Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-351/2025 15.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs2, Müdafiəçilər - Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 22 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən mebel istehsalı sexini işlədən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 «İlqar» kimi təqdim edərək, sonuncunun Qarabağ bölgəsində aparılan tikinti və quruculuq işləri ilə bağlı elan olunan tenderlərdən 680000 manat dəyərində iş görmək barədə birini udduğunu yalandan deyib irihəcmli layihələrdən olan məktəb mebelləri və ləvazimatların təchizatı ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən mebel istehsalı sexində əlbəəl nağd formada verdiyi 15000 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, əlbəəl nağd formada verdiyi 15000 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, əlbəəl nağd formada verdiyi 10.000 manat, 2023-cü ilin avqust ayından 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs2 adına olan bank kartlarına hissə-hissə köçürdüyü 46.000 manat, ümumilikdə 86000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək aralarında bölüb zərərçəkmişə həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mebel sifarişi ilə bağlı əvvəllər müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 «Hacı Namiq» kimi təqdim edərək, sonuncunun Gəncə şəhərində aparılan tikinti və quruculuq işləri ilə bağlı elan olunan tenderlərdən birinin qalibi olmağı, həmin layihədən qapı və ləvazimatları təchizatı işi görüb qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb 2022-ci ilin oktyabr ayında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Digah yolunda 17.000 manat pulu əlbəəl nağd formada alıb ələ keçirərək aralarında bölüb zərərçəkmişə həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 Xaçmaz rayonunda yerləşən otellərin birinin mebel təchizatı sifarişini icra edib qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb 2024cü ilin may ayında Binəqədi rayonunda, 170 nömrəli marşurutun axırıncı dayanacağında yerləşən mebel sexində Zərərçəkmiş şəxs3 mebel istehsalı üçün 10.000 manat, sonuncunun mebel istehsalçısı Şahid1 bank kartına göndərdiyi 3000 manat və Abşeron rayonu Digah qəsəbəsində əlbəəl nağd formada 2000 manat, ümumilikdə 15000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən mebel istehsalı sexini işlədən Zərərçəkmiş şəxs2 özünü «İlqar» kimi təqdim edərək, Qarabağ bölgəsində aparılan tikinti və quruculuq işləri ilə bağlı elan olunan tenderlərdən 680000 manat dəyərində iş görmək barədə birini udduğunu yalandan deyib irihəcmli layihələrdən olan məktəb mebelləri və ləvazimatların təchizatı ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb Zərərçəkmiş şəxs2 ona xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən mebel istehsalı sexində əlbəəl nağd formada verdiyi 15000 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, əlbəəl nağd formada verdiyi 15000 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, əlbəəl nağd formada verdiyi 10.000 manat, 2023-cü ilin avqust ayından 2024-cü ilin fevral ayınadək olan müddət ərzində öz adına olan bank kartlarına hissəhissə köçürdüyü 46.000 manat, ümumilikdə 86000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək aralarında bölüb zərərçəkmişə həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mebel sifarişi ilə bağlı əvvəllər müştəri qismində sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs1 özünü «Hacı Namiq» kimi təqdim edərək, Gəncə şəhərində aparılan tikinti və quruculuq işləri ilə bağlı elan olunan tenderlərdən birinin qalibi olmağı, həmin layihədən qapı və ləvazimatları təchizatı işi görüb qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Digah yolunda əlbəəl nağd formada 17.000 manat pulu alıb ələ keçirərək aralarında bölüb zərərçəkmişə həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, ümumi anlamda müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nə zaman, harada və hansı cinayət əməlini törətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamın məzmunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə nə zaman və harada hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 23 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.(01 cild iş vərəqə 118-119) Lakin, ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ümumi ittihamda yer alan hər üç epizod üzrə kimin kimə qarşı cinayət əməlləri törətməsi göstərilsə də, ümumi ittihamda yer alan üç epizoddan ikisində, birinci və üçüncü epizodda cinayətin törədilməsi ehtimal olunan yer və vaxtlar (birinci epizodda- 2023-cü ilin iyun ayından 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs2 adına olan bank kartlarına hissəhissə olmaqla 46.000 manat pulun hansı ünvandan və hansı formada köçürülməsi, üçüncü epizodda-Zərərçəkmiş şəxs3 Şahid1 bank kartına 3000 manatı nə vaxt, hansı ünvandan və hansı formada köçürməsi, həmçinin Aberov Rayonu, Digah qəsəbəsində Zərərçəkmiş şəxs3 2000 manat məbləğində pulun nə vaxt alınması) göstərilməmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamda onun təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mebel sifarişi ilə bağlı əvvəllər müştəri qismində ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 «Hacı Namiq» kimi təqdim edərək, sonuncunun Gəncə şəhərində aparılan tikinti və quruculuq işləri ilə bağlı elan olunan tenderlərdən birinin qalibi olmağı, həmin layihədən qapı və ləvazimatları təchizatı işi görüb qazanc əldə edəcəyinə dair yalan vəd verib inandıraraq etibarını qazanıb 2022-ci ilin oktyabr ayında Abşeron rayonu Mehdiabad qəsəbəsi, Digah yolunda 17.000 manat pulu əlbəəl nağd formada alıb ələ keçirərək aralarında bölüb zərərçəkmişə həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi göstərilsə də, göründüyü bu epizod digər epizodlardan daha öncə baş vermişdir. Yəni bu epizodda təkrarən ifadəsinin göstərilməsi düzgün olmamışdır. Bu nöqsana, yəni təkrarən ifadəsinin işlədilməsinə eyni epizod üzrə Təqsirləndirilən şəxs2 verilmiş ittihamda da yol verilmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.(01 cild iş vərəqə 175-176) Lakin ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda da əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ümumi ittihamda yer alan hər iki epizod üzrə kimin kimə qarşı cinayət əməlləri törətməsi göstərilsə də, birinci epizoda daxil olan cinayət əməllərindən birinin törədilməsi ehtimal olunan yer (2023-cü ilin avqust ayından 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs2 adına olan bank kartlarına hissə-hissə 46.000 manat məbləğində pulun hansı ünvandan və hansı formada köçürülməsi) göstərilməmiş, bununla da Təqsirləndirilən şəxs2 oğlu tərəfindən törədilməsi istinad olunan bu epizod üzrə cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu hal təbii olaraq təqsirləndirilən şəxslərə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxslərin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X11 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxslərə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal nəinki təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmuş, eyni zamanda məhkəmə aidiyyətinin də müəyyən edilməsində problemlər yaratmışdır. Belə ki, CPM-in 69.3-cü maddəsində göstərilmişdir ki, hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmçinin, həmin Məcəllənin 299.3-cü maddəsində göstərilmişdir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, cinayət prosessual qanunvericilik məhkəmənin qarşısına ilkin olaraq onun aidiyyətinə aid olan cinayət işinə baxılması ilə bağlı öhdəlik qoyur. Sözügedən pozuntunun mövcudluğu şəraitində isə hazırki iş üzrə məhkəmə aidiyyətinin də müəyyən edilməsi qeyri-müəyyən olaraq qalır. Odur ki, bu pozuntunun aradan qaldırılması gələcəkdə sözügedən cinayət işinə hansı məhkəmədə baxılması ilə bağlı məsələlərin də həllində mühüm rol oynamış olur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yol verilən nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Təəssüf ki, qeyd olunan bu hallar ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2024cü il tarixdə tutulmuş, 23 dekabr 2024-cü il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində istintaq müddətinin sonuna kimi, yəni 15 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsin müddəti 11 mart 2025-ci il tarixli məhkəmə qərarı ilə 15 iyun 2025-ci il tarixədək uzadılmışdır.(cild 1, səh 79; 140-144; 221-226) Cinayət işi xx.xx.2025-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşana qədər dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində həm həbsin seçilməsi üçün əsas olmuş hallar, həm də həbsin müddətinin uzadılması üçün əsas olmuş hallar aradan qalxmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi sonuncunun azadlıqda qalacağı təqdirdə ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixə kimi uzadılmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(İş cild 01 vər. 175-176; 189-191) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ:
1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 2 ay müddətinə, yəni 15 sentyabr 2025-ci il tarixədək uzadılsın.
4. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
5. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
6. Qərarın surəti Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
7. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.