Məhkəmə qərarları › İş №1(124)-376/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-376/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-376/2022 17.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, eləcə də təsqirləndirilən şəxslərin iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 10 dekabr 2021-ci il tarixdə avtomobilin talama məqsədi olmadan qanunsuz ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin İŞ-də başlanılmış və həmin şöbənin müstəntiqi tərəfindən icraata qəbul edilməklə ilkin istintaq hərəkətləri aparılmışdır. 12 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonrakı mərhələsində Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən təqsirləndirilən şəxslərin əməlləri tövsif olunaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1, 221.3-cü maddələri ilə yeni ittihamlar verilmiş və iş üzrə tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə tərtib olunmuş ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, həmçinin təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri də dövlət ittihamçısı ilə razı olduqlarını bildirməklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, hər iki təqsirləndirilən şəxsə tamamilə eyni məzmunlu ittiham verilərək qeyd olunmuşdur ki, onların hər ikisi tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, 3/8 nömrəli binanın qarşısından X4 məxsus 4.500 manat dəyərində, “VAZ-2107” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili talayaraq zərərçəkmiş şəxs E.X.Eyyubova 4.500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamların məzmunundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən onların hər ikisinə bu epizod üzrə tamamilə eyni məzmunlu ittiham verilərək hər birinin əməlləri fərdiləşdirilməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən oğurluq cinayətində təqsirləndirilən şəxslərin arasında olan əvvəlcədən razılaşmaya əsasən rol bölgüsünün necə müəyyən edilməsi, talama obyektinin sadə bir əşya deyil avtomaşın olması nəzərə alınaraq hansı şəxs tərəfindən konkret olaraq hansı əməlin törədilməsi, yəni avtomaşının açarlarının kim tərəfindən və haradan əldə edilməsi, avtomaşını kimin idarə etməsi və hara aparılması, həmçinin oğurluq cinayətinin maddi tərkibli cinayət olması nəzərə alınaraq talanmış avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı hər bir şəxsin əməlinin nədən ibarət olması, yəni avtomaşının dövlət qeydiyyat nömrələrinin dəyişdirilməsi və digər rəngə boyanması, bunun nəticəsində hansı miqdarda maddi ziyanın vurulması, eləcə də cinayətin motivinin və zəruri tövsifedici əlamətlərinin nədən ibarət olması təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda müəyyən edilməmişdir. Halbuki, işin hallarından, o cümlədən təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, avtomaşının oğurlanması təklifi Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş, məhz Təqsirləndirilən şəxs1 olan digər avtomaşının açarları ilə onun tərəfindən talanmış avtomaşının qapısı açılmış, avtomaşın işə düşmədiyindən o, sükan arxasına oturmuş, Təqsirləndirilən şəxs2 isə avtomaşını itələmiş, dövlət yol polisi postuna yaxınlaşarkən Təqsirləndirilən şəxs1 tərəfindən avtomaşının dövlət qeydiyyat nişanları açılmış və talanmış avtomaşın onun dostu Elnurun evinə aparılmış, həmin evdə maşının nömrələri gizlədilmiş, sonra Təqsirləndirilən şəxs1 tərəfindən avtomaşın Təqsirləndirilən şəxs2 evinə aparılmış, orada cinayətkar plana uyğun olaraq **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının nişanları və texniki pasportu ilə idarə edilməsi üçün avtomaşın Şamil Qəhrəmovun evində onun tərəfindən boz rəngə boyanmışdır. Göründüyü kimi təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda istintaq orqanı tərəfindən müəyyən edilməli olan halların heç biri öz əksini tapmamış, təqsirləndilən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, təqsirli bilindirkləri halda isə onlara cəza təyin edilməsi üçün zəruri olan heç bir halı ittihamda qeyd etmədən istintaq orqanı təqsirləndirilən şəxslərə səthi və formal ittihamın irəli sürülməsi ilə kifayətlənmişdir. Həmçinin istintaq orqanı tərəfindən verilmiş ittihamda oğurlanması iddia olunan avtomaşının zəruri əlamətləri olan rəngi, istehsal ili, ban və şassi nömrəsidə göstərilməmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən oğurlanmış əmlakın (avtomobilin) mülkiyyətçisi də dəqiq müəyyən edilmədən X7 həmin epizod üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Halbuki, oğurlanması iddia olunan “VAZ-2107” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, “XTA210700X1211903” ban nömrəli avtomaşının “AC” seriyalı “704160” №-li qeydiyyat şəhədətnaməsinə əsasən bu avtomaşın X5 mülkiyyətində olmuş və 25 iyul 2021-ci il tarixli etibarnamə əsasında 1 il müddətində etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər Şahid1 vermişdir. İstintaq orqanı tərəfindən avtomaşının mülkiyyətçisi olan Paşa Kərimov müəyyən edilərək dindirilməmiş, onun avtomaşını həqiqətən Şahid1 vasitəsi ilə Eltun Eyyubova satıb-satmadığı, etibarnaməni vaxtından əvvəl ləğv edib-etmədiyi, ümumiyyətlə onların arasında avtomaşının satılması ilə bağlı razılaşmanın olub-olmadığı araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1 və 139.2-ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.1-ci bəndinə əsasən vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitəsinə sahiblik aşağıdakı sənədlərlə təsdiq edilir: qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X8-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı, yaxud dəyişmə müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Gönüdüyü kimi istintaq orqanı tərəfindən mülkiyyətçi kimi nəqliyyat vasitəsinə aidiyyəti olmayan Eltun Eyyubov iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq, oğurlanması iddia olunan əmlakın (avtomobilin) əsl mülkiyyətçisi müəyyən edilməmişdir. Ümumiyyətlə istintaq orqanı oğurlanması iddia olunan özgənin mülkiyyətində olan avtomobilin mülkiyyətçisini müəyyən etməməklə yanaşı, həmin avtomobilin dəyərinin qiymətləndirilməsi ilə bağlı da hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Belə ki, müstəntiq tərəfindən iş üzrə 12 dekabr 2021-ci il tarixli qərarla məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) “ağ rəngdən boz rəngə rənglənmiş ... avtomobilin 2021-ci ilin noyabr ayının sonlarında sərbəst satış qiyməti neçə manat olmudur?” b) “avtomobilin boz rəngdən ağ rəngə rənglənməsi, eyni zamanda avtomobilin mühərriki və sürətlər qutusunun təmiri ilə bağlı dəymiş ziyan neçə manat olmuşdur?” Həmin qərar əsasında verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2022-ci il tarixli rəyinin təsviri-əsaslandırıcı hissəsində ekspertiza təyin edilməsi haqqında qərardan fərqli olaraq ekspertiza qarşısında qoyulan sual kimi yalnız avtomobilin sərbəst satış qiymətinin müəyyən edilməsi ilə bağlı olan sual göstərilmiş, avtomobilə vurulmuş ziyanla bağlı sual ümumiyyətlə tədqiqat mövzusu kimi qeyd olunmamış, lakin ekspert rəyinin nəticə hissəsində avtomobilin dəyəri ilə bağlı suala ümumiyyətlə cavab verilməmiş, əvəzində isə avtomobilə vurulmuş maddi ziyanın 1.400 manat olması qeyd olunmuşdur. (Cild 2, iş vərəqləri 101-102) Beləliklə istintaq orqanı avtomobilə mülkiyyətçi kimi heç bir aidiyyəti olmayan X2 ifadəsində, həmin avtomobili 4.500 manata almasını göstərməsi ilə bağlı xüsusatı digər mötəbərliyinə şübhə edilməyən sübutlarla yoxlamadan, təkcə bu əsasa görə oğurlanması iddia olunan avtomobilin dəyərinin 4.500 manat olması qənaətinə gəlmişdir. Avtomobilin real dəyərinin müəyyən edilməsi ilə bağlı heç bir tədbir görməyən istintaq orqanı, bir tərəfdən natamam və ziddiyyətli ekspert rəyini təhlil edərək əlavə və ya təkrar ekspertiza təyin etmədən avtomobilin satış qiyməti ilə bağlı əsassız nəticəyə gəlib bununla bağlı təqsirləndirilən şəxslərə ittiham vermiş, digər tərəfdən isə avtomobilə 1.400 manat məbləğində maddi ziyan vurulması ilə bağlı xüsusatı da araşdırıb buna hüquqi qiymət verməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq və dövlət ittihamçısının bununla bağlı vəsatətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması zəruridir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 17 noyabr 2022ci il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar vəsatəti və bununla bağlı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin xahişləri təmin edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.2.4, 177.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 17 noyabr 2022-ci il tarixədək uzadılsın.

4. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 17 noyabr 2022-ci il tarixədək uzadılsın.

5. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

6. Qərarın surəti Təqsirləndirilən şəxs2 barəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin, Təqsirləndirilən şəxs1 barəsində isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

7. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar