Məhkəmə qərarları › İş №1(124)-382/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-382/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-382/2023 05.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İİİ dərəcə əlil, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31 mənzil 10-da qeydiyyatda olub, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Ceyranbatan küçəsi, ev 129-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin 3 nömrəli İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 6,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 2,471 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,325 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, həmin heroini 18 ədəd bükümlərə, yəni 0,102 qram, 0,086 qram, 0,048 qram, 0,093 qram, 0,073 qram, 0,109 qram, 0,056 qram, 0,092 qram, 0,066 qram, 0,073 qram, 0,091 qram, 0,070 qram, 0,094 qram, 0,070 qram, 0,077 qram, 0,092 qram, 0,099 qram və 4,987 qrama, metamfetamini isə 03 ədəd bükümlərə, yəni 1,537 qram, 0,112 qram, 0,822 qrama ayıraraq qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, 19 sentyabr 2022-ci il tarixdə, saat 17:40-da Suqmayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suqmayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Onkologiya” xəstəxanasının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli çantanın içərisindəki kiçik qara rəngli pul kisəsinin içərisindən eynitərkibli 18 ədəd bükümdə olan heroin, eyni tərkibli 03 ədəd bükümdə olan metamfetamin və 01 ədəd bükümdə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə məhəllədə blokdan çıxarkən üç nəfər şəxs onun adını çəkmişdir. O, da adını eşitdiyi üçün dayanmışdır. Həmin üç nəfər polis əməkdaşı ona doğru yaxınlaşmışdır. Daha sonra qollarını bağlayıb avtomobilə əyləşdirmişdirlər. Həmin vaxt üzərində çiynindən asılan qara rəngli çanta olmuşdur. Avtomobildə olarkən çantanı üzərindən götürmüş və onu Sumqayıt şəhər Polis İdarəsinə gətirmişdirlər. İdarəyə çatdıqda yanında iki nəfər polis əməkdaşı ilə birlikdə onu boş bir otağa aparmışdırlar. Çantanı isə cinayət-axtarış şöbəsinin rəis müavini Bəxtiyar adlı şəxsin yanına aparmışdırlar. Təxminən 15-20 dəqiqə sonra onu olduğu otaqdan götürüb həmin şəxsin yanına aparmış və çantanı yenidən yanında açdıqda içində ona məxsus olmayan narkotik vasitələrin olduğunu görmüşdür. Onun çantasında narkotik vasitə olduğunu qəbul etmiş, lakin çantasındakı narkotik vasaitənin miqdarı istintaq materiallarında göstərilən qədər olmamışdır. Saxlanılan zaman üzərində 5 manat dəyərində “nəşə” və 01 qrama yaxın “kokos” olmuşdur. Çantada bu sadaladıqlarından başqa ona aid heç nə olmamışdır. Bir də onun qulaqcığı ilə sadə bir mobil telefonu çantada olmuşdur. Hansı ki çantadan çoxlu sayda, sayını dəqiq bilmədiyi 15-20 arası büküm “şüşə” çıxardılar ki, onların heç biri ona məxsus olmamışdır. O, narkotik vasitələrlə yüklənməyinə etiraz etdikdə isə Bəxtiyar adlı şəxs ona qarşı elə ifadələr işlətmişdir ki, o, razılaşmışdır. Belə ki, Bəxtiyar bir neçə şəxsi ona misal göstərərək altı ildir ki, azadlıqda olduğunu, prokurorun onu tutmayacağını və s. bildirmişdir. Beləcə, o, Bəxtiyargillə razılaşıb videoçəkilişə getmişdir. Özü QİÇS xəstəsidir, narkotik vasitələrin istifadəçisidir. Saxlanılan zaman onun üzərində istintaq materiallarında əks olunan miqdarda narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, xüsusən də narkotik vasitə “heroin”-in istifadəçisi olmuşdur. Saxlanılan zaman üzərində olan narkotik vasitələri onlayn yolla əldə etmiş, Bakı kəndlərindən gedib götürmüşdür. Narkotik vasitəni aldığı şəxs özünü ona “Seyid” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. O, həmin şəxsin kartına pul vurmuş, əvəzində gedib narkotik vasitə götürmüşdür. “Seyid Baba” adlı şəxsi tanımışdır. “Seyid Baba” adlı şəxslə onlayn yolla əlaqə saxlamışdır. Narkotik vasitə almaq üçün mobil telefon aparatında “whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Onun mobil telefonunda “***-***-**-**” mobil nömrəsi olmuşdur. Mobil telefonunda “whatsapp” olmuşdur. O, 2004-cü ildən etibarən narkotik vasitələrdən istifadə etdiyindən onu tanıyan şəxslərin və onunla mesajlaşan şəxslərin demək olar hamısı narkotik vasitə istifadəçiləri olmuşdur. Narkotik vasitə verməyi ilə bağlı ona mesajlar yazılsa da, o həmin mesajların heç birini cavablandırmamışdır. Pul müqabiləndə də, pulsuz da ondan narkotik vasitə istəyənlər olmuş, lakin o, həmin şəxslərin heç birinə cavab verməmişdir. Onun İİİ qrup əlilliyi QİÇS xəstəliyi ilə əlaqədardır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, oğlu Hadrutda, Suqovuşanda döyüşüb, dörd dənə medalı var. Dövlət tərəfindən ona iki otaqlı mənzil də verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o,1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə azad olunmuş, ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicədə olmamışdır. Azyaşlı övladı yoxdur. Narkotik vasitələrdən istifadə edir. Təxminən 1 ay bundan öncə tanımadığı xarici nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona zəng gəlmiş, həmin şəxs ona iran vətəndaşı olduğunu və ucuz qiymətə narkotik vasitələr satdığını bildirmiş, özü istifadə etdiyindən ondan qramını neçəyə satdığını soruşmuş, həmin şəxs heroinin, metamfetaminin 1 qramını 17 manata satdığını demiş, o, necə əldə edəcəyini həmin şəxsdən soruşan zaman narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara atdıracağını, daha sonra həmin ünvanın şəkillərini ona göndərəcəyini, onun da həmin yerdən götürə biləcəyini demişdir. O, razılaşmışdır. İndiyə kimi həmin şəxsdən 2-3 dəfə narkotik vasitə almışdır. O, narkotik vasitənin pulunu “Seyid Baba” kimi özünü təqdim edən şəxsin göndərdiyi kart hesabına göndərmişdir. Tutulmamışdan təxminən 3 gün əvvəl Seyid Baba ona narkotik vasitənin olduğu yerin şəklin atmış, o, Sumqayıt şəhərindən tanımadığı taksi ilə Bakı şəhərinə, Suraxanı kəndində getmiş, hava qaralmış, o, Seyid Babanın ona göndərdiyi ünvana getmiş və gizlədilən narkotik vasitələri götürmüş, həmin vaxt taksi sürücüsü onu görməmiş və sürücü onun nəyə görə Suraxanı kəndinə getdiyini bilməmiş, narkotik vasitəni götürəndən sonra yenidən avtomobilə əyiləşib Sumqayıt şəhərinə qayıtmışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmişdir. 19 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Onkologiya” xəstəxanasının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi, saxlaması, satması və istifadə etməsi ilə bağlı şübhəli olduğu üçün şəxsi axtarış aparacaqlarını demişlər və onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişlər. Polis idarəsinin Təhqiqat şöbəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir neçə dəqiqə sonra vəkil gələndən sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmış, ilk öncə ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim olunmuş, həmin bildirişlə tanış olandan sonra təhqiqatçı üzərində olan əşyaları təqdim etməsini demiş, bundan sonra o, əynində olan şalvarın sağ cibindən alışqanı, sol cibindən 269 manat pulu, sağ arxa cibindən dəsmalı və çiyninə asdığı qara rəngli əl çantasını təqdim etmişdir. Çantaya baxış keçirilən zaman ön cibindən telefon, qulaqcıq, şəxsiyyət vəsiqəsi və üzərində “Parada” yazısı olan kiçik pul kisəsi aşkar edilmiş, qara rəngli çantanın böyük cibindən isə pul kisəsi aşkar edilmiş, həmin pul kisəsinin içərisindən beynəlxalq bankın ona məxsus pensiya kartı və narkotik vasitələri içərəsində saxlamağı üçün hazırladığı boş kağızlar aşkar edimiş, kiçik pul kisəsinə baxış keçirilən zaman 17 ədəd kağız bükümdə heroin, 01 ədəd sellofan bükümdə heroin, 02 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə metamfetamin, 01 ədəd kağız bükümdə isə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş metamfetaminlər elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkiləri 0.19 qram, 1.44 qram və 2.05 qram olamsı müəyyən edilmişdir. Bundan sonra heroinlər elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkiləri 0.14 qram, 0.15 qram, 0.13 qram, 0.18 qram, 0.14 qram, 0.20 qram, 0.16 qram, 0.10 qram, 0.18 qram, 0.13 qram, 0.17 qram, 0.16 qram, 0.13 qram, 0.13 qram, 0.13 qram, 0.15 qram, 0.16 qram və 5.58 qram olması müəyyən edilmişdir. Qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə ölçülən zaman isə çəkisi 0.44 qram olması müıəyyən edilmiş, daha sonra heroinlər ümumi şəkildə çəkilmiş və 8.17 qram olması müəyyən edilmişdir. Bundan sonra metamfetaminlər ümumi şəkildə çəkilmiş və 3.66 qram olması müəyyən edilmişdir. Sorğu zamanı həmin narkotik vasitələri Seyid Baba kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 95 manata aldığını bildirmiş, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılmış, dəsmal, alışqan və pulu isə ona geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsun qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri üzərində gəzdirməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ilə bağlı rəhbərliyə məruzə etdikdən sonra həmin şəxsin saxlanılması üçün tərəfindən əməliyyat qrupu təşkil edilmiş və Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində, “Onkologiya” xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra Elçin onlar tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. İdarədə inzibati otaqların birində video çəkiliş vasitəsilə Elçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsun üzərindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, marixuana aşkar edilmişdir. Daha sonra sənədləşdirmə işləri aparılmış, Təqsirləndirilən şəxsun üzərindən aşkar olunmuş dövriyyəsi qadağan olunmuş maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra dərhal bu barədə rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında idarə rəisi tərəfindən müvafiq əmrlə ondan, CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid3, Şahid2, TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyevdən və KTB-nin kriminalisti Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu yaradılaraq 19 sentyabr 2022-ci il tarixdə, saat 17:40-da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Onkologiya xəstəxanasının yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkili X3 dəvət olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxsun üzərinə axtarış keçirilmiş, axtarış zamanı təqdim etdiyi kiçik pul qabının içərisindən 18 ədəd bükümdə heroinə bənzər maddə, 03 ədəd bükümdə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun böyük pul qabısının içərisindən kiçik kağız parçaları aşkar olunmuşdur ki, həmin kağız parçaları da narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri iran vətəndaşı “Seyid Baba”adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin 18 ədəd bükümdə narkotik vasitələr ayrı-ayrılıqda və birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, heroinə bənzər maddənin ümumi çəkisinin 8,17 qram, metamfetaminə bənzər maddələrin 3,66 qram olması, 01 ədəd bükümdə marixuanaya bənzər maddənin isə 0,44 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin heroinə bənzər maddələr, metametaminə bənzər maddələr və marixuanaya bənzər maddə müvafiq qaydada qablaşdırılmışdır. Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqaylt şəhəri, 18-ci mikrorayon, ev 31, mənzil 10-da qeydiyyatda olan və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Ceyranbatan küçəsi, ev 129-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdiriləməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-na dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. 19 sentyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman çiynindən asdığı qara rəngli çantanı çıxardaraq təqdim edir. Polis əməkdaşı həmin çantanın əvvəlcə ön gözünü açaraq ordan ardıcıllıqla “Samsung” markalı mobil telefonu, üzərində “Prada” yazısı olan pul qabını, ağ rəngli qulaqcığı, Təqsirləndirilən şəxsa məxsus şəxsiyyət vəsiqəsini, çantanın arxa gözündən isə qara rəngli pul qabını çıxardaraq stolun üzərinə qoyur. Üzərində “Prada” yazısı olan pul qabı açıldıqda onun içərisindən 13 ədəd gümüşü kağızda, 4 ədəd göy rəngli kağızada, bir ədəd sellofan bükümdə heroin, bir ədəd qırmızı rəngli bükümdə qurudulmuş marixuana, iki ədəd gümüşü bükümdə, bir ədəd kağız bükümdı metamfetamin aşkar edilir. 22 sentyabr 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun “mesajlar” qovluğuna baxış keçirdikdə ***-***-**-** mobil nömrəyə gələn və həmin nömrədən göndərilən narkotik vasitələrin sartışını ehtiva edən aşağıdakı məzmunlu mesaj mətnləri müəyyən edilmişdir: “10 manat var yoldayam, gözdüyürəm səni, ver qonaq var, telefonu aç 10 manat var gel ver götür”. ***-***-**-** mobil telefon nömrəsindən “mehledeyem çıxda iki patı bir kola qardaşımsan oboyda yol gelmişem narmalnı ele qaqam, qaqa niye bele eleyirsen getizdirib indi telefonu açmırsan burdayam mehlede, mezelnirsen mennen getizdirmisen meni acda telefonu burdayam mehlede” mesajları, ***-***-**-** mobil telefon nömrəsindən “Elçin mənəm Nazim 15 manat varımdı” mesajları, ***-***-**-** mobil telefon nömrəsindən “yetim 20 manat var, 3.1 lazımdı təkəm düzələr, yığda meni tez” mesajları, ***-***-**-** mobil telefon nömrəsindən “Elçin yarı alındıra bilirsən, axşam pulu səndədi, saat 10-da, tut qaqaşıvın əlindən xəcalətindən çıxaram, Allaha and olsun ki maksimum 11 kimi puluvu verəcəm, məndə yalan yoxdu özün bilirsən bu dəfə el tutki xəcalətindən çıxacam anamın canı” mesajları, ***-***-**-** mobil telefon nömrəsindən “40 manat var hər ikisindən 5 çet verərsən, qaqaş sən niye belə eliyirsən vəziyyət lomkadı cavab ver dərdimi deyim” mesajları, ***-***-**-** mobil telefon nömrəsindən “sən anavın canı gəlim 10 manat verim ana bala ver mənə pis lomkadayam yetim, sən anavın canı deyirəm” mesajları müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsin istifadəsində olan “Samsung Galaxy A31” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Kamera” adlı qovluğunda telefonla müxtəlif yerlərin, həmçinin narkotik vasitələrin elektron tərəzinin üzərində şəkillərinin çəkilməsi, müxtəlif qəbzlərin şəkillərinin olması müəyyən edilir. Mobil telefonun “Whatsapp” proqramına daxil olduqda “zənglər” bölməsində Təqsirləndirilən şəxsun müxtəlif şəxslərlə danışdığı, o cümlədən “Seyid Baba” adlı şəxslə danışıqları müəyyən olunur. Təqsirləndirilən şəxsun “Seyid Baba” adlı şəxsə “təxminən nə vaxt alınacaq” yazması, həmi şəxsin isə “8” yazması müəyyən edilir. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxsa “20 manatlıq ax köynəy istəyirdim” mesajı, ***-***-**-** mobil telefon nömrəsindən “nəsə götürmək olar kolaynan patı” mesajı yazılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayırlması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən 19 sentyabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə olan 6,378 qram heroin və 0,325 qram qurudulmuş marixuana, psixotrop maddə hesab edilən 2,471 qram metamfetamin, 01 ədəd telefon və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 6/5347 nömrəli rəyində göstərilmişdir ki, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan “saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd eidlmiş bir ədəd zərfdə on səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,102 qram, 0,086 qram, 0,048 qram, 0,093 qram, 0,073 qram, 0,109 qram, 0,056 qram, 0,092 qram, 0,066 qram, 0,073 qram, 0,091 qram, 0,070 qram, 0,094 qram, 0,070 qram, 0,077 qram, 0,092 qram, 0,099 qram, 4,987 qram ümumi təmiz çəkisi 6,378 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,537 qram, 0,112 qram, 0,822 qram ümumi təmiz çəkisi 2,471 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psioxtrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 7/1063 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs 1 imza Təqsirləndirilən şəxs” yazılan zərfdə 01 ədəd qırmızı-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,325 qram birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 6143 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, hebalə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 2783 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hər hansı psixi (ruhi) xəstəlik keçirməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəktələrində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs ödəlinməmiş məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər 21 Saylı MKS-si tərəfondən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə “Xəzri” yaşayış massivi Ceyranbatan küçəsi, həyət evi 129-da yaşamış və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs övladı X5 44 günlük “Vətən Müharibəsində” iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını, Azərbaycan Respublikaslnln ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq üçünçü dərəcəli əlilliyi olmasını və Təqsirləndirilən şəxs özünün də QİÇS xəstəliyi ilə əlaqədar üçünçü dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 6,198 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqatından sonrakı 2,351 qram qalığı, narkotik vasitə qrudulmuş marixuananın 0,275 qram qalığı məhv edilməli, 01 ədəd telefon özünə və ya yaxın qohumlarına qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 6,198 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqatından sonrakı 2,351 qram qalığı, narkotik vasitə qrudulmuş marixuananın 0,275 qram qalığı məhv edilsin, 01 ədəd telefon özünə və ya yaxın qohumlarına qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar