Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-359/2025 14.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 25 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, işsiz, Sumqayıt şəhəri,Corat qəsəbəsi,ev 459-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün qanunsuz olaraq, küllü miqdarda 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3.040 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 19 fevral 2025-ci il tarixdə, saat 14:55-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi, Baləmi Baləmiyev küçəsi 459 saylı evin yaxınlığında saxlanılıb orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindəki 01 ədəd ”Linex” markalı siqaret qutusunun içərisindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə vaxtı Sumqayıt şəhəri Corat qəsəbəsində onu evin içindən polis əməkdaşları tutmuşlar. Başqa əməliyyatçıları çağırmışlar. Tutulan zaman narkotik vasitənin təsirində olmuşdur. 19 fevral 2024-cü il tarixdə təxmini saat 11:00-12:00 radələrində saxlanılmışdır. Üzərində 0,2 qram miqdarda narkotik vasitə heroin olmuşdur. Onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki təzyiq olunmamışdır. Onu Samid və Ruslan adlı polis əməkdaşları saxlamışdır. Narkotik vasitəni “20 Yanvar” metro stansiyası ərazisində tanımadığı şəxsdən 50-60 manata almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, 1988-cı il tarixdə ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur. Subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 459 saylı yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirtmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Linex” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkildikdən sonra çəkisinin 3.08 qram olduğu müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərin möhürlənmişdir. Daha sonra Pİ-nə gətirildikdən sonra ona şübhəli qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra Pİ-də xidməti otaqların birində ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş və o üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin narkotik vasitənin müvafiq qaydada qablaşdırıldığını bildirmişdir. Bundan soma baxışda iştirak edən Sumqayıt ŞPİnin TŞ-nın əməkdaşı Elnur Feyzullayev üzərində müvafiq qeydlər aparılmış və DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfi təqdim etmiş və həmin zərfin içərisində saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəni təqdim etdiyini, daha sonra həmin narkotik vasitənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, narkotik vasitələrin çəkisinin 3.08 qram olduğunu bildirmişdir. Sorğu zamanı həmin zərfin içərisinə qablaşdırılaraq götürülmüş narkotik vasitə olan “kakos”-un ona məxsus olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən içərisində 055 *** ** ** saylı nömrə olan 1 ədəd Redmi markalı telefonu və 1 ədəd üzərində nömrə olmayan Redmi markalı telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 56-58; 63-70;82-83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qanunsuz dövriyyəsi, istifadəsi, satışı, üzərində saxlanılması və daşınması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə bu barədə məruzə etmişdir. Əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü rəhbərlik etmiş, qrupda ondan başqa Şahid2 və Şahid3 da iştirak etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində şəxsi axtarış keçirilmişdir. Siqaret qutusunda şəffaf bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitəni Bakıdan 100 manata aldığını bildirmişdir. Tutulan zaman təqsirləndirilən şəxsə heç bir fiziki təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş kiçik inskpektoru, baş serjant Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitə heroinin çəkisi 3 qramdan yuxarı olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3 digər Şahid2lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 112-114) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da üzərində saxlamış olduğu 01 ədəd qara rəngli, üzərində “Linex” sözləri yazılmış siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu polis əməkdaşı tərəfindən açılan zaman içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (Cild 1, iş vərəq 36-37) “Şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” 19 fevral 2025-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 20 fevral 2025-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 51-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2375 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 124-125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 3.040 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 43-47) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,990 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir.02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqlər 127-132) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə kimi qəbul olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətinən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq, narkotik vasitələrin və psixotrop maddələrin qanununsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş, lakin həmin məhkumluqları ödənilmişdir. Sonuncu dəfə o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrum edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 25 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, iş vərəqləri 91-95) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlər üzrə məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Belə ki, Təqsirləndirilən şəxs oğurluq, narkotik vasitələrin və psixotrop maddələrin qanununsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Lakin təqsirləndirilən şəxs əvvəlki məhkumluqlardan, ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanununsuz dövriyyəsi ilə bağlı ağır cinayət törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 77-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbsdə olduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlnılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 2.990 qram heroin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlnılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 2,990 qram heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-359/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-359/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver