Məhkəmə qərarları › İş №1(124)-358/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-358/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-358/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Bəhmən” adlı İran İslam Respublikası vətəndaşının bank hesabına 406 (dörd yüz altı) manat pul göndərdikdən sonra həmin “Bəhmən” adlı şəxsin Abşeron rayonu ərazisində yolun kənarına qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 5,850 qram və 9,210 qram, ümumilikdə 15,060 qram çəkilərdə külli miqdarda narkotik vasitə - heroini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 216 nömrəli evə daşıyıb, həmin narkotik vasitə heroinin 01 ədəd şəffaf sellofana bükülmüş 9,210 qram çəkidə olan hissəsini yaşadığı evin yataq otağında divanın üzərindəki yastığın altında, 5,850 qram çəkidə hissəsini isə 01 ədəd şəffaf sellofan bükümündə əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış, 16 İyun 2023-cü il tarixdə saat 22:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 2 ünvanında yerləşən köhnə “Kaktus” restoranının yaxınlığında küçədə saxlanılıb, baş idarənin inzibati binasına gətirildikdən sonra 17 iyun 2023-cü il tarixdə saat 00:50-dən saat 01:02-dək olan müddət ərzində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,850 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyat-axtarış tədbirlərinin davamı kimi 17 iyun 2023-cü il tarixdə saat 02:15-dən saat 02:25-dək olan müddət ərzində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 3-ya keçirilmiş baxış zamanı evin yataq otağında olan divanın üzərindəki yastığın altında həmin 01 ədəd bağlamada 9,210 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da tutulan zaman üstündə ümumiyyətlə, narkotik vasitə olmamışdır. 16 iyun 2023-cü ildə saat 22-23 radələrində Yasamal rayonunda, “Kaktus” restoranının yaxınlığında piyada hərəkətdə olarkən 10 nəfər polis əməkdaşı onu saxlayaraq BNMİ-nə gətirmişdirlər. Əvvəlcə onun üzərində axtarış aparmış və demişdirlər ki, 5 qram üstündədir, 10 qram da evindən tapıb səni göndərəcəyik həbsə. Onu axşam 11-in yarısı tutublar, sonra evinə iyunun 17-si gecə saat 01-02 radələrində baxış keçiriblər. Təsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərmişdir ki, əvəllər ona 234.1-ci maddə ilə azadlığın məhdudlaşdırılması cəzası verilmiş, tutulan vaxt da həmin cəzanı çəkib qurtarmamışdır. Ona fiziki zor tətbiq olunmasa da, psixoloji təzyiq göstərilərək daha ağır maddə ilə ittiham olunacağı ilə hədələdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Barəsində həbs qətimkan tədbiri seçiləndə nəsə demək imkanı olmamışdır. Polis əməkdaşları əvvəlcə onu maşında hərəkətdə olarkən saxlayıb telefonda kimləsə danışıb, daha sonra onu maşından yerə düşürdərək demişdirlər ki, üstündən 5 qram narkotik çıxdı, 10 qram da evindən tapılsa, tutulacaqsan. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə, saat 22:50 dəqiqədə ünvan 2 ünvanında yerləşən köhnə “Kaktus” restoranın yaxınlığında küçədə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə təqdim etməyi təklif olunmuşdur Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, 01 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, 01 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu və 01 (bir) ədəd azadlığı məhdudlaşdıran cihazı təqdim edərək masanın üzərinə qoymuşdur Sonra üzərinə şəxsi axtarış aparılmışdır, şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 01 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd “4098 5844 6827 7007” nömrəli plastik bank kartı, 01 (bir) ədəd açar, 01 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Nokia” markalı mobil telefon, 20(iyirmi) manat pul aşkar olunaraq götürülmüşdür Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir Heroinin çəkisi 6(altı) qram olmuşdur Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Nokia” markalı mobil telefon, 01 (bir) ədəd plastik bank kartı və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 01 (bir) ədəd açar, 01 (bir) ədəd azadlığı məhdudlaşdıran cihaz və 20(iyirmi) manat pul isə ona geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu iran İslam Respublikasının vətəndaşı “Bəhmən" adlı şəxsdən Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 02 (iki) gün bundan əvvəl sonuncunun kartına 406 (dörd yüz altı) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 3 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçi və polis əməkdaşları ilə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilinə getmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlamışlar. Evə baxış zamanı o, yaşadığı evin yataq otağındakı divanın üzərindəki yastığın altında olan 01 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 10 (on) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq evindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və heç kimin həmin kütlədən xəbərinin olmadığını, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsdən Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 02 (iki) gün bundan əvvəl sonuncunun kartına 406 (dörd yüz altı) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir 17 iyun 2023-cü il tarixdə üzərindən və yaşadığı evdən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini tutulduğu gündən təxminən 2 gün əvvəl, yəni ki, 14 iyun 2023-cü il tarixdə sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsdən Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 02 (iki) gün bundan əvvəl sonuncunun kartına 406 (dörd yüz altı) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etmişdir. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, Bəhmən adlı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən sualları cavablandırarkən bildirmişdi ki, ağrıları olduğu üçün dərman istifadə edirdi, ona görə də tutulan zaman özündə olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilən zaman o əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş və evində də narkotik vasitə olduğunu deyərək evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxış keçirilmiş və Təqsirləndirilən şəxs mənzildə yerləşən divanın üzərindəki yastığın alt hissəsində gizlətdiyi 01 ədəd sellofanı təqdim etmişdir və həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 01 bükümdə qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir təsir təzyiq olmamışdır. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilən Şahid2 həmin ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1993-cü ildə Quba şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi İlə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə ünvan 4 ünvanında əməliyyat axtarış tədbirləri keçirmiş və 16 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 22:50-də ünvan 4 ünvanında yerləşən “Kaktus” restoranının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx.xx.1993-cü ildə Quba şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və DİN- nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 İştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellefon torbanın içində 01 bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın digər ciblərindən 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd azadlığı məhdudlaşdıran cihaz, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd 4098 5844 6827 7007 nömrəli plastik bank kartı, 01 ədəd açar, 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan "Nokia” markalı mobil telefon və 20 manat pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 6 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Noka” markalı və "Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür, 20 manat pul, açar və azadlığı məhdudlaşdıran cihaz isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşı "Bəhmən” adlı şəxsdən Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl sonuncunun hesabına 406 manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə almadığını və bağışlamadığını, əlavə olaraq yaşadığı evində narkotik maddə saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisinin, təhqiqatçı Anar Aslanovun, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanmdakı fərdi evə getmişlər. Saat 02:15-də ünvan 3 ünvanında yerləşən fərdi evə baxış keçirmişlər. Baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq orada yerləşən divanın üzərindəki yastığın alt hissəsində gizlətdiyi 01 ədəd sellofanı təqdim etmişdir. Təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürülmüşdür. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 01 bükümdə qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və qabtaşdırılma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 10 qram olmuşdur. Daha sonra həmin narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və qanunla dövrüyəsi qadağan edilmiş, yaxıd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi və daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Nadirin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması hallan müəyyən edilməmişdir Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilir. Həmin sellefon bükülünün içində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülür. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirildi və əynində olan göy rəngli şalvarın digər ciblərindən 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd azadlığı məhdudlaşdıran cihaz, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd 4098 5844 6827 7007 nömrəli plastik bank kartı, 01 ədəd açar, 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Nokia” markalı mobil telefon və 20 manat pul aşkar edildi. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 6 qram oldu. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Noka” markalı və “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülsə də, 20 manat pul, açar və azadlığı məhdudlaşdıran cihaz Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxsdən Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl sonuncunun hesabına 406 manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, əlavə olaraq yaşadığı evində narkotik maddə saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşəşn fərdi evin divanın üzərindəki yastığın alt hissəsində bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər büküm aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə kimyəvi ekspertizasının 17 iyun 2023-cü il tarixli, 6/3392 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə: şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi - imza: Qablaşdırdı: təhq. A.Aslanov - İmza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 5,850 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və "... Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə: şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi - imza: Qablaşdırdı: təhq. A.Aslanov imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 9,210 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi - 15.06 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən jıarkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 15,060 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 14,860 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 4688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilərkən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,86 qram olan narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 234.1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 04 ay 22 gün hissəsini çəkmişdir, cəzasının çəkilməmiş hissəsi 02 il 10 ay 02 gün təşkil edir. Bu səbəbə görə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni tutularkən üzərində narkotik vasitə olmaması, həmçinin evində də narkotik vasitə saxlamaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,86 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay 02 (iki) günü 01 (bir) il 05 (beş) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,86 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar