Məhkəmə qərarları › İş №1(124)-372/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-372/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-372/2025 25.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 45 manat müqabilində külli miqdarda, bir bükümdə 3,144 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 05 mart 2025-ci il tarixdə saat 20:08-də Abşeron Rayon Polis İdarsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Avropa Qapıları” adlanan obyektin yaxınlığında küçədə piyada hərəkət edən zaman saxlanılıb, orada həmin gün saat 20:08-dən 20:14-ə kimi onun üstü yoxlanılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofan bükümdə 3,144 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Polis əməkdaşları məni “Avropa qapıları”nın yanında saxlamayıblar, onlar məni birbaşa evdən götürüblər. Əslində polis əməkdaşları məni saxlamaq üçün gəlməmişdilər, əslən Tərtər rayonundan olan və mənimlə bir məhəllədə qalan, axtarışda olan Ruslan adlı şəxsi məhkəmədən yayındığı üçün saxlamalı idilər. Ruslan polis əməkdaşlarından qaçıb mənim evimdə gizlənmişdi. Həmin vaxt mən ağır xəstə idim və Yasamal rayonuna getmək imkanım belə yox idi. Polis əməkdaşları gəlib evimin qapısını döydü, mən xəstə olduğum üçün evin qapısını aça bilmədim. Bu zaman Ruslan pəncərədən qaçaraq çıxıb getdi. Polis əməkdaşları özləri evə daxil oldu və Ruslanı tapmaq üçün evin hər tərəfini darmadağın etdilər. Polis əməkdaşları məni evimin qapısı açıq vəziyyətdə evdən götürdülər. Mən yalan ifadə vermirəm. Adını bilmədiyim şəxslər evimə daxil olub hər tərəfi dağıdaraq evin kombisinə qədər götürüblər. Məhkəmənin qərarı olmadan mənim evimə daxil olub qapımı sındırıblar. İstintaqda verdiyim ifadəmdə qeyd olunub ki, üzərimdən aşkar olunan 3 qram narkotik vasitəni 45 manata almışam. Bu doğru deyil, həmçinin narkotik vasitəni tanımadığım şəxsdən əldə etməyim barədə məlumat da doğru deyil. İndiki dövrdə tanış insan belə narkotik vasitə verməyə çəkinir, o ki qaldı tanımadığım bir şəxs olsun. Mənim 6 dəfə məhkumluğum olub və hər birində də təqsirimi etiraf etmişəm. Ancaq hal-hazırkı işlə bağlı bildirmək istəyirəm ki, mənim üzərimdə narkotik vasitə olmayıb. Polis əməkdaşları səhər məni evdən götürüblər və axşam “Avropa qapıları” deyilən yerdə videoçəkiliş ediblər. Mən saxlanıldığım gündən bir gün əvvəl heç kimdən narkotik vasitə almamışam. Əgər alsaydım, narkotik vasitə istifadəçisi kimi ondan istifadə edərdim və üzərimdə 3 qram narkotik vasitə aşkar olunmazdı. Üstəlik Bakı şəhərində hal-hazırda 45 manata narkotik vasitə satılmır. Əgər mənim yalan danışdığımı düşünürsünüzsə, yaşadığım ərazidə olan kameralara baxış keçirə bilərsiniz.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı etirafedici ifadə vermişəm. Mən 6 dəfə məhkum olunmuşam. Polis əməkdaşından xahiş etdim ki, məni CM-in 234.1-ci maddəsi ilə ittiham etsinlər, ancaq mən bilmədim ki, o məni CM-in 234.1-1-ci maddəsi ilə ittiham edəcək. Həmin vaxt mənim vəziyyətim həm maddi cəhətdən, həm də sağlamlıq cəhətdən pis idi. Bir müddət dövlətin hesabına “Tubzonda” müalicə almışdım. Hadisənin baş verdiyi vaxt mənim vəziyyətim pis olduğu üçün mənim Yasamal rayonuna getmək imkanım yox idi. Mənim yaşadığım evlə “Avropa qapıları” deyilən arasında məsafə uzaqdır. “119" nömrəli avtobusun dayanacağı ilə mənim evim arasında təxminən 3 metr məsafə var. Ancaq yaşadığım ərazinin hansı küçə olduğunu bilmirəm. Polis idarəsində olarkən vəziyyətimlə bağlı olaraq CM-in 234.1-ci maddəsi ilə həbs olunmaq istəyirdim. Polis əməkdaşları evimə gələndə qonşularım bunu görmüşdü. Şahid kimi gəlib baş verənləri təsdiq edə bilərlər. Polis əməkdaşları məni saxladığı gün “Xalid” adlı şəxs və mağaza sahibi olan adam polis əməkdaşlarının qapını sındıraraq məni evdən apardıqlarını gördülər. Ancaq həmin şəxslərin telefon nömrəsi məndə yoxdur. Hal-hazırda evimdə kimsə yaşamır, evimin açarları qardaşımdadır. Polis əməkdaşları məni evdən apararkən görən şəxslər qardaşımı tanıyır və qardaşım həmin şəxslərin məhkəmədə iştirakını təmin edə bilər. Qardaşım ********** nömrəli mobil telefondan istifadə edir və qardaşımın adı Etirafdır. Polis əməkdaşları məni deyil, Ruslanı axtarırdılar. Ancaq vəziyyətimin yaxşı olmadığını görüb məni də özləri ilə birgə polis idarəsinə apardılar. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçısı Samir məni axşamadək polis idarəsində saxladı. Orada Seymur adlı şəxs də var idi və onun atası Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyatçısı idi. Mən polis idarəsində olanda özüm xahiş etdim ki, mənə CM-in 234.1-ci maddəsi ilə ittiham versinlər. Mənim ümumiyyətlə CM-in 234.1-1-ci maddəsinin mövcudluğundan xəbərim olmayıb.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 04 mart 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 45 manata öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış, səhəri gün, yəni 05 mart 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Saxlanıldığı yerdə ona təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməsinə başlamazdan əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunduqda əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd kağız zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra protokolun məzmunu ilə tanış olub protokolu va möhürlənmiş zərfin üzərini imzalamışdır. Narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən, üzərində axtarış aparılıb polis idarəsinə aparılan zaman və polis idarəsində olduğu müddətdə ona qarşı heç bir təzyiq olmamışdır (cild 01, iş vər. 67-69). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadə doğru deyil, üzərimdə narkotik vasitə heroin olmayıb.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Mənə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı əsasında şəxsi “Avropa qapıları” adlanan yerdə saxladıq. Şəxsin üzərindən narkotik vasitə aşkar olundu. Ancaq hansı növ narkotik vasitə olduğunu və neçə büküm olduğunu dəqiq xatırlamıram.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim, əməliyyat məlumatı mənə daxil olmuşdu. Şəxs saxlanılarkən ona heç bir təsir və təzyiq göstərilməyib. Şəxs evdə deyil, çöldə piyada hərəkətində olan zaman saxlanılıb. Ruslan adlı şəxsin şəxsi axtarışı ilə bağlı məlumatı xatırlamıram. Şəxsi evdə deyil, çöldə saxlamışıq. Şəxs saxlanılarkən tək idi. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şəxs saxlanılarkən qaçmağa cəhd etməyib və müqavimət göstərməyib. Məndə əvvəllər bu şəxs barəsində əməliyyat məlumatı olmayıb. Biz şəxs barəsində təxirəsalınmaz tədbir keçirmişik.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci il tarixdə Əli- Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08-09). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan, ünvan 5aşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin gün saat 20:08-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində, Avropa Qapıları adlanın obyektin qarşısında şübhəli şəxs qismində saxlanılaraq üstünə yoxlama aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütləni polis əməkdaşlarına təqdim etmişdir. Onun üstündə yoxlama davam etdirilmiş və üzərindən bir ədəd «Huawei» markalı mobil telefon aşkar edilib götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Yasamal rayonunda tanımadığı şəxsdən 45 manata aldığını bildirmişdir. Çəkilişin əks olunduğu “DVD” disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 12-13, 19). Cinayət işinin materiallarında olan fiziki-kimyəvi ekspertizanın 06 mart 2025-ci il tarixli, 20/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs...» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,144 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 43-46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 2606 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 01, iş vər. 123-124) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, hazırki cinayət işinin materiallarından CM-in 234.4.3-cü maddəsi ilə material ayrılması qərara alınmışdır (cild 01, iş vər. 130-135). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunaraq əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:08-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində, Avropa Qapıları adlanan obyektin qarşısında şübhəli şəxs qismində saxlanılaraq üstündə yoxlama aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddə fiziki-kimyəvi ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və bununla bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən edilən təsir nəticəsində ona aid olmayan narkotik vasitəni boynuna götürməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, ibtidai istintaq müddətində müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmiş, üzləşdiyi haqsızlıqlarla bağlı müvafiq qurumlara şikayət etməmiş, yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı CM-in 59-cu maddəsində göstərilən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 95-97, 104-112). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Əmirov X7 Rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il müddət keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluğuna diqqət yetirdikdə görünür ki, o, daha əvvəl də eynicinsli və müxtəlif növ cinayət əməllərini qəsdən törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, lakin bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)- 116/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 33, 76-79). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 3,044 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalı və 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 3,044 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın və 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 63 AZN (altmış üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar