qızılı tərəzidə çəkdim, qiymət dedim və həmin şəxs razılaşıb pulu verdi. Qızılı aldıqdan sonra satışa yararlı olmadığına görə təkrar emal üçün zərgərə satdım.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təxminən 2014-cü ildən qızıl alqı-satqısı ilə məşğulam. Təqsirləndirilən şəxsə qızıl üçün nə qədər məbləğdə pul təklif etdiyimi xatırlamıram. Belə hadisələr nadir hallarda baş verdiyi üçün təqsirləndirilən şəxsdən şübhələnməmişdim. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə həmin tarixdə saat 16:11-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Xidməti”ndən məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs (050) ***- **-** mobil nömrəsindən zəng edərək tanımadığı şəxsin ona yaxınlaşıb bıçaqla hədələyərək qızıl zinət əşyasını (sırğa) oğurladığını bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək tanımadığı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28-də yerləşən 15-ci binanın 2ci mərtəbəsinin dəhlizində boğazına bıçaq dirəyərək qulağında olan dəyəri 800 manat olan 1 cüt qızıl sırğanı ondan məcbur alaraq oradan uzaqlaşdığını bildirmiş, həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və ona dəymiş ziyanın geri qaytarılmasını xahiş etmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin və zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28-də yerləşən 15-ci binanın 2-ci mərtəbəsində baş vermişdir. Baxış zamanı binanın yaxınlığında yerləşən müxtəlif ictimai-iaşə obyektlərində video-müşahidə kamerasının olması müəyyən olunmuşdur. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşyapredmet aşkar olunmamışdır. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 05-09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə Zərərçəkmiş şəxs 800 manat məbləğində ziyan vurmaqla quldurluq etmiş şəxsin xx xxxxxx 1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əşyaların baxışı və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağın ümumi uzunluğu 20 sm, tiyəsinin uzunluğu 9,3 sm, ən enli yerində tiyəsinin eni 1.9 sm olmaqla bərk metaldandır. Bıçağın metal dəstəyi şəffaf yapışqan lentlə bağlanmışdır. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 18-20). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər şəxsi nəzərdən keçirib həmin şəxslərin arasında sırada soldan 2-ci yerdə durmuş şəxs olan Təqsirləndirilən şəxs göstərərək, əynində olan tünd boz rəngli gödəkçədən, keçəl tipli saçından və üz quruluşundan xx.xx.2024-cü il tarixdə ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxsin həmin şəxs olduğunu bildirmişdir. Müvafiq foto şəkil çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 54-56). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 80-84). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2825 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyun nahiyəsinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 101). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 102). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1074 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 150-151). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/149 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hansısa bir dəyişiklik edilməmişdir (cild 01, iş vər. 152-154). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır (cild 01, iş vər. 155-158). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.1, 181.2.2, 181.2.4, 180.3.3 və 185-ci maddələrinin tərkibi olmadığından, həmçinin Şahid1 əməlində CM-in 194-cü maddəsinin tərkibi olmadığından, barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 159-165) Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 181.1-ci maddəsində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın – quldurluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif olunur və sözügedən əməli törətməkdə təqsirli bilinən şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, eyni zamanda yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilənlərə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolu, ekspertiza rəyləri və biridigərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 181.2.5-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 131-132). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, habelə CM-in 60-cı maddəsinin tələbini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, 35-36). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(012)-829/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 75-78). Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar