Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-367/2023 04.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, İsveç Krallığında yaşayan qohumları vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan Əkbər adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib 1000 manat məbləğində qazanc əldə etmək barədə razılığa gəldikdən sonra öz aralarında cinayət rollarını bölüşdürüb satış məqsədilə İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıq yolu ilə göndərilmiş, bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitəni ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan “Əkbər” adlı üzvü ilə öz istifadəsində olan 55-733-62-28 mobil nömrəsindən mobil telefonunun yaddaş qurğusunda “ekberittt” adı ilə qeyd etdiyi +98-937-618-7657 mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsində mütəmadi olaraq əlaqə saxlayıb sonuncu tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısına daxil edilmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı 03 (üç) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 610 qram, 1670 qram, 1770 qram olmaqla ümumi təmiz çəkisi 4050 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əvvəlcədən razılaşdıqları kimi 05 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən “Yeni Saray” restoranının yaxınlığında, üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” yazısı yazılmış lövhənin altından götürüb saxlamış və daşımış, həmin tarixdə saat 01:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində saxlanılıb Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada 05 iyul 2022-ci il tarixdə saat 02:35-dən 02:47-dək üzərində şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli bağlamada saxlayaraq daşıdığı həmin külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 610 qram, 1670 qram, 1770 qram olmaqla ümumi təmiz çəkisi 4050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittiham aktında qeyd olunan Əkbər adlı şəxs onun Avropada yaşayan tanışının qohumudur. O Azərbaycana gələndən sonra ona 1-2 dəfə 5-10 qram marixuana göndərmişdir. Marixuananın daimi istifadəçisi olmamışdır. Sadəcə olaraq həmin gecədə 10 qram narkotik maddə adı ilə çağırıb ki, istəyirsə ondan bunu götürsün. Getmiş, həmin yerdə də çanta olmuşdur, həmin çantanın Əkbər tərəfindən qoyulmağını bilmişdir. O, çanta üçün ora getməmişdir. Bu yaşına kimi o, narkotik alveri ilə məşğul olmamış, sözügedən İran vətəndaşı ilə əlaqəsi olmamış, İranda olmamış, nə də bununla məşğul olan insanlarla əlaqəsi olmamışdır. Sadəcə olaraq həmin gecə ona zəng gəlmiş, xahiş olunmuşdur. O da tanıdığı adam kimi ora getmiş, həmin çanta orada olmuş, çantanı götürmüşdür. Həmin vaxt Anargil gəlib onu orada tutmuşdurlar. Anar narkotik maddənin çəkisini də bilmişdir. Hətta onlar maşında olanda demişdir ki, bunu vaxtında tapılacaq yerə qoymaq lazımdır. Bunu sübut etməyə əlində dəlili yoxdur. Bu hadisə qurma olub, o da tutulmuşdur. Onu da çanta ilə Abşeron rayon polis idarəsinə aparmış, narkotik maddələri onun yanında çəkib, bununla bağlı qeydlər aparıb siyahını hazırlamışdırlar. Biraz da hədə-qorxu etmişdirlər. O, da evdən narkotik maddə çıxmasın deyə bununla razılaşmış və bu məsələnin uzanmaması üçün dediklərinə qol çəkmişdir. Məhkəmənin əldə olan dəlillərə görə qərar verməyəcəyinə ümid edir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, öz telefonunda həmin şəxsin adını elə "Əkbər" deyə qeyd etmişdir. Narkotik maddəni Əkbər də, o da sifariş etməmişdir. Narkotik maddələrdən sadəcə marixuana növündən istifadə etmişdir. Əkbər ona narkotik maddəni təklif edəndə çəkisini demişdir. 10 qram marixuana olduğunu qeyd etmişdir. 10 qram marixuananı istifadə edəcəkdir. O, narkotik maddə üçün Əkbərə pul köçürməmişdir. Narkotik maddəni ona pulsuz vermişdir. Əkbərin əmisi oğlu ilə yaxın münasibəti olmuşdur. Sözügedən yerə çatanda orada sadəcə bir dənə çanta görmüşdür. O, çantanı açıb baxmışdır ki, içərisində büküm var. Həmin çantanı götürmüş, amma nə etmək lazım olduğunu bilməmişdir. Çantanı götürməyindən 5 dəqiqə sonra tutulmuşdur. O, polis əməkdaşlarını görməmişdən öncə çantanı kənara atmışdır. İranlı vətəndaşı Əkbər ilə yazışmları sadəcə "whatsapp" üzərindən olmuşdur. O, Əkbərlə sadəcə narkotik maddələrlə bağlı yazışmamışdır. Əkbər 10 qram marixuana istifadə üçün ona göndərmişdir. Tutulduğu günə qədər istifadə etdiyi mobil nömrə 055 *** ** ** olmuşdur. Bu nömrə ilə narkotik alqı-satıqısı barədə heç kəslə əlaqə saxlamamışdır. Çantanı götürəndən sonra ona zəng edərək təklif etmişdir ki, həmin çantanı harasa qoymağı müqabilində ona 1000 (min) manat pul verəcəkdir. O, çantanı götürdükdən sonra və bu danışıq olandan sonra onunla razılaşması və yaxud da razılaşmaması üçün vaxt qalmamış, elə çantanı yerə qoyandan sonra tutulmuşdur. Əkbər ona zəng edəndə çanta əlində olmuşdur. Sözügedən yerə taksi ilə getmişdir. Həmin ünvanın dəqiq harada olduğunu bilməmişdir. Əkbər ona telefonda dəqiq yer göndərmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansısa bir fiziki və psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, çantanı götürəndən sonra həmin yerdən biraz aralı getmişdir ki, telefon əlində taksi tapıb getmək üçün dayanmışdır. Hava qaranlıq və hər şey gözlənilmədən olmuşdur. On nəfər əməliyyatçı qollarını burub, onu yerə yıxmış, əllərini qandallamışdırlar. Çantanı da onun qarşısına qoymuşdurlar. Narkotik vasitənin dəqiq çəkisini, nə qədər olduğunu bilməmişdir. İran İslam Respublikasında olmamışdır. Əkbər adlı şəxslə narkotik vasitələrinin Azərbaycana gətirilməsi, dövriyyəsi ilə bağlı heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 11-ci mikrorayon ev 34 mənzil 31 ünvanında qeydiyyatdadır və həbs edilənədək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. 05 iyul 2022-ci il tarixdə saat 01:20-də Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksinin önü ilə piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. O, ad-soyadını dedikdən sonra həmin şəxslər ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılmasının mümkün olmadığını qeyd edib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Buna etiraz etmədən xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinə gətirilmişdir. İdarədə ona hüquqları tam şəkildə izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqlarının müdafiə edilməsi məqsədilə vəkili olub-olmadığı soruşulmuşdur. Dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirdiyinə görə ona vəkillərin adlı siyahısı təqdim edilmiş və o, ərizə yazdıqdan sonra seçdiyi vəkil polis idarəsinə dəvət edilmişdir. Polis əməkdaşları tərəfindən vəkil ilə konfidensial görüşə şərait yaradıldıqdan sonra vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi xahiş edilmiş, bu zaman sağ əlindəki tünd qəhvəyi rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş və torbanın içərisindən 3 ədəd qara rəngli polietilen bağlamada olan narkotik vasitəni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş və əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd alışqan, 20 manatlıq kağız pul əskinası, sol yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Daha sonra qara rəngli polietilen bağlamalarda olan kütlələr elektron əl tərəzisi vasitəsilə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin 4220 qram olması müəyyən edilmişdir. Ardınca həmin torba qablaşdırılmış, heç bir etiraz daxil olmadığı üçünn bunu imzalarla təsdiq etmişlər. Şəxsi axtarış aparılarkən aşkar edilən 1 ədəd alışqan və 20 manatlıq pul əskinası özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq narkotik vasitəni Əkbər adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə 1000 manat müqabilində deyilən ünvana çatdırmaq üçün Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş- 93” yaşayış kompleksi ərazisində yerləşən “Saray” şadlıq sarayının yanından götürdüyünü, Əkbərlə İsveçdə yaşadığı zaman qohumları vasitəsilə tanış olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq 05 iyul 2022-ci il tarixdə üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 3 ədəd bükümdə olan narkotik vasitə marixuananı elə həmin tarixdə qeyd edilən yerdən götürdüyünü, ilk dəfədir Əkbər adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə deyiləcək ünvana aparacağını, polis əməkdaşları tərəfindən saxlanılan və polis idarəsinə gətirilən zaman ona qarşı hər hansı formada fiziki güc tətbiq edilmədiyini, psixi təzyiq göstərilmədiyini, üzərində şəxsi axtarış keçirilməzdən öncə heç bir polis əməkdaşının onun üzərini yoxlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs 5 iyun 2022-ci il tarixində Abşeron rayonu Masazır, Qurtuluş 93-də saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Orada çəkiliş ilə vəkilin iştirakı da olmaqla onun üzərinə baxış keçirilmişdir. Əlində tutduğu çantadan 3 bükümdə marixuanaya bənzər maddəni özü təqdim etmişdir. Həmin maddənin çəkisi isə 4 kiloqrama yaxın olmuşdur. Onun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, üzərindən mobil telefon, alışqan, 20 manat nağd pul aşkar edilmişdir. Həmin marixuanaya bənzər maddənin də Əkbər adlı iranlı şəxsin dediyi yerdən götürüb, dediyi yerlərə aparacağı təqdirdə min manat pul barədə aralarında sövdələşmə olmuşdur. Təqsirləndirilən şəxs də iranlı şəxslə dostu vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxsi saxlamamışdan öncə narkotik maddələrinin miqdarı, çəkisi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxsi saxladıqdan sonra sadəcə bu barədə onun özü məlumat vermişdir. Narkotik vasitələri şəxsin özü onlara təqdim etmiş, ona təhqiqatçı baxış keçirmişdir. Torbanın içərisində 3 ədəd büküm olmuşdur. Təqsirləndirilən şəxsi onlar şöbəyə apardıqdan sonra o, özü onlara bildirdi ki, torbanın içərisində narkotik maddə var. Narkotik maddələrinin çəkisini təhqiqatçı çəkir. Qablaşdırma ilə birlikdə çəkisi 4.2 kiloqram idi. Onlara daxil olan məlumatın içərisində təqsirləndirilən şəxsin İranda olması ilə bağlı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxsi saxladıqları zaman gecə saat 1-2 radələri idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 5 iyul 2022-ci il tarixində Masazır, Qurtuluş 93-ün yaxınlığında həmin şəxsi saxlamışdırlar. Abşeron rayon polis şöbəsinə aparmış, burada video çəkiliş, vəkilin iştirakı olmaqla təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilmişdir. Bu zaman onun üzərindən marixuana aşkar edilmişdir. Şəxs həmin narkotik vasitələri İran vətəndaşı olan Əkbərdən aldığını qeyd etmişdir. Əkbərin dediyi ünvanlara narkotik maddələri qoymaq şərti ilə min manatı ona veriləcəkmiş. Əməliyyat məlumatı narkotik vasitələrinin dövriyyəsi ilə bağlı idi. Sorğu zamanı narkotik vasitələrini İran vətəndaşından aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxsin İran ərazisində olması ilə bağlı onlarda heç bir məlumat olmamışdır. Narkotik maddənin satışı ilə bağlı onlarda məlumat var idi. Bükümlərin sayı 3, narkotik vasitənin növü isə marixuana olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, 26 avqust 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Əjədr oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 05 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlindəki tünd qəhvəyi rəngli torbanı təqdim edərək içərisindəki 3 ədəd qara rəngli polietilen bağlamalarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu bildirmiş və həmin torba bağlamalarla birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “359-658-060-959- 139/01,359-659-060-959-137/01” imei kodlu “Samsung” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, həmçinin 55-733-62-28 GSM nömrəsi ilə istifadə edilən “Whatsapp” sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirilmiş, “Kontaklar” menyusuna daxil olunduqda “+98-937-618-7657” mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “ekberittt” adı ilə qeyd olunduğu, mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinə daxil olunduqda isə “ekberittt” adı ilə qeyd edilmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında adı çəkilən sosial şəbəkədə mütəmadi olaraq zəng etməklə əlaqə saxlanıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 dekabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tаriхli 7/726 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 3 (üç) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 610 qram, 1670 qram, 1770 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2022-ci il tarixli 4023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Nаrkоmаniyadan məcburi müаlicəyə еhtiyаcı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolоji dispanserində qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 25 iyul 2022-ci il tarixli 1940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onun idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, o, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 iyul 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında” və 24 dekabr 2022-ci il tarixli əməlin cinayət məcəlləsinin digər maddələrinə tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş narkotik vasitənin qalığı - 4049,7 qram qurudulmuş marixuana, 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saray qəsəbəsi, Nazim Hikmət küçəsindəki 28 saylı evdə qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2013-cü il, X3 xx.xx.2014-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Əkbər adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onunla Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib 1000 manat məbləğində qazanc əldə etmək barədə razılığa gəldikdən sonra öz aralarında cinayət rollarını bölüşdürüb satış məqsədilə İran İslam Respublikasından göndərilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısına daxil edilmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı 03 (üç) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 610 qram, 1670 qram, 1770 qram olmaqla ümumi təmiz çəkisi 4050 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əvvəlcədən “whatsapp” proqramı vasitəsi ilə danışmış və razılaşdıqları kimi 05 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən “Yeni Saray” restoranının yaxınlığında, üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” yazısı yazılmış lövhənin altından götürüb saxlamış və daşımış, həmin tarixdə saat 01:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində saxlanılıb Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada 05 iyul 2022-ci il tarixdə saat 02:35-dən 02:47-dək üzərində şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli bağlamada saxlayaraq daşıdığı həmin külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 610 qram, 1670 qram, 1770 qram olmaqla ümumi təmiz çəkisi 4050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən qurudulmuş marixuana «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ümumi təmiz çəkisi 4049,7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş narkotik vasitənin qalığı - ümumi təmiz çəkisi 4049,7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın,1 ədəd “DVD” disk isə cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-367/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-367/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver