Məhkəmə qərarları › İş №1(124)-376/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-376/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-376/2024 27.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X16 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Quba rayonu, Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olmuş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 23 iyun 2023-cü il tarixdə saat 20:30 radətərində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ə.Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 23 iyun 2023-cü il tarixdə gündüz vaxtı özünə məxsus avtomobillə yoldaşı, oğlu və qardaşının yoldaşı ilə bazara getmiş, bazarda yoldaşı və qardaşının yoldaşını düşürdükdən sonra oğlu ilə maşınını ustaya aparmış, oradan da çıxıb oğlu ilə nahar etmişdir. Daha sonra avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşları onu saxlayıb sənədlərini istəmiş, bu zaman başqa bir avtomobil onun avtomobilinin qarşısında saxlanılmış və avtomobildən 3 nəfər mülki geyimdə olan şəxs düşərək əvvəlcə onun avtomobilindən telefonunu götürmüşdürlər. Bu hadisələr baş verən zaman oğlu çox qorxmuş və ağlamağa başlamışdır. Bundan sonra oğlu ilə birlikdə polis əməkdaşları onu polis şöbəsinə aparmış, orada 1 saatdan çox gözlədikdən sonra oğlu çox ağladığı üçün onu rəisin qəbuluna aparmışdırlar. Rəis onu uşağı ilə birlikdə gətirdikləri üçün polis əməkdaşlarını danlamış və mobil telefonunu saxlamaqla onu buraxmışlar. Polis şöbəsindən çıxdıqdan sonra diş həkimi olan dostu ilə görüşmüş, oradan çıxıb bazar ərazisindən yoldaşı, qardaşı və qardaşının həyat yoldaşını götürərək evinə getmişdir. Evə çatdıqdan 10 dəqiqə sonra evinin qarşısına maşın gəlmiş, maşında olan şəxslərdən biri onu çağırmış, o da telefonunu gətirdiklərini düşünərək həmin avtomobilə yaxınlaşaraq avtomobildəki şəxslərin onu saxlayan həmin şəxslər olduqlarını görmüş, avtomobilə əyləşdikdən sonra onu yenidən polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində rəis onun mədəsindən yumruq və üzünə şillə vuraraq “dini qrupda nə gəzirsən?” demişdir. Daha sonra polis əməkdaşlarından biri ona paket verərək onun içində narkotik vasitə olduğunu və onu İran vətəndaşından alması ilə bağlı ifadə verməli olduğunu demiş, belə bir ifadə verməkdən imtina etdiyi üçün onu döymüşdürlər. Bundan sonra onun ifadə verməyəcəyini görüb, guya həmin narkotik vasitəni yoldan tapdığını deməsini tələb etmiş, onu ailəsi ilə təhdid edərək evinə silah qoyacaqlarını demişdirlər. O da məcbur olub razılaşmış, polis əməkdaşları onu Quba şəhəri ərazisində yerləşən "xxxx"ın yaxınlığında düşürmüş, daha sonra videoçəkilişlə üzərində axtarış apararaq guya onu həmin ərazidə üzərində narkotik vasitə daşıyarkən tutduqlarını bildirib rəsmiləşdirmişlər. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirmişdir ki, onu birinci dəfə saxlayıb polis şöbəsinə aparanda telefonunu yoxlayacaqlarını bildirmişdirlər. Onu təhdid etdikləri üçün Quba Rayon Məhkəməsində burda dediklərini deyə bilməmişdir. Narkotik vasitəni ilk dəfə elə polis şöbəsində görmüşdür. Onu döyən 4-5 nəfərdən ikisinin adını bildiyini, onların adlarının Şəmsəddin və Vüsal olduğunu bildirmişdir. Narkotik vasitəni tapdığı qeyd olunan ərazidə illər əvvəl olmuşdur. Dini qrupa üzv olduğu üçün onu döyüb narkotik vasitəni üstünə qoyub yalan ifadə verməyə məcbur etmişdirlər. O, heç bir ekpertizadan keçməmişdir, ümumiyyətlə, onun saxlanıldığı yerə də ekspert gəlməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə, saat 16-17 radələrində yaşadığı Quba rayonu, Barlı kəndi ərazisindən keçən Samur-Abşeron kanalının yanındakı dayanacaqda dayandığı vaxt dayanacağın küncündə xırda sellofan parçasında bükülü olduğunu görmüşdür. Yaxınlaşıb həmin bükülünü götürmüş və bağlamasından narkotik vasitə olmasını bilmişdir. Amma həmin narkotik vasitəni atmayıb götürərək əynində olan, hazırda da geyindiyi cins şalvarın qabaq sağ cibinə qoymuş, yolu düşəndə polisə təhvil verəcəyini fikirləşmişdir. Həmin narkotik vasitə də cibində qalmışdır. 23 iyun 2023-cü il tarixdə, axşamçağı kartına pul vurmaq üçün yol maşınları ilə Quba şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-yə gəlmişdir. Maşından düşüb piyada banka gedən yolla hərəkət edəndə üç nəfər polis əməkdaşı ona yaxınlaşmış və üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Polis əməkdaşları saxlanıldığı yerə vəkil çağırmışlar və vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmişlər. Üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli cis şalvarının arxa sağ cibindən dayanacaqdan tapdığı həmin narkotik vasitə bükülüsünü aşkar etmişlər. Həmin bükülünü o saxlanılmazdan bir az əvvəl qabaq sağ cibindən arxa sağ cibinə qoymuşdur. Həmin narkotik vasitəni elektron tərəzidə çəkmişlər və zərfə qoyub möhürləmişlər. O və vəkili həmin zərfin üzərini imzalamışdır. Daha sonra üzərində şəxsi axtarış davam etdirilərək cibindən mobil telefon aşkar olunmuşdur. Mobil telefon Samsung A04 markalı telefon olmuş, öz telefonudur, üzərində öz adına olan ***-***-**-** mobil nömrəsi olmuşdur. Şəxsi axtarış zamanı mobil telefonu və narkotik vasitə ondan götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitə ona məxsusdur. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Əldə etdiyi psixotrop maddə metamfetamindən heç kimə satmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər, həmin vaxt müdafiəçisi də yanında olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, polis əməkdaşı Şahid1ova daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində 23 iyun 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs saxlamışdırlar. Hadisə yerində olan təhqiqatçı özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, Namik üzərində psixotrop maddə olmasını bildirmiş və şalvarının cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Şəxsi axtarış və götürmə elə hadisə yerində aparılmışdır və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin çəkilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs evində axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlayanda piyada hərəkətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Quba rayonu, Barlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə axşam radələrində Quba şəhərində, "xxxx" ASC-nin Quba filialının yanında saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, o, üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan cins şalvarın cibindən bir ədəd bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmiş və ondan bunu hardan əldə etdiyini və nəyə görə üstündə gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs bükülünü yaşadığı kənd ərazisində yerləşən dayanacaqdan tapdığını bildirmişdir. Aşkar edilmiş bükülü elektron tərəzi ilə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı bir ədəd mobil telefon, pul və avtomobil pultu aşkar olunmuşdur. 23 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs oğlu Sadiqlə birlikdə polis şöbəsinə gətirilməmiş, mobil telefonu götürülməmiş, telefonuna baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə məcburi qaydada qoyulmamışdır. Təqsirləndirilən şəxs təhdid edilməmiş, özü saxlanılan zaman üzərindəki psixotrop maddəni təqdim etmiş, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 işin halları ilə bağlı məhkəmədə dindirilmiş şahidlər- Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 23 iyun 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs maşını ilə oğlu və qaynı arvadı ilə birlikdə bazara getmiş, orada o və qaynı arvadı maşından düşmüş, oğlu ilə yoldaşı isə maşını ustaya aparmışdırlar. Bir müddət sonra yoldaşına dəfələrlə zəng etsə də, zənglərinə cavab verməmişdir. Daha sonra yoldaşı maşını ilə onları və qaynını bazardan götürmüşdür və evə gəlmişdirlər. Evdə yoldaşından harada olduqlarını soruşduqda, YPX əməkdaşlarının onları saxladıqlarını və polis şöbəsinə apardıqlarını bildirmişdir. Evə çatdıqdan sonra evlərinin qarşısına qara maşın gəlmiş və həmin maşınla yoldaşını aparmışdırlar. Bir neçə saat sonra yoldaşı geri qayıtmadığı üçün polis şöbəsinə zəng etdikdə yoldaşının polis şöbəsində saxlanıldığını bilmişdirlər. Şahid qismində dindirilmiş X12 ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq zamanı o, həmçinin oğlu, qaynı, qayınatası və qaynının yoldaşı ifadə vermişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 işin halları ilə bağlı şahid X12 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Quba Rayon Polis Şöbəsinə Quba rayonu, Zərdabi ərazi dairəsi, Barlı kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxs Quba şəhəri ərazisində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Quba rayonu, Zərdabi ərazi dairəsi, Barlı kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması və cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd sellofan parçasına bükülü halda psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəlikmiş, çəkisi 12,89 qram gəlmişdir. Həmin kütlə bir ədəd zərfə qoyularaq 67 saylı möhürlə möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, cibindən aşkar edilmiş kütləni dünən yaşadığı kəndin ərazisindəki dayanacaqdan tapmışdır. Bündan əlavə Təqsirləndirilən şəxs üzərindən “Samsung A04” markalı mobil telefon, avtomobil pultu və 59 manat pul aşkar edilmişdir. Pul və avtomobil pultu Təqsirləndirilən şəxs özünə qaytarılmış, mobil telefon isə araşdırma zərurərti ilə əlaqədar götürülmüşdür. Panasoniq markalı videokamera ilə şəxsi axtarışın keçirilməsi qeydə alınmışdır. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3532 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi - 11,910 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 11,910 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq 11,810 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının 01 sentyabr 2023-cü il tarixli, 5640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 315 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələrinə dair qəbul edilmiş Quba rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru Şahid1 23 iyun 2023-cü il tarixli qərarı əsasında keçirilmiş axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Məhkəmə iclasında müdafiəçi çıxışına vəsatətlər də əlavə edərək əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələrinə dair qəbul edilmiş Quba rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarının sübutlar siyahısından çıxarılmasını, həmçinin hazırki cinayət işi üzrə müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət mühakimə icraatının bu mərhələsində müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” qərarının etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” qərarının ləğv edilməsi, həmçinin Quba rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə müdafiəçinin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ olsa da müdafiəçi həmin hüququndan istifadə edilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram psixotrop maddə metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 11,810 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba rayonu, Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, o, Quba rayonu, Barlı qəsəbəsində qeydiyyatdadır və aşağıdakı ailə tərkibi vardır: arvadı - 1985-ci il təvəllüdlü X12 və oğlu-2014-cü il təvəllüdlü X13. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba rayonu, Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində yaşadığı müddət ərzində ondan heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər X8 və X1 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahidlərlə təqsirləndirilən şəxsin qohumluq əlaqələri olduğundan onların məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri, onu müdafiə etmələri anlaşılandır. Belə olan halda məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların məhkəmədə verdikləri ifadələri iş materiallarında mövcud olan digər sübutlarla ziddiyət təşkil etdiyindən sübut hesab edilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, təhdid olunduğu üçün ilkin ifadələrində həmin psixotrop maddə metamfetamini əldə edib üzərində saxladığını bildirməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ilkin ifadəsində üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin tapdığını bildirsə də, sonrakı ifadəsində və məhkəmə istintaqı zamanı bu halları qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 11,810 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,810 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar