Məhkəmə qərarları › İş №1(124)-381/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-381/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-381/2025 09.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1987-ci il tarixdə Özbəkistan Respublikası, Zaolensk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Abşeron rayonu, Novxanı Ərazi Dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı Ərazi Dairəsi, Novxanı kəndi, Lütfi Məmmədzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Lazımoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Lazımoviçə qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən yarımtikilidə qohumu xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs guya ona görə bir neçə gün bundan əvvəl axşam saat 23 radələrində birlikdə oturub spirtli içki qəbul etdiyi şəxslə mübahisə etdiyini və həmin adamın da onun gözündən yumruqla vurduğunu bəhanə edərək Zərərçəkmiş şəxs qisas alaraq onu cəzalandırmaq məqsədilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində götürdüyü iti deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən qəsdən dörd dəfə vuraraq, ona xarici qanaxma ilə nəticələnən və açıq hematoraksa səbəb olmuş döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd daxilə keçən və iki ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Lazımoviç ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Zərərçəkmiş şəxs mənim qohumumdur, əmimin qaynıdır və onunla münasibətlərimiz həmişə yaxşı olub. Bir gün Zərərçəkmiş şəxs mənə zəng edərək onlara gəlməyimi istədi. İntiqamın evinə gələndə yanında bir xanımın olduğunu gördüm. Onlar birlikdə oturub yeyib-içirdilər. Mən də onlarla birlikdə yeyib-içdim. Bir müddətdən sonra həmin xanımın oğlu anasını aparmağa gəldi. Mən nə həmin xanımı, nə də onun oğlunu tanıyırdım. İntiqam məndən həmin xanımgilə getməyi istədi. Mən xanımı, onun oğlunu, habelə onların evini tanımadığımı və onlara getməyəcəyimi bildirdim. İntiqam məni məcburi şəkildə, israrla həmin xanımın evinə apardı. Əslində ora xanımın öz evi deyildi, sadəcə həmin evdə yaşayırdı. Biz evə çatanda mübahisə yarandı, oğlan məndən kim olduğumu soruşanda mən İntiqamla birlikdə gəldiyimi söylədim. Bu zaman xanımın oğlu qəfil mənim gözümün altından yumruqla vurdu. Bundan sonra, İntiqam heç nə etmədi, mən də evə qayıdıb gəldim. Oğlan İntiqamı vurmaq əvəzinə məni vurmuşdu. Mən də buna görə çox pis olmuşdum. Mən İntiqama əslində ora getmək istəmədiyimi, onun üstündə vurulduğumu söylədim. Hadisə İntiqamın üstündə baş verdiyinə görə İntiqamla aramızda mübahisə yarandı. Buna görə də, mən İntiqama bıçaqla xəsarət yetirdim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Oğlan məni heç bir səbəb olmadan vurmuşdu. Çünki mən xanımı, nə də onun oğlunu tanıyırdım. Mən xanımı cəmi 1-2 saat İntiqamın yanında görmüşdüm. Xanımın oğlu anasını gəlib apardıqdan sonra İntiqam məni həmin xanımgilə məcburi apardı. Xanımın oğlu İntiqamın üstündə məni vurduğu üçün mən də bu səbəbdən İntiqamı vurdum. İntiqama 4 bıçaq zərbəsi vurmuşdum. Mən fəhlə kimi işlədiyimə görə bıçaq mənə işdə çörək doğramaq üçün lazım olurdu. Mən əslində üzərimdə bıçaq gəzdirən insan deyiləm. Sadəcə həmin gün bıçaq mənim üzərimdə idi. Həmin bıçaq meyvə doğramaq üçün nəzərdə tutulan mətbəx bıçağı idi. Zərərçəkmiş şəxs xərclərini ailəm çəkib. Xanımın oğlu məni döydükdən bir gün sonra mən İntiqama bıçaqla zərbə vurdum. Mən düşündüm ki, oğlanın məni döydüyü günün səhərisi İntiqamla söhbət edərəm. Mən İntiqamın evinə getdim. İntiqama xanımı və oğlunu tanımadığımı, onun üzündən xanımın oğlu tərəfindən yumruq zərbəsi aldığımı söylədim. İntiqamın evinə gedəndə bir az içkili idim. Mən İntiqama onun üstündə vurulduğumu söylədim. İntiqama xəsarət yetirdikdən sonra evə getdim və qardaşıma İntiqamı vurduğumu söylədim. Qardaşım da təcili tibbi yardıma xəbər verdi və İntiqamı xəstəxanaya apardılar. Şahid mənim qardaşımdır. Qardaşım Kamalın telefon nömrəsi **********-dir. Kamal hadisə baş verəndə yanımda olmayıb. Bıçaq hər zaman mənim üstümdə olmayıb. Bıçağı cibimə qoymuşdum, özüm də işdən gəlmişdim və yadımdan çıxdığı üçün bıçaq cibimdə qalıb. Mən üzərimdə bıçaq gəzdirən biri deyiləm. Mənim İntiqamı vurmaq niyyətim olmayıb. Mən İntiqama görə tanımadığım bir xanımın oğlu tərəfindən vurulduğum üçün, həmçinin hadisənin baş verdiyi vaxt bir az içkili olduğum üçün İntiqama xəsarət yetirmişəm.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxslə qohumluq münasibətim var. O mənim bacımın qaynı oğludur. Əlişir yaxşı insandır. Bu hadisə sadəcə Əlişir içkili olduğuna görə baş verdi. Mənim Əlişirlə heç bir düşmənçiliyim yoxdur. Əlişirlə bizim aramızda heç bir mübahisə olmayıb. Oğlan ya Əlişiri yıxdığına, ya da gözünün altdından vurduğuna görə oğlanla Əlişirin arasında mübahisə yaranmışdı. Əlişir mənim üzümdən oğlan tərəfindən vurulduğunu söylədi və bundan sonra məni bıçaqla vurdu.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Hadisənin baş verdiyi gündən 1-2 gün əvvəl Əlişirlə birlikdə yemək yeyib içki içdik. Həmin vaxt yanımda Əlişir, xanım və onun oğlu var idi. Oğlu xanımı götürüb apardı. Daha sonra Əlişir çıxıb getdi. Mən hadisənin nə üçün baş verdiyini bilmədim. Bir müddətdən sonra Əlişir mənə xanımın oğlunun onu vurduğunu söylədi. Əlişir mənim üstümdə xanımın oğlunun onu vurduğunu bildirərək mənə xəsarət yetirdi. Başqa heç bir mübahisəmiz olmayıb. Əlişirin gözünün altında qaraltı var idi. Mən xanımın oğlunun Əlişiri vurduğunu görməmişəm. Əlişirlə barışmışam, ondan şikayətim və tələbim yoxdur. Əlişir mənim evimə gələndə həmin xanım da orada da idi. Əlişir əvvəllər həmin xanımı tanımırdı və heç bir münasibəti olmayıb. Əlişir özü dediyinə görə xanımın oğlu onu vurub, ancaq mən görməmişəm. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. İbtidai istintaqda da hadisəni olduğu kimi, düzgün danışmışam. Gələcəkdə Təqsirləndirilən şəxs cəza verilsə, yüngül cəzanın verilməsini istəyirəm. Mən hətta onun imkan daxilində azadlığa buraxılmasını istəyirəm. Onun mənə heç bir pisliyi olmayıb. Sadəcə həmin gün içkili olduğu üçün bu hadisə baş verdi.” Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin yaxın qohumu - qardaşı olan Şahid yaxın qohumu olan qardaşı əleyhinə ifadə verməkdən imtina etdiyindən və suallara cavab vermək istəmədiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndi, Lütfi Məmmədzadə küçəsi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir işlə məşğul deyil. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Əlişir fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə axşam saat 17-18 radələrində evdə olarkən qardaşı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib harda olduğunu soruşmuşdur. Kamal da ona evdə olduğunu demişdir. Bir neçə dəqiqə sonra Əlişir evə gəlmişdir. Əlişir evdə həyəcanlı halda qohumları İntiqamı vurduğunu bildirmişdir. Kamal Təqsirləndirilən şəxs İntiqamı niyə vurduğunu soruşmuşdur. Əlişir isə bir neçə gün bundan əvvəl İntiqamla oturub yeyib içdiyini və həmin zaman orada İntiqamın yanında olan adını bilmədiyi qadının oğlunun onun sol gözündən yumruqla vurduğunu buna görə də özünün də növbəti gün işdən gəldikdən sonra mağazadan içki alıb içdikdən sonra evdə olan mətbəx bıçağını götürüb gedib İntiqamdan qisas almaq məqsədi ilə İntiqamı bıçaqladığını qardaşı Kamala bildirmişdir. Kamal qardaşı Əlişirdən həmin qadının və onu vuran oğlanın kim olduğunu soruşmuşdur. Əlişir isə ona həmin qadını və oğlanı tanımadığını bildirmişdir. Bir neçə dəqiqə sonra qardaşı Əlişiri və onu evdən polis əməkdaşları gələrək aparmışlar. Əlişir ona sadəcə qohumumuz İntiqamı mətbəxdən götürdüyü bıçaqla vurduğunu bildirmiş, Əlişir İntiqamı vurduqdan sonra həmin bıçağı da özü ilə gətirib divanın üstünə qoymuş, polis əməkdaşları onları apararkən bıçağı da divanın üstündən götürmüşlər. Qardaşı Əlişir ona bildirdiyinə görə qohumları Zərərçəkmiş şəxs bir neçə gün bundan əvvəl onun yanında olan oğlunun onun gözündən vurduğu üçün İntiqamdan qisas almaq məqsədilə vurmuşdur. Onun qardaşı Əlişir ilə qohumu İntiqam arasında heç bir ədavət olmamışdır. Onlar fəhlə kimi bir evdə də işləyiblər (cild 02, iş vər. 58-59). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1972-ci ildə Abşeron rayonunda doğulmuş, subay, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Novxanı qəsəbəsi, L.Məmmədzadə küçəsində ünvansız fərdi evdə qeydiyytda olan və yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə qohumu Təqsirləndirilən şəxs Lazım oğlu tərəfindən bıçaqlanaraq xəsarət aldığını bildirmişdir (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Təcili-Tibbi Yardımından tibb bacısı Əliyeva Novxanı kəndi, İsmət Qayıbov küçəsi, ev 27 ünvanında yaşayan xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinə keçən daxili yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə məlumat vermişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Novxanı qəsəbəsi Lütfi Məmmədzadə küçəsində yerləşən nömrəsiz fərdi yarımtikilidir. Hadisə yerinə dair müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 06-09). Cinayət işinin materiallarında olan xx.xx.2024-ci il tarixli, A/2645 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (cild 01, iş vər. 15). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 589/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin və köynəyin hər birinin ön səthidə çoxsaylı, müxtəlif istiqamətli kəsik xətləri var, bu xətti kəsiklər çox güman ki, tibbi müdaxilə zamanı poluverin, köynəyin zərərçəkmiş şəxsin bədənindən çıxarılması zamanı əmələ gəlməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus poluverin və köynəyin hər birinin arxa səthində, cins şalvarın arxa səthinin hər iki yarısında çoxsaylı zədələr var. Bu zədələr cırılmış zədələrdir, küt yaranma mexanizmi ilə paltarların həmin nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılma nəticəsində törənmişlər. Təqdim edilmiş paltarlar üzərində yuxarıda qeyd edilən kəsik xətləri və zədələr fonunda digər əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Təqdim edilmiş paltarlar üzərində iti alət təsirindən törənməyə uyğun zədə olmadığına görə, təqdim edilmiş bıçaqla eksperimental zədələrin yetirilməsi məqsədəuyğun hesab edilmir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilmədi (cild 01, iş vər. 115-121). Cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 851/MTKŞ-2024 nömrəli rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyəti təsdiq edən sənədin kserosurətinə əsasən)

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, sviter, cins şalvar (kəmərlə) və hadisə yerindən götürülmüş əl-üz dəsmalı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Belə olan halda bu qan ləkələri В (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.

3. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı (cild 01, iş vər. 122-127). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs də qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs in əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin edilməsinə ehtiyac yoxdur (cild 01, iş vər. 128-131). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 305 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-xarici qanaxma ilə nəticələnən və açıq hematoraksa səbəb olmuş döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd daxilə keçən və iki ədəd daxilə keçməyən (ümumilikdə 4 ədəd) kəsilmişdeşilmiş yaraları iti kəsici deşici əşyanın(alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddirlər (cild 01, iş vər. 132-134). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 141-144). Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 221.3, 126.2.3, 228.4 və 131ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Abşeron rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (cild 01, iş vər. 158-168) Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən 21 fevral 2025-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 126.2.4cü maddəsi ilə ittiham irəli sürülərək iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 01, iş vər. 188-195). Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə şifahi vəsatətlə müraciət edərək cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələbləri pozulduğundan və ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinə uyğun tərtib edilmədiyindən, məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir (cild 02, 25-27). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli “Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması” haqqında qərarından görünür ki, dövlət ittihamçısının vəsatəti təmin edilmiş, cinayət işinin məhkəmədə baxılmasına xitam verilmiş və ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması məqsədilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (cild 02, iş vər. 28-33). Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, iş vər. 62-77) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşsa da, onun əməlinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs Lazımoviçə qarşı CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası ona qarşı sözügedən maddə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir və hesab edir ki, onun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir və və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin cinayət əməli xuliqanlıq niyyəti ilə törədildikdə əməl CM-in 126.2.4-cü maddəsi ilə tövsif olunur və sözügedən əməli törətməkdə təqsirli bilinən şəxs altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xuliqanlıq niyyəti ilə törədilən cinayətlərə aydınlıq gətirən konkret qərarları olmasa da, qəbul etdiyi bir sıra qərarlarda həmin niyyətlə törədilən cinayətlərə ümumi hüquqi aydınlıq gətirilmişdir. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda sadalanan qərarında göstərilənlər nəzərə alınmaqla qeyd olunmalıdır ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq niyyəti ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinayətlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədilməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən yarımtikilidə qohumu xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs guya ona görə bir neçə gün bundan əvvəl axşam saat 23 radələrində birlikdə oturub spirtli içki qəbul etdiyi şəxslə mübahisə etdiyini və həmin adamın da onun gözündən yumruqla vurduğunu bəhanə edərək Zərərçəkmiş şəxs qisas alaraq onu cəzalandırmaq məqsədilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində götürdüyü iti deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən qəsdən dörd dəfə vuraraq, ona xarici qanaxma ilə nəticələnən və açıq hematoraksa səbəb olmuş döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd daxilə keçən və iki ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarət yetirmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Lazımoviçin xuliqanlıq niyyəti ilə hərəkət etdiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 126.2.4-cü maddəsinə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni ətraflı əsaslandırmamışdır. Halbuki, hazırki işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən heç də xuliqanlıq niyyəti ilə hərəkət etməmişdir. Belə ki, o, hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs təklifi ilə onun evində qonaq olarkən Zərərçəkmiş şəxs və onun yanında olan xanımla birlikdə yeyib-içmiş, bir müddət sonra xanımın oğlu gələrək heç bir söz demədən anasını evlərinə aparmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs ondan onunla birlikdə həmin xanımın evinə getməyi xahiş etmiş, o isə cavabında xanımı və onun oğlunu, o cümlədən onların yaşadığı evi ümumiyyətlə tanımadığını və getmək istəmədiyini bildirdiyi halda, Zərərçəkmiş şəxs israrla onu buna məcbur etməsi nəticəsində onunla birlikdə xanımın yaşadığı evə getmiş və evdə olarkən xanımın oğlu ondan kim olduğunu soruşduqda o, Zərərçəkmiş şəxslə birlikdə gəldiyini, Zərərçəkmiş şəxs onun anası ilə görüşmək istədiyini söylədikdə həmin yerə Zərərçəkmiş şəxs israrı ilə getməsinə baxmayaraq xanımın oğlu tərəfindən Zərərçəkmiş şəxs heç bir irad bildirilmədən, onun bu məsələ ilə heç bir əlaqəsi olmadığı halda göz nahiyəsinə qəflətən yumruqla vurulması nəticəsində dərəcəsi təyin edilməyən xəsarət aldıqdan sonra hadisə yerindən uzaqlaşmış, lakin sonrakı günlərdə Zərərçəkmiş şəxs görə səbəbsiz şəkildə xanımın oğlunun onu vurmasını düşünərək onun psixi-emosional sferasında hirslilik və gərginlik əmələ gəlmiş və baş verənlərlə əlaqədar Zərərçəkmiş şəxs qisas almaq qərarına gələrək Zərərçəkmiş şəxs evinə gedib üzərində götürdüyü iti deşicikəsici xassəyə malik soyuq silah hesab edilməyən məişət bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə ikisi daxilə nüfuz edən ümumilikdə dörd ədəd olmaqla zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin yaranmasına baxmayaraq bunu “heç bir əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “cüzi səbəbin (hazırki halda ona Zərərçəkmiş şəxs görə gözündən yumruqla vurmaqla xəsarətin yetirilməsi) bəhanə edilməsi” kimi, əslində zərərçəkmiş şəxsin hərəkətlərinə görə yaranmış qisas niyyətini, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə, Təqsirləndirilən şəxs məhz bu motivdən, yəni xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi deyil, məhz zərərçəkmiş şəxsin hərəkətlərindən sonra şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qohum olmuş, hadisə baş verən vaxtadək onlar arasında hər hansı mübahisə baş verməmiş, aralarında münaqişəli bir vəziyyət olmamış və münasibətləri yaxşı olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxslə birlikdə onun tanışı olan xanımın evində olarkən xanımın oğlunun ona səbəbsiz yerə yumruqla vurmasına baxmayaraq, həmin anda cəmiyyətə açıqca hörmətsizlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı saymazlıq ifadə edən hər hansı hərəkətə yol verməmiş və özünü ətrafdakılara qarşı qoymaqla məsələni şişirdərək mübahisə yaratmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında icmal) Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Lazımoviçin CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunan şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Lazımoviçin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Lazımoviçin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Lazımoviçə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə-informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Lazımoviçin himayəsində X7 və X5 adlı iki azyaşlı (2012 və 2013-cü il təvəllüdlü) uşağı vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Lazımoviçin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və əməlindən səmimi peşman olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lazımoviç əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 95). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lazımoviçin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun şəxsiyyəti və ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailəsinə təsirini əsas götürülməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası iş üzrə cəzanı yüngülləşdirən halların çoxluğunu, o cümlədən təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslə barışmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə qohum olmasını, əvvəllər aralarında hər hansı münaqişənin və mübahisənin olmamasını, zərərçəkmiş şəxsin xəstəxana məsrəflərini qarşılamasını, zərərçəkmiş şəxsin ona yüngül cəza təyin olunması ilə bağlı xahişini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin daha az müddətdə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla onun islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-731/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lazımoviç xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 33-34, 87-89). Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Lazımoviç CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş 01 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli bel hissəsində və qarın nahiyəsində qan ləkələri olan mayka, 01 ədəd üzərində qan ləkələri olan mavi rəngli cins şalvar, bir ədəd tünd göy rəngli qanabənzər ləkələr olan uzunqol köynək, bir ədəd qara rəngli kənarında ağ xətlər olan parça materiallı ayaqqabılar və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcinin, mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

h ö k m e t d i: Təqsirləndirilən şəxs Lazımoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lazımoviç təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Lazımoviç barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsində saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş 01 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli bel hissəsində və qarın nahiyəsində qan ləkələri olan mayka, 01 ədəd üzərində qan ləkələri olan mavi rəngli cins şalvar, bir ədəd tünd göy rəngli qanabənzər ləkələr olan uzunqol köynək, bir ədəd qara rəngli kənarında ağ xətlər olan parça materiallı ayaqqabılar və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs Lazımoviç isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar