Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-370/2023 28.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qobustan rayonu, Sündü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Sündü ərazi dairəsi, Sündü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 3-cü mədən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs internet sosial şəbəkədə oynadıqları “Spam” oyunu ilə bağlı onun mobil telefonuna söyüş səsləri göndərməsinə və eyni zamanda aralarında yaranmış münasibətlərə aydınlıq gətirəcəyi adı ilə əvvəlcədən telefonla danışıb razılaşdıqları Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” yaxınlığında yerləşən “Lukoil” YDM-in yanındakı Ruhin Xəlilov küçəsində görüşmüş, bu səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi kəsici-deşici xassəli bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona qarının ön divarının 1 ədəd qarın boşluğuna nüfuz edərək mədəni yaralayan, daxili qanaxma törədən kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağir zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oyun oynayan zaman tanışı ilə söhbət etmişdir. Zaminəli də həmin oyunda olmuşdur. O, tanışı ilə danışan zaman Zaminəli onların söhbətinə müdaxilə etmiş, daha sonra da gülmüşdür. Ondan nəyə güldüyünü soruşduqda söhbət artıq qızışmağa başlamışdır. Daha sonra mobil telefonda danışan zaman yenidən ona qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. O, Zaminəlidən heç nədən onu niyə söydüyünü soruşduqda demişdir ki, Bakıya gələndə ona zəng edəcək, görüşüb söhbət edəcəkdir. O, da onunla razılaşmışdır. İyunun 16-sı o, Bakıda idi. Həmin gün Zaminəli ona zəng edib görüşməklərini təklif etdikdə, ona həm ad günü olduğunu, həm də işdə olduğunu bildirərək aşxam görüşməklərini bildirmişdir. Ona axşam görüşməklərini dedikdə Zaminəli axşam rayona gedəcəyini söyləmişdir. O da ona rayona getməmişdən 10-15 dəqiqə qabaq görüşməklərini, daha sonra rayona getməsini demişdir. Lakin Zaminəli onunla razılaşmayaraq daha tez bir zamanda görüşməklərinə israr etmişdir. O, bir daha axşam gələcəyini söylədikdə ona qarşı nalayiq təhqiredici ifadələr işlədərək axşam mütləq şəkildə gəlməyini tapşırmışdır. Daha sonra o, Zaminəli ilə görüşmək üçün Xırdalan dairəsinin yaxınlığına gəlmiş və onlar həmin dairənin yaxınlığında yerləşən köşkdən ara küçələrdən birinə keçərək söhbət etməyə başlamışdırlar. O, Zaminəlidən nə səbəbə ona qarşı nalayiq təhqiredici ifadələr işlətdiyini, dediyi kimi görüşə gəldiyindən ona qarşı işlətmiş olduğu təhqiredici ifadələrin onun özünə getdiyini demişdir. Bundan sonra Zaminəli onun yaxasından tutmuşdur. O, elə bilmişdir ki, Zaminəli tək deyil. Zaminəlinin yanında yeddi-səkkiz nəfər adam görmüş, elə bilmişdim ki, onlar da Zaminəli ilə birlikdədirlər. Ona görə görüşə gələndə özünü müdafiə etmək üçün üzərində bıçaq götürmüşdür. Zaminəliyə ona qarşı işlətmiş olduğu təhqiredici ifadələrin özünə çatdığını bildirdikdə Zaminəli onun yaxasından tutmuşdur. O, da istər-istəməz üzərindəki bıçaqla Zaminəliyə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Zaminəlini hadisədən təxminən bir ay qabaq sosial şəbəkədən tanımışdır. Zaminəliyə bıçaqla xəsarət yetirdikdən sonra onu taksilərin yanına aparmışdır. Hal-hazırda zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, Zaminəliyə bir bıçaq xəsarəti yetirmişdir. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, orada yaxınlıqda kafe olmuşdur. O, elə bilmişdir ki, kafedəki adamlar Zaminəli ilə birlikdədirlər. Zaminəliyə bıçaq ilə xəsarət yetirdikdən sonra heç kəs yaxınlaşmamış, Zaminəlini taksiyə aparanda anlamışdır ki, kafedəki adamlar Zaminəli ilə birlikdə deyildir. Onun Zaminəliyə bıçaqla xəsarət yetirməyini heç kim görməmişdir. 12 iyul 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin altıncı ayının 16sı Adil ilə aralarında mübahisə yaranmış, anlaşılmazlıq olmuşdur. “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı ara küçədə Adil ilə üz-üzə gəlmişdir. Adil bilmədən bıçaq atmışdır. Qarın nahiyəsindən vurulmuşdur. Hadisə baş verən zaman ətrafda heç kəs olmamışdır. Adil ilə aralarında mübahisə oyuna görə yaranmışdır, oyun da “Spin Bottle” oyunu olmuşdur. “Odnoklassik” platformasında oynanan bir oyundur. Oyun onlayn şəkildə oynanılır. Oyunun mahiyyəti tanışlıq olmuşdur. Adili oyunda əvvəldən tanımışdır. Sadece Adil oyuna öz hesabıyla, o isə başqa hesabla gəlmişdir. Adilə gülüş smayliki atmışdır. Adil ondan nəyə güldüyünü soruşmuşdur. Sonra zəngləşib görüşmüşdürlər. Adil onun gülməyinə əsəbiləşmişdir. İlk olaraq Adil nalayiq təhqiredici ifadələr işlətmişdir. Hal-hazırda Adillə barışmış, barışıq ərizəsi də vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə zamanı o Adillə Zaminəlinin yanında olmamışdır. Oğluna iki gün zəng çatmamışdır. İkinci gün Zaminəliyə zəng etmiş, Zaminəliyə zəng çatmamışdır. Sonradan məlumat verilmişdir ki, hadisə Xırdalanda olmuşdur. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində xidməti ərazisində, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən bıçaqla vurulduğu barədə məlumat almış, tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğu yer müəyyən edilərək dindirilməsindən ötrü Abşeron RPİ-yə gətirilməsi təmin olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 iyun 2022-ci il tarixli raportdan görünür ki, 16 iyun 2022-ci il tarixdə saat 23:46-da Respublika Klinik Xəstəxanasından İmişli rayonunda yaşayan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti alması ilə bağlı Abşeron RPİ-nə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq Abşeron RPİ-nə gətirilmişdir. İş materallarına əlavə edilmiş “təqdim etmə və götürülmə aparılması haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs arasında olan mobil yazışmanın köçürüldüyü bir ədəd CD diski istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilməsi haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, bir nəfər şəxsin digər şəxsə nalayiq söyüşlərlə müraciət edərək harada olduğunu, onu Xırdalan dairəsində 2-3 saatdır gözlədiyini, İmişli rayonundan Bakıya gəldiyini, söyüş ünvanladığı şəxsin ad gününün olmasının ona heç bir aidiyyatı olmadığını, söyüşü ünvanladığı şəxsin ona Bakıya gələndə onu yığmasını bildirdiyi öz əksini tapmış, ümumiyyətlə birinci səsyazısında qarşı tərəfə ünvanlanmış hər söz nalayiq formada ifadə olunmuşdur. İkinci səsyazısına qulaq asdıqda bir nəfər şəxsin qarşı tərəfə «qoymadız da siz yaşayım, bir tərəfdən işlərim tökülüb qalıb» dediyi, buna baxmayaraq onun görüşə çağırıldığı kimi sözlər öz əksini tapmışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, birinci səs yazısında olan səsin Zərərçəkmiş şəxs məxsus olduğunu və hadisə günü sonuncunun ona mobil telefonla səs göndərərək Xırdalan dairəsinin yanında 2-3 saatdır ki, gözlədiyini, ona həmin əraziyə söhbət etmək üçün çağırdığını və onu nalayiq söyüşlərlə təhqir edərək həmin əraziyə söhbət etməyə çağırdığını bildirdi. 2-ci səs yazısında öz əksini tapan səsin isə özünə məxsus olduğunu Təqsirləndirilən şəxs bildirərək qeyd olunan səsi göndərməklə həmin günü ad günü olduğunu, eyni zamanda işinin çox olmasını bildirdiyi öz əksini tapmışdır. Qeyd olunan CD diskə baxış keçirilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, birinci səs yazısında olan səsin ona məxsus olduğunu və hadisə günü Təqsirləndirilən şəxs mobil telefonuna səs göndərərək Xırdalan dairəsinin yanında 2-3 saatdır ki, gözlədiyini, ona həmin əraziyə söhbət etmək üçün çağırdığını və onu nalayiq söyüşlərlə təhqir edərək həmin əraziyə söhbət etməyə çağırdığını bildirmişdir. 2-ci səsyazısında öz əksini tapan səsin isə Təqsirləndirilən şəxs məxsus olduğunu, sonuncu qeyd olunan səsi göndərməklə həmin günü ad günü olduğunu, eyni zamanda işinin çox olmasını bildirdiyi öz əksini tapmışdır. İş materallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisidir. İş materallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması” haqqında 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman istifadə etdiyi bıçağı sındıraraq tulladığı ərazini göstərdi. Qeyd olunan ərazidə cinayətin aləti və yaxud qalıqları müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1513 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - qarının ön divarının 1 ədəd qarın boşluğuna nüfuz edərək mədəni yaralayan, daxili qanaxma törədən kəsilmiş-deşilmiş yarası - iti deşicikəsici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3161 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliklərdən əziyyət çəkmir. Eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən olunur. Psixiemosional sferasında qacığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 22 iyul 2022-ci il və 13 noyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirlməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon İHB-nin Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayonu Sündü kəndində qeydiyyatdadır və onu barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı yaxınlıqda olan kafedə əyləşən şəxslərin Zərərçəkmiş şəxs ilə gəldiyini düşünüb, zərərçəkmiş şəxs onun yaxasından tutan kimi özünü müdafiə etmək məqsədilə bıçağa əl atıb ona bir bıçaq zərbəsi vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Maddi sübut kimi tanınmış bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-370/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-370/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver