Məhkəmə qərarları › İş №1(124)-373/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-373/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-373/2024 02.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X12 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1954-ci ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2008-ci ildə qardaşı Zərərçəkmiş şəxs2 iddiası əsasında ata mülkü hesab etdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 5/23 saylı binanın 9-cu mənzilindən məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasına görə qisas almaq məqsədilə, yəni şəxsi münasibətlər zəminində 08 iyul 2023-cü ildə Sumqayıt şəhərində yerləşən "Green house" şadlıq sarayında qohumlarının toy mərasimində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 boğazlarını kəsərək öldürmək qərarına gəlmiş, bu məqsədlə 08 iyul 2023-cü il saat 23:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən “Green house” şadlıq sarayında toy zalında iştirak eldikləri toy mərasiminin davam etdiyi vaxtda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əyləşdiyi masaya yaxınlaşaraq özü ilə gətirdiyi soyuq silah hesab olunmayan qatlanan tipli ov bıçağı ilə Zərərçəkmiş şəxs1 gözü qarşısında ona xüsusi əzab verdiyini dərk edərək sonuncunun əri Zərərçəkmiş şəxs2 öldürmək məqsədilə sol əli ilə başından tutub yuxarı dartmaqla sağ əlindəki bıçaqla boğazından kəsərək boynun sağ yarısının ön yan səthinin kəsilmiş-deşilmiş yarası, qırtlağın mənfəzinə keçməyən hissəvi zədələnməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və sonra Zərərçəkmiş şəxs2 gözü qarşısında ona xüsusi əzab verdiyini dərk edərək sonuncunun arvadı Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə sol əli ilə başından tutub yuxarı dartmaqla sağ əlindəki bıçaqla boğazından kəsərək, boynundan və başından eyni bıçaqla qəsdən vurub boynun ön səthinin sağ yarısının, başın sağ gicgah nahiyəsinin yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslərin müqaviməti, toy mərasimində iştirak edən qonaqların onun hərəkətlərinin qarşısını alması və zərərçəkmiş şəxslərin vaxtında xəstəxanaya çatdırılmaqla tibbi yardım göstərilməsi səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə xüsusi amansızlıqla iki şəxsi qəsdən həyatdan məhrum etməkdən ibarət hərəkətlərini başa çatdıra bilməyərək xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavabında göstərdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs2 doğma qardaşı hesab etmir, çünki Vahid Yaqubun oğlu deyil. O məhkumluq həyatı yaşadığı dövrdə Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 onun anasını incitmişlər, anasına yaxşı baxmamışlar, bundan başqa aralarında mülki mübahisə də olmuşdur. Bu məsələlərə görə Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1u cəzalandırmaq istəmiş, belə bir məhkəmənin qurulmasını arzulamışdır. Lakin onları öldürmək istəməmişdir. 08 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Green house” şadlıq sarayında qohumları Ruslan Kərimduxtun toy mərasimində iştirak etmiş, məhkumluq həyatından sonra üzərində demək olar ki, həmişə bıçaq gəzdirmişdir. Toya gələndə də bıçaq üzərində olmuşdur. Toyun sonuna yaxın şadlıq evində işıqların zəif vaxtı toydakı qonaqlar rəqs edəndə Vahid və İradə oturduğu masaya yaxınlaşıb əvvəl Vahidin, sonra isə İradənin boğazını üzərindəki bıçaqla kəsmişdir. İradə qışqırıb səs küy saldığından onu da bıçaqla vurmuşdur ki, səsini kəssin, lakin onu və Vahidi öldürmək istəməmişdir. Sonra toydakı qonaqlar onu kənarlaşdırmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaqda ifadəsində göstərmişdir ki, 1954-cü ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində fərdi evdə yaşamışdır. Zərərçəkmiş şəxs2 qardaşı, Zərərçəkmiş şəxs1 isə Vahidin arvadıdır. Vahid və onun ailə üzvləri ilə aralarında uzun müddətdir ata evi yəni, ünvan 3 ünvanındakı mülkin Vahidə verilməsinə görə mübahisə vardır. Həmin yaşayış sahəsi məhkəmə qərarı ilə Vahidə verilmiş, o, qeydiyyatdan çıxarılmışdır. O, isə bununla razılaşmadığından Vahidlə qarşılaşdığı zamanlarda aralarında sözlü mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə olmasa da, sonuncu ilə danışmamışdır. İradə ancaq onu pisləmişdir. O, ata evindən məhrum edilməyinin qisasını almaq istəmiş, lakin Vahid çəkindiyindən onun olduğu yerlərə gəlməmiş, qarşılaşmamış, görüşməmiş, nə də ki İradəni tapa bilməmişdir. Müddət keçdikcə ata evindən onu məhrum etdiklərinə görə İradə və Vahidə olan nifrəti artmış və sonuncuları öldürmək niyyətində olmuşdur. İradə və Vahid qorxduqları üçün onun olduğu yerə gəlməmiş, buna görə də sonuncularla eyni yerdə ola bilsin deyə ətrafındakı hər iki tərəfi tanıyan şəxslərə aralarında artıq Vahid və onun ailəsi ilə hər hansı bir problemin qalmadığını deyib sözünün İradə və Vahidə çatdırılmasına çalışmışdır. Belə ki, 08 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Green house” şadlıq sarayında qardaşı oğlu X6 övladı Ruslan Kərimduxtun toy mərasimində iştirak etmişdir. Şadlıq sarayında olarkən ögey qardaşı Zərərçəkmiş şəxs2un və sonuncunun arvadı Zərərçəkmiş şəxs1un da həmin toy mərasimində iştirak etdiklərini görmüş, artıq onları öldürə biləcəyi imkanı tapdığını fikirləşmişdir. Məhkumluq həyatı yaşadıqdan sonra demək olar ki, üzərində həmişə cib bıçağı gəzdirmiş və həmin toy mərasimi zamanı da cib bıçağı üzərində olmuşdur. O, bıçaqla Vahidə və İradəyə xəsarət yetirib öldürmək niyyətində olmuşdur. Vahid və İradə eyni masada olsalar da yan-yana deyil, demək olar ki qarşı-qarşıya stullarda əyləşmişlər. O, bir müddət Vahid və İradənin yan-yana gəlmələrini gözləsə də, bunun baş tutmadığını görüb, saat 23:00 radələrində öz əyləşdiyi masadan durub Vahid və İradənin oturduğu masaya tərəf getmişdir. İlk əvvəl Vahidi bıçaqlamaq qərarına gəlmiş, şalvarın sağ yan cibini əli iiə yoxlayıb bıçağın yerində olduğunu dəqiqləşdirmişdir. İradə və Vahidin olduğu masaya yaxınlaşdıqda hərəkətini sürətləndirib Vahidin oturduğu stulun arxasında dayanaraq, şalvarının sağ yan cibində olan bıçağı çıxardıb, sağ əlində tutduqdan sonra sol əli ilə Vahidin başını tutub yuxarı dartaraq bıçaqla boyunu kəsib arxaya çəkilmişdir. Həmin xəsarətlə artıq Vahidin öləcəyini fikirləşib başqa xəsarət yetirməmişdir. Bundan sonra Vahidin bıçaqlandığını görən digər şəxslər arasında qarışıqlıq və səs-küy yaranmış, o, qarışıqlıqdan istifadə edib, masanın yanında ayaq üstə qalan İradəyə arxadan yaxınlaşıb eyni qaydada, sol əli ilə İradənin baş nahiyyəsini yuxarı dartıb sağ əlindəki həmin bıçaqla boynunu kəsmiş, İradəninin müqavimət göstərməsindən sonra ilk bıçaq zərbəsinin ölməsinə bəs etməyəcəyini fikirləşib baş və boyun nahiyyəsinə daha bir neçə bıçaq zərbəsi vurmuş, kənar şəxslər müdaxilə edərək onu sonuncudan ayırmışlar. O, bıçağı şadlıq sarayının sanitar qovşağında olan tullantı qutusuna atmış və qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Vahid və Zərərçəkmiş şəxs1ları bıçaqla vurmaqda məqsədi sonuncuları öldürmək olmuşdur. Vahid və Zərərçəkmiş şəxs1lara bıçaqla zərbə endirdiyi zaman şadlıq sarayının işıqları sönülü olmuş, qonaqlar xarici mahnıların sədaları altında rəqs etmişlər, ona elə gəlir ki, İradə və Vahidi bıçaqla vurmağını kimsə görməmişdir. Vahid və Zərərçəkmiş şəxs1larla aralarında olan münasibətləri aydınlaşdırılması təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxsla aralarındakı mübahisə hal-hazırda yaşadıqları evin qeydiyyatından 2007-ci ildə məhkəmə qərarı ilə Rafiqin çıxarılması ilə bağlı olmuşdur. Buna görə də Rafiq narazı qalmış, hər yerdə onların başlarına oyun açacağını demişdir. Rafiq 13 il cəza çəkib 1989cu ildə buraxılmışdır. O çalışmışdır ki, Rafiqlə rastlaşmasın. 08 iyul 2023-cü il tarixdə qohumları Kərimduxt Ruslanın toy mərasimində iştirak etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Green House” şadlıq sarayına arvadı İradə ilə birlikdə getmişdir. Şadlıq sarayında olanadək Təqsirləndirilən şəxsun toyda iştirak edəcəyindən məlumatları olmamışdır. Şadlıq sarayında olarkən Rafiqin də orada olduğunu bilmişdir. O toyda İradə ilə birlikdə eyni masada, qarşı-qarşıya oturmuşlar. Təqsirləndirilən şəxs isə onlardan xeyli kənarda idi. Təxminən saat 22 radələrində toyun sonu olduğuna görə qonaqların bir qismi getmiş, demək olar ki, hər masada 5-6 nəfər qalmışdır. Birdən arxadan kimsə onun başını tutub dartaraq bıçaqla boynuna vurmuş, onun boynundan və boğazından qan axmağa başlamış, üzərində olan paltarlar qana bulaşmışdır. O, geri dönəndə bıçaqla vuran şəxsin Rafiq olduğunu görmüşdür. Sonradan huşu getmiş, ayılanda xəstəxanasında olduğunu bilmişdir. Rafiq onu öldürmək istəmişdir. Xəstəxanada olarkən bilmişdir ki, Rafiq bıçaqla ona xəsarət yetirdikdən sonra əlindəki bıçaqla İradənin boğazına xəsarət yetirərək onu da yaralamışdır. Lakin toydakı insanlar Rafiqi tutub saxlamışlar. O təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs2 ilə 08 iyul 2023-cü il tarixdə qohumları Kərimduxt Ruslanın toy mərasimində iştirak etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Green House” şadlıq sarayına getmişdir. Şadlıq sarayında bilmişdir ki, Təqsirləndirilən şəxs da toydadır. Onlar Rafiqlə münasibət saxlamamışlar, çalışmışlar ki, ondan uzaq dursunlar. O toyda əri Vahidlə birlikdə eyni masada, qarşı-qarşıya oturmuşlar. Təqsirləndirilən şəxs isə onlardan ayrı stolda idi. O birdən səs küy eşitmişdir. Başını qaldırdıqda qarşısında oturan Vahidin əlini boyun nahiyyəsinə tutaraq ayağa qalxdığını və boynundan qan gəldiyini görmüşdür. O Vahidi həmin vəziyyətdə, görüb "ay Vahid" deyərək əllərini dizinə döyüb qışqırmağa başlamışdır. Vahidə tərəf baxdıqda onun yanında olan şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bir neçə saniyə sonra isə arxa tərəfindən Rafiq onu tutaraq boyun nahiyyəsinə bıçaqla vurmuşdur. O müqavimət göstərsə də Rafiq onun da boynunu kəsmək istəmiş, toydakı şəxslərin müqavimət göstərməsi ilə boynunu bıçaqdan ayıra bilmişdir. Lakin Rafiq yenidən onun baş nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Toydakı şəxslər Rafiqi aralayıb şadlıq evindən uzaqlaşdırmışlar. O, aldığı xəsarətlərin təsirindən hərəkət edə bilməmiş, hadisəyə görə şoka düşmüşdür. O DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra o və Vahid xəstəxanaya yerləşdirilmişdir. Ona və əri Zərərçəkmiş şəxs2a xəsarətlər Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir, Vahid onları öldürmək istəmişdir. Çünki hadisə vaxtı Rafiq kənar şəxslərin müdaxiləsi ilə uzaqlaşdırılsa da, əlində bıçaqla ona tərəf gəlməyə çalışmış, onu və Vahidi öldürmək istədiyini demişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə qohumdur. 08 iyul 2023-cü il tarixdə qohumu Kərimduxt Ruslanın toy mərasimində iştirak elmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Green House" şadlıq sarayına anası və bacısı ilə birgə getmişlər. Həmin toy mərasimində digər qohumları da olmuşdur. Toyun əvvəlində Rafiq və Vahidlə salamlaşıb görüşmüşdür. Onun əyləşdiyi masada anası Yaqut, bacısı Rəna, Rafiq, Həqiqət və digər şəxslər əyləmişdir. Vahid və İradə isə onun əyləşdiyi masadan xeyli aralıda oturmuşdur. Təxminən saat 22:00 radələrində işıqların bir qismi sönmüş, məclisə gələn qonaqlar xarici mahnıların sədası altında rəqs etmişlər. Toyun sonu olduğuna görə qonaqların bir qismi getmişdir. O, siqaret çəkmək üçün dəhlizə çıxmışdır. Anidən bir nəfər şəxsin qışqırdığını eşidib toy zalına baxmış və qışqıran şəxsin İradə olduğunu görmüşdür. O, İradə və Vahidin əyləşdiyi masanın yanına xeyli insan yığışdığını görüb ora yaxınlaşanda Vahidin və İradənin boğazından qan axdığını, üst başlarının qana bulaşdığını görmüşdür. Həmin vaxt toydakı insanlar Rafiqi tutub saxlamışlar, Rafiq əlindəki bıçaqla İradənin üstünə hücum çəkmək istəyirdi, əlindəki bıçağı İradəyə tərəf fırladaraq onu vurmaq istəyirdi, lakin onu tutub saxlamışlar. Sonra Vahidi oradan uzaqlaşdırıb,Vahid və İradəni həkimə çatdırmışlar. Hadisənin nə səbəbdən baş verməsini o bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsinə uyğun ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 1987-ci ildə Rafiqlə ailə həyatı qurmuşlar. Rafiqlə qardaşı Vahid bir biriləri ilə münasibət saxlamamışlar. Rafiqin ata mülkündən məhkəmə yolu ilə qeydiyyatdan çıxarılması ona pis təsir etmişdir. 08 iyul 2023-cü il tarixdə qohumları Kərimduxt Ruslanın toy mərasimində iştirak etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Green House” şadlıq sarayına Rafiq ilə birlikdə getmişdir. Toyda şadlıq sarayında Rafiq ilə birlikdə eyni masada qarşı-qarşıya oturmuşlar. Vahid və İradə isə onlardan kənar stolda idilər. Təxminən saat 22 radələrində işıqların bir qismi sönmüş, məclisə gələn qonaqlar xarici mahnıların sədası altında rəqs etmişlər. Toyun sonu olduğuna görə qonaqların bir qismi getmişdir. O, rəqs edən şəxslərə baxarkən qəflətən səs-küy gəldiyini eşitmiş, işıqlar yandıqdan sonra Vahidin boğazından qan gəldiyini görmüş, ətrafda olan şəxslər həmin vaxt Rafiqi uzaqlaşdırmağa çalışmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Rafiq bıçaqla Vahidə xəsarət yetirmişdir. Bundan sonra o, şadlıq sarayını tərk etmişdir. Sonradan bilmişdir ki, Rafiq İradəyə də xəsarət yetirmişdir. Rafiq ona əvvəlcədən İradə və Vahidi cəzalandırmaq istədiyini deməmişdir. Hazırki iş üzrə şahidlər-Şahid1, Şahid2, Şahid3, Şahid4 məhkəməyə teleqramla müracişt edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında qeyd edilən şahidlərin istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir, bəzən ayrı-ayrı şəxslərin sifarişi əsasında evlərin təmirini həyata keçirir. Vahid və Rafiq dayısı, İradə isə sonuncunun arvadıdır. Rafiq, Vahid və Zərərçəkmiş şəxs1lar ilə aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında ədavət və düşmənçilik olub-olmaması barədə məlumatı olmamış, bu barədə eşitməmişdir. 08 iyul 2023-cü il tarixdə dayısı nəvəsi X3 toy mərasimində iştirak etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Green House” şadlıq sarayına arvadı Sevda ilə birgə getmişdir. Həmin toy mərasimində digər qohumları ilə birlikdə, Rafiq və Zərərçəkmiş şəxs2lar da iştirak etmişdir. Toyun əvvəlində Rafiq və Vahidlə salamlaşıb görüşmüşdür. Onun əyləşdiyi masada arvadı, dayısı oğlu Ceyhun, sonuncunun arvadı Xəyalə və tanımadığı digər şəxslər əyləmişdir. Rafiq və Vahid isə ayrı-ayrı masalarda əyləşmiş, sonuncular onun əyləşdiyi masadan xeyli aralıda oturmuşlar. Təxminən saat 22:00 radələrində işıqların bir qismi sönmüş, məclisə gələn qonaqlar xarici mahnıların sədası altında rəqs etmişlər. Toyun sonu olduğuna görə qonaqların bir qismi getmişdir. O, siqaret çəkmək üçün dəhlizə çıxmış, dəhlizdən şadlıq sarayına daxil olarkən Vahidin boğazından qan axdığını görmüşdür. O, Vahidi dəhlizə aparmış, boğazından axan qanın dayanmadığını görüb salfetkanı sonuncunun boğazına sıxaraq əli ilə saxlamışdır. Daha sonra istifadəsində olan 050- ***-**-** mobil nömrədən təcili tibbi yardıma zəng etmişdir. O, Vahiddən nə baş verdiyi soruşduqda sonuncu Rafiqin ona bıçaqla xəsarət yetirdiyini demişdir. O, ətrafda olan insanlardan kömək istəmiş, tanımadığı bir nəfər şəxsin köməkliyi ilə Vahidi şadlıq evindən çölə çıxartmışdır. Vahidi avtomobilə qoyaraq Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən tibbi yardım məntəqəsinə aparmış, oradan isə sonuncu təcili yardım avtomobili ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. İradə avtomobildə olarkən Rafiqin ona da bıçaqla xəsarət yetirdiyini demişdir. Təxminən bir neçə gün sonra dayısı Zərərçəkmiş şəxs2u ziyarət etmək üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına getdikdə sonuncunun vəziyyətinin orta-ağır olduğunu öyrənmiş, İradənin isə səhhəti qaydasında olmuşdur. Təqsirləndirilən şəxsun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2a nə üçün bıçaqla xəsarət yetirməsi barədə, həmçinin hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş Şahid2, Şahid4 və Şahid3 ibtidai istintaqdakı ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 09 iyul 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi və həmin baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, hadisə yerindən 01 ədəd qatlanan tipli, üzərində "Columbia USA Saber” yazıları həkk olunmuş bıçaq və qanabənzər ləkələr pambıq tampona hopdurularaq müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd açıq-yaşıl rəngli don, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ağ rəngli köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli şalvar, 01 ədəd ağ rəngli tuman, habelə hadisə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr və 01 ədəd qatlanan bıçaq maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1360 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boynun sağ yarısının ön yan səthinin kəsilmiş-deşilmiş yarası. Qırtlağın mənfəzinə keçməyən hissəvi zədələnməsi. Qeyd olunan xəsarətlər kəsici-deşİci alətlə, ola bilsin ki, bıçaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilmişdir, müddəti zərərçəkənin Sumqayıt TTYX-ya daxil olduğu vaxtdan bir qədər olmaqla xx.xx.2023-cii il tarixi uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərə vurmaya aid edilir. Yara kanalının istiqaməti sağdan sola olmuşdur. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Xəsarət yetirilən zaman zərərçəkmiş və xəsarət yetirən müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il Tarixli, 1361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boynun ön səthinin sağ yarısının və başın sağ gicgah nahiyyəsinin yarası. Qeyd olunan xəsarətlər kəsici-deşici alətlə ola bilsin ki, bıçaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilmişdirlər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə boynun ön səthinin sağ yarısının yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Başın sağ gicgah nahiyyəsinin ayarası sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Yaraların istiqaməti sağdan sola, yuxarıdan aşağıyadır. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 570/2023-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B(11İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqdim olunmuş bıçaq, həmçinin İradə Kəriınduxta məxsus 01 (bir) ədəd don, Zərərçəkmiş şəxs2a məxsus köynək, şalvar, mayka, trusik, 01 (bir) ədəd pambıq tam pon və 02 (iki) ədəd salfet kağızları üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmamışdır. Həmin qan ləkələri bir şəxsə məxsus olduğu halda B alfa H(1İİ) qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər, lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O alfa, beta(l) qruplu, Zərərçəkmiş şəxs2 da qarışıq qanının olması inkar olunmur. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, qanın canlı İnsanın və ya meyitin qanından əmələ gəlməsi barədə tikir söyləmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi-kriminalistik ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 401/2023-MTKŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X18 oğluna məxsus köynəyin arxa səthində 02 ədəd deşilmiş kəsilmiş yaralar aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər. X18 oğluna məxsus maykanın, şalvarın və alt tumanın üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 qızma məxsus donun üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edibmiş bıçağın hər iki səthində, 02 ədəd rezin ayaqaltıda olan ləkələr yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. X11 məxsus köynək, şalvar, mayka və alt tumanı üzərində olan ləkələr qan mənbəyi ilə geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapiliyarlıq faktoru üzrə toxuma daxilində hopmuşdur. Zərərçəkmiş şəxs1 qızma məxsus məxsus don üzərində olan ləkələr qan mənbəyi ilə geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapiliyarlıq faktoru üzrə toxuma daxilində hopmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli və ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır, lakin bıçağın tiytəsi küt mexanizmlə qarşılıqlı təsirdən əsasından tam şəkildə sınıb düşdüyü üçün, bıçaq hazırki vəziyyətində soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 26 avqust 2023-cü il tarixli, 2413 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlaməti aşkar olunmur. Bunu cinayət işi materialları, anaınnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət elməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyn edilmir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliİiyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, eqosentrizm, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə qəzəb, aqressiya yaranmışdır. Davranışının psixoloji motivini qardaşına və onun ailəsinə kin, nifrət, qisas hissi bəsləməsi təşkil etmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. İş materiallarında olan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü ildə saat 11:50-də (hadisənin səhəri günü) orta dərəcə sərxoş vəziyyətində olmuşdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bıcaqla vurduğu xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs2u onun həyat yoldaşı Zərərçəkmiş şəxs1un gözü qarşısında bıçaqla vurduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri qəsdən öldürməyə yönəlmiş, lakin vaxtında toyda iştirak edən şəxslərin müdaxiləsindən sonra təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri öldürmək niyyətində olmaması barədə ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarda həmçinin qeyd olunur ki, təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə tövsüf edilərkən xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulunda, həmçinin zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 29, 120.2.4, və 29, 120.2.7-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyası və həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1972-ci il tarixli hökmü ilə CM-nin həmin dövrdə qüvvədə olan 144-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 1-ci bəndinin 3-cü hissəsi, 106-cı maddəsinin 1-ci hissəsi ilə CM-nin 38-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırki cinayəti törədərkən məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 09 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş X1 məxsus bir ədəd açıq-yaşıl rəngli don, zərərçəkmiş X7 məxsus bir ədəd ağ rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd ağ rəngli tuman, habelə hadisə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr və bir ədəd qatlanan bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş X2 məxsus bir ədəd açıq-yaşıl rəngli don, zərərçəkmiş X7 məxsus bir ədəd ağ rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd ağ rəngli tuman, habelə hadisə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr və bir ədəd qatlanan bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar