Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-380/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X16 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də taxta bəndçisi işləmiş, Ağcabədi rayonu, H.Təzəkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 29 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədi olmadan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 9,243 qram olan ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsinə daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə saat 22:00 radələrində Abşeron rayon polis idarəsinin X11 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və 29 mart 2023-cü il tarixdə saat 23:20-dən saat 23:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin 9,243 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Bakı şəhərində işdə olarkən Şahin adlı polis əməkdaşı ona zəng edərək harda olduğunu soruşmuş, o da iş yerinin ünvanını demişdir. Həmin polis əməkdaşı axşam saatlarında evə qayıtdıqdan sonra onunla əlaqə saxlamasını istəmiş, o da razılaşmış və axşam saat 19 radələrində evə çatdıqdan sonra həmin polis əməkdaşı ilə əlaqə saxlayaraq Ceyranbatan qəsəbəsində olduğunu bildirmiş, həmin polis əməkdaşı da ona evə getməsini və daha sonra əlaqə saxlayacağını demişdir. Evə getdikdən təxminən 20-30 dəqiqə sonra Bağır adlı polis əməkdaşı ona zəng edərək Ceyranbatan qəsəbəsində yerləşən poçt məntəqəsinin yanına gəlməsini demişdir. O həmin poçt məntəqəsinə çatdıqda Bağır və tanımadığı başqa bir polis əməkdaşının onu gözlədiyini görmüş, həmin polis əməkdaşları X11 rəisinin onu görmək istədiyini demiş, onu Abşeron RPİ X14 aparmışdırlar. Bölmə rəisinin xidməti otağında ondan hər hansı cinayət törədib-törətmədiyi soruşulmuş, o isə heç bir cinayət törətmədiyini, sadəcə polis əməkdaşları dəvət etdikləri üçün gəldiyini demişdir. Bu zaman tanımadığı polis serjantı əlini bükülü vəziyyətdə onun əynində olan şalvarın cibinə salıb çıxararaq ona 1 ədəd sellofan büküm göstərmiş və onun şalvarının cibindən çıxdığını demişdir. O, həmin bükümün özünə aid olmadığını demiş, lakin hamı ona gülərək həmin bükümün ona aid olduğunu demişdirlər. Bundan sonra dəfələrlə həmin bükümü ona verərək cibinə qoymasını desələr də, o, bundan imtina etmişdir. Daha sonra hal şahidləri olduqları bildirilən şəxslər gəlmişlər. Orada heç nə etmədən sənədlər təqdim edilmiş, sənədlərin bəzilərini imzalasa da, qalanlarını imzalamaqdan imtina etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən izahatı alınmış,o, izahatında üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını, polis bölməsinə polis əməkdaşlarının zəngi əsasında gəldiyini, əlavə olaraq narkotik maddə və psixotrop maddənin nə olduğunu bilmədiyini və əvvəllər heç vaxt istifadə etmədiyini göstərmişdir. Polis bölməsində ona qarşı fiziki güc tətbiq edilməmiş və zorakılıq olunmamış, amma ona aid olmayan 1 ədəd bükümü cibinə qoyması ilə bağlı psixoloji təsir göstərilmiş, ancaq o, bundan imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etdiyini bildirərək ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamış və polis bölməsinə gətirmişdirlər. Polis bölməsində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış nəticəsində onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 cinayət işi ilə bağlı təfərrütları tam xatırlamdığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2010-cu ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edir. 2021-ci ildən Abşeron rayon Polis İdarəsinin X11 əməliyyat müvəkkili işləyir. 29 mart 2023-cü il tarixdə xidmətdə olduğu zaman Ağcabədi rayonu, H.Təzəkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yaşayan xx xxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilinəsi üçün qərar qəbul etmiş və həmin qərarla bölmənin rəhbərliyinə məlumat verib tədbirlərin keçirilməsinə icazə almışdır. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron rayon polis idarəsinin X11 əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal edilən Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yollanmışlar. Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşmış və qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Poçtun yanı” deyilən yerdə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirərək onlarla birgə X14 getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, qanunsuz olaraq psoxotrop maddələrin əldə olunması və saxlanması barədə məlumatlı olmalarının deyilməsindən narahatlıq keçirmişdir. Buna baxmayaraq həmin şəxs polis bölməsinə aparılmış, yolboyu şəxsin üzərində gəzdirdiyi ehtimal edilən psixotrop maddəni atması, yaxud gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsinin inzibati binasına çatdıqdan sonra bu barədə raportla rəhbərliyə məlumat verilmiş və faktın araşdırılması polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid3 həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən şəxsin üzərində şəxsi axtarış aparılması üçün iki nəfər hal şahidi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış aparılmazdan əvvəl şəxsə üzərində saxlanılması və ya gəzdirilməsi qanunla qadağan olunan hər hansı əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifə baxmayaraq Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Daha sonra o, müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlamış, bu zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan büküm aşkar etmişdir. Həmin büküm açıldıqda içərisində metamfetaminə bənzər ağ rəngli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda o, nə sellofan bükümün, nə də bükümün içərisindəki kütlənin özünə məxsus olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş sellofan büküm zərfdə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və psixotrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs və hal şahidlərinin izahatları alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə isə tədqiqat üçün ekspertizaya göndərilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o, həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Belə ki, 29 mart 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi avtomobillə Abşeron rayon polis idarəsinin X11 inzibati binasının qarşısından keçən yolda hərəkətdə olarkən polis əməkdaşları işarə edərək onu saxlayıb özlərini təqdim etdikdən sonra bir nəfər şəxsin üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmiş və həmin şəxsin üzərində keçiriləcək axtarışda hal şahidlərinin iştirakının vacibliyini qeyd etmiş, ondan hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O, vaxtı olduğu üçün polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə X11 inzibati binasına getmişdir. Ondan başqa əvvəllər tanımadığı daha bir nəfər şəxs də hal şahidi qismində dəvət olunmuşdur. Bundan sonra binanın xidməti otaqlarından birində təhqiqatçı tərəfindən sonradan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxsin üzərində şəxsi axtarış zamanı Bəhruzun əynindəki şalvarın cibindən 01 (bir) ədəd şəffaf sellofan büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs bükümün özünə məxsus olmadığını və nə olmasını bilmədiyini demişdir. Əvvəllər Təqsirləndirilən şəxs və polis əməkdaşlarının heç birini tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunan Şahid2 həmin ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də işləyən, Ağcabədi rayonu, H.Təzəkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1986-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də işləyən, Ağcabədi rayonu, H.Təzəkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tutularaq Saray PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının 30 mart 2023-cü il tarixli, 6/1835 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhürəksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,243 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 9,243 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 9,143 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 və Şahid2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söylərək bir daha təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli, 3449 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən və arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-il təvəllüdlü X1 Bəhruz Xanoğlan oğlunun himayəsindədirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,243 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin psixotrop maddənin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən başqa narkotik vasitə və ya psixotrop maddələrin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,243 qram külli miqdarda olan psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı) ilə yanaşı, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materiallarında olan hal şahidlərinin ifadələri, üzləşdirmə protokolları və cinayət işi materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə o, şübhəli şəxs qismində tutulmamışdan əvvəl polis əməkdaşları tərəfindən zəng edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi polis əməkdaşlarının təqsirləndiirlən şəxsə zəng etmələri onun barəsində keçirilən əməliyyataxtarış tədbirlərinin bir hissəsi olmuşdur və məqsəd təqsirləndiirlən şəxsin cinayət əməlinin ifşa edilməsi olmuşdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyini qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1)sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı müddətində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 9,143 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 (üç) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,143 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-380/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-380/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver