Məhkəmə qərarları › İş №1(124)-367/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-367/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-367/2022 29.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və və psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətini törətmiş, eləcə də qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirmə cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin 470 manat, yaxud üçdən bir hissəsinin ona verilməsi müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 22 fevral 2022-ci il tarixdə bir qrup şəxs halında naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Monza” şadlıq sarayının yaxınlığında qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş külli miqdarda ümumi təmiz çəkisi 35,899 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələlərin siyahısı”na daxil edilmiş külli miqdarda ümumi təmiz çəkisi 10,175 qram çəkidə ağ rəngli, kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə həmin 35,899 qram çəkidə narkotik vasitə olan heroin və 10,175 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə baş verən gün telefonuna narkotik vasitələrin olduğu yer göndərilmiş, o da axşam saatlarında 8 qram narkotik vasitəni götürmək üçün oraya getmiş, lakin narkotik vasitəyə əlini belə vurmadan tutulmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, hadisə yerinə Kamran ilə getmiş, çünki ünvan telefonda olmuş, onun da telefondan başı çıxmamışdır. Orada iki polis əməkdaşı onları tutmuş və “PPTX”-nin avtomobilinə mindirərək aparmışlar. Onu tutduqları vaxt o qaçmamış, həmin narkotik vasitə üçün pul ödəməmişir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, 2015-ci ildən narkotik vasitə istifadə edir, bədəni yandıqdan sonra ağrılarının azalması üçün narkotik vasitədən istifadə etməyə başlamışdır. İstintaq zamanı da bu formada ifadə vermiş, əgər istintaq zamanı olan ifadəsi bu formada yazılmayıbsa həmin ifadəni təsdiq etmir, oxumağı və yazmağı bilmir, o verilən sənədləri sadəcə imzalamışdır. İstintaq zamanı sənədləri imzaladıqdan sonra vəkilin polis bölməsinə gəldiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onunla xarici nömrə ilə əlaqə saxlayan “İran vətəndaşı” ilə tanışlığı yaranmışdır. Həmin şəxs ona Bakı şəhəri və digər ətraf ərazilərə narkotik vasitə və ya psixotrop maddə qoydurduğunu, onun həmin maddələri qoyulan yerdən götürərək deyilən yerə qoymağını və bunun müqabilində ona qoyulmuş narkotik vasitənin 30 faizinin veriləcəyini bildirmişdir. O, da təxminən 7 ilə yaxındır ki, bədənində olan ağrılara görə narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. Təxminən tutulmamışdan bir həftə əvvəl “İran vətəndaşı” ona şəkil göndərərək narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, "Monza" şadlıq sarayının yaxınlığına qoydurmasını demişdir. O, həmin narkotik vasitəni götürərək Bakı şəhəri Binəqədi rayonu ərazisində ona deyilən yerə qoyub şəklini çəkərək İran vətəndaşına atmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdə olan zaman İran vətəndaşı ona yenə şəkil göndərərək narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, "Monza" şadlıq sarayının yaxınlığındakı dəmir dirəyin dibinə qoydurmasını demişdir. O, da buna görə tanışı Şahid1 ilə birlikdə deyilən yerə gedib narkotik vasitəni götürmüşdür. Həmçinin Kamran da narkotik vasitə istifadəçisi olduğu üçün ona düşən hissədən ona da narkotik vasitə verəcəyini bildirmişdir. O, İran vətəndaşı tərəfindən göndərilmiş şəkilə əsasən yerini müəyyən etdiyi qırmızı rəngli günəbaxan tumu qabının içərisində olan narkotik vasitəni götürmüşdür. Bundan sonra Kamranla birlikdə piyada hərəkət etməyə başlamışlar. Bu zaman iki-üç nəfər polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra onlardan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. Onlar şəxsiyyətini təsdiq edən sənədin üstündə olmadığını bildirmiş və qaçmağa başlamışlar. Bu zaman polis əməkdaşları onları saxlamışlar və onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Rayon Polis İdarəsində o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli günəbaxan tumu qabını çıxararaq içərisindəki iki ədəd bükümü təqdim edib şəffaf rəngli sellofana bükülmüş bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digər şəffaf rəngli sellofan bükümün içərisində isə metamfetamin olmasını bildirmişdir. Qeyd etmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni İran vətəndaşından qoyulmuş yerdən götürərək deyilən yerə qoymaq və öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, təxminən 7 il müddətdir ki, narkotik vasitədən istifadə edir, həmin maddələri də həm öz istifadəsi, həm də qoyulmuş yerdən götürərək deyilən yerə qoymaq üçün üzərində gəzdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən gecə saat 03-04 radələrində Masazır qəsəbəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs və onun yanında olan bir nəfər şəxs şübhəli davranışları ilə diqqətlərini çəkmiş və onlara yaxınlaşmaq istədikdə Təqsirləndirilən şəxs qaçmağa başlamış, onun yanındakı şəxs isə yerində qalmışdır. Təqsirləndirilən şəxs onlardan qaçdığına görə saxlamış və Abşeron rayon polis idarəsinə aparmışlar. Orada olarkən Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə aşkar edilmiş, lakin axtarış nəticəsində onun üzərindən hansı narkotik vasitənin aşkar edildiyini və miqdarını xatırlamadığını bildirmişdir. Hər iki şəxsin polis idarəsinə aparıldığını və özünün də təqsirləndirilən şəxsin üzərinə keçirilən şəxsi axtarışda iştirak etdiyini qeyd etmişdir. Şahid məhkəmə tərkibinin sualına cavab olaraq hadisənin törədilmə vaxtını da xatırlamadığını qeyd etmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantıdır. 22 fevral 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 4768 çağırışlı avtopatrulla Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3la birlikdə xidmətdə olarkən Abşeron rayonu, Masazır qəsəbəsi, «Monza» şadlıq sarayının yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmış və özlərini təqdim etmişlər, şəxsiyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər onlara bildirmişlər ki, onların üzərində şəxsiyyətlərini təsdiq edən heç bir sənəd yoxdur. Həmin şəxslər onların verdikləri suallara cavab verərkən qaçmağa başlamışlar. Onlar dərhal onların arxasınca qaçaraq onları yaxalamışlar. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onları Abşeron RPİ-nə gətirmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti araşdırılarkən onlardan birinin xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1994-cü il təvəllüdlü Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra müdafiəçi və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli günəbaxan tum qabını çıxararaq içərisindəki iki ədəd bükümü təqdim etmişdir. Həmçinin şəffaf rəngli sellofana bükülmüş bükülülərdən birinin içərisində narkotik vasitə olan heroin, digər şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə kütlə ekspertizaya təqdim edilməsi üçün götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vuruldu. Sonra “şəxsi axtarış və götürmə” barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsində xidmətdə olarkən gecə saat 03-04 radələrində Təqsirləndirilən şəxs və onun yanında olan bir şəxs özlərini şübhəli apardıqlarına görə onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs saxlayaraq növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərindən heroin və metamfetamin aşkar edilmiş, həmçinin onlar digər şəxsin üzərinə də baxış keçirmiş, lakin onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Lakin onun üzərindən aşkar edilən narkotik vasitənin miqdarı və növünü xatırlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı dediklərinin yalan olduğunu bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid məhkəmə tərkibinin sualına cavab olaraq hadisənin törədilmə vaxtını da xatırlamadığını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 22 fevral 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 4768 çağırışlı avtopatrulla Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid4lə birlikdə xidmətdə olarkən Abşeron rayonu, Masazır qəsəbəsi, «Monza» şadlıq sarayının yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmış və özlərini təqdim etmiş, şəxsiyətlərini təsdiq edən sənəd təqdim etmələrini onlardan xahiş etmişlər. Həmin şəxslər onlara bildirmişlər ki, üzərində şəxsiyyətlərini təsdiq edən heç bir sənəd yoxdur. Həmin şəxslər onların verdikləri suallara cavab verərkən qaçmağa başlamışlar. Onlar dərhal onların arxasınca qaçaraq həmin şəxsləri yaxalamışlar. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onları Abşeron RPİ-nə gətirmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəi araşdırılarkən onlardan birinin xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1994-cü il təvəllüdlü Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra Abşeron RPİnin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kaptanı X2, həmin günü növbədə olan Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli günəbaxan tum qabını çıxararaq içərisindəki iki ədəd bükümü təqdim etmişdir. Həmçinin şəffaf rəngli sellofana bükülmüş bükülülərdən birinin içərisində narkotik vasitə olan heroin, digər şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Lakin axtarış nəticəsində onun üzərindən aşkar edilən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin miqdarını xatırlamır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə kütlə ekspertizaya təqdim edilməsi üçün götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ay müddətdir tanıyır. Belə ki, o, təxminən bir il müddətdir narkotik vasitə istifadə edir və Maliklə tanışlığı da buradan yaranmışdır. O, öz şəxsi istifadəsi üçün Malikdən bir neçə dəfə narkotik vasitə almışdır. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində narkotik vasitə almaq üçün Malikin yaşadığı evə getmişdir. Malik narkotik vasitə olmadığını bildirdiyi üçün bir neçə saat gözləməli olmuşdur. Malik daha sonra ona narkotik vasitə əldə etmək üçün getməyini, narkotikin qoyulduğu yeri tapmaqda köməklik göstərməyini, əvəzində isə ona pulsuz narkotik vasitə verəcəyini demişdir. O, da Maliklə razılaşmışdır. Onlar əvvəlcə Bakı şəhəri, "20 Yanvar" metrostansiyası yaxınlığına, oradan da Abşeron rayonu, Masazır qəsəbəsi, "Monza" şadlıq sarayının yaxınlığına gəlmişlər. Orada İran vətəndaşı tərəfindən göndərilmiş şəkilə əsasən Malik narkotik vasitənin yerini müəyyən etmiş və həmin narkotik vasitəni götürmüşdür. Lakin həmin vaxtı Malik ona narkotik vasitədən heç nə verməmişdir. Bundan sonra onlar birlikdə piyada hərəkət etməyə başlamışlar. Bu zaman polis geyim formasında olan iki-üç nəfər polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra onlardan şəxsiyyətini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Onlar şəxsiyyəti təsdiq edən sənədin üstlərində olmadığını bildirmişlər. Bu zaman Malik qaçmağa başlamışdır. Lakin polis əməkdaşları onu və Maliki saxlayaraq onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Bundan sonra Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 22 fevral 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 4768 çağırışlı avtopatrulla Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid3 və polis kiçik serjantı Şahid4lə birlikdə xidmət apararkən Abşeron rayonu, Masazır qəsəbəsi, «Monza» şadlıq sarayının yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxsiyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər bildirmişlər ki, onların üzərində şəxsiyyətlərini təsdiq edən sənəd yoxdur. Həmin şəxslər onların suallarına cavab verərkən onlardan qaçmağa başlamışlar. Onlar dərhal həmin şəxslərin arxasınca qaçaraq onları yaxalamışlar. Həmin şəxslər özlərini şübhəli apardıqlarına görə Abşeron RPİ-nə gətirmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti araşdırılarkən onlardan birinin xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1994-cü il təvəllüdlü Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra Abşeron RPİnin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kaptanı X2, həmin günü növbədə olan Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 və onun iştirakı ilə əynində tünd yaşıl rəngli gödəkçəsi olan Təqsirləndirilən şəxs təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli günəbaxan tum qabını çıxararaq içərisindəki iki ədəd bükümü təqdim etmişdir. Həmçinin şəffaf rəngli sellofana bükülmüş bükülülərdən birinin içərisində narkotik vasitə olan heroin, digər şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə kütlə ekspertizaya təqdim edilməsi üçün tərəfimizdən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulpmuşdur. Sonra baxış və götürmə barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Monza” şadlıq sarayı yaxınlığında Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinərək saxlanılmış və Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə» protokolu və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən günəbaxan tumu qabının içərisindən iki ədəd sellofan bükümü çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdən birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu qeyd edərək həmin bükümlərin özünə məxsus olduğunu və “İran vətəndaşı”ndan əldə etdiyini deyir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərin məhkəmə istintaqı zamanı tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” mobil telefonuna və həmin telefonda olan “whatsapp” proqramına baxış keçirilmişdir. Baxış nəticəsində Təqsirləndirilən şəxs tərəfindən “whatsapp” proqramı vasitəsilə müxtəlif kart nömrələrinə pul vəsaitinin göndərilməsini əks etdirən çeklərin fotoşəkillərinin göndərildiyi müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 160 AZN, xx.xx.2022-ci il tarixdə 320 AZN, xx.xx.2022-ci il tarixə 440 AZN və xx.xx.2022-ci il tarixdə 470 AZN məbləğində pul vəsaitinin göndərilməsi barədə çeklərin şəkilləri whatsapp proqramı vasitəsilə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1081 nömrəli rəyi müəyyən edilir ki, tədqiqata təqdim edilən üzərində “Təqsirləndirilən şəxs üzərindən…” və s. yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,175 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 35,899 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022ci il tarixli 1564 nömrəli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirməsi və əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş ümumi təmiz çəkisi 10,175 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 35,899 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini əks etdirən bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 10,075 qram narkotik vasitə heroin, qalıq qalmış 35,799 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, bir ədəd disk isə iş materiallarına əlavə edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitə və psixotrop maddəni götürmək üçün getməsi, lakin narkotik vasitə və psixotrop maddəni götürmədən polis əməkdaşları tərəfindən tutulması barədə hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri ibtidai istintaq zamanı öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs tutulan zaman Abşeron RPİ-nin əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat əsasında Abşeron rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qeyd olunan xüsusat öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları X4 xx.xx.2009-cu il və X3 xx.xx.2010-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan qərarın surətindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli 1564 saylı ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmasına baxmayaraq Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 10,075 qram narkotik vasitə heroin, qalıq qalmış 35,799 qram psixotrop maddə metamfetamin məhv edilməli və bir ədəd DVD diski cinayət iş materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 32,5 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 10,075 qram narkotik vasitə heroin, qalıq qalmış 35,799 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aynur Rzayeva Hakim Fəhmin Hümbətov Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar