Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-372/2024 05.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şamaxı rayonu, Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Qobustan rayonu, Yekəxana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə özü istifadə etmək məqsədilə əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əldə edib yaşadığı Qobustan rayonu, Yekəxana kəndindəki nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda əkib, yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə, kultivasiya etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 03:20-dən 04:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həmin ünvandakı evin həyətyanı sahəsindən yaş vəziyyətdə ümumi təmiz çəkisi 45 kq olmaqla, hündürlükləri 25 santimetrdən 190 santimetrədək olan, ümumilikdə külli miqdarda 85 (səksən beş) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ittihamda qeyd olunan narkotik tərkibli bitkilərin (kolların) tapıldığı qeyd olunan yerdə torpağın münbitliyi olmadığı üçün orada heç bir bitkini yetişdirmək mümkün olmaz. 59 yaşı var və bu günə qədər nə o, nə övladları nəinki narkotik vasitə, heç siqaret belə istifadə etməmişdir. Narkotik tərkibli bitkilərin tapıldığı ərazidə o, öz mal-qarası üçün kiçik çəpərli sahə yaratmışdır. İttihamda qeyd olunur ki, həmin yerdə 190 sm çətənə kolu aşkar olunmuşdur. Bəs o, əgər bu işlə məşğuldursa, hər iki tərəfi yoldan görünən həyətyanı sahədə bu ağacın insanlar tərəfindən görünəcəyini necə ağlına gətirməyə bilərdi? O, güman edir ki, həmin əraziyə öz mal-qarası üçün səpdiyi otların toxumlarının arasında o bitkilər də olmuş və onun bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, qeyd olunan torpaq sahəsi onun özünə məxsusdur və orada yaşayış yeri də yerləşir. Evdə ailəsi ilə yaşayır. Heç vaxt siqaret də, narkotik vasitə də istifadə etməmişdir. Həmin torpaq münbit olmadığı üçün orada sadəcə nar ağacı var, başqa heç bir göy-göyərti belə əkməmişdir. Polis əməkdaşları onu əvvəl Badamdarda yerləşən Baş İdarəyə aparmışdırlar. O, ekspert rəyinin yanlış olduğunu düşünür. Özünü qismən təqsirli bilib, çünki o kolların orda olmasından xəbərdar olmamışdır, kifayət qədər diqqət göstərsə idi onları görüb məhv edərdi. O heç zaman həmin yerdə təmizləmə, sulama eləməmişdir, ancaq bağını sulamışdır. Polis əməkdaşları ayın 8-i saat 15 radələrində gəlmiş, lakin onu ayın 9-u Badamdara Baş İdarəyə aparmışdırlar. Polis əməkdaşları evinə mülki geyimdə gəlmiş, müvafiq qaydada özlərini təqdim etmişdirlər. O, əvvəllər həmin şəxsləri tanımamışdır, gələndə də əllərində heç bir sənəd, məhkəmə qərarı olmamışdır, evinə baxış keçirmələri üçün özü icazə vermişdir. Bəzi kolları göstərib onların narkotik tərkibli bitkilər olduğunu deyib buna görə də ondan 45000 manat pul istəmişdirlər. O da qorxduğu üçün Rəhman adlı polis əməkdaşına 9000 manat pul vermişdir. Polislər isə qollarını bağlayıb onu aparmış, səhəri gün saat 06 radələrində Pərvanə adlı vəkil gəlmiş, sonra onu X2 aparmışdırlar. Səhhəti yaxşı olmadığı üçün sonradan onu ev dustaqlığına buraxmışlar. Polis əməkdaşları onun evində uzun müddət qalmışdırlar, çünki onlara yemək və s. təkliflərini qəbul etmişdirlər. Sonra isə artıq korrupsiya məsələləri danışıldığı üçün bu müddət uzanmışdır. Polis əməkdaşları baxış keçirməyə gələn zaman nə vəkil, nə də aqronom olmamışdır. Səhər saatlarında aqronom gəlmiş, o gələndə ağaclar hələ kökü üstündə olmuşdur. Aqronom onun narkotik tərkibli bitki olduğunu demiş, sonra polis əməkdaşları onu kökündən çıxarmışdırlar. Mayın 10-u mal-qarası yaylağa getmiş, o isə narkotik bitkilərin aşkarlandığı sahədə olan nar ağaclarını heyvanlar yeməsinlər deyə çəpərləmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, Qobustan rayonu, Yekəxana kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ildir narkotik vasitə istifadəçisidir. Bu müddət ərzində narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Həmin marixuananı yaşadığı Qobustan rayonu, Yekəxana kəndinin yaxınlığındakı örüş sahəsində yabanı halda bitən çətənə bitkisinin yarpaqlarını yığıb qurudaraq hazırlamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında xatırlamadığı tarixdə yaşadığı Qobustan rayonu, Yekəxana kəndinin yaxınlığındakı örüş sahəsində heyvanlarını otardığı zaman xatırlamadığı yerdə qarşısına çıxan yabanı halda bitmiş çətənə kolu görmüş və daha sonra özü istifadə etmək məqsədi ilə həmin çətənə kolunun üzərindəki qurumuş yarpaqlarından toplayıb, çəkmək istədikdə həmin yarpaqların arasında çətənə bitkisinin toxumlarının da olduğunu görmüş və daha sonra özü istifadə etmək məqsədi ilə əkib yetişdirmək üçün həmin çətənə kolunun toxumlarından götürüb, özü ilə Qobustan rayonu, Yekəxana kəndində yerləşən yaşadığı evə gətirmiş, həyətindəki tövlədə gizlədib saxlamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində arvadı bir müddət Quba rayonunda yaşayan oğlu Rahibin yanında qalmaq üçün onun yanına getmiş və evdə tək qalmışdır. Bundan sonra evdə tək olduğundan heç kimin xəbər tutmayacağı üçün xx.xx.2023-cü il tarixdə əkib-becərib yetişdirmək məqsədi ilə həmin çətənə toxumlarını əkmək qərarına gəlmiş və bu məqsədlə toxumları yaşadığı evin həyətyanı sahəsindəki nar ağaclarının olduğu bağda torpağa əkib, əkdiyi toxumları becərib, yetişdirib, xüsusi aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, nəticədə həmin toxumlardan 85 ədəd çətənə kolu bitmişdir. Həmin 85 ədəd çətənə koluna vaxtlı-vaxtında su verib, diblərini alaq otlarından təmizləyərək aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 03:00 radələrində yata bilmədiyindən hava almaq üçün yaşadığı evin həyət qapısının qarşısında dayanmışdır. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olmalarını bildirmişlər. Barəsində olan əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış edilərək narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmağı barədə onlarda məlumat olmasını demiş, buna görə yaşadığı ünvana baxış keçirilməli olmasını bildirmişlər. Buna etirazının olmadığını polis əməkdaşlarına bildirib, bu haqda ərizə ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etmişdir. Sonra baxış iştirakçıları ona təqdim olunmuş və onların heç birinə etirazı olmadığını bildirmişdir. Daha sonra onun və digər iştirakçıların iştirakı ilə baxış başlanmışdır. Təhqiqatçı ondan yaşadığı ünvanda narkotik tərkibli bitki əkib-əkmədiyini soruşduqda, həyətində narkotik tərkibli bitki əkdiyini və həmin bitkiləri göstərə biləcəyini bildirmişdir. Bundan sonra baxış iştirakçıları ilə birlikdə yaşadığı evin həyətyanı sahəsindəki nar bağında çətənə kollarını əkib yetişdirdiyi yerə gedib, həmin çətənə kollarını baxış iştirakçılarına təqdim edərək, çətənə kolları olduqlarını bildirmişdir. Həmin vaxt baxışda iştirak edən aqronom mütəxəssis də həmin bitkiləri nəzərdən keçirib, həmin bitkilərin əkilib, qulluq olunmuş çətənə kolları olduğunu demişdir. Bundan sonra həmin çətənə kolları kökündən çıxarılmış, sayılmış və polietilen örtüyə bükülməklə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı həmin kollar barədə soruşduqda, həmin kolların çətənə kolları olduğunu, həmin çətənə kollarını 10 aprel 2023-cü il tarixdə həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə əkdiyini, özü narkotik vasitə istifadəçisi olduğundan həmin kolları əkən zaman istifadə etdiyi toxumların əvvəlcədən özündə olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və təhqiqatçının xahişi və öz razılığı ilə baxış iştirakçıları ilə birlikdə Qobustan RPŞ-yə getmişdir. Polis şöbəsində xidməti otaqların birində videoçəkiliş ona və digər baxış iştirakçılarına nümayiş etdirilmişdir. Həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazı olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra üzərində şəxsi axtarış aparılacağı bildirilərək Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, təqdim olunmuş siyahıdan Xırdalan şəhər Vəkil Bürosunun vəkili Pərvanə Hüseynovanı seçmişdir. Bundan sonra müdafiəçi Pərvanə Hüseynova və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən üstündə, paltarında, paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi ona təklif olunmuşdur. Bu zaman üzərindəki əşyaları, yəni, mobil telefonunu, özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini, dərmanlarını, konfetlərini, 01 ədəd bir yüz manatlıq pul əskinasını və 01 ədəd bir yüz ABŞ Dolları pul əskinasını cibindən çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir şey aşkar olunmamışdır. Daha sonra təhqiqatçı mobil telefonunu maddi sübut olaraq götürmüş, digər əşyalarını və pulunu isə özünə qaytarmışdır. Həmin vaxt təhqiqatçı ondan evinin həyatyanı sahəsindən aşkar olunmuş çətənə kolları haqqında soruşduqda, həmin kolları həm istifadə etmək, həm də satmaq məqsədi ilə özü əkdiyini, özünün də 3 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, lakin bir neçə aydır ki, xəstəliyi səbəbindən narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və onlara nümayiş etdirilmişdir. Həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazı olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, həmçinin bildirmişdir ki, əkdiyi çətənə kollarına xüsusi qulluq göstərərək onları kultivasiya etmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən ailə üzvlərinin və ya digər şəxslərin, həmçinin tanışlarının və dostlarının məlumatları olmamışdır. Əvvəllər və ya cari dövrdə narkotik vasitənin bu və ya digər növünün satışı ilə məşğul olmamış və ya kiməsə bəxşiş olaraq verməmişdir. xx.xx.2023-cü il tarixdə evinin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən, polis şöbəsinə dəvət edilərkən və ya polis şöbəsində olduğu vaxt ona qarşı hər hansı fiziki, mənəvi və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, hazırda həmin mobil nömrədən başqa heç bir mobil nömrədən istifadə etmir. Yuxarıda qeyd etdiyi cinayət əməlindən başqa heç bir cinayət əməlini törətməmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatı yoxdur. O, həmçinin bildirmişdir ki, məhkəmə-psixiatrik ekspertizası keçirilən zaman məsuliyyətini yüngülləşdirə biləcəyini güman etdiyindən hadisədən xəbəri olmadığını bildirmişdir. Həqiqətdə isə onun evinin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı aşkar edilmiş 85 ədəd çətənə kolunu özü təkbaşına əkib-becərmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı həyəcanlı olduğundan fikrini doğru ifadə edə bilmədiyinə görə yaşadığı ünvana baxış və üzərinə şəxsi axtarış keçirilən zaman, həmçinin, ilkin ifadəsində 85 ədəd çətənə kolunu həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Həqiqətdə isə o, həmin 85 ədəd çətənə kolunu yalnız şəxsi istifadəsi üçün əkmişdir. Həmin bitkiləri əkib-becərməkdə satış məqsədi olmamışdır. O, heç vaxt narkotik vasitə satmamış və ya narkotik vasitə satmaq üçün alıcı axtarmamışdır. Bu niyyətlə hərhansı şəxslə əlaqə yaratmağa cəhd göstərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qobustan rayonu, Yekəxana kəndində yaşayan “Haşım” adlı şəxsin yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəisinin əmri ilə 08 iyul 2023-cü il tarixdə onun rəhbərliyi ilə, DİN-in BNMİ-nin təhqiqatçısı Həsənquliyev Vüsal, baş əməliyyat müvəkkili Şahid4 və növbətçi Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində əməliyyat qrupunun üzvləri və mütəxəssis qismində təyin olunmuş Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu, Yekəxana kəndindəki ünvana getmişdirlər. Həmin ünvana çatdıqda həyət qapısının qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, barəsində olan əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış edərək onun narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat olmasını deyib, buna görə yaşadığı ünvana baxış keçirilməli olduqlarını bildirmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitki əkib-əkmədiyini soruşduqda, o, həyətində narkotik tərkibli bitki əkdiyini və həmin bitkiləri göstərə biləcəyini bildirmişdir. Bundan sonra Haşım yaşadığı evin həyətyanı sahəsindəki nar bağına gedib, orada olan çətənə kollarına bənzər bitkiləri təqdim etmiş və həmin bitkilərin çətənə kolları olduğunu bildirmişdir. Həmin vaxt baxışda iştirak edən aqronom mütəxəssis də həmin bitkiləri nəzərdən keçirmiş, həmin bitkilərin əkilib, qulluq olunmuş çətənə kolları olduğunu demişdir. Şahid1 ona verilən sualları cavablandırarkən bildirdi ki, təhqiqatçı Haşımdan həmin kollar barədə soruşduqda, o, həmin kolların çətənə kolları olduğunu, həmin çətənə kollarını özü əkdiyini, özü nakotik vasitə istifadəçisi olduğundan həmin kolları əkən zaman istifadə etdiyi toxumların əvvəlcədən özündə olduğunu demişdir. Evə baxış keçirməmişdən əvvəl Haşımın razılığı alınmışdır. Haşım həyətin içində narkotik vasitə olan çətənə bitkiləri üçün gizli bir yer ayırmışdır, bitkilərin hündürlüyü fərqli olmuşdur. Polis əməkdaşları ona nə fiziki, nə psixi təzyiq göstərməmiş, ondan pul və.s. istəməmişdirlər. Həyətə baxış təhqiqatçı ilə birlikdə keçirilmiş, gedəndən bir müddət sonra mütəxəssis də dəvət olunmuş və baxış keçirilən zaman işıqlandırma üçün telefon işığından istifadə edilmişdir. Aşkar olunan çətənə bitkilərinə xüsusi qulluq olunduğu hiss olunurmuş, Təqsirləndirilən şəxs səmimi olaraq həmin bitkiləri özü əkdiyini demişdir. Şəxsi saxlayandan sonra Badamdara, Baş Narkotiklə Mübarizə İdarəsininin inzibati binasına aparmış, müvafiq materiallar hazır olduqdan sonra isə Qobustan rayon Polis Şöbəsinə gətirmişdirlər. Çəkiliş aparılan zaman bütün bitkilər sayılmış, 85 ədəd müxtəlif ölçülü kollar olduğu müəyyən olunmuş və qeyd olunanlar hər biri videoçəkilişdə də əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid4 və DİN-in BNMİ-nin QBRŞ-nin növbətçisi Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini, həmçinin verdiyi rəyi müdafiə edərək göstərdi ki, o, Qobustan rayon X12 Mərkəzinin Bitçilik sektorunun aqronomu vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımışdır, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır, münasibətləri kənd sakini kimi normal olmuşdur. Hadisə olan gün ona zəng gəlmiş, telefona cavab verdikdə bir nəfər özünün polis əməkdaşı olduğunu bildirərək nömrəsini işlədiyi idarənin rəhbərindən aldığını və mütəxəssis kimi onun köməyinə ehtiyacları olduğunu bildirmişdir. O da rəhbərinə zəng etmiş və rəhbəri deyilənləri təsdiqləmişdir. Gecə saat 3 radələrində o, 2 nəfər polis əməkdaşı ilə görüşmüş və onlarla birlikdə Yekəxana kəndinə getmişdir. Gedib Haşımın qapısına çatanda orda 3 nəfər də polis əməkdaşı olmuş, qapını Haşım açmışdır. Polis əməkdaşları ona evinin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirdikdə Haşım da heç bir narazılıq bildirmədən icazə vermişdir. Həmin əməkdaşlar və o, qaranlıq olduğu üçün fənərlə evin aşağı hissəsində müxtəlif hündürlükdə olan kollara baxış keçirmişdirlər. Polis əməkdaşları həmin ərazidən kolları çıxarmış, palatkaya bükmüş, saymış və akt tərtib etmişdirlər. Şahid3 ona verilən sualları cavablandırarkən bildirdi ki, həyətdə 85 ədəd çətənə kolları olmuşdur. Onlar hər biri müxtəlif hündürlükdə olmuşdur, aqrotexniki qaydada qulluq qismən göstərilmişdi, çünki kolların dibində alaq otları bitmişdir və kollar cərgə ilə yox, qarışıq şəkildə bitmişdir. Mütəxəssis kimi rəyi o vermişdir və imzalar ona məxsusdur. O, polis əməkdaşları ilə birlikdə təqsirləndirilən şəxsin evinə çatanda saat təxminən gecə 4ün yarısı imiş. Çətənə kolları sayılanda o da orda olmuşdur və həqiqətən də, düz sayılmışdır. Onu telefon zəngi vasitəsilə çağırmışdırlar. Həmin ərazidə çətənə bitkilərindən başqa nar ağacları da olmuşdur. Orada kollar cərgəli deyil qarışıq, dairəvi şəkildə bitmişdir. Çətənə kollarının dibinin yumşaldılıb-yumşaldılmadığını hazırda xatırlamır. Lakin həmin kolların yetişdirilməsində insanın əl əməyinin olduğu bilinirdi. Polis əməkdaşları ona heç bir təzyiq göstərməmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürülmə haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Qobustan rayonu, Yekəxana kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən ona yaşadığı ünvanda qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkib becərdiyini bildirərək, ilkin olaraq həyətdə düzəltdiyi cığırla bağa doğru gedərək çətənə kollarını əkdiyi yerə aparmışdır. Burada olarkən torpaqda, bir-birindən aralı, torpaqdan hündürlüyü təxminən 25 sm-dən 190 santimetrədək olan yaşıl yarpaqları və budaqları olan, kəskin iyli narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkiləri göstərib təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri cari ilin aprel ayında həm özünün istifadəsi, həm də satmaq məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Həmin bitkilərə baxış zamanı suvarıldığı üçün dibindəki torpaq örtüyünün rütubətli olduğu, alaq otlarından təmizlənərək aqrotexniki qaydada qulluq olunduğu aşkar olunmuşdur. Aqronom- mütəxəssis də həmin kollara aqrotexniki qaydada qulluq edildiyini və həmin kolların narkotik tərkibli çətənə kollarına bənzər kollar olmalarını bildirmişdir. Götürülmüş həmin çətənə bitkiləri sayılması üçün evin qarşısında döşəmənin üzərinə düzülmüş və sayılaraq cəmi səksən beş ədəd olduğu, kolların ən uzununun 25 sm, ən kiçiyinin isə 190 sm olması müəyyən edilmişdir. Həmin bitkilər bir ədəd göy rəngli polietilen kisəyə yığılıb bağlanmış, möhürlənərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış və qabaritlərinin imkan verməməsi səbəbindən çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. Sonra həmin kisə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə kollarını üç ay əvvəl özünün istifadəsi üçün əkib becərdiyini, həmin bitkilərin toxumlarını isə istifadə etdiyi narkotik vasitədən yığıb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Nokia” markalı mobil telefonunu, üzərində “Kardio-Maqnil” sözü yazılmış ürək dərmanını, əynində olan göy rəngli qısaqol köynəyinin sol döş cibindən üzərində “Amaril” sözü yazılmış şəkər dərmanını, 01 ədəd şəxsiyyət vəsiqəsini, təxminən 4-5 ədəd şəkərsiz konfetlərini, 100 manat və 100 ABŞ dolları məbləğində pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin dərmanları, pulu və şəkəri az olan konfetləri özünə qaytarılsa da, mobil telefonu və şəxsiyyət vəsiqəsi gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Lakin son 3 aydır ki, xərçəng xəstəliyi tutması səbəbindən ondan istifadə etmir. Yaşadığı evinin həyətyanı sahəsindən aşkar olunmuş 85 ədəd narkotik tərkibli çətənə bitkilərini həm özünün istifadəsi, həm də sataraq müalicəsi üçün pul əldə etmək üçün tək özü əkib becərmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən aqronommütəxəssis Şahid3 tərəfindən tərtib edimiş 09 iyul 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkilmiş 85 (səksən beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin torpaq sahəsində bir-birindən aralı olmaqla əkilmiş, hündürlüyü 25-190 santimetr olan 85 (səksən beş) ədəd narkotik tərkibli çətənə bitkisinin ətraf hissəsində torpaq yumşaldılaraq bitkilərə açılmış şırımlar vasitəsilə suvarılmış, alaq otlarından təmizlənmişdir. Təqsirləndirilən şəxs məxsus, yaşadığı evin həyətyanı torpaq sahəsində sonuncu tərəfindən əkilmiş 85 ədəd bitki narkotik xassəli çətənə bitkisidir və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin bitki kollarının ən hündürünün təxminən 190 santimetr, ən alçağının isə 25 santimetr olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 09.07,2023-cü il tarixli, 3-16-16/2-7/983 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan həyətyanı sahəsindən aşkar edilmiş 85 ədəd çətənə koluna bənzər bitkilər...” yazı və imzalar olan sintetik torbada ümumi sayı 85 ədəd yaş vəziyyətdə ümumi çəkisi 45000,0 qram (45 kq) bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş aqronom rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmişdir. Rəyin qeyd hissəsində çətənə (kannabis) bitkilərinin ümumi çəkisinin 45000,0 qram, cəmi tədqiqata 2,55 qram (hər birindən 0,03 qram olmaqla) sərf edildiyi, qalıq 44997,45 qram olması göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5406 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etməyə meyillilik, situativlik, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əqli- intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmamışdır. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qobustan Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 22 iyul 2023-cü il tarixli, PHŞ-6-53/2- 630/2023 nömrəli məktubundan görünür ki, Qobustan rayonu, Yekəxana kənd sakini Təqsirləndirilən şəxs Qobustan RMX PHŞ-nin Poliklinika şöbəsində Narkoloji və Psixonevroloji xəstəliklər kabinetində dispanser qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən iş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, Qobustan rayonu, Yekəxana kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman hündürlükləri 25 santimetrdən 190 santimetrədək olan, ümumi təmiz çəkisi 45000 qram olmaqla ümumilikdə 85 (səksən beş) ədəd külli miqdar təşkil edən əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisinin toxumlarının əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olmaması, Təqsirləndirilən şəxs 85 (səksən beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini yetişdirməsində məqsədinin özünün istifadə etməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması, ailə üzvlərinin və ya başqa şəxslərin sözügedən cinayət əməlindən məlumatlarının olmaması müəyyən olunmuşdur. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmuş, o, həmin ümumilikdə 85 (səksən beş) ədəd külli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri özü üçün əkib becərmiş, satış niyyətini təsdiq edən hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il tarixdə saat 00:00-dək olan müddət ərzində mövcud olan zənglər və SMS-lərin siyahısına, SMS mətnlərinə, nömrələrin müqavilə sahiblərinə və əhatə dairəsinə dair məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat, zəng və ya SMS mətni müəyyən edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş “İstanbul NS Klinika”sının xx.xx.2023-cü il tarixli “lomber spinal MRT incələməsi”ndən, Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 xx.xx.2023-cü il tarixli arayışından və Azərbaycan Republikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına ETKİ-nin tibbi sənədindən görünür ki, Təqsirləndirilən şəxs “şəkərli diabet İİ dərəcə, hipertoriya xəstəliyi İİ dərəcə, ağır insulin” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 45000,0 qram, ekspert tədqiqatından sonra qalıq çəkisi 44997,45 qram olan 85 (səksən beş) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri maddi sübut əhəmiyyətinə malik olduğundan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli Qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tibbi sənədlər əsasında qeyd edilmiş xəstəliklərini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün dəlil gətirərək yaşadığı Qobustan rayonu, Yekəxana kəndindəki nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirilən zaman aşkar olunmuş 85 (səksən beş) ədəd əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin ona aid olmadığını, ümumiyyətlə, həmin bitkilərin orda bitməsindən belə xəbərsiz olduğunu, həmin bitkilərin heyvanları üçün səpdiyi otların toxumlarının arasında bitdiyini güman etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bildirdiklərinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ona məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş narkotik maddə çətənə bitkilərinin ona məxsus olmaması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Əksinə təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi barədə videoçəkilişdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materialalrında olan protokollar, videoçəkilişlər, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiə nitqində polis əməkdaşlarının Təqsirləndirilən şəxs həyatinə daxil olduqlarından istintaqın sonuna kimi olan müddətdə onu müxtəlif növ təzyiq və təsir altında saxlamalarını, onu hədələdiklərini, qorxutduqlarını, Təqsirləndirilən şəxs ilk olaraq Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildiyini, həmin İdarədə ona təzyiq və təsir göstərildikdən sonra Qobustan RPŞ-nə aparıldığını, eyni zamanda qeyri-prosessual sövdələşmələr, söhbətlər aparmaqla işi istintaqda bağlayacaqları ilə onu aldatdıqlarını, yazıb-oxuya bilmədiyi latın qrafikasında onun adından kompüterdə yazılar yazaraq məzmununu ona oxumadan həmin üsullarla imzalatdırdıqlarını, müdafiə hüququnun pozulduğunu, müdafiəçi qismində İsmayıllı, Oğuz, Qəbələ və ən nəhayətində Şamaxı, Qobustan rayonundan deyil, Abşeron rayon Vəkil Bürosundan müdafiəçi dəvət etdiklərini, əməliyyat tədbirləri başladıqdan istintaqın sonuna kimi dövlət hesabına təyin edilmiş müdafiəçisini görmədiyini, onun kim olduğunu belə bilmədiyini, yazılanları imzalayarkən də onun yanında heç bir vaxt müdafiəçi olmadığını, yalnız iş məhkəməyə göndərildikdən sonra onun aldadıldığını, işinin bağlanılmadığını, əksinə onu ağır cinayətdə ittiham etdiklərini bildiyini, hətta Təqsirləndirilən şəxs cinayət işi materaillarında olan bəzi sənədlərdə onun adından edilmiş imzaların onun tərəfindən icra edilmədiyini bildirməsini və bu barədə vəsatət qaldırılsa da, məhkəmədə bu vəsatətin təmin edilməməsini və əvvəlki məhkəmə iclaslarında məhkəmə tərəfindən münasibət bildirilmiş digər arqumentləri əsas gətirərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin yekun məhkəmə nitqində qeyd etdiyi arqumentləri nəzərdən keçirərək aşağıdakıları qeyd edərək həmin arqumentlərin əsassız olduğunu qeyd edir. Həm müdafiəçinin yekun məhkəmə nitqində qeyd etdiyi, həm də təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs pul tələb etmələri barədə polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət haqqında məlumat göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs keçirilmiş heç bir məhkəmə iclasında cinayət işi materiallarında olan bəzi imzaların onun tərəfindən icra edilmədiyini bildirməmiş və bu barədə məhkəməyə vəsatət də verilməmişdir. Qeyd olunan faktı həm məhkəmə iclas protokolları, həm məhkəmə iclaslarının fasiləsiz aparılmış audioyazıları sübut edir. Bundan əlavə qeyd olunmalıdır ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin imzaladığı bütün sənədlər tərtib olunduqdan sonra həmin sənədlərin məzmunu uca səslə ona oxunulmuş daha sonra onun özü tərəfindən şəxsən imzalanmışdır. Həmçinin həmin sənədlər imzalanarkən təqsirləndirilən şəxsin müdafiəçisi də onun yanında olmuş, lakin həmin sənədləri imzalamaq istəməməsi barədə müdafiəçisinə də heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsin həmin sənədlərin məzmunu ilə tanış olduqdan sonra onları imzalayıb-imzalamamaq, həmçinin həmin sənədlərə öz qeydlərini vermək kimi hüquqları olmasına baxmayaraq, təqsirləndirilən şəxs həmin sənədləri imzalamışdır. Bundan başqa ibtidai istintaqın əvvəlində təqsirləndirilən şəxsə Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçinin çıxışında qeyd etdiyi rayonlardan vəkillər həmin siyahıda göstərilmiş, təqsirləndirilən şəxs özü həmin siyahıdan Abşeron rayon Vəkil Bürosunun vəkili X3 dövlət hesabına müdafiəçisi təyin edilməsini istəmiş və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Dövlət hesabına təyin edilmiş müdafiəçi bütün istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etmiş, bu barədə tərtib edilmiş sənədləri də imzalamışdır. Həmçinin həmin müdafiəçinin vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə məhkəmə qərarı da təqsirləndirilən şəxsin hal-hazırkı müdafiəçisinin dediklərini təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi ifadəsi alınan zaman, həmçinin Qobustan Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun hüququqlarının müdafiəsi üçün təyin olunmuş müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 vəsatəti əsasında “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması zamanı göstərilən məsələlərlə bağlı heç bir söz deməmiş və etirazını bildirməmişdir. Göründüyü kimi müdafiəçinin qeyd etdiyi məsələlərin heç bir hüquqi əsası yoxdur və yekun nitqində göstərilən xüsusatlar təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindikləri maddələrin (CM-nin 237.2.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 iyul 2023-cü il tarixdə barəsində Qobustan Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 09 iyul 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X3 vəsatəti əsasında Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 09 iyul 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 aylıq müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qobustan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44997,45 qram olan 85 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) aylıq müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla cəzasının ümumi müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Qobustan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44997,45 qram olan 85 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin
Məhkəmə qərarları › İş №1(124)-372/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-372/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver