Məhkəmə qərarları › İş №1(124)-379/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-379/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-379/2025 18.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tutulana qədər fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,298 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 mart 2025-ci il tarixdə, saat 00:43-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə, X4 Gimnaziyanın yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, ittiham aktında qeyd edilənlər doğrudur. Tutulana qədər 1 il 6 ay müddətdir ki, özü narkotik vasitə istifadəçisi olub. xx.xx.2025-ci il tarixdə yaşadığı evə tərəf gedərkən Gimnaziyanın yaxınlığında polis əməkdaşları onu saxlayıblar. Orada üzərinə şəxsi axtarış keçirəcəklərini deyiblər və o, üzərində olan bükümü təqdim edib həmin bükümün içərisində “patı” olduğunu bildirib. Daha sonra onu Sumqayıt ŞPİ-nə aparıblar. Polis əməkdaşalrına təqdim etdiyi psixotrop maddəni Kənan adlı şəxsdən alıb və qarşılığında onun kartına 300 manat pul köçürüb. Kənan adlı şəxs narkotik vasitəni 20 Yanvar ərazisinə gətirib və o da əlbəəl ondan alıb. Psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə edib. Əməlindən peşmandır, saxlanılan zaman və polis idarəsinə gətirilərkən hər hansı təsir və ya təzyiqə məruz qalmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olub. Daha sonra əməliyyat qrupu yaradılıb, həmin qrupda o, Samit Mehtiyev və Şahid2 iştirak edib. Həmin gün gecə saat 00:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə, Gimnaziyanın yaxınlığında saxlayıb özlərini təqdim etdikdən sonra ona üzərində hər hansı narkotik vasitə və ya qanunsuz predmet varsa təqdim etməsini bildiriblər. Bu zaman Ağarəhim gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ sellofana bükülmüş kütləni təqdim edib. Həmin kütlə elektron tərəzidə çəkilib və qablaşdırılaraq götürülüb. Daha sonra Təqsirləndirilən şəxs polis idarəsinə gətiriblər. İdarədə müdafiəçinin də iştirakı ilə qablaşdırılmış büküm təhqiqatçıya təqdim edilib. Təqsirləndirilən şəxs saxlanılarakən və polis idarəsinə gətirilən zaman ona qarşı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Sumqayıt ŞPİ-nə xx.xx.2025-cü il tarixdə şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Daha sonra onun da üzv olduğu əməliyyat qrupu yaradıldıb. Həmin gün gecə saat 01 radələrində şəxsi Sumqayıt şəhəri, 4cü məhəllə, Gimnaziyanın yaxınlığında saxlayıblar. Özlərini şəxsə təqdim edib və ona üzərinə baxış keçirəcəklərini bildiriblər. Bu zaman o, idman gödəkçəsinin sol cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metanfetaminə bənzər kütləni təqdim edib, həmin maddəni Bakı şəhərində, 20 Yanvar ərazisindən əldə etdiyini bildirib. Şəxsin üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilib və həmin bükümün çəkisi təxminən 3 qrama yaxın olub. Daha sonra şəxsi Sumqayıt ŞPİ-nə aparıblar. Təqsirləndirilən şəxs saxlanılarakən və polis idarəsinə gətirilən zaman ona qarşı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında iştirak etmədiyindən cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 həmin ifadəsində məhkəmədə dindirilmiş şahidlərlə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə, saat 00:43-də Sumqayıt şəhəri, 4-cü məhəllə, X4 Gimnaziyanın yaxınlığında saxlanılmış, üzəri yoxlanılan zaman əynində olan idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə götürülərək zərfdə müvafiq qaydada qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, barəsində əməliyyataxtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə, saat 00:43-də Sumqayıt şəhəri, 4-cü məhəllə, X4 Gimnaziyanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü təqdim etmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükümün içərisində “şüşə” olduğunu bildirmiş və polis əməkdaşı tərəfindən həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 3.47 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm müvafiq qaydada qablaşdırılmışdır. Sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “İphone 14 pro max” markalı mobil telefon aşkarlanmış, lakin həmin mobil telefon yenidən Təqsirləndirilən şəxs qaytarılmış və çəkiliş yekunlaşdırılmışdır. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi istintaq hərəkəti keçirilmişdir və Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X2 Məmmədzadənin xx.xx.2025-ci il tarixdə, saat 00:43-də Sumqayıt şəhəri, 4-cü məhəllə, X4 Gimnaziyanın yaxınlığında saxlanıldığını bildirmişdir. Sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfi təhqiqatçıya təqdim edərək zərfin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü olduğunu bildirmiş, təhqiqatçının sualına cavab olaraq Şahid1 bükümün çəkildiyini və çəkisinin 3.47 qram olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşmuş və Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində olan “İphone 14 Pro Max” markalı mobil telefon götürüldükdən sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılmışdır. Sonra müdafiəçi Təqsirləndirilən şəxs saxlanılan zaman və polis idarəsində olarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiq və hədəyə məruz qalıb-qalmadığını soruşmuş, Təqsirləndirilən şəxs heç bir təzyiq və hədəyə məruz qalmadığını bildirmiş, daha sonra müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ona məxsus olduğunu və təxminən 2 il müddətdir ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair və şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı xüsusatlar, həmçinin təqsirləndirilən şəxsin və şahidlərin ifadələri həmin əməliyyat-axtarış tədbirinin və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2025-ci il tarixli, 20/72 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,298 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 3,298 qram, təhqiqata sərf edildi- 0,05 qr, qalıq -3.248 qr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3080 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ilkin təmiz çəkisi 3,298 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,248 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 14 Pro Max” markalı mobil telefona baxış keçirilmiş, lakin telefonda cianyət işi üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 14 Pro Max” markalı mobil telefon onun anasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq icraata götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və üstünün yoxlanılması zamanı, həmçinin üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 24-cü bəndinə əsasən, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,298 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədən verdiyi və bütün sübutların məcmusu ilə təsdiq edilən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, videoçəkilişlər və iş materiallarında olan digər kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,248 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 03 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 63 (altmış üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,248 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar