Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-366/2024 29.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən «Cavid» ticarət mərkəzinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 10,901 qram çəkidə narkotik vasitə heroin əldə edib Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə daşımış və üzərində saxlamış, 22 iyun 2023-cü il tarixdə saat 08:00 radələrində yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 3 saylı evin yaxınlığında Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əmədaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 09:35-dən 09:55-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,901 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o nə narkotik istifadəçisidir, nə də ki narkotik satan. 22 iyun 2023-cü il tarixdə saxlanılan zaman birinci dəfə idi ki, narkotik görürdü. 22 iyun 2023-cü il tarixdə səhər işə gedən zaman Ceyranbatan qəsəbəsində yaşadığı evin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu polis bölməsinə aparmışlar. Bölmədə onu ailəsilə hədələyərək narkotiki öz üzərinə götürməyə onu məcbur etdilər. O da məcbur qalıb sənədlərə qol çəkib üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, onun heç bir polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, dindar olması səbəbi ilə ona qarşı belə bir hərəkətə yol verilmişdir. Məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaqın əvvəlində, yəni tutulduqdan bir gün sonra 23 iyun 2023-cü ildə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 03 il olar ki, narkotik vasitə hesab olunan heroindən istifadə edir. 21 iyun 2023cü il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhərində yerləşən “Cavid” Ticarət mərkəzinin yaxınlğında bir şəxs ona yaxınlaşaraq onda narkotik vasitə hesab olunan heroin olduğunu və bir bükümünü 120 manata satdığını demişdir. Bundan sonra o, həmin şəxsə 120 manat pul verib ondan 01 bükümdə narkotik vasitə hesab olunan heroini alaraq əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Ordan sonra isə yaşadığı evə gəlmişdir. Həmin günün səhəri yəni xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşadığı evin yaxınlığında küçə ilə hərəkət edərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları kimi təqdim edərək Abşeron rayon polis idarəsinin X8 dəvət etmişlər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan 01 büküm narkotik vasitə hesab olunan heroini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis işçilərinin iştirakı ilə təhqiqatçı Nicat Həsənli tərəfindən üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, müdafiəçi ilə təmin olunmuşdur. Bu zaman polis əməkdaşları üzərində hər hansı bir qadağan olunmuş əşya və predmetin olub-olmamasını soruşanda o, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 büküm aldığı heroini çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisində baxılmış, sonra isə öz bükümünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin narkotik vasitəni 21 iyun 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən təsadüfən 120 manata almış və həmin şəxsi birinci dəfə görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, o, Abşeron RPİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Abşeron RPİ-nin Saray PB-də daxil olmuş əməliyyat məlumatına əsasən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 22 iyun 2023-cü il tarixdə saat 07-08 radələrində o, qrup üzvü Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmişlər. 22 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində orada olan zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra bölməyə gəlib araşdırma aparılması üçün PB-nin təhqiqatçısı Nicat Həsənliyə təhvil vermişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra vəkil və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini 21 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, Cavid ticarət mərkəzinin yaxınlığında əvvələr tanımadığı şəxsdən 120 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, daha əvvəl onun barəsində əməliyyat aparatına əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqdakı ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Saray PB-nin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şübhəli şəxs qismində saxlandığını deyərək həmin şəxsin üzərinə şəxsi axtarış aparılaçağını və onun da həmin axtarışda iştirak etməyini xahiş etmişlər. O polis əməkdaşının təklifinə etiraz etməmişdir. Bundan sonra həmin polis əməkdaşları ilə birlikdə Saray PB-nə getmiş və PB-də xidməti otaqların birində əvvələr tanımadığı, adını baxış zamanı öyrəndiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini öyrənmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkili, polis əməkdaşları və digər hal şahidinin iştirakı ilə baxış başlanmışdır. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilmişdir. Daha sonra onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub olmadığı soruşulmuşdur. Bundan sonra Samir əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Samirdən təqdim etdiyi bükümün nə olduğu soruşulanda o bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin bükümü bir gün əvvəl Sumqayıt şəhərində yerləşən “Cavid” ticarət mərkəzinin yaxınlığında əvvələr tanımadığı şəxsdən 120 manata aldığını demişdir. Daha sonra polis əməkdaşları tərəfindən sellofan büküm açılmış və içərisində qəhvəyi rəngli toz şəklində maddə olduğu aşkar edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid həmçinin ifadəsində göstərdi ki, o polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı təsir, təzyiq olmasını görməmiş, Təqsirləndirilən şəxs həmin vaxt heç nəyə etirazını bildirməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqdakı ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 ibtidai istintaqdakı ifadəsində məhkəmədə dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nin Saray PB-nə xx.xx.1992-ci il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 3, mənzil 24-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1992-ci il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 3, mənzil 24-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Piriyev X4 rayonu, Ceyranbatan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 22 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu sual zamanı bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən “Cavid” Ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 120 manata aldığını bildirmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının 22 iyun 2023-cü il tarixli, 6/3494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 246» dairəvi möhür əksi, «...3) (imza) Təqsirləndirilən şəxs...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,901 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vər. 43-47). Qeyd: heroinin təmiz çəkisi – 10,901 qram, tədqiqata sərf olunan miqdar 0,1 qram, qalıq 10,801 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4819 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 10,901 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 10,801 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Abşeron RPİdə saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,901 qram külli miqdarda olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,901 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaqın əvvəlində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində ilk dəfə dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 22 iyun 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 10,801 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 10,801 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-366/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-366/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver