Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-353/2023 23.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs : Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, bir bükümdə 7.301 qram narkotik vasitə olan heroini qəsdən əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı, “99JV281/10ZK281 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının ön panelinin alt hissəsindəki boşluğa yerləşdirib saxlamış, nəqliyyat vasitəsini idarə edərək yük aparmaq məqsədi ilə Rusiya Federasiyasına gedərkən daşımış, 1 noyabr 2022-ci il tarixdə saat 01:16 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə keçirilmiş gömrük baxışı zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 ildir ki, sürücülük fəaliyyəti ilə məşğul olur, 3 il idi ki “Freş Logistika” firmasına məxsus müxtəlif nəqliyyat vasitələri ilə xarici ölkələrə yük daşımışdır. Sonuncu dəfə də xarici ölkəyə mal daşıdığında idarə etdiyi avtomobilə ondan başqa tanıdığı, sürücü olan Mahir adlı şəxs daxil olmuşdur. Belə ki, Mahir çay içmək üçün onun idarə etdiyi avtomobilə minmiş, o da qısa müddətlik avtomobildən düşmüşdür. Bu zaman həmin şəxs avtomobildə tək qalmış, geri qayıtdığı zaman növbəsi çatdığı üçün gömrük yoxlanışına girmiş, yoxlanış zamanı dörd nəfər şəxs ona yaxınlaşmış və yerdən nə isə götürüb ondan aşkar edilənin nə olduğunu soruşmuşdur. O, aşkar edilənin dadına baxmış, torpaq olduğunu bildirmiş və həmin malın narkotik vasitə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, aşkar edilən narkotik vasitə ona məxsus olmamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, axırıncı dəfə tutulmazdan 10 gün əvvəl narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq latın əlifbası ilə oxuya bilmədiyini, istintaq zamanı o formada ifadə vermədiyini, əvvəllər məhkum olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 25 il olar sürücülük fəaliyyəti ilə məşğul olur. 3 ildir “Freş Logistika” firmasına məxsus müxtəlif nəqliyyat vasitələri ilə xarici ölkələrə yük daşıyır. Həmin firmaya məxsus daimi idarə etdiyi “99JV276” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yarandığı üçün 3 ay bundan qabaq “Freş Logistika” firmasının dayancağında saxlamış və hazırda təmiri gedir. 18 oktyabr 2022-ci il tarixdə şirkətin müdiri onun mobil telefonuna zəng edərək Lənkəran şəhərində olan “Freş Logistika” şirkətinin anbarından feyxoa yükü götürərək Rusiya Federasiyasına aparmalı olduğunu bildirmişdir. Bu məqsədlə Bakı şəhərinə gedərək “Freş Logistika” firmasının qarajından “99JV281/10ZK281” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini götürərək “Freş Logistika” firmasının Lənkəran şəhərində yerləşən anbarına getmişdir. “99JV281/10ZK281” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini yüklənməsi üçün anbarda qoymuş və evinə gəlmişdir. Bildirmək istəyir ki, narkotik vasitələr olan marixuana, kakosdan daim istifadə edir. Artıq asılı vəziyyətdədir, istifadə etmədikdə güclü ağrıları olur. Bu səbəbdən də yolda istifadə edə bilməyi üçün kakos almaq qərarına gəlmişdir. Belə ki, həmişə narkotik vasitələri əldə etmək üçün şəhərdə yaşayan tanımadığı narkomanlara yaxınlaşaraq əldə etmişdir. Özüdə narkoman olduğuna görə üzlərinə baxan kimi narkotik istifadə edən şəxsləri tanıyırmış. Bu dəfə də Lənkəran şəhərində dəniz qırağı adlanan yerdə tanımadığı bir nəfərə yaxınlaşaraq 5 qram kakos lazım olduğunu bildirmişdir. Həmin yerdə təxminən saat yarım gözlədikdən sonra gətirib kakosu bükülü vəziyyətdə ona təhvil vermiş və o da həmin şəxsə 150 manat pul vermişdir. Həmin vaxt və əvvəldə narkotik aldığı şəxslər ona demişlər ki, istifadələri üçün narkotiki internet üzərindən sifariş edirmişlər. Satanlar da onların mobil telefonunun “whatsapp”na kart nömrəsi göndərirmişlər. Həmin kart nömrəsinə milli ön aparatlarından istədikləri məbləği köçürürmüşlər. Ondan sonra “whatsapp”a istədikləri narkotik vasitənin olduğu yerin konumunu göndərirmişlər. Onlarda da həmin yerə gedərək sifariş etdikləri narkotik vasitəni götürürmüşlər. 20 oktyabr 2022-ci il tarixdə 150 manat ödəyərək aldığı 5 qram kakosu əldə edərək birbaşa “99JV281/10ZK281” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanına getmiş və yük nəqliyyat vasitəsinin ön panelinin alt hissəsinə yerləşdirmişdir. Əvvəlcədən özündə əlavə bir miqdar kakos varmış və onu istifadə etmişdir. Hazırkını isə Rusiya Federasiyasında olarkən istifadə etməyi planlaşdırırmış. Feyxoa yükü yükləndikdən sonra 20 oktyabr 2022-ci il tarixdə tezdən yüklə birlikdə “Samur” gömrük postuna yola düşmüşdür. Həmin gün “Samur” gömrük postuna çatmışdır. Yük maşınlarının növbəsi çox olmuş və bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 01.16-da “99JV281/10ZK281” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə “Samur” gömrük postunun ixrac gömrük nəzarəti zonasına daxil olmuşdur. Orada gömrük əməkdaşı ondan bəyan edilməli, qadağan edilən hər hansı maddənin və ya mallarının olub-olmamasını soruşmuşdur. O da öz növbəsində üzərində və ya “99JV281/10ZK281” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində qadağan edilmiş maddələr və ya gömrük orqanına mütləq bəyan ediləsi malının olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun iştirakı ilə videokamera vasitəsi ilə gömrük yoxlaması keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında ön panelin ait hissəsinə olan boşluqdan 1 ədəd sellofana bükülü şəklində qəhvəyi rəngli spesifik iyə malik kakosu aşkar etmişdir. Orada o həmin kakosdan bir az dadaraq yalandan torpaqdır deyərək gömrük əməkdaşını aldatmağa çalışmış, lakin gömrük əməkdaşı ona inanmamış və həmin bükülünüdə götürərək onunla birlikdə xidməti otağa getmişdir. Bükülünü elektron tərəzidə çəkmiş və bükümlə birlikdə 8,65 qram olduğu müəyyənləşmişdir. Daha sonra bükülü qablaşdırılmış və götürülmüşdür. Bundan sonra gömrük əməkdaşı üzərində yoxlama aparmış və heç nə aşkar etməmişdir. Sonda sənədlər tərtib olunmuş və o da həmin sənədlərlə tanış olaraq imzalamışdır. Bildirmək istəyir ki, gün ərzində təxmini 0.5 qram istifadə edir, kakosu (heroini) şokalad bükülən qızılı yanmayan kağıza tökərək bükür, sonra alışqanla altından qızdırır, tam qızdıqdan sonra zərin içərisində əriyərək tüstü yaradır və həmin tüstünü çəkərək istifadə edir. 2013-cü ildə “Astara” gömrük postundan metadon suyu keçirərkən tutulmuş və Astara rayon məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə onu təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, 2 ildən sonra məntəqəyə köçürülmüş və 2017-ci ildə cəzasını çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, gecə saat 01 radələrində növbədə olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yoxlayarkən sonuncunun bir az həyəcanlı olduğunu hiss etmiş, ondan avtomobildə qanunla qadağan edilmiş əşya olub-olmadığını soruşmuş və daha sonra avtomobili yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında ön panelin alt hisəsindəki boşluqda gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd sellofana bükülü şəkildə, qəhvəyi rəngli, spesifik iyə malik büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilən bükümün nə olduğunu soruşduqda “Yəqin torpaqdır” demiş, aşkar edilən bükümü götürüb Təqsirləndirilən şəxs ilə birlikdə xidməti otağa keçmiş və əməliyyatçıların da iştirakı ilə həmin büküm tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı isə onun üzərindən qanunsuz predmet aşkar edilməmiş, o aşkar edilən bükümün içərisində narkotik vasitə olduğunu etiraf etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Samur” gömrük postunda tərtib edilmiş 1 noyabr 2022-ci il tarixli “yoxlama və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, baxış zamanı “DAF” markalı, “99JV281/10ZK281” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında ön panelin alt hisəsindəki boşluqda gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd sellofana bükülü şəkildə narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “X1 Sisteminə baxış keçirilməsi haqqında” 2 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Samur” gömrük postundan keçməklə xx.xx.2022-ci il tarixdə, saat 01.07-də Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçərkən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməfiziki-kimyəvi ekspertizasının 1 noyabr 2022-ci il tarixli 6/6340 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...34/019/008090 nömrəli iş üzrə maddi sübut...” sözləri olan bir ədəd paketdəki təmiz çəkisi 7,301 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 7,301 qram, tədqiqata sərf olundu - 0,050 qram, qalıq 7,251 qramdır. “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “99JV281/10ZK281” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının ön panelinin alt hissəsindəki boşluqda saxladığı və aşkar edilərək götürülmüş tədqiqatlardan sonra 7,251 qram qalıq qalan heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat başa çatanadək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 2 noyabr 2022-ci il tarixli 6538 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu - Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə şahid ifadəsini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş 7,251 qram qalıq qalan heroin edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd Redmi markalı mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılmalıdır. 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81( səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, onun “Respublika Narkoloji Mərkəzi”ndə qeydiyyata götürülməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş 7,251 qram qalıq qalan heroin məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd Redmi markalı mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılsın. 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-353/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-353/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver