Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-353/2024 18.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Çalxanqala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1053,0 qram narkotik vasitə heroini və külli miqdarda 16,830 qram psixotrop maddə metamfetamini Sumqayıt şəhəri ərazisində gizlədərək həmin bükümlərin və yerin fotoşəkillərini sosial şəbəkə vasitəsilə göndərmiş, sonuncu İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün ona göndərilən ünvana gedərək qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, 14 iyul 2023-cü il tarixdə saat 18:55-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının arxa hissəsində bel nahiyəsinə keçirdiyi 01 ədəd torbanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1053,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 16,830 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir gün sosial şəbəkə vasitəsi ilə özünü “Baba” kimi təqdim edən şəxs onunla əlaqə yaratmış və istəyərsə ona “patı” təşkil edə biləcəyini bildirmişdir. O da, onunla razılaşmış və 5 qram patı müqabilində onun göndərdiyi bank kartına terminal vasitəsi ilə 130 manat pul vurmuşdur. Sonra “Baba” adlı şəxs ona malın Sumqayıt şəhərində deyəcəyi yerə qoyulacağını bildirmişdir. Bir müddət sonra ona patının qoyulduğu yerin adresi sosial şəbəkə vasitəsi ilə ona atılmış və o, həmin yerə getmişdir. Özü Sumqayıt şəhərində maşın bazarında işlədiyindən Sumqayıt şəhərini tanımışdır. Həmin yer Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında bir yer olmuşdur. Sözügedən yerə çatmamış ayaqyoluna getmək istəmiş və həmin ərazidə mülki geyimdə olan şəxsdən yaxınlıqda tualetin olubolmamasını soruşmuşdur. Həmin şəxs ona istiqamət göstərmişdir. O da həmin istiqamətə gedib içəri girən kimi bir neçə şəxs onun üstünə hücum çəkmiş və əllərində olan torbanı göstərərək bunun dalınca gəldiyini ona bildirmişlər. O isə onlara həmin torbanın ona aid olmadığını bildirsə də, həmin şəxslər ona inanmamış və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində döyülmüş, təsir və təzyiqə məruz qalmış, məcbur qalıb həmin kütlənin ona aid olması barədə etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, əvvəllər marixuana istifadə etmiş, həmin yerə isə ilk dəfə olaraq yalnız 5 qram metamfetamin götürməyə getmiş, oradan aşkar olunan sellofan torba ona məxsus olmamış, özü əvvəllər yalnız narkotik vasitə olan marixuana istifadə etmiş, bu dəfə yalnız maraq üçün metamfetamin istifadə etmək istəmiş, özünü “Baba” kimi təqdim edən şəxs iranlı olmuş, narkotik vasitənin satışı ilə məşğul olmamış, təzyiq altında olduğu və qorxduğu üçün polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ona dövlət hesabına təyin olunan vəkilə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən bu barədə hakimə heç bir söz deməmişdir. Ona metamfetaminin yeri və şəkili göndərilmiş, ona göndərilən yerdə qoyulan metamfetamin böyük sellofanda olmuşdur. O da bunu başa düşməmişdir ki, niyə belə böyük sellofanda bu metamfetamin qoyulmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:55 dəqiqədə o, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd Samsung markalı mobil telefonu, sol arxa cibində saxladığı üç manat pulu çıxarıb təqdim etmişdir. Bundan sonra ondan üzərində başqa əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın arxa hissəsində belinə keçirdiyi 01 ədəd göy rəngli sellofan torba aşkar edilmiş və həmin torba xidməti otaqdakı masanın üzərinə qoyulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər-hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd göy rəngli sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı torbadan ağ rəngli sellofana birlikdə bükülmüş 02 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Ona verilən şifahi sualları cavablandıraraq narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan «Baba» ləqəbli şəxsdən 5 qram psixotrop maddə olan metamfetamin almaq məqsədi ilə onun verdiyi kartın bank hesabına 300 manat pul göndərdiyini, bundan sonra Baba adlı şəxsin ona verəcəyi psixotrop maddənin qablaşdırıldığı bükümdən əlavə bükümdəki narkotik vasitəni deyəcəyi ünvana yerləşdirməsi müqabilində əlavə olaraq 15 qram psixotrop maddə verəcəyinə söz verdiyindən, onunla razılaşaraq İran İslam Respublikası vətəndaşı olan «Baba» ləqəbli şəxsin onun istifadəsində olan mobil telefona göndərdiyi ünvana gedərək narkotik vasitə və psixotop maddəni qoyduğu yerdən götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş qara rəngli sellofan bükümdə olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 19,51 qram, 2-ci şəffaf rəngli sellofan bükümün çəkisinin isə 1,070 kq olduğu müəyyən edilmişdir. Bundan sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə xüsusi qaydada qablaşdırılaraq, zərfin üzəri möhürlənmiş və götürülmüşdür. Eyni zamanda üzərindən aşkar olunmuş 01 ədəd Samsung markalı mobil telefon aparatı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan sualları cavablandıran təqsirləndirilən şəxs göstərmişdir ki, ibtidai araşdırma dövründə onun adından yazılan ifadəni o verməmişdir, həmin ifadədən xəbəri yoxdur. Döyüldüyü və işgəncəyə məruz qaldığı üçün həmin ifadəyə imza çəkmişdir. Həmin ifadəni təsdiq etmir. Sonradan baş prokurorluğa şikayət ərizəsi yazmış və prokurorluqdan gələrək qeyd etdiyi xüsusatlar araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Həmin qərar ona təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, səhv etmirsə 14 iyul 2023-cü il tarixdə ona Xaliq adlı şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında saxlanılmış və onlar daxil olmuş əməliyyat məlumatı ilə bağlı məlumat verib Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin də iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa bel hissəsindən 01 ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisindənn heroin və metamfetaminə bənzər kütlələr aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan «Baba» ləqəbli şəxsdən 5 qram psixotrop maddə olan melamfetamin almaq məqsədi ilə onun verdiyi kartın bank hesabına 300 manat pul göndərdiyini, bundan sonra Baba adlı şəxsin ona verəcəyi psixotrop maddənin qablaşdırıldığı bükümdən əlavə bükümdəki narkotik vasitəni deyəcəyi ünvana yerləşdirməsi müqabilində əlavə olaraq 15 qram psixotrop maddə verəcəyinə söz verdiyindən, onunla razılaşaraq İran İslam Respublikası vətəndaşı olan «Baba» ləqəbli şəxsin onun istifadəsində olan mobil telefona göndərdiyi ünvana gedərək narkotik vasitə və psixotop maddəni qoyduğu yerdən götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Xaliq adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin gəzdirməsi, saxlaması, daşıması və satışı barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «İbiza» restoranının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının bel hissəsinin arxa nahiyəsindən 01 ədəd göy rəngli sellofan torbadan 02 ədəd büküm aşkar olunmuş, həmin bükümlərə baxış zamanı bükümlərin birində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, digərində isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması, ağ rəngli maddə olan bükümün çəkisi 19,51 qram, qəhvəyi rəngli maddə olan bükümün çəkisi isə 1,070 kiloqram olması müəyyən edilmiş, şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefonda aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-33, 75-77). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124» dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sellofan bağlamada olan üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 16,830 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan bağlamanın içərisində bir ədəd bağlamada təmiz çəkisi 1053,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 43-45). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 5733 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 111-113). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 32.5,206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələrlə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 01, iş vər. 122-131). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin şəxsi işindən götürülmüş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra müayinə olunan zaman onun sol qasıq nahiyəsində şiş aşkar edilmiş, şəxs həmin xəsarətləri istintaq təcridxanasında kamera şəraitində aldığını və heçbir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərlə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Xaliq adlı şəxsin qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin gəzdirməsi, saxlaması, daşıması və satışı barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının arxa hissəsində bel nahiyəsinə keçirdiyi 01 ədəd torbanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1053,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə və bir ədəd bükümdə təmiz çəkisi 16,830 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcbur qalıb etirafedici ifadə verməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəfindən həmin qərar mübahisələndirilməmiş və hazırda qüvvədədir. Digər tərəfdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ümumiyyətlə özünü ittiham olunduğu maddələrlə təqsirli bilməməsinə münasibətdə isə qeyd edir ki, cinayət işinin materiallarında olan sübutlardan müəyyən olunur ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əksini bildirsə də, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə atılan ünvana, hansı məqsədlə getdiyini qabaqcadan dəqiq bilmiş, yəni həmin ünvanda narkotik vasitənin və psixotrop maddə metamfetaminin olduğunu dəqiq bilmiş, məqsədli şəkildə həmin narkotik vasitənin tarfikini həyata keçirdiyini, bununla da qabaqcadan əlbir olan bir qrup şəklində hərəkət etdiyini, üzərinə düşən vəzifənin icrasının nədən ibarət olduğunu bilmiş və məhz orada olan narkotik vasitəni və psixotrop maddəni götürməyə getmiş, həmçinin həmin kütləni götürmüş və yalnız ondan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bunu iş materiallarında olan sübutlar təsdiq edir. Həmçinin, təqsirləndirilən şəxs yalnız narkotik vasitə marixuanadan istifadə etdiyini bildirsə də, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin və psixotrop maddənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 94-95) İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasına hesablanmaqla çıxılmış və üzərində 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesdablanmışdır, hazırda həmin hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırda Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl onun törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyindən, onun əməllərində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin aşkar olunan narkotik vasitənin çəkisinin çoxluğunu nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 27, 73-74). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1052,95 qram narkotik vasitə heroin, 16,780 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanması nəzərə alınmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmayan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, hazırki iş üzrə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 1052,95 qram narkotik vasitə heroin, 16,780 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmayan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-353/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-353/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver