Məhkəmə qərarları › İş №1(124)-360/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-360/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-360/2023 29.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, xx.xx.2022-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi ilə, külli miqdarda, 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 49,701 qram, 96,185 qram, ümumi təmiz çəkisi 145,886 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 17 sentyabr 2022-ci il tarixdə, saat 22:20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsi, “X16” restoranının qarşısında saxlanılaraq 1-ci polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 49,701 qram və sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 96,185 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qara rəngli şalvarının sol yan cibindən üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir il olar ki, narkotik vasitə olan heroin istifadə edir. Onda 5 qram narkotik olmuş, həmin narkotik vasitəni Namiq adlı şəxsin kartına pul göndərərək qonşusu Bəhruzla gedərək almışdır. Həmi şəxsdən bir neçə dəfə narkotik vasitə almış, bu dəfə də 05 qram narkotik vasitə üçün karta 100 manat göndərmiş, Namiq adlı şəxs də narkotik vasitənin yerini demişdir. Qeyd etdiyi narkotik vasitəni Nizami metrosunun yaxınlığından götürmüşdür. Bəhruzla Sumqayıta qayıdanda bir az o, bir az da özü yolda narkotik vasitə istifadə etmişlər. Sonra Novxanı tərəfdə traktorla yolun kəsildiyini görmüşdür. Bir az dayanmış, qıraqdan 7-8 nəfər adam əllərində ağac parçası ilə gələrək maşının şüşələrin qırmışlar. Gecə saatları olmuş, qorxmuşdur. Həmin şəxslər polis formasında olmamışdır. Traktorla yol kəsilsə də, keçməyə yer olmuş, maşını sürüb qaçmaq istəyəndə bir maşın qabağını kəsmişdir. O, maşını vurmuşdur. Onu tutmuşlar, “nə desək edəcəksən, bu narkotik vasitə səndən çıxıb, eləməsən gedib evindən 1 kq mal çıxaracayıq” demiş və onu döymüşlər. O, iranlı ilə işləmədiyini, üzərində yox, maşınında 5 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı məhkəmədə bunları deməmiş, çünki polislər ona “orada artıq danışsan, sənin başına oyun açarıq” demişlər. Nömrəsi yadında olmamış, sadə telefon işlətmiş, yazışmaları olmamışdır. Əlilliyi böyrək çatmazlığı ilə əlqədardır. Namiqin kartına Mərdəkana çatmamış yolun sağ tərəfində olan Bravo marketdəki Milliöndan 100 manat vurmuşdur. Aldığı narkotik vasitə bir bükümdə heroin olmuşdur. Onda elektron tərəzi olmamışdır. Maşında birinci Bəhruz arxada oturub narkotik vasitə çəkmiş, sonra Bəhruz sürmüş, həmin vaxt da özü çəkmişdir. Ona maşını saxlamaqla bağlı göstəriş verməmişlər, traktor yolu kəsmiş, özü maşını dayandırmış, sürücü tərəfin şüşələrini qırmışlar. Narkotik vasitə sürücü tərəfdə ayaq altında olmuş, Bəhruzla ondan başqa heç kim yerini bilməmişdir. Bəhruza bir dəfə zəng gəlmiş, amma kim olduğunu bilməmişdir. O, bölməyə gətirildiyini, döyüldüyünü, amma onlara üstündə narkotik vasitə olmadığını bildirdiyini qeyd etmişdir. Sonradan Bəhruzu gətirmişlər, o maşında narkotik vasitə olduğunu demişdir.Tutulandan 2-3 saat sonra şəxsi axtarış olmuşdur. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Qaradağ rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib barəsində azadlığın məhdudlaşıdırılması cəzası təyin edilmiş, lakin hökm qanuni qüvvəsinə minmədiyindən ayağına elektron bilərzik taxılmamışdır. Heç bir psixi xəstəlik keçirtməmiş, rəsmi olaraq heç yerdə işləmir. Atası Bakirin adma kirayəyə götürdüyü “Reno Megane” markalı, **-FY-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhər, 20 yanvar metro stansiyasından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə 1 manatlıq taksi sürücüsü kimi işləyir. Təxminən 10 aydır ki, narkotik vasitə heroin qəbul edir, narkotik vasitəni əsasən üzdən tanıdığı Namiq adlı şəxsdən Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində alaraq istifadə etmişdir. X9 təxminən 2 il olar yaşadığı məhəllədən tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bir neçə ay bundan əvvəl Bakı şəhərindən aldığı elektron tərəzi vasitəsi ilə əvvəllər aldığı narkotik vasitələri hissələrə bölmüşdür ki, hissə-hissə istifadə etsin. Həmin tərəzini də əsasən üzərində gəzdirmişdir. 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi “Reno Megane” markalı avtomobillə 20 Yanvar metro stansiyasının yaxınlığında sərnişin gözləmişdir. Həmin vaxt Namiqin də həmin ərazidə olduğunu görmüş və fikirləşmişdir ki, Namiqə yaxınlaşıb ondan narkotik vasitə olan heroin alsın. Buna görə də avtomobildən düşüb Namiqə yaxınlaşmış və söhbət zamanı ondan 500 manatlıq heroin istəmişdir. Namiq də ona orada gözləməsini və gətirəcəyini deyərək oradan getmişdir. Bir neçə dəqiqədən sonra Namiq gəlib yenədə ona yaxınlaşmış və birlikdə onun avtomobilinə əyləşmişlər. Namiq ona bir ədəd sarı rəngli sellofan büküm verib içərisində heroin olduğunu demişdir. O, da həmin bükümü açaraq baxdıqda içərisində heroin olduğunu görmüşdür. Sonra isə Namiqin pulunu vermiş və sonuncu çıxıb getmişdir. Bundan sonra o, avtomobili heç kimin olmadığı bir yerə sürüb orada həmin bir bükümdə olan heroini üzərində olan tərəzi vasitəsi ilə çəkərək iki hissəyə bölmüşdür ki, yenədə hissə-hissə istifadə edər. Sonra isə bükümün birini şalvarının sağ, digərini isə sol yan cibinə, eləcədə tərəzini də şalvarının sol yan cibinə qoymuş və avtomobilini sürüb yenidən 20 Yanvar metro stansiyasının yanına gəlmişdir. Sumqayıt şəhərində işi olduğundan qərara gəlmişdir ki, orada bir neçə dəqiqə gözləsin, müştəri olsa götürüb aparar. Təxminən saat 21:30 radələrində tanışı Bəhruz Hacıyev onun avtomobilini görüb yaxınlaşmış, sərnişin kimi avtomobilə oturub Bakı şəhəri, Lökbatan qəsəbəsi, Qobu park yaşayış massivinə doğru onu aparmasını istəmişdir. O, da Bəhruzun sözündən çıxmayıb demişdir ki, “Sumqayıt şəhərinə gedəcəyəm, daha sonra səni aparacağam, mən də evə gedəcəyəm, yol pulu verməzsən”. Həmçinin Bəhruzdan xahiş etmişdir ki, bir qədər də orada gözləsinlər Sumqayıt şəhərinə müştəri olsa onu da götürüb aparsın. Bəhruz da yol pulu vermədiyi üçün və bekar olduğunu dediyi üçün onunla razılaşmışdır. Bir müddət də orada dayandıqdan sonra Sumqayıt şəhərinə gedən sərnişin olmadığından o, daha yubanmayıb yola düşmək qərarına gəlmişdir. Bəhruz avtomobildə ön sağ oturacaqda oturmuşdur. Həmin gün, saat 22 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, “X16” restoranının qarşısı ilə idarə etdiyi “Reno Megane” markalı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşlarının saxla işarəsi verdiklərini görüb qorxmuş və avtomobili sürüb oradan uzaqlaşmaq qərarına gəlmişdir. Sürəti artırıb oradan uzaqlaşmaq istəyəndə qarşısında hərəkətdə olan dövlət qeydiyyat nişanının və markasını xatırlamadığı başqa avtomobilə toxunmuş və idarə etməni itirib yol kənarında səki daşına çırpılaraq dayanmışdır. Avtomobilinin səki daşına dəyməsi nəticəsində alın nahiyyəsi avtomobilin şüşə hissəsinə dəymiş və xəsarət almışdır. Daha sonra polis əməkdaşları onu və Bəhruzu narkotik vasitələrin qəbulu və üzərilərində gəzdirməkdə şübhəli bilindikləri üçün saxladıqlarını bildirib onları Polis Bölməsinə dəvət etmişlər, onlar da etiraz etməmişlər. Polis Bölməsinə getdikdə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda və sol yan cibindən 01 ədəd sarı rəngli sellofanda olan bükümləri, eləcə də sol yan cibində olan 01 ədəd elektron tərəzini, arxa sol cibində olan 01 ədəd “Redmi 9” markalı mobil telefonu, arxa sağ cibində olan 01 ədəd 20 manatlıq, 03 ədəd bir manatlıq pul əskinazlarını və 01 ədəd alışqanı təqdim etmişdir. Həmin 02 ədəd şəffaf rəngli sellofan bükümlər açılan zaman hər birinin içərisində narkotik vasitə olan heroin olduğu müəyyən olunmuşdur. Ondan həmin maddələri haradan əldə etdiyi soruşulanda fikirləşmişdir ki, əgər Namiqdən aldığını desə sonuncunu da tapıb həbs edərlər. Ona görə də sorğu zamanı o, aşkar olunan maddələrin “heroin” olduğunu, həmin maddələri axşam saatlarında vatsapla danışdığı İran vətəndaşı vasitəsilə müxtəlif ərazilərdə satmaq məqsədilə üzərində gəzdirdiyini, həmçinin aşkar olunmuş elektron tərəzidən narkotik vasitəni satan zaman çəkinin müəyyən edilməsi üçün istifadə etdiyini, həmçinin həmin narkotik vasitələrin satışı zamanı satılan hər narkotik vasitənin bir qramına görə ona bir manat pul verildiyini, narkotik vasitələri yalnız İran vətəndaşının dediyi ünvanlara aparıb qoyduğunu, satışdan əldə edilən məbləğin isə həmin İran vətəndaşı ilə narkotik vasitə alan şəxs arasında onlayn qaydada ödəmə ilə aparıldığını qeyd etmişdir. Daha sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddələr, eləcədə 01 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Bundan sonra şəxsi axtarış iştirakçıları ilə birlikdə PB- nin inzibati binasının qarşısında idarə etdiyi Reno Megane markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilində hər hansı şübhəli predmet və ya əşya, hər hansı bir narkotik . vasitə aşkar olunmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin istifadəçisi olmuşdur. Bəhruz onun narkotik vasitə istifadə etdiyini, eləcədə həmin vaxt üzərində narkotik vasitə olmasını bilməmiş, sonuncuya bu barədə heç bir söz deməmişdir. Bəhruzla bir məhəllədə yaşadıqlarından snuncunu evinə pulsuz aparacağı üçün avtomobilinə oturmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, avtomobillə hərəkətdə olarkən polis əməkdaşlarının saxla işarəsi vermələrinə baxmayaraq onlardan yayınmaq üçün avtomobili sürətlə idarə etdikdə qarşıda hərəkətdə olan digər tanımadığı avtomobilə vurduqdan sonra idarəetməni itirmiş və avtomobil yol kənarında səki daşına çırpılaraq dayanmış və hadisə nəticəsində alın nahiyyəsi avtomobilin şüşə hissəsinə dəyib xəsarət almışdır. Üzərində şəxsi axtarış aparılan zaman fikirləşmişdir ki, əgər heroini Namiqdən aldığını desəm polis əməkdaşları onu da tapıb həbs edə bilərlər. Namiqin ona görə həbs olunmasını istəmədiyindən şəxsi axtarış zamanı və izahatında heroini İran vətəndaşından aldığını demişdir. Hazrda isə həqiqəti demədiyi halda məsuliyyət daşıdığını başa düşdüyündən ifadəsini düzgün verərək heroini Namiqdən aldığını göstərmişdir. Namiqin Bakı şəhəri ərazisində yaşadığını bilsədə konkret olaraq ünvanını bilməmişdir. Eləcədə Namiqin soyadını və ata adını, mobil telefon nömrəsini də bilməmişdir. 20 Yanvar metro stansiyası yaxınlığından sərnişin daşımaqla məşğul olduğundan Namiqlə orada təsadüfən qarşılaşıb tanış olmuş, Namiqdən əvvəllər də bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə almışdır. Namiqi həmin ərazidə gördüyü halda sonuncudan narkotik vasitə almışdır. (cild 1, iş vərəqə 91-95) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Bəhruz Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs və Bəhruz Hacıyevin ola biləcəyi yer müəyyən edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsi ilə hərəkətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs işarə edib saxlamaq istəyəndə o yayınmaq üçün sürəti artırmış və qarşıda hərəkətdə olan avtomobilə toxunaraq idarə etməni itirib səki daşlarına dəyib dayanmış və avtomobildən düşüb qaçmağa cəhd göstərmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Bəhruz Hacıyev avtomobilin ön oturacağında əyləşmişdir. Diqqətini Təqsirləndirilən şəxs avtomobilinə yönləndirdiyindən digər avtomobilin markasına fikir verməmiş, həmin avtomobil isə dayanmayaraq öz hərəktini davam etdirmişdir. Onlar Təqsirləndirilən şəxs və Bəhruz Hacıyevə özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişlər, sonra isə onları Sumqayıt ŞPİ-nin 1-ci PByə aparmışlar. Polis bölməsində xidməti otaqların birində video görüntü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hərhansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs özü əynində olan şalvarın ciblərindən 02 ədəd sellofanda olan bükümləri, 01 ədəd elektron tərəzini, 01 ədəd mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükümlər açılan zaman hər birinin içərisində narkotik vasitə heroinə bənzər maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddələrin heroin olduğunu, həmin maddələri axşam saatlarında “Whatsapp” tətbiqində tanış olduğu tanımadığı İran vətəndaşı vasitəsilə müxtəlif ərazilərdə satmaq məqsədilə üzərində gəzdirdiyini, həmçinin aşkar olunmuş elektron tərəzidən narkotik vasitəni satan zaman çəkinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobili qarşıda hərəkətdə olan digər avtomobilə vurması ilə bağlı alın nahiyyəsinin avtomobilin şüşə hissəsinə dəyərək xəsarət aldığını bildirmişdir. Daha sonra Hacıyev Bəhruzun da üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, məhkəmədə ifadələri alınmış digər polis əməkdaşları Şahid1,Şahid3 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. (Cild 1, iş vərəqə 138-141) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1988-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1982-ci il tarixdə Fizuli rayonunda anadan olmuş, Fizuli şəhəri, B.Eyvazov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan X6 narkotik vasitələrin istifadəsi, üzərində saxlamaları və satışı ilə məşğul olmaları, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi “Reno Meqan” markalı avtomobildə saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00164, 00166 və 00167 kimi qeyd olunmuş videogörüntülərin olması müəyyən olundu. 00164 kimi qeyd olunmuş videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Ruslan Vəliyev özünü təqdim edərək Təqsirləndirilən şəxs da özünü təqdim etməsini bildirir. Sonuncu özünü təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxdlanıldığını izah edir və polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirir. Onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X3 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda və sol yan cibindən 01 ədəd sarı rəngli sellofanda olan bükümləri, eləcə də sol yan cibində olan 01 ədəd elektron tərəzini, arxa sol cibində olan 01 ədəd “Redmi 9” markalı mobil telefonu, arxa sağ cibində olan 01 ədəd 20 manatlıq, 03 ədəd bir manatlıq pul əskinazlarını və 01 ədəd alışqanı təqdim edir. Həmin 02 ədəd şəffaf rəngli sellofan bükümlər açılan zaman hər birinin içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər maddələrin olduğu görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddələrin “heroin” olduğunu, həmin maddələri axşam saatlarında Whatsapp ani mesajlaşma sistemində tanış olduğu tanımadığı İran vətəndaşı vasitəsilə müxtəlif ərazilərdə satmaq məqsədilə üzərində gəzdirdiyini, həmçinin aşkar olunmuş elektron tərəzidən narkotik vasitəsni satan zaman çəkinin müəyyən edilməsi üçün istifadə etdiyini, həmin narkotik vasitələrin satışı zamanı satılan hər narkotik vasitənin bir qramına görə bir manat pul ona verildiyini, narkotik vasitələri yalnız İran vətəndaşının dediyi ünvanlara aparıb qoyduğunu, satışdan əldə edilən məbləğin isə həmin İran vətəndaşı ilə narkotik vasitə alan şəxs arasında onlayn qaydada ödəmə ilə aparıldığını, saxlanılan zaman idarə etdiyi avtomobildə tanışı X13 ilə birlikdə saxlanıldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi avtomobili qarşıda hərəkətdə olan digər avtomobilə vuran zaman alın nahiyyəsi avtomobilin 'şüşə hissəsinə dəyərək alın nahiyyəsindən xəsarət aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan qəhvəyi rəngli toz halında maddələr elektron tərəziyə qoyulub çəkilən zaman onlardan sarı rəngli sellofanda olan bükümün çəkisinin 51,79 qram, digər ağ rəngli şəffaf sellofanda olan bükümün çəkisinin 98,61 qram, hər iki bükümün ümumi çəkisinin isə 150,79 qram olduğu müəyyən olunur. Aşkar olunmuş həmin maddələr və 01 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd 20 manatlıq, üç ədəd bir manatlıq pul əskinazı, 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Sonda isə çəkiliş dayandırılır.(cild 1, vərəqə 43, 44-45, 52, 126-127) “Şəxsi axtarış keçirilməsi barədə”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 126” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 02 ədəd bükümdə ayrı-aynlıqda təmiz çəkisi 96,185 qram, 49,701 qram, ümumi təmiz çəkisi 145,886 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xaici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir.. (cild 1, iş vərəqə 62-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndiə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 146-147) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 145,886 qram narkotik vasitə heroin, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 145,786 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir.(cild 1, iş vərəqə 174-189) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 153-154, 155-159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdam rayon İHBnın Qiyaslı kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 129) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı 02 uşağı vardır. ( cild 1, iş vərəqə 132) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmaması, ifadəsində qeyd etdiyi 5 qram narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və İİ dərəcəli əlil olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə aır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X5 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il (06) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs birinci dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetə ilə bağlı olmayan cəza təyin olunmasından cəmi 2 gün sonra islah olunmağa cəhd etmədən, yenidən narkotik vasitə əldə etməsini, ağır cinayət törətməsini nəzərə alaraq ona hazırda başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə sanksiya çərçivəsində daha ağır cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndiə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 145,786 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 145,786 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar