Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-378/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 68.1, 68.1.1-1, 67.1-ci maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu ilə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmuş və Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1, 67.1-ci maddələrinə əsasən ona qəti olaraq hökmlərin məcmusu ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Nadir” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, həmin Nadir adlı şəxsin hesabına 150 manat pul köçürməklə psixotrop maddələri alıb, satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, 27 mart 2023-cü il tarixdə axşam saatlarında Nadir adlı şəxsin Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində qoyduğu bir ədəd bükümdə 20,266 qram çəkidə külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyıb, üzərində saxlamış, 27 mart 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Müşviq Vəliyev küçəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib, 28 mart 2023-cü il tarixdə saat 00:05-dən saat 00:20-ə kimi orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə 20,266 qram çəkidə ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə getmiş, Duz gölünün yaxınlığında yanacaq doldurma məntəqəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış və Abşeron Rayon Polis İdarəsinə gətirmişdir. Polis idarəsində üzərində olan narkotik vasitəni təqdim etmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, psixotrop maddəni Masazır qəsəbəsindən əldə etmişdir. İran vətəndaşı ilə əlaqə saxlamışdır. Həmin şəxs əvvəllər də 1-2 dəfə ona narkotik vasitə göndərmişdir. Gün ərzində 1-2 qram psixotrop maddə istifadə etmişdir. Psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. İran vətəndaşından “metamfetamin”dən əlavə “heroin” də əldə etmişdir. Demək olar ki, narkotik vasitələrin bütün növündən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı ona hər hansı bir qeyri-insani rəftar olmamışdır. Psixotrop maddə həqiqətən də onun üzərindən aşkar edilmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq edilməmişdir. Psixotrop maddəni əldə etmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” programı vasitəsiylə əlaqə saxlamış, şəxsin kart hesabına 150 manat pul göndərmiş və gedib malı götürmüşdür. Özü taksi sürücüsü işləmişdir. Gündəlik qazancı 40-50 manat olmuşdur. İran İslam Respublikası vətəndaşının atdığı konum vasitəsiylə gedib psixotrop maddəni götürmüş, şəxsin üzünü görməmişdir. Narkotik vasitələri Bakıdan almış, Bakıda olmayan zaman isə İran vətəndaşından almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 27 mart 2023-cü ildə əməliyyat məlumatı daxil olmuş və rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun iştirakı ilə Masazır qəsəbəsi, Müşviq Vəliyev küçəsi, 21 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs və Şahid4 piyada hərəkət edən zaman saxlanılmış və Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə olan zaman onların üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən “metamfetamin”, qardaşı Talehin üzərindən isə “marixuana” aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Nadir” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayır, külli miqdarda narkotik vasitə götürür, həmin narkotik vasitəni onun dediyi yerlərə aparıb qoyur və onun müqabilində pul əldə edirmiş. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən hazırda çəkisini xatırlamadığı bir bükümdə “metamfetamin” aşkar edilmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa çalışmamış, ona heç bir güc tətbiq edilməmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təxirə salınmaz tədbir keçirmişdir. Əvvəllər təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Narkotik vasitələri konkret satdığı şəxsləri müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in Baş narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün o, baş idarənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı baş idarə rəhbərliyi tərəfindən qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. 27 mart 2023-cü il tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, M.Vəliyev küçəsində Təqsirləndirilən şəxs və yanında olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və üstündə gəzdirməsində şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs yanında olan şəxs özünü şübhəli apardığı üçün həmin şəxsidə Abşeron RPİ-nə dəvət etmiş və onlar hər ikisi onlarla birlikdə Abşeron RPİ-nə gəlmişlər. RPİ-də Təqsirləndirilən şəxs yanında olan şəxsin onun qardaşı Şahid4 Nurəddin oğlu olduğu məlum olmuşdur. RPİ-də xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 Nurəddin oğluna video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə dəvət edilmiş vəkillərinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və bundan sonra ilk öncə Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə ağ rəngli kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək stolun üstünə qoymuş və həmin psixotrop maddə metamfeatmainə bənzər kütləni saxlanılmamışdan 3-4 saat əvvəl İran İslam Respublikası "Nadir” adlı şəxsin vasitəsilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 150 manat müqabilində əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və sol yan cibindən 1 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə meatamfetaminə bəznər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən digər şübhəli şəxs Şahid4 Nurəddin oğluna üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet varsa təqdim etməsi təklif edilmişdir. Şahid4 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim edərək stolun üstünə qoymuş və həmin narkotik vasitə marixuanaya bənzər kütləni İran İslam Respublikası vətəndaşının vasitəsilə Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Sonra Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi “Samsung” markalı mobil telefon və 22 manat pul aşkar edilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN- in 7 saylı möhürü ilə möhürlənmişdir. Götürülmüş mobil telefon və 22 manat pul Şahid4 özünə qaytarılmışdır (cild 01, iş vər. 168-170). Məhkəmə istintaqı zamanı Şahid4 Nurəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək külli miqdar qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsində dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Hidayət əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd büküm metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Hidayətin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 367- 57-06 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və sol yan cibindən 1 (bir) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Hidayətin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyula qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Hidayət, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung markalı mobil telefon bu barədə Hidayətə izah verildikdən sonra götürülmüşdür. 1 manat pul isə Hidayətin özünə qaytarılmışdır. Hidayət həmin psixotrop maddə metamfetamini saxlanılmamışdan 3-4 saat əvvəl Masazır qəsəbəsində İran İslam Respublikası vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əvvəlcədən təyin olunmuş yerdən 150 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra onu qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 22 manat manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 22 (iyirmi iki) manat pul isə özünə geri qaytarılmışdır. Üzərində aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından 10 (on) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarında olduğundan, şübhəli şəxs qismində statusuna xitam verilmiş və İnzibati xətalar məcəlləsinin 206-cı maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri görülməsi üçün toplanmış material Abşeron Rayon Məhkməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (cild 01, iş vər. 130-132). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 27 mart 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında Şahid4 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişlər (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofana bükülü ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, həmçinin şəxs üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir manat pul əskinasını təqdim etmiş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək iş materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 6/1737 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhürü əksi. “Təqsirləndirilən şəxstəqdim etdiyi kütlə...” və s. yazılar, İmzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 20,266 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01, iş vər. 64-66). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(012)-281/2023 sayı qərarından görünür ki, Azərbaycan respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 104-106). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 2894 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 01, iş vər. 144-145). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünürki, baxış keçirilən “Samsung Galaxy A01” markalı, ekranı qara, korpusu tünd göy rəngli, üzərində ***-***-**-** mobil nömrəsinin olduğu mobil telefon Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxıldı. Mobil telefonun “WhalsApp" bölməsində +**********02 saylı nömrədə yaşıl ox nişanının daşın dibinə tuşlandığı şəkil həmin nömrəyə göndərilən üzərlərində sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə olan elektron tərəzilər olan şəkillər aşkar edilmişdir (cild 01, iş vər. 159-161). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.2 və 206 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 191-200). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxsi qismində tutulmuş, müdafiəçinin də iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü yalnız CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən Abşeron Rayon Polis İdarəsinə verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyinə Abbasov X4 rayon, Masazır kənd ünvaında qeydiyyatlı olaraq yaşayır və onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır (cild 01, iş vər. 172-173). İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün və qərarların görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 68.1, 68.1.1-1, 67.1-ci maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu ilə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmuş və Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1, 67.1-ci maddələrinə əsasən ona qəti olaraq hökmlərin məcmusu ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 133.135, 174-185). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli (CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl) törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər dəfələrlə qəsdən cinayət əməli törətdiyinə görə təqsirli bilinərək məhkum olunmasını, əməllərindən və ona təyin olunan cəzalardan heç bir nəticə çıxarmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 112-115). Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 20,166 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalı, bir ədəd “Samsung Galaxy A01" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 20,166 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, bir ədəd “Samsung Galaxy A01" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Elçin Məmmədov Nurəddin Hüseynli
Məhkəmə qərarları › İş №1(124)-378/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-378/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver