Məhkəmə qərarları › İş №1(124)-364/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-364/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-364/2025 15.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən sözügedən hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 06 ay hissəsi azaldılmış, Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı ilə danışıb sonuncunun xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsi, Ş.İ.Xətai küçəsində daşların arasına qoyduğu 1 ədəd rəngli selofanın içərisində olan, üzəri şəffaf yapışqanlı lentlə sarılmış, 1 ədəd qara rəngli sellofan bükümdə, külli miqdarda - 1030 qram çəkidə bitki mənşəli kütlə tərkibi narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə götürüb Qobu qəsəbəsi, Ş.İ.Xətai küçəsində daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 16:52-də Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin küçədə saxlanılıb, orada videoçəkilişlə saat 16:52-dən 17:05-dək üzəri yoxlanılan zaman onun əlində olan 1 ədəd qırmızı rəngli sellofanın içərisindən üzəri şəffaf yapışqanlı lentlə sarılmış, bir ədəd qara rəngli sellofan bükümdə həmin 1030 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində aşağıdakıları göstərmişdir: “Mən təxminən 8-10 il olar ki, psixotrop maddələrin istifadəsinə görə narkoloji dispanserdə qeydiyyatdayam, psixoloji xəstəliyim var. Özüm elektrik ustasıyam. Bir gün Abşeron rayon Qobu qəsəbəsində yaşayan Vahid adlı şəxs məni evinə usta kimi işləməyə çağırdı. Mən əvvəllər Vahidin evində usta kimi işlədiyim üçün onu tanıyırdım. Evdə işlədiyim müddətdə Vahid mənim telefonumu götürüb nəsə yazdı, ancaq nə yazdığından xəbərim olmadı. Həmin müddətdə mən telefonumu internətə qoşulması üçün Vahidə vermişdim. Bundan 2 dəqiqə sonra evdən çıxanda Vahid də işi ilə əlaqədar olaraq mənimlə birgə gələcəyini və dayanacaqda məni taksi ilə yola salacağını söylədi. Vahidlə Abşeron rayon Qobu qəsəbəsi Fikrət Əmirov küçəsindən dayanacağa piyada gəldik. Vahid bir neçə dəqiqəlik işinin olduğunu deyib yanımdan ayrıldı və az sonra əlində bir ədəd sellofan torba ilə geri qayıtdı. Vahid geri qayıdanda yanımıza polis əməkdaşları yaxınlaşdı, bu zaman Vahid əlindəki sellofan torbanı atıb qaçdı, ancaq narkotik vasitə mənə aid olmadığı üçün mən qaçmadım. Polis əməkdaşları Vahidi yox, məni saxladı. Polis əməkdaşlarına sellofan torbanın içindəkindən xəbərimin olmadığını söylədim. Polis əməkdaşları məni maşına əyləşdirdi və narkotik vasitəni üzərimə götürməyə məcbur etdilər. Çəkiliş zamanı polis əməkdaşları təzyiq etdiyi üçün narkotik vasitəni üzərimə götürməyə məcbur oldum. Mən psixotrop maddə istifadəçi olduğum üçün hər gün işdən sonra psixotrop maddəni qəbul edirdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Vahidlə birlikdə dəfələrlə narkotik vasitə qəbul etmişəm. Mən pul ödəyərək Vahiddən narkotik vasitə almışam və ya evində çalışdığıma görə mənə narkotik vasitə verirdi. Vahid ünvan 2 ünvanında yaşayır. Vahidin nə üçün məni polislərə ələ verməsinin səbəbini bilmirəm. Polis əməkdaşları Vahidi 2 dəfə narkotik vasitələrin istifadəsinə görə saxlamışdı, ancaq daha sonra buraxmışdılar. Vahidlə aramızda heç bir düşmənçilik yoxdur. Polis əməkdaşları mənə fiziki təzyiq göstərdiyi üçün narkotik vasitəni üzərimə götürməyə məcbur oldum. Azərbaycan Respublikasının Baş prokurorluğuna, Abşeron rayon prokurorluğuna və Ədliyyə Nazirliyinə polis əməkdaşları tərəfindən döyülməyimlə bağlı ərizə ilə müraciət etmişəm. Abşeron rayon prokurorluğundan əməkdaşlar məndən ifadə alıb, ancaq oradan cavab gəlməyib. Mən prokurorluğa olan müracətimdə hər şeyi həm polis əməkdaşları tərəfindən döyülməyimi, həm də narkotik vasitənin mənə aid olmadığını bildirmişdim. Həbs qətimkan tədbiri seçilən zaman hakimə mənə fiziki təzyiq göstərilməsini və narkotik vasitənin mənə aid olmadığını bildirmişəm. Hadisənin baş verdiyi gündən bir gün əvvəl Vahidin evində idim, ancaq telefonum Vahiddə olmayıb, cibimdə olub. Polis əməkdaşları məni 27 fevral 2025-ci il, saat 14:00-da saxladılar. Polis əməkdaşları məni saxladıqdan sonra döydülər və maşına mindirdilər. Polis əməkdaşlarına Vahidin evinin yerini bildiyimi onları Vahidin evinə apara biləcəyimi söylədim və Vahidi deyil, məni saxlama səbəbini soruşdum. Polis əməkdaşları məni X16 gətirdilər və polis bölməsində videoçəkiliş etdilər. Videoçəkiliş çöldə, mən tutulduqdan 1-2 saat sonra oldu. Döyüldükdən sonra bədənimdə əzilmələr qalmışdı. Abşeron Rayon Məhkəməsində barəmdə həbs qətimkan tədbri seçilərkən hakim Şəhla Məmmədova polis əməkdaşları tərəfindən mənə olunan fiziki təzyiqlərin araşdırılacağını qeyd etdi. Bir gün sonra iki polis əməkdaşı ilə birgə xəstəxanaya gətirildim. Xəstəxanada həkim üzümdə heç bir xəsarətin olmadığını bildirdi. Mən Xırdalanda xəstəxanada həkimin müayinəsi zamanı bədənimdə xəsarət izləri olmasa da döyüldüyümü, nəfəs almaqda çətinlik çəkdiyimi bildirmişəm. Bakı İstintaq Təcridxanasına gətiriləndə həkimlərin müayinəsindən keçərkən onlara polis əməkdaşları tərəfindən döyülməyimi bildirməmişəm.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, təxminən 2007-ci ildən indiyədək psixotrop dərmanlardan, 1-2 aya yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Öz istifadəsi üçün psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2025-ci il tarixdə saat 15:57-də +98-***-***-**-** saylı mobil telefon nömrəsindən adını təqdim etməyən İran İslam Respublikası vətəndaşı onun istifadəsində olan 055-868-97- 50 saylı mobil telefon nömrəsinə Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə zəng edərək əlaqə yaratmışdır. Söhbət zamanı həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmiş, söhbət əsnasında onun narkotik vasitə istifadəçisi olmağını bildiyini deyib, onunla əlbir fəaliyyətdə olmağı, Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə ona göndərəcəyi ünvandan içərisində narkotik vasitə olan bağlamanı götürüb sonradan pulunu verməyi təklif etdikdə ona narkotik vasitə deyil, psixotrop tərkibli dərman istifadə etdiyini demişdir. Sonuncu da həmin kütləni götürüb özündə saxlamağı, sonra isə onun dediyi yerə qoymaq qarşılığında ona “Lirika” adlı dərman preparatı verməyi təklil etmişdir. O, razılaşdıqda isə istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə narkotik vasitəni qoyduğu yerin fotoşəklini və həmin yerin məkan paylaşımını (konum) göndərilmişdir. Həmin vaxt Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi evlərin birində fəhləlik etməklə məşğul olmuş, mobil telefonuna göndərilmiş fotoşəkli gördükdən sonra həmin yeri tanımış, oranın işlədiyi yerdən təxminən 500-600 metr aralıda olduğu yerə paralel məhəllədə olduğunu bildiyi üçün həmin yerə gedib ərazini axtarmış və mişar daşlarının arasına qoyulmuş bir ədəd rəngli sellofan torbanı götürmüşdür. Həmin sellofan torbanın içərisində bir ədəd qara rəngli sellofana bükülmüş ot formasında kəskin spesifik iyə malik kütlə olmuş, o, həmin sellofan torbanı götürüb oradan uzaqlaşmaq istəyəndə polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o da əlində olan rəngli sellofan torbanı təqdim edib həmin sellofan torbada narkotik vasitə olan marixuana olduğunu bildirib həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuana qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 01, iş vər. 77-79). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən Narkoloji dispanserdə dövlət tərəfindən hər 15 gündən bir dərmanla təmin olunurdum. Bununla yanaşı Vahidlə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişəm. İbtidai istintaqda ifadə verərkən müstəntiqə “Vahid” adlı şəxs barəsində məlumat vermişəm. Prokurorluq orqanlarına müraciət edəndə də “Vahid” adlı şəxs barəsində, eyni zamanda narkotik vasitənin mənim deyil, Vahidə aid olması ilə bağlı ərizəmdə bildirmişdim.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində aşağıdakıları göstərmişdir: “Mən hal-hazırda Binəqədi Rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində işləyirəm. Əvvəl isə Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışmışam. Bizə bir nəfər şəxsin X17 küçəsində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil oldu. 4 nəfərdən ibarət əməliyyat qrupu yaradıldı və əməliyyat qrupu olaraq şəxsin əlində sellofan torbanı görərək onun olduğu yerə yaxınlaşdıq. Həmin şəxsi saxladıq və özümüzü təqdim etdik. Şəxsdən əlindəki sellofan torbanı soruşanda o, narkotik vasitə marixuana olduğunu bildirdi. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini və onunla yazışımalarının da olduğunu bildirdi. X18 Respublikası vətəndaşından əldə etdiyi narkotik vasitə marixuananı tapşırılan ünvana qoyacağını, bunun qarşılığında ona pul və narkotik vasitə veriləcəyini bildirdi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxs saxlanılan zaman tək idi və onun yanında heç kim yox idi. Şəxsə qarşı heç bir təzyiq olmayıb. Şəxs tutulduğu andan sənədləşdirmə aparılıb. Saxlanılan zaman “Vahid” adlı şəxs orada yox idi. Mən ümumiyyətlə “Vahid” adlı şəxsi tanımıram. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Həmin gün bizdə şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı olub.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X16 xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu Qobu qəsəbəsində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadəsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu Qobu qəsəbəsində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadəsində şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:52-də Ş.İ.Xətai küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üzərinə video çəkilişlə baxış keçirilmiş və əlində saxladığı rəngli sellofan paketin içərisində olan qara rəngli sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildiyindən, şəxs Abşeron Rayon Polis İdarəsinin X16 gətirilmişdir (cild 01, iş vər 04) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələr qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı qarışıq rəngli sellofon paketin içərisində olan qara rəngli sellofona bükülmüş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, 1 ədəd «Samsung A03» markalı mobil telefon, içərisində şəxsiyyət vəsiqəsi və bank kartı olan pul qabı aşkar olunmuş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı tərəfindən ona “Whatsapp” proqramı vasitəsi ilə göndərilmiş konumdan əldə etdiyini, həmin narkotik vasitəni götürüb tələb olunan yerə qoyduqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 11-12). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 fevral 2025ci il tarixli 7/373 nömrəli rəyindən görünür ki, . tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs....marixuanaya bənzər kütlə....» yazısı və imzalar olan polietilen bağlamada 1 ədəd üzəri skoçlu qara rəngli sellofanda təmiz çəkisi 1030 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 51-54). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(012)-180/2025 saylı qərarının surətindən görünür ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 65-66). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər.153). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekpertizasının xx.xx.2025-ci il tarixli 2088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 01,iş vər.154-155). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus və şəxs saxlanılarkən üzərindən götürülmüş “Samsung A03” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 159). Cinayət işinin materiallarında olan ambolator məhkəmə-psixiatrik eskpertizasının 19 may 2025-ci il tarixli 1596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliydən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01,iş vər.160-163). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitənin əldə olunduğu mənbə ilə bağlı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır (cild 01,iş vər.173-182). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan Baş prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsirlərə və ya təzyiqlərə məruz qalması barədə qeyd etdiyi xüsusatlarla bağlı araşdırma aparılmış, lakin qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin X16 xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu Qobu qəsəbəsində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadəsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2025-ci il tarixdə saat 16:52də Ş.İ.Xətai küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üzərinə video çəkilişlə baxış keçirilmiş və əlində saxladığı rəngli sellofan paketin içərisində olan qara rəngli sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildiyindən, şəxs Abşeron Rayon Polis İdarəsinin X16 gətirilmişdir. Götürülmüş maddə məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən təxirəsalınmaz əməliyyat axtarış tədbiri barədə qərar Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(012)-180/2025 saylı qərarı ilə qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs sözügedən İran İslam Respublikası vətəndaşı ilə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (narkotik vasitəni əldə etməsi və ondan həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs yalnız barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir ki, onun qeyd etdiyi xüsusatlar Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırılmış, lakin qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanıldıqdan qısa müddət sonra ekspertizadan keçirilmiş, lakin onun bədənində döyülməyə xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin (narkotik vasitəni əldə etməsi və ondan həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəni qoyur. Təqsirləndirilən şəxs X5 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X5 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Yaşayış yeri üzrə müsbət səciyələndirilir. Təqsirləndirilən şəxs himayəsində himayəsində 2011-ci il təvəllüdlü X7 adlı bir azyaşlı uşağı vardır (cild 01, iş vər. 143-145). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Muradov X8 Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən sözügedən hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 06 ay hissəsi azaldılmış, Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 111-112). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Muradov X8 Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il müddət keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluğuna diqqət yetirdikdə görünür ki, o, daha əvvəl az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, lakin bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)- 108/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 40, 89-93). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1029,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 01 ədəd “Samsung A03” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalı, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1029,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş materiallarında olan 01 ədəd “Samsung A03” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar