Məhkəmə qərarları › İş №1(124)-381/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-381/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-381/2024 21.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yol şosesi küçəsi ev 6, mənzil 12-də qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 01 ədəd 09 mm kalibrli “Makarov” markalı tapançanı və döyüş sursatı olan 06 ədəd 2 mm kalibrli, “PM” tipli patronu ilə birlikdə olan darağını qanunsuz olaraq əldə etməklə 01 ədəd bağlamada külli miqdarda yəni, təmiz çəkisi 2 kq 650 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bağlamada külli miqdarda yəni, təmiz çəkisi 2 kq 880 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə saxlamış və 24 iyun 2023cü il tarixdə saat 20:55-də Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Zərdabi qəsəbəsində yerləşən su kanalı yaxınlığındakı bağ sahəsində saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ cibində gizlətdiyi, üzərində heroin izləri olan 01 ədəd şprits və 01 ədəd sınıq ampula, həmçinin onun şəxsi axtarış keçirilməzdən qabaq yerə atdığı çantanın içərisindən 01 ədəd sellofan bağlamada 06 ədəd 9 mm kalibrli, “PM” markalı patronlar olan darağı ilə birlikdə 01 ədəd 09 kalibrli “Makarov” tapançası, 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 2 kq 650 qram narkotik vasitə, qurudulmuş marixuana və 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 2 kq 880 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə istifadə etmişdir, marixuana növündə narkotik vasitə isə istifadə etməmişdir. O, Quba şəhərinə sifariş verdiyi narkotik vasitələri götürmək üçün getmiş, 1 qram miqdarında heroin növündə narkotik vasitə, 0,5 qram miqdarında metamfetamin növündə psixotrop maddə və 6 ədəd metadon həbi sifariş vermişdir. Quba şəhərinə getdikdə, orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar ona bir ədəd çanta verərək, bu çantanın onun olduğunu bildirmişlər. Həmin çantanın içərisində silah da var idi. O, çantanı götürməmiş, ona əlini vurmamışdır. Hətta, videoçəkiliş zamanı da çantanı götürməmişdir. Vahid adlı şəxsi polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 5-6 ay əvvəl tanımışdır. Əvvəllər Vahid adlı şəxsdən narkotik vasitə almamışdır. Vahid adlı şəxs ona narkotik vasitələri əvvəlcə pulsuz verməyi təklif etmişdir. Onun təklifinə görə, narkotik vasitələrin pulunu sonradan ona verəcəkdi. O da onunla razılaşmış və narkotik vasitələri onun götürməyi üçün Quba şəhərinə qoymuşdur. Vahid adlı şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar. O, ona narkotik vasitələr vermək təklifini etmiş, o isə əvvəlcə razılaşmamışdır. Onun ona təklif etdiyi vaxtlarda o, müalicə aldığı üçün narkotik vasitə istifadə etmirdi. Lakin, sonradan ona lazım olduğu üçün ona yazmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və Quba şəhəri ərazisinə narkotik vasitə götürmək üçün gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əldə edilən məlumata görə, Təqsirləndirilən şəxs Quba şəhərinə “Toyota Prius” markalı avtomobil ilə gəlməli idi. Təqsirləndirilən şəxs və onun hərəkətdə olduğu avtomobil müəyyən edilmiş və onlar onu izləməyə başlamışlar. Təqsirləndirilən şəxs Quba rayonu, Zərdabi qəsəbəsi deyilən əraziyə gəlmişdir. Orada bağ sahəsinə doğru irəliləmişdir. Onlar da onu müşahidəyə davam etmişlər. Bağ sahəsindən keçdikdə orada olan tikiliyə daxil olmuşdur. Həmin tikilidən əlində çanta ilə çıxmışdır. Təqsirləndirilən şəxs çantanın içərisinə baxmış və çantanı çiyninə atıb oradan uzaqlaşmaq istəyərkən onlar ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs Quba şəhəri ərazisinə narkotik vasitə götürmək üçün gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs və onun hərəkətdə olduğu avtomobil müəyyən edilmiş və onlar onu izləməyə başlamışlar. Təqsirləndirilən şəxs Quba rayonu, Zərdabi qəsəbəsi deyilən əraziyə gəlmişdir. Orada qartal heykəlinin yanı ilə arxa tərəfə doğru irəliləmişdir. Onlar da onu müşahidəyə davam etmişlər. Bağ sahəsindən keçdikdə orada olan tikili istiqamətində getmişdir. Daha sonra həmin tikilinin yanında Təqsirləndirilən şəxs götürdüyü çantanın içərisinə baxmış və çantanı çiyninə atıb oradan uzaqlaşmaq istəyərkən onlar ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs çantasında 6 ədəd patronla birlikdə «Makarov» konstruksiyalı silah, eləcə də narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Kriminalistik təhqiqatlar qrupunun baş inspektor-kriminalist Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməsində iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən şpris, ampula, pambıq və s. aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs çantasına baxış keçirilmişdir. Çantanın içərisindən silah, 1 bağlamada yaşıl rəngli ota bənzəyən maddə, digər bağlamada qara rəngli maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Təqsirləndirilən şəxs ilə 1-2 dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Bir gün Təqsirləndirilən şəxs ona Quba şəhərinə getməli olduğunu və oradan sənəd götürəcəyini bildirmişdir. O, onunla razılaşmış və birlikdə Quba şəhərinə getmişlər. Təqsirləndirilən şəxs onu apardığı yer boş ərazi idi. Təqsirləndirilən şəxs bağın qarşısında avtomobildən düşüb ona 200 metr irəlidən dönüb qayıtmağını bildirmişdir. O, irəlidən dönüb geri qayıtmışdır. Az sonra “Mercedes-Benz” markalı avtomobil ona yaxınlaşmış və onun sürücüsü ondan onların bağının qarşısında nə etdiyi barədə soruşmuşdur. Daha sonra ondan Təqsirləndirilən şəxs tanıyıb tanımadığı barədə də soruşmuşdur. Bundan sonra onların polis əməkdaşları olduqlarını başa düşmüşdür. O, Təqsirləndirilən şəxs əlində heç bir çanta görməmişdir. O, onunla sadəcə taksi sürücüsü kimi getmiş və onun Quba şəhərinə narkotik vasitə götürmək üçün getdiyini bilmirdi. Quba şəhərində qeyd etdiyi boş əraziyə çatdıqda Təqsirləndirilən şəxs narkotik vasitə götürmək üçün gəldiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs əyilmiş şəkildə olan məftildən ibarət hasarın üzərindən bağın içərisinə keçmişdir. O, bağın digər başında 1 nəfər şəxs görmüş və şübhələnib Təqsirləndirilən şəxs bağa girməməsini bildirmişdir. Gördüyü həmin 1 nəfər şəxs ilə Təqsirləndirilən şəxs bağa girdiyi yer arasında təxminən 300-400 metr məsafə var idi. Polis əməkdaşları onu saxlayıb bağdakı tikiliyə aparmışlar, daha sonra Təqsirləndirilən şəxs də gətirmişlər və çantanı onun qarşısına qoyaraq, çantanın Təqsirləndirilən şəxs məxsus olduğunu ona bildirmişlər. Polis əməkdaşları onu hədələdikləri üçün Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Polis əməkdaşları səhərədək onları polis şöbəsində saxlamışdılar. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında saxlanıldıqdan sonra təzyiq altında verdiyi ifadəni həmin ilin oktyabr ayında dəyişmək istəməyinin səbəbi Təqsirləndirilən şəxs anasının qorxmamağını, həqiqəti deməyini bildirməyi və s. olmuşdur. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayır və Bakı şəhərində yerləşən “Uber” şirkətində özünə məxsus “Toyota Prius" markalı AZ **-DB-*** dövlət nömrə nişanlı avtomobildə taksi sürücülüyü edir. Onun özü narkotik istifadəçidir. O, Təqsirləndirilən şəxs yaxından tanıyır, sonuncu Qobustan qəsəbəsində yaşayır. Elşən də narkotik qəbul edəndir. Elşən özü bu barədə ona etiraf etmişdir. Lakin o Elşəndən heç vaxt narkotik almamışdır. 24 iyun 2023-cü il tarixdə saat 15 radələrində Elşən ona bildirmişdir, ki, Quba rayonuna bir qadın tanışının sənədini götürməsi üçün getməsi lazımdır. Bu məqsədlə Elşən taksi kimi onu Qubaya aparıb gətirməsini istəmişdir. Bakıdan çıxdıqlarında Elşən onun maşına 20 manat məbləğində benzin vurmuş, aralarında olan razılığa əsasən yekunda Elşən ona yol xərci olaraq 40 manatda gediş haqqı da verəcəkdi. Yol boyunca Elşən kiminləsə “vatsap"da telefonda- yazışırdı və ona Qubaya gedəcəkləri yolun istiqamətini başa salmışdır. O, yolda maşını idarə etməsinə daha çox diqqət yetirdiyindən Elşənin kiminlə və nə;danışdığı eşitməmişdir. Onlar Qubaya çatan kimi Elşənin telefona atılmış “konumla gedəkcələri istiqaməti dəqiqləşmişlər. Əvvəlcə Quba rayonu Zərdabi qəsəbəsinin girəcəyindəki abidənin olduğu yerdən sola dönüb torpaq yolla hərəkət etmişlər, sonra həmin yolla bir qədərdə gedərək su kanalı olan yerin yanındakı bağ sahələri olan əraziyə gəlmişlər. Burada Elşən maşından düşüb onu gözləməsini istəmiş olsa da, “su başına" getməsi üçün avtomobildən çıxmış, sonra marağına gəldiyindən Elşənin getdiyi istiqamətə doğru piyada hərəkət etmişdir. O, su arxı üzərindən tullanıb bağ sahəsinə keçmiş, bir qədər irəlilədikdə Elşənin köhnə yarımtikilinin yanında qara rəngli çantanın içini axtarıb onun içindəki əşyalara baxdığını və Elşənin həmin çantanı əlinə alıb çiyninə keçirmək istədikdə bağın içindən sonradan polis olduqlarını bildiyi mülki geyim şəxslərin gəlib onu tutmasını görmüşdür. Polislər ona da yaxınlaşmış, həmin vaxtı özü barədə məlumat verib taksi kimi həmin əraziyə gəldiyini bildirmişdir. Onun yanında polislər Elşəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış aparmışlar. Bu zaman Elşən demişdir ki, o, narkotik qəbul edəndir. Bir gün əvvəl “vatsap"da ona yazan Vahid adlı İranlı şəxsin istəyi ilə Quba rayonuna gəlmişdir. Vahid ona yazmışdır ki, “Qubada ona “mal" yəni narkotik atacaq, onu götürərsən". Hətta narkotiki atacağı yerin şəklini də ona “vatsap"a atmış, bundan sonra həmin yerə narkotiki götürməsi üçün gəlmişdir. Üzərində şəxsi axtarış aparılan zaman Elşənin qara rəngli şalvarının sağ cibindən bir ədəd “Honor" markalı mobil telefonu və bir ədəd sellofan bükümdə istifadə olunmuş şpirts, sınmış dərman şüşəsi, bir az pambıq və siqaretin gümüşü kağıza bükülü az miqdarda ağ rəngli kristal maddə aşkar edilmişdir. Sonra Elşənin tutulmazdan qabaq çiyninə alıb daşımaq istəyərkən polisləri görüb yerə atdığı qara rənğli çantaya baxış keçirilən vaxtı onun içindən bir ədəd sarı rəngli bağlama, iki ədəd “skoçlanmış” bağlamalar aşkar edilmişdir. Əvvəlcə sarı rənğli selofanın içinə baxılmış, onun içindən üzərində nömrə nişanı olmayan “Makarov” tapançası və həmin tapançada 06 ədəd patronu ilə birlikdə bir ədəd darağı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tapançadan xəbəri olmadığını demişdir. Daha sonra, “skoçlanmış" bağlamanın birinin içinə baxıldıqda orda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmçinin “skoçlanmış” kiçik bağlamanın içərisində qaramtıl tünd rəngli ovuntulu kütlə aşkar edilmişdir. Bundan sonra onun idarə etdiyi “Toyota Prius" markalı AZ **-DB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin baxış zamanı avtomobildən qadağan olunmuş hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmişdir. Onun Elşənin cinayətkar əməllərinə aidiyyəti yoxdur. Narkotik vasitələrin əldə edilməsində onun Elşənlə heç bir cinayət əlaqəsi və əlbirliyi olmamışdır. (Cild 1, iş vərəqləri 175-178) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərinı şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ cibində 01 ədəd sellofan bükümdə gizlətdiyi ağ rəngli maddə, 01 ədəd şprits və 01 ədəd sınıq ampulada heroin izlərinin, həmçinin onun polis əməkdaşlarını görüb yaxalanmamaq üçün yerə atdığı çantanın içərisindən 01 ədəd sellofan bağlamada 06 ədəd patronu olan daraqla birlikdə 01 ədəd 09 kalibrli "Makarov” tapançası, 01 ədəd bağlamada narkotik vasitə qurüdulmuş marixuanaya bənzər və 01 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəq 28) “Şəxsi axtarışın keçirilməsi barədə” 24 iyun 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.(Cild 1, iş vərəq 220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyun 2023-cü il tarixli 7/930 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Dədəcən oğluna məxsus çantadan aşkar edilərək götürülmüş, 01 ədəd göy rəngli bağlamada qablaşdırılmış və 01 ədəd qara rəngli bağlamada olan təmiz çəkisi 2650,0 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 78-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 25 iyun 2023-cü il tarixli 6/3539 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus çantadan aşkar edilərək götürülmüş, 01 ədəd sellofan bağlamada qablaşdırılmış və 01 ədəd sellofan bağlamada olan təmiz çəkisi 2880,0 qram, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış və 01 ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Təqdim edilmiş 01 ədəd şprisdə, 01 ədəd sınıq şüşə ampulada narkptik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün olmadı. (Cild 1, iş vərəqləri 72-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməballistik ekspertizasının 25 iyun 2023-cü il tarixli 23/486R №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, içində 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9X18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yaralıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9X18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTl-də yerləşən “güllə-giliz” kartotkasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. (Cild 1, iş vərəqləri 82-88) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 5630 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində, asılılıq sindromu etmə yəni, narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 216-217) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyun 2023-cü il tarixli 314 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar olunmamışdır. (Cild 1, iş vərəq 110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Honor” markalı telefona baxış keçirilməsi barədə 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Dədəcən oğluna məxsus, içərisində ***-***-**-** telefon nömrəsi olan 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilən zamanı 24 iyun 2023-ci il tarixdə müxtəlif vaxtlarda sonuncunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə “vatsap" vasitəsilə Vahid adlı tanıdığı şəxsin fotoşəkili təsvir olunmuş və sonuncunun istifadəsində olan “Dayı Oğlu” adında +98 903 *** **** mobil nömrə ilə arasında aparılmış çoxsaylı yazılı mesajlaşmaların aşkar edilməsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Quba rayonuna məhs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmək üçün gəlmişdir. Belə ki, həmin yazışmalarda onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əhəmiyyətli mesajların olması müəyyən edilmişdir. Bundan başqa, baxışın gedişində “Dayı Oğlu” adında +98 903 *** **** mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə göndərilmiş Quba rayonu Zərdabi qəsəbəsində, asfalt yoldan torpaq yola dönmə işarəsi təsvir olunmuş və həmin torpaq yoldan ayrılıb su kanalı boyunca yolla bağ sahələrinə getməyi təsvir olunmuş fotoşəkillərdə aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 42- 65) Müdafiə tərəfinin vəsatəti əsasında həmin mobil telefon məhkəməyə gətirilməklə, tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iranlı kimi tanıdığı şəxsdən əvvəlkilərə münasibətdə daha çox həcmdə narkotik vasitə göndərilməsini xahiş etmişdir. Bu da onun məqsədinin satışla bağlı olmasının aşkar təzahürüdür. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertizadan sonra təmiz çəkisi 2649,8 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi, 01 ədəd bağlamada qablaşdırılmış və ekspertizadan sonra təmiz çəkisi 2879,95 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin kütləsi, həmçinin 01 ədəd zərfdə qablaşdırılmış, eləcə də üzərində heroin izləri olması müəyyən edilmiş və ekspertizadan sonra təmiz çəkisi 0,137 qram çəkidə qalıq qalmış ağ rəngli maddə ilə birlikdə 01 ədəd şprits və 01 ədəd sınıq şüşə ampula, 01 ədəd zərfdə qablaşdırılmış, 9 mm kalibrli “Makarov” tapançası olan odlu silahı və ekspertizadan sonra 03 ədəd patronu qalıq qalmış 01 ədəd daraqda döyüş sursatı, 01 ədəd “Honor” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 247-257) Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı narkotik vasitə heroin və marixuananın miqdarının külli miqdardan da dəfələrlə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni daha az miqdarda şəxsi istifadəsi üçün narkotik vasitələr sifariş etməsi, tapanca sifariş etməməsi, külli miqdarda narkotik vasitə və silah olan çantanın polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadələyə tədqidi yanaşaraq qeyd edir ki, həmin ifadə təqsirləndirilən şəxslə tanışlıq münasibətlərinə dayanaraq təqsirləndirilən şəxsin müdafiə edilməsi məqsədi ilə verilmişdir. Odur ki, məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 240) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 153-155, 316-320) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba RPŞ-də saxlanılan ekspertizadan sonra təmiz çəkisi 2649,8 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi, 01 ədəd bağlamada qablaşdırılmış və ekspertizadan sonra təmiz çəkisi 2879,95 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin kütləsi, həmçinin 01 ədəd zərfdə qablaşdırılmış, eləcə də üzərində heroin izləri olması müəyyən edilmiş və ekspertizadan sonra təmiz çəkisi 0,137 qram çəkidə qalıq qalmış ağ rəngli maddə ilə birlikdə 01 ədəd şprits və 01 ədəd sınıq şüşə ampula məhv edilməli, 01 ədəd zərfdə qablaşdırılmış, 9 mm kalibrli “Makarov” tapançası olan odlu silahı və ekspertizadan sonra 03 ədəd patronu qalıq qalmış 01 ədəd daraqda döyüş sursatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “Honor” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 11 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan qalıq çəkisi 2649,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2879,95 qram olan narkotik vasitə heroin, 0,137 qram ağ rəngli maddə ilə birlikdə 01 ədəd şprits və 01 ədəd sınıq şüşə ampula məhv edilsin, 9 mm kalibrli “Makarov” markalı tapança və 03 ədəd 9 mm kalibrlı “PM” tipli patronlar olan 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd “Honor” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar