Məhkəmə qərarları › İş №1(124)-371/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-371/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-371/2024 09.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X9 (sədrlik edən), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qusar rayonu, Urva kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu, Yuxarı-Ləyər kəndindən təkbaşına yaşadığı Qusar rayonu, Urva kəndinə getmək üçün yola düşmüş və həmin vaxt Qusar-Şahdağ yolunun 7-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin, 69-cu madəsinin 7-ci hissəsinin 1ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla, yəni sərxoş vəziyyədə idarə etdiyi avtomobillə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, əks istiqamətli nəqliyyat axınlarını ayıran üfüqi nişanlanma xətlərini keçməməli, eləcə də avtomobili yaşayış məntəqəsindən kənarda maksimum 90 km/saatdan yüksək sürətlə idarə etməməli olduğu halda qanunun bu tələblərini pozaraq, avtomobili 110 km/saat sürətlə idarə edərək, yolun şəraitinə uyğun hərəkət etməyərək hərəkətini eyni sürətlə davam etdirərək idarəetməni itirmiş, avtomobili qarşı hərəkət zolağına, daha sonra yolun sağ tərəfinə çəkərək, Qusar rayonu istiqamətində öz hərəkət zolağında hərəkət edən, ünvan 2 ünvanında yaşayan Şahid1 idarə etdiyi “Hyundai-Acsent” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili ötdükdən sonra qarşıda olan, öz hərəkət zolağı ilə Qusar istiqamətində sərnişin Zərərçəkmiş şəxs1 ilə hərəkət edən Zərərçəkmiş şəxs2 Şahkərəm oğlunun idarə etdiyi “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vuraraq yolun kənarından dərəyə aşırmış, öz avtomobili isə yolun sol tərəfində olan ağaca çırpılaraq dayanmış, nəticədə onun bu hərəkətləri sürücü Zərərçəkmiş şəxs2 sağlamlığına “L1 fəqərə cisminin yuxarı limbinin kompresession, multifraqmentlər önə dislokasiyası ilə müşayət olunan sınığı, sınıq fraqmentlərinin doza 1/vertebral kanala doğru migrasiyası” ilə ifadə olunan ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərin almasına, sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığına “sağ gözün bayır küncündə sıyrıq, sağ qulaqönü sahədə əzilmiş-cırılmış yara, sol bazunun aşağı 1/3-nin arxa səthində sıyrıqlar, sağ yarım kürənin üstündə qan laxtası, baş beyin toxumasında xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, beyincik toxumasında nöqtəvari qansızmalar, kəllə sağ ön və arxa çuxurlarında sınıq xətəri” ilə ifadə olunan, ehtiyatsızlıqdan yetirilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərin almasına və aldığı xəsarətlərdən hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırki hadisənin baş verməsinə səbəb onun içkili vəziyyətdə avtomobil idarə etməsi olmuşdur. xx.xx.2023cü il tarixdə, saat 18:00 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar rayonu, Yuxarı-Ləyər kəndində yaşayan tanışı Afık Ağarzayevdən avtomobil ehtiyyat hissələrini almaq üçün onlara getmişdir. Afıklə onun yaşadığı evin həyətində birlikdə söhbət etmiş və onların həyətində ac qarına 3-4 rumka araq içmişdir. Təxminən orada 1 saata yaxın dayandıqdan sonra içkili vəziyyətdə avtomobilə əyləşmiş, Qusar-Şahdağ yoluna çıxmış, artıq hava qaralmağa başlamışdır. Qusar istiqamətində həmin yolun təxminən 7-ci km-də döngəli yolu keçib yol düzələn zaman qarşısında olan markasını bilmədiyi avtomobili ötüb keçmişdir. Ani moment idarəetməni itirmiş, qarşısında Qusar istiqamətində gedən sonradan bildiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Bundan sonra yadında heç nə qalmamış, xəstəxanada özünə gələndə bilmişdir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Maddi imkanı olmadığına görə zərərçəkən şəxslərə yardım edə bilməmişdir. Hadisə nəticəsində özü də ciddi xəsarətlər almışdır. Əməlindən peşman olmasını və himayəsində 03 azyaşlı uşağının olmasının nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 03 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Qusar rayonu, Urva kəndində yaşadığı evdə olarkən oğlu Ravid mobil telefonla zəng edərək bibisinin yəni onun bacısı Yeganənin avtoqəza zamanı vəfat etməsi xəbərini ona demişdir. O da bu barədə qohumlarına xəbər verərək xəstəxanaya getmiş, orada məlum olmuşdur ki, artıq bacısı Yeganə vəfat etmişdir. Bundan sonra yol nəqliyyat hadisəsini törədən şəxsin həmkəndlisi Volodiya olmasını bilmiş, ona məlum olmuşdur ki, Volodiya avtomobili sərxoş vəziyyətdə idarə edərkən idarəetməni itirərək avtomobillə Nadirin idarə etdiyi avtomobili arxadan vurmuşdur. Nəticədə avtomobil Qusar-Şahdağ yolunun 7-ci km-də yoldan çıxararaq dərəyə aşırmışdır. Volodiya hadisə törətməsinə baxmayaraq onlara heç bir yardım etməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o Qusar rayonu, Ləyər-Qışlaq kəndində yaşayır. xx.xx.2023-cü il tarxidə günorta saatlarında özünə məxsus olan “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə arvadı Yeganə ilə birlikdə Qusar rayonu, Yuxarı-Ləyər kəndinə qonaq getmişdir. Qusar-Şahdağ yolu ilə saat 21 radələrində Qusar istiqmətində geri qayıdarkən yoldaşı Yeganə yanında əyləşmişdir. Yolun 7-ci km-də olarkən sərt döngə nişanını keçib saatda 60 km/sürətlə hərəkətini davam etdirərkən arxadan gələn avtomobilin işıqlarını görmüşdür. Həmin avtomobil təxminən 30 metr ondan arxada gəlirdi. Hadisədən sonra bilmişdir ki, arxadan gələn Volodiyanın idarə etdiyi maşındır. Qəfildən onun avtomobilini Volodiya arxadan vurmuşdur, avtomobil dərəyə tərəf gedib aşmışdır. Həmin vaxt avtomobili aşaraq damı üstə düşmüş, tanımadığı üç nəfərin köməkliyi ilə arvadı Yeganəni avtomobilin altından çıxarmışlar. Hadisə nəticəsində arvadı Yeganə ölmüş, özü isə ciddi bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs onlara heç bir yardım etməmişdir, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o 03 iyun 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Hyundai-Acsent” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qusar rayonuna Suvacal kəndinə qonaq getmişdir. Həmin gün saat 21 radələrində o, Qusar-Şahdağ yolunun 7-ci km-də yolun özünə aid hissəsində Qusar istiqamətində saatda 60 km/sürətlə hərəkət etmiş, qarşısında ağ rəngli adını sonradan bildiyi Nadir adlı şəxsin idarə etdiyi “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Qusar istiqamətində təxminən 60 km/saatda sürətlə, 30 metr məsafə ilə irəlidə hərəkət etmişdir. Həmin vaxt arxadan qarşı hərəkət zolağına çıxmış vəziyyətdə faralarının uzaqvuran işıqları ilə avtomobilin gəldiyini sol yan güzgüdən görmüş, işıqlarını yaxın vuran şəkilə salmasını bildirmək üçün ona qəza faralarını yandıraraq işarə vermiş, lakin həmin avtomobili idarə edən şəxs buna məhəl qoymayaraq, təxminən həmin şəkildə 1 km məsafə hərəkət etmişdir. Həmin yolda sərt döngə nişanını keçmiş, yol düzələrkən arxadan gələn həmin avtomobilin sürücüsü, adını sonradan bildiyi Volodiya adlı şəxsin “Vaz 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilini görmüş, avtomobil onu ötmüşdür. Həmin yerdə üfüqi nişanlanma xətti olmuşdur. Həmin maşın ötməsini davam etdirib, sürətlə gedərkən öz yolu ilə gedən “Vaz 2106” markalı avtomobili arxa sol tərəfdən vurduğunu o görmüşdür. Vurulan avtomobil yoldan çıxaraq sağ tərəfə dərəyə aşmışdır. Sonradan adının Volodiya olan şəxsin idarə etdiyi “Vaz 2107” markalı avtomobil isə yolun sol tərəfinə ağaca çırpılaraq dayanmışdır. Həmin vaxt o, avtomobili saxlamış, avtomobildən düşmüş, “Vaz 2107” markalı avtomobil tərəfə getmiş, sürücünün sağ olduğunu bilmiş, digər sağ tərəfə düşmüş avtomobilin yanına qaçmış, ora gedən zaman həmin avtomobil damı üstündə dayanmış, işlək vəziyyətdə olmuş, sürücü Nadir adlı şəxs avtomobildən çıxmağa çalışmış, onu dartıb çıxarmış, həmin vaxt Nadir hərəkət etməyə çətinlik çəkmiş, avtomobilin altında qadının qalmasını görmüş, avtomobili qaldıra bilmədiyindən kömək üçün yolun kənarına çıxmışdır. Həmin vaxt orada tanımadığı şəxslərdən kömək istəmiş, onlar avtomobilləri saxlamış, onlarla birlikdə kömək etmiş, avtomobili çevirmiş, lakin qadının nəfəs almadığını görmüş, nəbzini yoxlamış, nəbzinin olmadığını görmüş, həmin vaxt Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisədən əvvəl yol boş olmuş, qarşıdan əks istiqamətdə heç bir avtomobil hərəkət etməmiş, Volodiyanın idarə etdiyi “Vaz 2107” markalı avtomobil yolda Nadir adlı şəxsin idarə etdiyi “Vaz 2106” markalı avtomobili rahatlıqla keçib gedə bilmək və yaxud da sürətini azaldıb onun qarşısında hərəkət edə bilmək imkanına malik olmuş, amma o sürətlə gəldiyindən qarşı hərəkət zolağından onların hərəkət zolağına anidən daxil olmuşdur. Həmin vaxt Volodiyanın avtomobilinin sürəti təxminən 120 km/saat olardı. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Volodiya adlı şəxsi çoxdan tanımış, onunla əvvəllər qohumluğu olmuş, yəni bacısı ilə onun qardaşı evli olmuş, lakin sonradan boşanmışlar. Aralarında düşmənçilik, ədavət olmamış, yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş şəxs isə qardaşı Nadirin həyat yoldaşı olmuş, avtomobil isə qardaşı Nadirə məxsus olmuşdur. 03 iyun 2023-cü il tarixdə, saat 20:00 radələrində Qusar rayonu, Əniğ kəndindən özünə məxsus olan “Vaz 2107” markalı avtomobillə Volodiya adlı şəxs gəlmiş, o benzin istəmiş, həmin vaxt ona benzin olmadığını söyləmiş, ona 02 manat pul vermiş, Volodiya da həmin pulla kənddən kimdənsə benzin alaraq avtomobilinə süzmüşdür. Həmin vaxt Volodiya evinə və həyətinə daxil olmamış, təkbaşına 250 qram araq içməsini söyləmiş, onda sərxoşluq hiss edilmişdir. Bundan sonra isə Volodiya özünə məxsus avtomobillə oradan çıxıb getmişdir. Daha sonra Volodiyanın Qusar şəhərinə gedən zaman Qusar-Şahdağ yolunda yol nəqliyyat hadisəsi törətməsini, bu vaxt qardaşı Nadirin avtomobilini vurub dərəyə aşırmasını, nəticədə qardaşının xəsarət almasını, həyat yoldaşının isə vəfat etməsini bilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb eksperizasının “MTE və PA” birliyinin Qusar rayon şöbəsininin 24 iyun 2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində xarici müayinədə sağ gözün bayır küncündə sıyrıq, sağ qulaqönü sahədə əzilmiş-cırılmış yara, sol bazunun aşağı 1/3-nin arxa səthində sıyrıqlar, daxili müayinədə sağ yarım kürənin üstündə qan laxtası. Baş-beyin toxumasında xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, beyincik toxumasında nöqtəvari qansızmalar. Kəllə əsasının sağ ön və arxa çuxurlarında sınıq xəttləri müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın /əşyaların/ təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malikdir. X1 ölümü məhkəmətibbi ekspertiza aparılan andan 10-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş-beyinə qansızına olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb eksperizasının “MTE və PA” birliyinin Qusar rayon şöbəsininin 06 iyun 2023-cü il tarixli, 232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Həzərəbək oğlunun bədəni üzərində almacıq sümüyünün sınığı, sol tərəfdə 6-8-ci qabırğaların sınıqları, sağ bud sümüyünün yuxarı 1/3-nin qəlpəli yerdəyişən sınığı, sol bud sümüyünün orta 1/3-nin çoxqəlpəli yerdəyişən açıq sınıqları, sol baldır sümüklərinin açıq sınıqları, solda qasıq sümüyün şaxələrinin sınıqları, bərk küt əşyanın (əşayaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş YNHsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb eksperizasının “MTE və PA” birliyinin Qusar rayon şöbəsininin 07 iyun 2023-cü il tarixli, 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Şahkərəm oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər L1 fəqərə cisminin yuxarı limbinin kompression, multifraqmentar önə dislokasiyası ilə müşayiət olunan sınıqı, sınıq fraqmentlərinin doza 1/vertebral kanala doğru migrasiyası inkar olunur, bərk küt əşyanın (əşayaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat ekspertizasının 21 iyul 2023-cü il tarixli, 8/1865 saylı rəyinə əsasən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Vaz-2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qunununun 37- ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq yəni 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qunununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aid qəbzdən görünür ki, xx.xx.2023-cü il saat 23:08-də Təqsirləndirilən şəxs sərxoşluğu 1.741 % promil olmuşdur. Cinayət işinin materiallarında olan arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı, ikisi yetginlik yaşına çatmayan 3 uşağı var, yaşayış yeri üzrə kafi xaraktarizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul edib “Vaz 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Qusar rayon Məhkəməsi tərəfindən 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetginlik yaşına çatmayan uşalarının olmasını CM-nin 59.1.4-cü və 59.2- maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin şikayətçi olmalarını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçiməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.2-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzasının başlanğıcı zaldan həbsə alındığı gündən, yəni 09 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2024-cü il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar