Məhkəmə qərarları › İş №1(124)-375/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-375/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-375/2024 17.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Qazax rayonu, Göyçəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Göyçəli ərazi dairəsi, Aşağı Göyçəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda, 18,020 qram çəkidə narkotik vasitə heroini 480 (dörd yüz səksən) manat pul müqabilində əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Redmi 8A” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, həmçinin narkotik vasitəni hansı məqsədlə əldə etməsi məlum olmayan tanışı Elşad adlı şəxs də külli miqdarda, 11,470 qram çəkidə narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üçün 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 18,020 qram və Elşad adlı şəxs üçün isə 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 11,470 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığındakı kolluq ərazidə gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi 8A” markalı və Elşad adlı şəxsin istifadəsində olmuş “Samsung Galaxy A12”mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs və Elşad adlı şəxs İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini həmin yerdən hər biri özü üçün qanunsuz əldə etmək barədə razılığa gəldikdən sonra həmin ünvana getmək məqsədilə Ağstafa rayonundan onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Mercedes” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə qeyd olunan Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsindəki “Dörd Qardaş” şadlıq sarayının yanına getmiş, 11 aprel 2023-cü il tarixdə, saat 00:10 radələrində həmin ünvana çatdıqdan sonra hər ikisi avtomobildən düşərək istifadələrindəki telekommunikasiya vasitəsindən istifadə etməklə İİR-in vətəndaşı ilə razılaşdıqları kimi Elşad adlı şəxs 11,470 qram çəkidə və Təqsirləndirilən şəxs isə 18,020 qram çəkidə narkotik vasitə olan heroini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərilərində saxladıqdan sonra gəldikləri **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında Təqsirləndirilən şəxs, arxa oturacağında isə Elşad adlı şəxs əyləşdikdən sonra sürücü Şahid1 avtomobili hərəkətə gətirmiş, həmin tarixdə, saat 00:35 radələrində Sumqayıt ŞPİ-in CAŞ-m əməkdaşlarının “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi avtomobil saxlanılan zaman Elşad adlı şəxs polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb üzərində olan bir ədəd bükümdə 11,470 qram narkotik vasitə olan heroini gəldikləri avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs üzərinə ataraq avtomobildən düşüb qaçmağa çalışmış, sonuncu isə həmin bir bükümdə narkotik vasitə olan heroini götürüb əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİyə gətirələrək Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 11,470 qram, 18,020 qram, ümumi təmiz çəkisi 29,490 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər əynindəki qara rəngli cins şalvarının sol yan cibindən, aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirdi ki, təxminən 2023- cü ilin mart ayından kakos kimi adlanan narkotik vasitə heroindən istifadə edir. Təxminən 2 ay əvvəl, yəni 2023-cü ilin fevral ayında vatsap vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Cahid adlı İran vətəndaşı ilə tanış olmuşdur. Cahidlə aralarında olan vatsap danışığı zamanı sonuncu ona demişdir ki, “qramını 23 manatdan sənə narkotik vasitə heroin verə bilərəm”, o da təzəcə olaraq narkotik vasitə heroindən qəbul etməyə başladığı üçün sonuncu ilə razılaşmışdır. Saxlanıldığı gündən əvvəl, ayrıayrı vaxtlarda İran vətəndaşı Cahid adlı şəxs onun üçün qramı 23 manatdan narkotik vasitə heroin göndərmişdir. Cahid hər dəfə göndərəndə heroini götürəcəyi yerin fotoşəkilini və konumunu ona qabaqcadan vatsapla göndərmişdir. 10 aprel 2023-cü il tarixdə narkotik vasitə heroinə ehtiyyacı olduğu üçün günorta saatlarında İran vətəndaşı Cahidlə vatsapla danışmış, sonuncudan 15-20 qram arası narkotik vasitə heroin istəmiş, Cahid də ona demişdir ki, artıq qramını 28 manatdan satır, 17 qram narkotik vasitə heroin göndərəcək, bunun üçün ona verəcəyi nömrəyə M10 vasitəsi ilə 480 manat pul yükləyər, sonra narkotik vasitəni götürəcəyi yerin fotoşəkilini və konumunu ona göndərəcəkdir. O, da Cahidlə razılaşmış və uzun müddət fəhləlik etməklə qazandığı 480 manat pulu Ağstafa rayonunda milliön aparatı ilə M10 vasitəsi ilə İranlı Cahidin verdiyi, hazırda yadında qalmayan nömrəyə göndərmişdir. Sonra o, Ağstafa rayonunda, Aşağı Göyçəli kəndinin mərkəzində, 4 yol deyilən yerdə olarkən orada tanışı Elşadla rastlaşmış, həmin yer kənd sakinlərindən cavan uşaqların yığışdığı və görüşdüyü yerdir. Elşadla aralarında olan söhbət zamanı sonuncuya Bakı şəhərinə gedəcəyini, İran vətəndaşı Cahidin onun üçün narkotik vasitə heroin göndərəcəyini demişdir. Elşad da İran vətəndaşı Cahid adlı şəxsdən bir neçə dəfə narkotik vasitə heroin əldə etdiyi üçün, yəni Cahidi tanıdığı üçün demişdir ki, “mən də Cahidlə danışaram, mənim üçün də 13 qram göndərsin, alınsa səninlə birlikdə Bakı şəhərinə gələrəm”. Elşad onun yanında öz mobil nömrəsi ilə İran vətəndaşı Cahidlə danışıb 13 qram narkotik vasitə heroin sifariş etmiş, onunla birlikdə götürəcəyini demişdir. Həmin vaxt o, Şahin və Cahdin narkotik vasitənin qiyməti barədə söhbətlərini eşitməmiş və buna fikir verməmişdir. O və Elşad taksi maşını ilə Ağstafa rayonu, Aşağı Göyçəli kəndindən Ağstafa şəhər avtovağzalına getmişlər. Orada tanışları, taksi sürtücüsü Niyazini görüb sonuncudan onları Bakı şəhərinə aparmasını istəmişlər və Niyazi ilə taksi pulu 100 manata razılaşmışlar, 50 manat o, 50 manat da Elşad verəcəkdi. Onlar təxminən saat 18 radələrində X11 markalı taksi maşını ilə Bakı şəhərinə yola düşmüşlər. O, avtomobildə qabaq oturacaqda, Elşad isə arxa oturacaqda otrmuşdur. Onlar Kürdəmir rayonu ərazisindən keçərkən Muğan restoranının yanında Elşad maşını saxlatdırmış, ikisi də maşından düşmüşlər. Elşad Unibanka aid bankomata yaxınlaşıb bankomatdan pul çıxararaq milliön aparatı vasitəsi ilə İran vətəndaşı Cahidin göndərdiyi karta pul göndərmişdir. O, Elşadın bankomatdan konkret olaraq hansı məbləğdə pul çıxarmasına və Cahidin kartına göndərməsinə fikir verməmiş, sonradan o, ayaqyoluna getmiş, bir neçə dəqiqə sonra isə avtomobilə oturub yola düşmüşlər. Yolda o və Elşad İran vətəndaşı Cahidlə vatsapla öz mobil telefonları ilə danışmışlar, lakin Niyaziyə heç nəyi bilindirməmişlər, Niyazinin narkotik vasitə götürəcəklərindən məlumatı olmamışdır. Onlar təxminən saat 23 radələrində Bakı şəhərində olarkən iran vətəndaşı Cahid ona və Elşada vatsapla narkotik vasitəni götürəcəkləri yerin fotoşəkilini və konumunu göndərmiş, o açıb baxdıqda görmüşdür ki, narkotik vasitə Sumqayıt şəhəri ərazisindən götürülməlidir, buna görə sürücü Niyaziyə demişlər ki, onları Sumqayıt şəhərinə aparsın, Niyazi də həmin konum əsasında onları Sumqayıt şəhərinə aparmışdır. Təxminən saat 00:10 radələrində Niyazi avtomobili Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən Dörd Qardaş şadlıq sarayının yaxınlığında, yolun kənarında, yol nişanının yanında saxlamış, Niyaziyə o və Elşad demişlər ki, avtomobili həmin yerdə saxlasın. O, bir dəfə İranlı Cahidin göndərdiyi narkotik vasitə heroini həmin ərazidən götürdüyü üçün həmin yerləri müəyyən qədər tanımışdır. O, Elşadla birlikdə avtomobildən düşmüş, telefonlarının işığı ilə yol nişanının kənarında İranlının göndərdiyi narkotik vasitə heroin bükümlərini axtarmışlar. Ona aid olan büküm bir qədər böyük, Elşada aid olan büküm isə bir qədər kiçik olmalı idi, ona görə ki, Cahidin göndərdiyi fotoşəkildə də belə olmuşdur. Onlar narkotik vasitə heroini axtararkən yol polisi maşınını görüb qorxaraq ikisi də avtomobilə oturmuşlar, yol polisi maşını uzaqlaşdıqdan sonra təkrar hər ikisi avtomobildən düşüb həmin yerə qayıdaraq ağacların və yol nişanının yanından hərə öz telefonunun işığı ilə narkotik vasitə herini axtarmışlar, həmin vaxt o, telefonunun işığı ilə iki ədəd bükümü tapmış, Elşada da demişdir ki, “daha axtarma, tapmışam”. O, böyük bükümün özünə aid olduğunu bildiyi üçün həmin bükümdən bir qədər kiçik bükümü Elşada vermiş, Elşad da hansısa cibinə qoymuş, o da Özünə aid olan 17 qram heroini şalvarının sol yan cibinə qoymuş və avtomobilə yaxınlaşıb oturmuşlar. O, qabaq oturacaqda, Elşad isə arxa oturacaqda oturmuşdur. Niyazi avtomobili təxminən 30 metr hərəkət etdirdikdən sonra polis maşını onları saxlatdırmış, Niyazi avtomobili saxlamış, Elşad avtomobilin polislər tərəfindən saxlanıldığını görüb özündə olan 13 qram narkotik vasitə heroini onun üstünə atıb avtomobildən düşüb qaçmağa çalışmışdır. Sonra polis əməkdaşları Elşadı da qaçdığı yerdə saxlamışlar, yəni polis əməkdaşları onu, Elşadı və Niyazini saxlayaraq Sumqayıt ŞPİ-yə aparmışlar. O, polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X9 təqdim olunmuş, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli “Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqanlı lentə bükülmüş 2 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün özünə məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının M10 hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, İran vətəndaşının narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə atdığını, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə əldə etməsindən məlumatının olmadığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd yapışqan lentin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 13,30 qram, digərinin çəkisinin 19,11 qram, həmin bükümlər birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 32,43 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, qırmızı rəngli alışqan isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bükümlərin biri ona, digəri isə həmkəndlisi Elşada məxsusdur. Həmçinin İran vətəndaşının ona göndərdiyi fotoşəkil və konumu həmin əraziyə çatdıqdan sonra mobil telefonundan pozmuşdur. 17 qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, başqa bir niyyəti olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur, 17 qram narkotik vasitə heroini də öz qəbulu üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Elşad Yaqubovun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs və Elşad Yaqubovun ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 00:35 radələrində Elşad Yaqubov və Təqsirləndirilən şəxs həmin şadlıq sarayının yaxınlığında “Mercedes” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiklərini və avtomobilin hərəkətə başladığım görmüşlər. Tez avtomobilə yaxınlaşaraq saxlatdırmışlar, həmin vaxt arxa oturacaqda əyləşmiş Elşad Yaqubov avtomobildən düşərək qaçmağa başlamış, lakin dərhal Elşad Yaqubovu saxlamışlar. Sonra isə avtomobildə əyləşən sürücü Şahid1 və ön oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs Hafızəli oğluna da yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs və Elşad Yaqubova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Elşad Yaqubov və Şahid1 etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində kriminalist Asəf Həbibovun videogörüntüyə alması və müdafiəçi Aydın Nəzərlinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan olunmuş maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli “”Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqan lentlə bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. X16 Kərimov üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün ona məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının “M 10” hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə həmkədlisi Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, sonuncunun narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə qoydurduğunu, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə alması barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon da götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4, Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, özünə məxsus “Mercedes” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə əsasən Ağstafa rayonundan Bakı şəhərinə sərnişin daşımaqla pul qazanır. X10 və Təqsirləndirilən şəxs Hafızəli oğlunu tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 10 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Ağstafa şəhər avtovağzalında olduğu zaman Şahin və Elşad ona yaxınlaşaraq onları Bakı şəhərinə aparmasını istəmişlər və buna görə də ona 100 manat pul verəcəklərini demişlər. O, da Şahin və Elşadla razılaşmış, Şahin ön sərnişin oturacağında, Elşad isə arxa oturacaqda əyləşmiş və onlar yola düşmüşlər. Kürdəmir rayonunun ərazisindən keçən zaman “Muğan” restoranının yanında Elşad avtomobili saxlamasını istəmiş, o da avtomobili saxlamışdır. Elşad və Şahin sanitar qovşağına gedib gəldikdən sonra yenidən yola düşmüşlər. Yolda olarkən Şahində, Elşad da öz mobil telefonları ilə arabir hansısa şəxslə danışmışlar, lakin onların kiminlə danışdığını bilməmiş və danışıqlarına da əhəmiyyət verməmişdir. Təxminən saat 23 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərində çatandan sonra isə Şahin ondan onları Sumqayıt şəhərinə aparmasını istəmiş, o da razılaşmışdır. Yolda olarkən Şahin mobil telefonunda proqram açaraq avtomobili həmin proqramda işarələnmiş konuma sürməsini istəmişdir. Onlar 11 aprel 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində Şahinin telefonunda işarələnmiş yerə, yəni Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” restoranın yaxınlığına gəlmişdir. Həmin yerdə Şahin və Elşad ondan avtomobili saxlamasını istəmişlər, o avtomobili saxladıqdan sonra Şahin və Elşad avtomobildən düşərək aralanmışlar, o isə avtomobildə qalıb onları gözləmişdir. Şahin və Elşad avtomobildən düşdükdən sonra onların hansı istiqamətdə getmələrinə fikir verməmişdir. Bir neçə dəqiqədən sonra Şahin və Elşad yenidən gəlib avtomobildə əyləşmişlər. Yenədə Şahin ön oturacaqda, Elşad isə arxa oturacaqda əyləşmiş və ona avtomobili sürüb oradan getməsini bildirmişlər. O, avtomobili işə salıb bir neçə metr aralandığı vaxt üç nəfər mülki geyimli şəxs avtomobili saxlamasım işarə etmişlər. O, avtomobili saxlayandan sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaları olduqlarını bildirmişlər. Həmin vaxt Elşad avtomobildən düşüb qaçmağa cəhd göstərmiş, lakin polis əməkdaşları Elşadı saxlamışlar. Sonra isə polis əməkdaşları Elşad və Şahinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, Elşad və Şahin polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə getmişlər. Polis idarəsində izahatı alındıqdan sonra buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, Şahin və Elşad Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün getmişlər. Şahin və Elşadın Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiklərini əvvəlcədən bilməmişdir. Polis əməkdaşları onları saxlayan zaman o sol tərəfə, yəni pəncərədən çölə baxmış və Şahin tərəfə diqqət yetirməmişdir. Ona görə də Elşadın həmin vaxt Şahinin üstünə hər hansı bükülü atmasını görməmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1984-cü il təvəllüdlü Qazax rayonunda anadan olan , Ağstafa rayonu Aşağı Göyçəli ərazi dairəsi, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1984-cü il təvəllüdlü Qazax rayonunda anadan olan , Ağstafa rayonu Aşağı Göyçəli ərazi dairəsi, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi barədə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1984-cü il təvəllüdlü Qazax rayonunda anadan olan , Ağstafa rayonu Aşağı Göyçəli ərazi dairəsi, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs Hafızəli oğlu olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli “”Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqan lentlə bükülmüş bükülü aşkar olunur. X16 Kərimov üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün ona məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının “M 10” hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə həmkədlisi Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, sonuncunun narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə qoydurduğunu, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə alması barədə məlumatı olmadığını bildirir. Həmin maddələr elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 13,30 qram və 19,11 qram, ümumilikdə çəkisinin 32,43 qram olması müəyyən edilir. Bundan sonra həmin maddələr qablaşdırılır, möhürlənir və imzalanır. Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür Sonda isə çəkiliş dayandırılır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğluna məxsus telefon “Redmi 8A” markalı olmaqla arxa hissəsi göy rənglidir, şüşəsinin sağ aşağı küncü zədəlidir. Mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində “Waze” adlı tətbiqdə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkət marşrutunun fotoşəklinin, dairə nişanının yanındakı kolların işarələnmiş halda fotoşəkllərinin olması, “Kontaktlar” bölməsində “Cahit Bakl” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus +98-***-***- **-** saylı mobil telefon nömrəsinin olması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntülər müəyyən olunmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 məxsus telefona baxış keçirilən zaman “götürdün”, “Elşad 13 nenniydi”, “17 kola Şahinin” kimi yazışma aşkar olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,470 qram, 18,020 qram, ümumi təmiz çəkisi 29,490 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibnə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2316 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Hafızəli oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğlunun barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 -ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(060)-150/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Hafızəli oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğlunun üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 29,490 qram narkotik vasitə heroin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğlu əvvəllər məhkum olunmamışdır. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının MKTB-nin 8 saylı xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hafızəli oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hafızəli oğlu ailəlidir və himayəsin bir azyaşlı və birdə yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1984-cü il təvəllüdlü Qazax rayonunda anadan olan , Ağstafa rayonu Aşağı Göyçəli ərazi dairəsi, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən nakotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs nakotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Hafızəli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hafızəli oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının (59.1.4) və bir yetkinlik yaşına çatmamış uşağının olmasını (59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 120 (yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 18,020 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra şəxsin yaxın qohumlarına qaytarılmalı, 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 120 (yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 18,020 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Elçin Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar