Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-354/2025 07.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 27 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünü tanışı Zərərçəkmiş şəxs "xxxx" MMC-də çalışan yüksək vəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsilə şirkətdə onu yüksək vəzifəli işə təyin etdirəcəyini və özünün mağazalar şəbəkəsinin olacağı barədə yalan vədlər verərək inandırmaqla, aldatma yolu ilə ondan 12 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Yeni Corat yaşayış massivi, 71-ci məhəllə, 13A saylı evin qarşısında 40.000 manat pulunu alıb ələ keçirdikdən sonra, 15 noyabr 2021-ci il tarixdə “FAB Boya və Kimya Sənayesi" ММС-də yüksək vəzifəli işə təyin olunması üçün MMC-nin məhsullarının satışını həyata keçirərək yüksək satış göstəricisinə nail olmaq lazım gələcəyini deyib, bu məqsədlə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində mağaza icarəyə götürdüyünü və həmin mağazanın təmir olunaraq, “FAB Boya və Kimya Sənayesi" MMC məhsullarının satışı mağazası kimi istifadəyə hazır vəziyyətə gətirilməsi üçün əlavə 50.000 manat lazım olacağı barədə yalan məlumatlar verərək sonuncunu inandırmaqla, aldatma yolu ilə 2021-ci ilin noyabr ayının ortalarında 30.000 manat məbləğində, noyabr ayının sonlarında isə 20.000 manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə cəmi 90.000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə, zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, ümumi anlamda müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nə zaman, harada və hansı cinayət əməlini törətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamın məzmunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə nə zaman və harada hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.(01 cild iş vərəqə 218-219) Lakin, ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda kimin kimə qarşı cinayət əməli törətməsi göstərilsə də cinayətin törədilməsi ehtimal olunan yer (2021-ci ilin noyabr ayının ortalarında 30.000 manat məbləğində, noyabr ayının sonlarında isə 20.000 manat məbləğində pulun harada alınması) göstərilməmiş, bununla da Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu hal təbii olaraq təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X11 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal nəinki təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, eyni zamanda məhkəmə aidiyyətinin də müəyyən edilməsində problemlər yaratmışdır. Belə ki, CPM-in 69.3-cü maddəsində göstərilmişdir ki, hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmçinin, həmin Məcəllənin 299.3-cü maddəsində göstərilmişdir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, cinayət prosessual qanunvericilik məhkəmənin qarşısına ilkin olaraq onun aidiyyətinə aid olan cinayət işinə baxılması ilə bağlı öhdəlik qoyur. Sözügedən pozuntunun mövcudluğu şəraitində isə hazırki iş üzrə məhkəmə aidiyyətinin də müəyyən edilməsi qeyri-müəyyən olaraq qalır. Odur ki, bu pozuntunun aradan qaldırılması gələcəkdə sözügedən cinayət işinə hansı məhkəmədə baxılması ilə bağlı məsələlərin də həllində mühüm rol oynamış olur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yol verilən nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Təəssüf ki, qeyd olunan bu hallar ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(İş cild 02 vər. 142-149; 153-155) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(124)-354/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-354/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver