Məhkəmə qərarları › İş №1(124)-369/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-369/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-369/2022 22.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə, saat 07:20 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evin eyvanında keçmiş əri Zərərçəkmiş şəxs ona həmin günü işə getməməsini deməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı stolun üstündən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun atası Şahid1 və anası Şahid2 gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla onun döş qəfəsinin sol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona döş qəfəsin sol yarısının döş və qarın boşluqlarına nüfüz edən hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması) və qarın boşluğuna qanaxma, dalağın, sol böyrəyin yaralanması və orqanizimdən xaric olunması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Cavid müharibədə iştirak etdikdən sonra onun psixologiyasında problemlər yaranmış, o, müharibədən qayıtdıqdan sonra aralarında daimi olaraq münaqişələr olmuşdur. Evləri həm yaxın məsafədə yerləşdiyi, həm də işi ilə əlaqədar olaraq uşaqlara çox da nəzarət edə bilmədiyi üçün uşaqlarına o işdə olduğu müddət ərzində Cavidin anası baxdığından Cavidlə tez-tez rastlaşmışdır. Ticarət mərkəzində satıcı olaraq çalışdığı üçün həm həftə içi, həm də həftə sonu işə getməli olduğunu, hər səhər Cavidin atasının onu yolüstü iş yerinə qoyduğunu, hadisə günü də Cavidin ailəsinin onu evlərinin evyanında birlikdə səhər yeməyi yeməyə çağırdığını, onlarla birlikdə yemək yeyərkən Cavidin gəldiyini, son zamanlar Cavid çox əsəbi olduğundan onunla mübahisə edərək işə getməməyini söylədiyini bildirmişdir. Uşaqlarına baxmalı olduğundan, həm də Cavid işləmədiyindən işləməyə məcbur olduğunu, mübahisə olan zaman Cavidin üzərinə gələrək onu vurmaq istədiyini, bu zaman yemək yediyini və əlində bıçaq olduğunu, Cavidin onun üstünə gələrkən dalaşıb yerə yıxıldıqlarını, bu zaman Cavidin qarın boşluğuna bıçaq dəydiyini və yaralandığını bildirmiş, lakin onu vurmaq niyyətinin olmadığını, Cavidin yaralandığını sonradan öyrəndiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Cavidin ailəsinin dəstəyi ilə onların həyətində ev tikdirmiş, həmin həyət sahəsini Cavidin ailəsi uşaqlarına bağışlamış, evlər arasında təxminən 20 metr məsafə olmuşdur. Cavidin müharibəyə getməzdən öncə onun işləməyinə narazılıq etmədiyini, lakin müharibədən qayıtdıqdan sonra işləməyini istəmədiyini, buna görə aralarında tez-tez mübahisə olduğunu, hadisənin mətbəxdə istifadə etdikləri bıçaqla törədildiyini, həmin bıçağı Cavidin anasının ev üçün aldığını qeyd etmişdir. Süfrədə oturub yemək yeyərkən Cavidin gəldiyini və onu vurmaq istədiyini, Cavidin atasının ona “ Cavidə baş qoşma, çörəyini ye, çıxıb gedək” dediyini, həmin vaxt Cavidin əli ilə onu başından vurduğunu, bu zaman geriyə çəkilmək istəyərkən stuldan yıxıldığını, Cavidin də onun üzərinə yıxıldığını, yerdə olarkən Cavidin onu vurduğunu, daha sonra da çıxıb getdiyini bildirmiş, çörək yeyərkən bıçağın öz əlində olduğunu əlavə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Cavidlə evə baxmadığı, uşaqlarının qayğısına qalmadığı, işləmədiyi üçün Cavid müharibəyə getməzdən əvvəl boşanmışdır. Cavid yaralandığı an heç bir reaksiya verməmiş, anası ondan qan gəldiyini görüb Cavidi həmin gün xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə qurmuş və birgə nikahdan iki uşaqları var. Onlar qaynatası Azərlə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. O, iki azyaşlı uşaqları və əri Cavid ilə öz evində, evin arxasındakı evdə isə qaynatası Azər, qaynanası Çiçək, oğlu Tural və baldızı Günel ilə birlikdə yaşayırlar. Əri Cavid ilə iki ildir ki, münasibətləri pisləşib və dəfələrlə aralarında dalaşma olub, Cavid onu döyüb və bununla bağlı Abşeron rayon məhkəməsinə cinayət işi də göndərilmişdir. 2020-ci ilin əvvəllərində o, Caviddən boşanmış, lakin o elə öz evində iki azyaşlı uşaqları ilə birlikdə yaşayır, Cavid də valideyinləri ilə birlikdə qalır. O, öz evində ancaq yatır, yeməyi isə qaynatasının evində yeyir, özü də hər gün qaynatası ilə birlikdə işə gedir, azyaşlı uşaqları isə qaynatasının evində qalırlar. Cavid bir müddət onun orada yaşamağına narazılıq edib valideynləri ilə mübahisə etmişdir. O, Cavid ilə heç danışmasa da Cavid onu görəndə onunla mübahisə edərək onu söymüşdür. 15 avqust 2021-ci il tarixdə, saat 07 radələrində o, evin eyvanında oturub qaynatası ilə səhər yeməyini yemiş, işə getməyə hazırlaşmış, qaynanası da mətbəxdə olmuş, baldızı Günel mağazaya getmiş, qaynı Tural da hələ yatmışdır. Bu zaman Cavid həyətdən evə gəlmiş və atasına onun pis ata olduğunu, ona pul vermədiyini deyib həyətə düşüb oradan atasının ünvanına da nalayiq ifadələr işlətmiş, onu evdə saxlaması barədə atasına da irad bildirmişdir. Cavid həmin vaxt sol əlini arxasında tutumuş və o, hiss etmişdir ki, onun əlində nəsə var. Cavid mübahisə vaxtı özünü onun üstünə atmış və onunla birlikdə stolqarışıq yerə yıxılmışlar, o, Cavidin altında qalmışdır. Həmin vaxt qaynatası Azər yerindən qalxmış və Cavidi ondan ayırmaq istəmiş, lakin Cavid durub qaçaraq həyətə düşmüş, onun əlindəki evdə istifadə etdikləri, dəstəyi sarı plasmasdan və tiyəsi sarı rəngli bıçaq isə eyvanda onun üstünə yıxılan zaman yerə düşmüşmüş, o, həmin bıçağı götürüb stolun üstünə qoymuş, qaynanası gəlib həmin bıçağı stolun üstündən götürüb, qaynatası isə bıçağı qaynanasından alıb mətbəxə atmışdır. Ondan sonra o, qaynatasının avtomobili ilə yola çıxıb işə getmişdir. Həmin gün saat təxminən 13 radələrində qaynatasına zəng etmiş, lakin qaynatası onun telefonu cavab verməmiş, sonra qaynı Turala zəng etmiş, ondan Cavidi soruşmuş, Tural demişdir ki, Cavid xəsarət aldığına görə onu xəstəxanaya aparıblar. Onun fikrincə Cavid onun üstünə atılanda onunla birlikdə yıxılmış və öz əlində olan bıçaq ona batmış və xəsarət almışdır. Qeyd etmişdir ki, Cavid onun oturduğu yerdə üstünə atılmış və ikisi də yerə yıxılmışlar, həmin vaxt Cavidin sol əlində bıçaq olmuş və həmin bıçaq öz bədəninə girmiş, o, Cavidə xəsarət yetirməmişdir. X4 18 avqustl 2021-ci il tarixli qərarla cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışıdr. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü evə gəldiyi zaman anası, atası və Ayişə səhər yeməyi yemiş, həmin gün o yaşadığı məhəllənin tinində oturub spirtli içki qəbul etmiş və o halda da evə gəlmişdir, lakin içkili olduğunu ailə üzvlərinə bildirməmişdir. O Ayişəni qisqandığını, onun işləməsinə icazə vermədiyini, həmin gün də Ayişə yemək yeyərkən ona işə getməməsini dediyini, lakin Ayişənin ona etiraz etdiyini qeyd etmişdir. Stolun üzərindəki nəlbəkini onun başına vurduğunu, bu zaman atasının aranı sakitləşdirməyə çalışdığını, işə getməməsi üçün Ayişənin üzərinə cumduğunu, həmin vaxt Ayişənin əlində bıçaq olduğunu, mübahisə zamanı ayağının stolun qırağına ilişdiyini və Ayişənin üzərinə yıxıldığını və bu zaman da bıçağın ona batdığını bildirmişdir. Zərərçəkmiş şəxs X4 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Ayişə işə gedəndə özündən asılı olmayaraq əsəbləşmişdir. Hadisə vaxtı Ayişənin əlində səhər yeməyində istifadə edilən, onu yaralayan bıçaq olmuş, bıçaqla yaralanarkən bunu hiss etməmişdir. Mübahisənin baş verdiyi vaxtdan təxminən bir saat yarım keçdikdən sonra özünü pis hiss etməyə, nəfəsi daralmağa başlamış, anası və bibisi ilə birgə xəstəxanaya getmiş, xəstəxanada olarkən həkim ondan nə olduğunu soruşanda isə yıxıldığını söyləmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Ayişənin onunla barışması üçün gözünü qorxutmaq məqsədi ilə ondan şikayətçi olmuş, uşaqlarına heç bir zaman aliment pulunu ödəməmiş, onlarla görüşməyində isə heç bir problem olmamışdır. Hadisə istintaq zamanı verdiyi ifadədəki kimi baş verməmiş, Ayişənin gözünü qorxutmaq üçün istintaq zamanı elə ifadə vermişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə qurmuş və birgə nikahdan iki uşağı var. Onlar valideyinləri ilə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. O, iki azyaşlı uşaqları və həyat yoldaşı Ayişə ilə öz evində, evlərinin arxasındakı evdə isə atası Azər, anası Çiçək, qardaşı Tural və bacısı Günel ilə birlikdə yaşayırlar. Ayişə ilə iki ildir ki, münasibətləri pisləşib və dəfələrlə aralarında dalaşma olmuş və bununla bağlı Abşeron rayon məhkəməsinə cinayət işi də göndərilmişdir. 2020-ci ilin əvvəllərində Ayişə ondan boşanmış, lakin Ayişə həyətlərində olan evdə iki azyalı uşaqları ilə birlikdə yaşayır. O, isə valideyinləri ilə birlikdə qalır. Ayişə öz evində ancaq yatır, yemək isə onlarla yeyir, özü də hər gün atası ilə birlikdə işə gedir, azyaşlı uşaqlarına isə anası baxır. O, Ayişənin işləməsinə narazlıq etmiş və ona evdə qalıb uşaqlara baxmasını demişdir. Lakin Ayişə onu eşitməmiş və işə getmişdir. 15 avqust 2021-ci il tarixdə, saat 07 radələrində o, evin həyətində olanda görmüşdür ki, Ayişə atası ilə eyvanda stolda oturub yemək yeyirlər və bilmişdir ki, Ayişə yenə işə gedir. Ayişə həmişə atası ilə işə gedirmiş, lakin həmin günü bazar günü olduğu üçün atası işə getməmiş və Ayişə özü tək işə getmək istəmişdir. O, da buna narazılıq edərək onun yanından keçəndə əli ilə Ayişənin başına toxunub demişdir ki, “dur cəhənnəm ol burdan, işə getmə”. Bu zaman Ayişə yerindən durub stolun üstündə dəstəyi sarı rəngli olan mətbəx bıçağını götürüb onun üstünə hücüm etmiş və o, iki əli ilə Ayişənin çiynindən tutub onu arxaya itələyəndə Ayişə sağ əlində olan bıçaqla onun döş qəfəsinin sol tərəfinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt atası ilə anası araya girib və onları ayırmışlar, Ayişə bıçağı yerə atmışdır. Atası ona hirslənmiş və o, həyətə düşəndə baxmışdır ki, köynəyi qanlıdır, bunu anası da görmüş və onu götürüb evdən çıxmışlar, yolda olan tanımadığı bir taksi ilə xəstəxanaya getmişlər, orada həkimlər ona tibbi yardım göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmin gün səhər-səhər onlar yemək yeyərkən Cavid ilə Ayişə arasında mübahisə olmuş, mübahisə Cavidin Ayişəyə işə getməməsini söyləməsi ilə bağlı başlamışdır. Mübahisə zamanı Ayişə ilə Cavidin yerə yıxıldıldıqlarını, Cavidin necə yaralandığını bilmədiyini, hadisənin stolun üstündə olan yağ bıçağı kimi istifadə etdikləri bıçaqla törədildiyini qeyd etmişdir. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, X8 Niyazova əzab vermək məqsədi ilə vurmamış, mübahisəni Cavid başlatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü o, əri və Ayişə birlikdə səhər yeməyi yemiş, onlar yemək yediyi zaman Cavid evə gəlmiş, Cavidlə Ayişə arasında mübahisə düşmüş, mübahisə vaxtı onlar yerə yıxılmış və Şahid2 onları ayırmış, daha sonra Cavidin üzərində qan görmüşdür. Səhər yeməyi yeyərkən o, həmişə yağ bıçağını stolun üzərinə qoyduğunu, hadisə günü də həmin bıçağı stolun üzərinə özünün qoyduğunu və onunla çörək kəsdiyini bildirmişdir. Şahid2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Ayişənin Cavidi vurduğunu görməmiş, X3 əzab vermək üçün Cavidi vurmamış, Cavid ona ağrıdığını söyləmiş, bu zaman onun yaralandığını görmüş və Cavidi xəstəxanaya özü aparmışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, Cavid 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və onlar bir evdə yaşamağa başlamışlar. Onların birgə nikahdan iki uşaqları var. Həyətlərində ayrı bir evləri də var və Ayişə Cavid ilə həmin evdə yaşayırmışlar. O, həyat yoldaşı Azər, digər oğlu Tural və qızı Günel ilə isə həyətdə olan digər evdə yaşayırlar. Ayişə Sədərək Ticarət mərkəzində işləyir, onun uşaqlarını da o saxlayır. Təxminən 2019-cu ildən Ayişə ilə oğlu Cavidin münasibətləri yaxşı deyil, araşarında mübahisələri olur. Bir dəfə də dalaşdıqları üçün bununla bağlı Abşeron rayon məhkəməsinə cinayət işi də göndərilmişdir. 2020-ci ilin əvvəllərində Ayişə Caviddən boşanmış, lakin Ayişə həyətdə olan evində iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Cavid də onlarla bir evdə birlikdə qalır. Ayişə öz evində ancaq yatır, yemək isə onların evində yeyir, özü də hər gün həyat yoldaşı ilə birlikdə işə gedir, azyaşlı uşaqları isə onun evində qalırlar. Cavid isə Ayişənin işləməsinə narazılıq edir, ona görə münasibətləri yaxşı deyilmiş.15 avqust 2021-ci il tarixdə, saat 07:20 radələrində Ayişə onların evində həyat yoldaşı ilə evin eyvanında oturub səhər yeməyini edib işə gedəcəkmişlər, o, da mətbəxdə olmuş, qızı Günel mağazaya getmiş, digər oğlu Tural da hələ yatmışdır. Bu zaman Cavid həyətdən evə gəlmiş və Ayişənin işə getməyini görüb buna narazılıq edərək, demişdir ki, “hə get işə taksilər düzlənib orda”. Həmin vaxt Ayişə də Cavidə cavab vermiş və onların arasında mübahisə düşmüşdür. Həmin vaxt həyat yoldaşı Araz ilə Ayişə stolda oturub yemək yeyirmişlər, o, isə eyvanını süpürürmüş və bu zaman Ayişə ilə Cavid əlbəyaxa olmuşlar, o, həyat yoldaşı Araz ilə onları ayırmağa başlamışlar. Onları ayırmışlar, Cavid pilləkən ilə həyətə düşmüş, həmin vaxt onun çörək doğradığı və stolun üstündə qoyduğu dəstəyi sarı rəngli mətbəx bıçağı Ayişənin əlində olmuşdur. Cavid isə pilləkən ilə həyətə düşəndə görmüşdür ki, əynində olan köynəyi qanlıdır. O, baxmışdır ki, Cavidin döş qəfəsin sol tərəfində bıçaq yarası var. Onda məlum olmuşdur ki, Cavid ilə Ayişə əlbəyaxa olanda Ayişə onu mətbəx bıçağı ilə vurmuşdur. Ayişənin əlində olan bıçaq eyvanda yerdə olmuş, o, həmin bıçağı götürüb həyətə atmışdır. Sonra Cavidi götürüb evdən çıxmış və yolda olan tanımadığı taksi ilə Cavidi xəstəxanaya aparmış, həkimlər Cavidə tibbi yardım göstərmişlər. Qeyd etmişdir ki, Ayişə yalan göstərib, Ayişə həyat yoldaşı ilə eyvanda stolda oturub yemək yeyirmişlər, ora gələn Cavid ilə aralarında mübahisə olmuş və onlar əlbəyağa olmuşlar, həmin vaxt stolun üstündə çörək doğradığı mətbəx bıçağı Ayişənin əlində olmuş, o, həyat yoldaşı Azər ilə onları ayırmışlar, həmin vaxt artıq Cavidin bədənində bıçaq yarası olmuşdur. Cavid ilə Ayişə əlbəyaxa olub dalaşanda Ayişə onu bıçaqla vurmuşdur, Cavidin əlində heç bir bıçaq olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:45-də Bakı şəhər Respublika xəstəxanasından Abşeron rayonu Qobu qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası xəsarət alması barədə Abşeron RPİ-nin NH-nə məlumat daxil olmuşdur. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi” haqqında 15 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir, həmin protokoldan görünür ki, baxış zamanı iştirak edən Şahid2 keçmiş gəlini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağı istintaq orqanına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon şöbəsinin 06 may 2022-ci il tarixli, 807 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – ona döş qəfəsin sol yarısının döş və qarın boşluqlarına nüfüz edən hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması) və qarın boşluğuna qanaxma, dalağın, sol böyrəyin yaralanması və orqanizimdən xaric olunması ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşicikəsici alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən vaxtda, yəni 15 avqust 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizanın 01 dekabr 2021-ci il tarixli, 849/2021MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O/1/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində olan ləkələr insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş tibbi kriminalistik ekspertizanın 06 dekabr 2021-ci il tarixli, 743-MTKŞ/2021 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə deşilmişkəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir. İş materallarından görünür ki, baxış zamanı iştirak edən Şahid2 təqdim etdiyi, keçmiş gəlini Ayişənin oğlu Cavidə xəsarət yetirdiyi 01 ədəd bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınanaraq saxlanması üçün Abşeron rayon polis idarəsinin saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci iltarixli 3-li “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə sonuncunun atası Şahid1 və anası Şahid2 gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla onun döş qəfəsinin sol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona döş qəfəsin sol yarısının döş və qarın boşluqlarına nüfüz edən hemopnevmotoraks (döş boşluğuna qanın və havanın yığılması) və qarın boşluğuna qanaxma, dalağın, sol böyrəyin yaralanması və orqanizimdən xaric olunması ilə nəticələnən bir ədəd deşilmişkəsilmiş yarasından ibarət xəsarət yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin zərərçəkmiş şəxsin onun üzərinə yıxılması nəticəsində əlində olan bıçağın ona batması barədə hissəsinə tənqidi yanaşaraq bunu təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirərək obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş 20 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü qızı X2 və 2016-cı il təvəllüdlü Şahid1 Cavid oğlu ilə birlikdə Qobu qəsəbəsi Yeni məhəllədə yaşayır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qızı X2 xx.xx.2014-cü il və Şahid1 Cavid oğlu isə xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs nikahına Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, həmçinin əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində orta məktəbdə təhsil alan iki azyaşlı uşağının olmasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri ləğv edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş, bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 1 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar