Məhkəmə qərarları › İş №1(124)-377/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-377/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-377/2024 26.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfarans əlaqə sistemindən istifadə etməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və tiryək əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 200 manat müqabilində külli miqdarda çəkisi 2,338 qram olan narkotik vasitə heroin və çəkisi 3,214 qram olan narkotik vasitə tiryək əldə edib, Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və hissələrə bölərək üzərində saxlamış, 07 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Mirzə İbrahimov küçəsi, 110 nömrəli evin yaxınlığında Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 22:19 radələrindən 22:40 radələrinə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01(bir) ədəd şəffaf rəngli, dairəvi formalı oyuncaq qutusunun içərisində 09 (doqquz) ədəd yaşıl rəngli polietilen bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri - 0,247 qram, 0,240 qram, 0,241 qram, 0,295 qram, 0,276 qram, 0,226 qram, 0,268 qram, 0,237 qram, 0,219 qram və 01 (bir) ədəd şəffaf polietilen bükümdə çəkisi 0,089 qram, ümumi çəkisi 2,338 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 (bir) ədəd qara rəngli polietilen bükümdə çəkisi 3,214 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavabında göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirdi. xx.xx.2023-cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Binəqədi rayonu, 9 mikroyayon adlanan ərazidə əvvələr tanımadığı Emin adlı şəxdən 200 manata narkotik vasitə heroin almışdır. Narkotik vasitə heronin bir hissəsini istifadə etmiş qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini hissələrə bölünmüş vəziyyətdə almışdır. Bükümləri plastik qutuya qoyub şalvarının cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman əvvələr tanımadığı mülki geyimdə iki şəxs ona yaxınlşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Sonra onu Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. İdarədə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə olan heroin bükümlərinin yanından 01 büküm narkotik vasitə olan tiryək də aşkar olunmuşdur. Lakin tiryək onun olmamışdır. Üzərində aşkar olunmuş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət olduğundan məhkəmə iclasında , Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 1-2 ildir müxtəlif narkotik vasitələr istifadə edir. xx.xx.2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9 mikroyayon adlanan ərazidə əvvələr tanımadığı Emin adlı şəxdən 200 manat pul vəsaiti qarşılığında narkotik vasitə heroin və tiryək almışdır. Narkotik vasitələr tiryək və heronin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmişdir. Bu səbəbdən narkotik vasitə heroini hissələrə bölərək 10 ədəd polietinel bükümlərə yerləşdirmişdir. İçərisində narkotik vasitə tiryək olan 01 ədəd polietilen büküm və içərisində narkotik vasitə heroin olan 10 ədəd polietilen bükümləri plastik qutuya qoyaraq əyinində şalvarının cibinə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman əvvələr tanımadığı mülki geyimdə iki şəxs ona yaxınlşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Sonra polislər onu Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. Bu zaman o, polislərdən nə səbəbə saxlanıldığını soruşduqda onlar izah etmişlər ki, onun narkotik vasitələrin istifadəsində və üzərində saxlamağı barədə onlarda məlumat vardır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqları izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi təqdim etməsini xahiş etmişdir. Ona müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra polis bölməsində otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd plastik qutunu masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən plastik qutu açılmış və içərisində 11 (on bir) büküm aşkar edilmişdir. Sorğu sual zamanı o, bükümlərin içərisində narkotik vasitə heroin və tiryək olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda DİN-nin BNMİ-nin əməliyyat müvəkkilidir. Hazırki hadisə olan vaxt Abşeron RPİnin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili olmuşdur. Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs ifşa edilib yaxalanması üçün polis baş serjantı Şahid2 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 07 aprel 2023cü ii tarixdə saat 19-20 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. 07 aprel 2023-cü il tarixdə saat 20 radələrində qeyd edilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Qasımova Faiqə bənzəyən şəxs yuxarıda göstərilən ünvana gəlmişdir. Bir qədər həmin şəxsi müşahidə edib ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə dəvət etmişlər, o, buna etiraz etməmişdir. Faiqi Polis İdarəsinə apararaq araşdırma aparılması üçün Abşeron RPİ-nin təhqiqatçı Kənan Yasinliyə təhvil vermişlər. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim ediiməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının yan cibindən 01 ədəd plastik qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin qutu açılmış və içərisində bükümlər olduğu aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunan xeyli sayda bükümlərin içərisində narkotik vasitə heroin 01 bükümün içərisində isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılıb sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 07 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd plastik qutunun içərisindən 09 (doqquz) ədəd yaşıl rəngli, 01 (bir) ədəd ağ rəngli və 01 (bir) ədəd qara rəngli bükümləri təqdim edərək bükümlərin içərisində narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıda protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-fizikikimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli, 6/2051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 56» dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 09 (doqquz) ədəd yaşıl rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,247qr, 0,240qr, 0,241 qr, 0,295qr, 0,276qr, 0,226qr, 0,268qr, 0,237qr, 0,219 qr və 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,089qr, ümumi təmiz çəkisi 2,338 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd qara rəngli polietilen bükümdə təmiz çəkisi 3,214 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 2,338 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 2,138 qram Qeyd: Tiryəkin təmiz çəkisi 3,214 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 3,114 qram Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4063 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi 2,338 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 2,138 qram çəkidə olan narkotik vasitə heroin, 3,214 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 3,114 qram çəkidə olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DlN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bükümlərə bölünməsi, həmin narkotik vasitələrin çəkisinin oxşar olması və üzərində iki növ narkotik vasitənin olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini və üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin onun olmamasına dair məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və onun törətdiyi əməl ibtidai istintaqdakı ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 2,138 qram çəkidə olan narkotik vasitə heroin və 3,114 qram çəkidə olan narkotik vasitə tiryək məhv edilməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 2,138 qram narkotik vasitə heroin və 3,114 qram narkotik vasitə olan tiryək məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar