Məhkəmə qərarları › İş №1(124)-382/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-382/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-382/2024 19.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsinin 20 iyul 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd siqaret qutusuna yerləşdirilmiş külli miqdarda 08 ədəd şəffaf rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,287 qram, 0,288 qram, 0,332 qram, 0,334 qram, 0,251 qram, 0,360 qram, 0,311 qram, 0,351 qram olmaqla ümumi təmiz çəkisi 2,514 qram olan qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 06 ədəd şəffaf rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram, 0,352 qram, 0,354 qram, 0,402 qram, 0,338 qram, 0,374 qram olmaqla ümumi təmiz çəkisi 2,197 qram olan ağ rəngli kristallardan ibarət, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və şəxsi İstehlak miqdarından artıq miqdarda 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,880 qram və 4,860 qram olmaqla ümumi təmiz çəkisi 9,740 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 4 ünvanına daşıyaraq narkotik vasitə qurudulmuş marixuana bükümlərini yaşadığı ünvanda 01 ədəd karton qutuda, narkotik vasitə heroin və psixotrop maddə metafetamin bükümlərini isə üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 18 iyul 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri çərçivəsində yaşadığı ünvana baxış keçirilən zaman həmin çəkidə və bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin izləri olan elektron tərəzi yaşadığı mənzildə dolabın üzərindəki 01 ədəd karton qutunun içindən, qeyd olunan tarixdə əməliyyat axtarış tədbirləri davamında Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman isə həmin çəkilərdə və bükümlərdə növbəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metafetamin əynindəki şortun sağ yan cibindən 01 ədəd siqaret qutusunun içində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evdə tutulmuşdur, heroin və marixuana onun üzərində olmuşdur. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün almışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitələrin hər üç növündən istifadə etmişdir. Üzərində olan narkotik vasitələri bükümlərə bölünmüş formada almışdır. Təzyiq altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, qeyrirəsmi ər-arvad münasibətində olduğum X3 ilə ünvan 2 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, maşın bazarında fəhləliklə məşğul olaraq, həmçinin əlvan metal yığımı ilə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir və son zamanlar satışı ilə də məşğul olmuşdur. Ağrılarına görə narkotik vasitə qurudulmuş marixuandan uzun müddət istifadə etmişdir. Narkotik vasitəni Sumqayıt və Bakı şəhərlərində tanımadığı şəxslərdən əldə etmişdir. Son vaxtlar istifadəsi üçün narkotik vasitə əldə etməkdə çətinlik çəkmişdir. Onlayın narkotik vasitələrin satışı ilə məşğul olunduğunu eşitmiş, bu səbəblə də, “instagram” sosial şəbəkəsində profil yaradıb narkotik vasitələri təbliğini edən bir profil tapmışdır. Həmin profilə mesaj yazaraq narkotik vasitə alüdəçisi olduğunu, “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana satıb-satmadığını soruşmuşdur. Həmin profildən ona mesaj yazan şəxs özünü İran İslam Respublikası vətəndaşı “Hüseyn” kimi tanıdıb, narkotik vasitə qurudulmuş marixuana ilə bərabər, həmçinin külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetaminin olduğunu bildirib “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində istifadə etdiyi mobil nömrəni ona göndərmişdir. O da istifadəsin də olan ***-***-**-** saylı mobil nömrə ilə halhazırda xatırlamadığı həmin İran İslan Respublikası vətəndaşının mobil nömrəsi ilə əlaqə saxlayıb külli miqdarda narkotik vasitə və psixotrop maddə almağa maddi imkanının olmadığını demişdir. Həmin şəxs də birinci dəfə ondan narkotik vasitə alacağım, bu səbəblə də narkotik vasitələri və psixotrop maddəni nisbətən ucuz qiymətə ona verə biləcəyini demişdir. Beləliklə o, İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxslə 500 manat qarşılığında təxminən 30-31 qram narkotik vasitə qurudulmuş marixuana, təxminən 5 qram narkotik vasitə heroin və təxminən 5 qram psixotrop metafetamini almaq barədə razılaşmışlar. Növbəti gün, yəni saxlanıldığı vaxtdan təxminən 25-26 gün əvvəl həmin şəxs ona 500 manat pulu göndərəcəyi, hal-hazırda xatırlamadığı bank kart hesabının şəklini göndərmişdir. O da həmin pulu Sumqayıt şəhər ərazisində terminal vasitəsi ilə köçürdükdən sonra, “whatsapp”da bir bağlamanın içində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metafetamini əldə edəcəyim ünvanın yerləşdiyi məkanı göndərmişdir. Həmin yer Bakı şəhəri, Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə, 9-cu mikrorayon istiqamətində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığındakı beş mərtəbəli binanın həyətində ağacın altı idi. O,: həmin gün, axşam saatlarında taksi ilə sözügedən ünvana gedib bağlamanın içində olan narkotik vasitələr olan qurudulmuş marixuana və heroin, həmçinin psixotrop maddə metafetamini tapıb, həmin ərazidə fəaliyyət göstərən başqa bir taksi ilə Sumqayıt şəhərində yerləşən yaşadığı ünvana gəlmişdir. Belə ki, götürdüyü bağlamanın içində olan qurudulmuş marixuana, heroin və metafetaminin hər biri də ayrı-ayrı bağlamalardaydı. O, yaşadığı ünvana gəlib əldə etdiyi narkotik vasitə və psixotrop maddə kütlələrini bir karton qutunun içində saxlayıb, qutunu da dolabın üzərində gizlətmişdir. Onunla birgə yaşayan Kəmalə Sərkərovaya əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin birgə yaşadığı müddətdən bəri istifadə etmədiyini, tərgitdiyini dediyindən növbəti gün Kəmalənin mənzildə olmadığı zaman narkotik vasitələri və psixotrop maddələrin miqdarını müəyyən etməkdən ötrü bir elektron tərəzi alıb həmin kütlələri gizlətdiyi qara rəngli karton qutudan çıxardıb, qurudulmuş marixuana, heroin və metafetamin kütlələrini bükümlərə ayırmışdır. Həmin gündən etibarən də əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın bir miqdarından istifadə etməklə bərabər həm qurudulmuş marixuana, həm heroin, həm də metafetamin kütlələrinin bir miqdarını bükümlər şəklində şəxsiyyətləri barədə dəqiq məlumatım olmayan narkotik vasitə istifadəçilərinə işləmək üçün getdiyi Bakı şəhərində maşın bazarı yaxınlığında, həmçinin Sumqayıt şəhər ərazisində əlvan metal qəbulu ilə məşğul olduğu zamanlarda satmışdır. Narkotik vasitələrin və psixotrop maddənin satışından əldə etdiyi pulları şəxsi təlabatına, həmçinin yaşadığı ev üçün lazımi şeylərə xərcləyib, əlvan metal yığımından, həmçinin maşın bazarında fəhləlikdən əldə etdiyi qazancı isə zərurət olmadıqca işlətməyib daha sonra yenidən rtarkotik vasitə və psixotrop maddə satmaq məqsədi ilə yığmışdır. Ayrı-ayrı yerlərdən əldə etdiyi pulları qarşıdırmamaqdan ötrü metal yığımından əldə etdiyi pulları portmanatında, fəhləlikdən əldə etdiyi pullarla yenidən narkotik vasitə əldə etmək istədiyindən narkotik vasitə və psixotrop maddə bükümlərinin yanında saxlamışdır. Son olaraq 18 iyul 2023-cü il tarixdə, İran İslam Respublikası vətəndaşından aldığını bildirdiyi və satışından sonra geri qalan 02 ədəd bükümdə qurudulmuş marixuana kütlələrini, fəhləlikdən əldə edib yenidən narkotik vasitə almaqdan ötrü ayırdığı 448 manat pulu, elektron tərəzini və həmçinin əlvan metal tullantılarının satışından əldə etdiyi 312 manat pulu portmanatın içində qara rəngli karton qutunun içinə yerləşdirib dolabın üzərində gizlətmişdir. İran İslam Respublikası vətəndaşından aldığı və satışından sonra geri qalan 08 ədəd bükümdə narkotik vasitə heroin kütlələrini və 06 ədəd bükümdə psixotrop maddə metafetamin kütlələrini isə şəhər ərazisində satmağından ötrü bir ədəd siqaret qutusunun içinə yerləşdirib əynindəki şortun sağ yan cibinə qoymuşdur. Həmin tarixdə, yəni 18 iyul 2023-cü il tarixdə Kəmalə Sərkərova onurğasında problem olduğunu, ağrılara dözə bilmədiyini, tanışı X6 bu barədə kömək edə biləcək tanışları olduğundan onu evə çağırıb daha sonra birlikdə həkimə gedəcəklərini demişdi. Kəmalə evdə olmadığı zaman Elçin Əliyev mənzilə gəlmiş və onlar birlikdə evdə oturub Kəmalənin gəlməyini gözləmişlər. Saat 19 radələrində Elçin Əliyev ilə birlikdə yaşadığı ünvan 2 ünvanında olarkən qapı döyülmüşdür. O, qapını açdıqda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər videoçəkiliş edərək barəsində yaşadığı ünvanda narkotik vasitələr saxlayıb, satışı ilə məşğul olması ilə bağlı şübhələr olduğunu, bu səbəblə də Sumqayıt şəhər məhkəməsinin qərarı ilə yaşadığı ünvana baxış keçiriləcəyini bildirib, məhkəmə qərarı ilə onu tanış etmişlər. Bundan sonra mənzildə qanunla qadağan olunmuş əşyanın olub-olmadığını ilk əvvəl soruşduqda, həyəcanlı olduğundan və bir ehtimal mənzildə dolabın üzərində 01 ədəd qara karton qutunun içində gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuana kütlələrini tapa bilməyəcəklərini fikirləşib mənzildə qanunsuz əşya olmadığını demişdir. Bundan sonra mənzildə axtarış aparılaraq dolabın üzərində gizlədib saxladığı və içində 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana kütlələri, narkotik vasitələrin və psixotrop maddələrin miqdarını hesablamaqdan ötrü istifadə etdiyi elektron tərəzi, ona narkotik vasitələri, psixotrop maddəni satan şəxsdən yenidən narkotik vasitələr almaqdan ötrü ayırdığı və maşın bazarında fəhləlikdən əldə etdiyi ümumilikdə 448 manat pul, həmçinin dəmir tullantıların satışından əldə etdiyi ümumilikdə 312 manat pul aşkar edildi. Şifahi sorğu zamanı o, karton qutunun içində aşkar olunmuş 02 ədəd bükümdəki kütlələrin “ot”, “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu, İran İslam Respublikası vətəndaşından əldə etdiyini, satışı ilə məşğul olduğunu demişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilmişdir. 01 bükümdə qurudulmuş marixuananın çəkisi 5,07 qram, digər bükümdəki qurudulmuş marixuananın çəkisi isə 5,11 qram olaraq müəyyən edilmiş və aşkar olunmuş qurudulmuş marixuana kütlələri, elektron tərəzi və pullar qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o, Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət olunmuş və hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Həyəcanlı olduğundan və polis əməkdaşlarından yayına bilməyəciyini başa düşdüyündən İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxsdən əldə etdiyi digər kütlələri, yəni narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrini saxladığı 01 ədəd siqaret qutusunu əynindəki şortun cibindən çıxarıb atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində şübhəli şəxs qismində tutulması ilə bağlı ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şortun sağ yan cibindən 01 ədəd siqaret qutusu, şortun sol yan iç cibindən isə 01 ədəd ona məxsus “Samsung’' markalı mobil telefon çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd siqaret qutusunun içinə polis əməkdaşı tərəfindən baxıldıqda, 08 ədəd içində qəhvəyi rəngli kütlələrin olduğu müşahidə edilən bükümlər və 06 ədəd içində ağ rəngli kütlələrin olduğu müşahidə edilən bükümlər olduğu müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən həmin kütlələrin içində nə olduğu soruşulduqda, mən içində qəhvəyi rəngli kütlələrin olduğu 08 ədəd bükümdə “kakos”, “kola”, yəni narkotik vasitə heroinin olduğunu, içində ağ rəngli kütlələrin olduğu 06 ədəd bükümdə isə metafetamin olduğunu demişdim. Daha sonra 08 ədəd heroin bükümləri ayrı-ayrılıqda çəkilərək hər biri 0,34 qram, 0,37 qram, 0,38 qram, 0,38 qram, 0,34 qram, 0,41 qram, 0,39 qram, 0,43 qram olmaqla ümumi bükümləri ilə birlikdə çəkisi 3,03 qram, həmçinin 06 ədəd metafetamin bükümləri ayrıayrılıqda çəkilərək hər biri 0,39 qram, 0,43 qram, 0,43 qran, 0,42 qram, 0,46 qram, 0,42 qram olmaqla ümumi bükümləri ilə birlikdə çəkisi 2,55 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil, telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq götürülmüşdür. Yaşadığı mənzildən və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələri, həmçinin elektron tərəzi ona məxsusdur, satış məqsədi ilə tran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Hüseyn” adlı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 72-75 ) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda satış məqsədi ilə narkotik vasitələr əldə edib yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə qərarı ilə 18 iyul 2023-cü il tarixdə onun yaşadığı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, məhəllə 18, yataqxana 1 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı dolabın üzərindən içində 01 ədəd elektron tərəzinin, 02 ədəd bükümün olduğu 01 ədəd karton qutu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qutunun içindən aşkar olunanların özünə məxsus olduğunu və 02 ədəd bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu, bükümlərdəki kütlələri İran vətəndaşından “whatsapp”da göndərmiş olduğu ünvandan əldə etdiyini, qramını 8 manatdan satış məqsədi ilə aldığını, aldığının bir hissəsini satdığını, tərəzini kütlələri çəkməkdən ötrü istifadə etdiyini bildirmişdir. Araşdırmanın davam etdirilməsindən ötrü Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət edilmiş və polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şortun cibindən 01 ədəd siqaret qutusu, şortun sol yan cibindən 01 ədəd mobil telefon təqdim etmiş, təqdim olunan 01 ədəd qutunun içindən 14 ədəd büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs 06 ədəd bükümün içində narkotik vasitə heroin, 08 ədəd bükümün içində metafetamin olduğunu, İran vətəndaşından onlayın satışla əldə etdiyini, mənzildən aşkar olunmuş kütlə ilə birlikdə ümumilikdə 500 manata əldə etdiyini, 1-2 ədədini satdığını bildirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( Cild 1, i.v. 142-144) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2023-ci il tarixli raportdan görünür ki, ünvan 8 ünvanında Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələrinin satışı və yaşadığı ünvanda saxlanması barədə məlumat daxil olmuşdur. (İ cild, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 iyul 2023-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi haqqında protokoldan və həmin prosessual hərəkəti əks etdirən 01 ədəd DVD diskdə videogörüntüdən görünür ki, 18 iyul 2023-cü il tarixdə ünvan 2 ünvanına Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında həmin zaman sözügedən ünvanda olan Təqsirləndirilən şəxs, X6 və Sumqayıt ŞPt-nin CAŞ-nin əməkdaşlarının iştirakı ilə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Orxan Bağırlı tərəfindən baxış keçirildiyi, mənzilə baxış zamanı dolabın üzərindən içində pul əskinaslarının, 01 ədəd elektron tərəzinin, 02 ədəd bükümün,01 ədəd portmanatın olduğu 01 ədəd karton qutunun aşkar olunduğu, polis əməkdaşı tərəfindən qutunun içindəkilərə baxılarkən 02 ədəd bükümdə nəyin olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içində “ot”, “nəşə” olduğunu, qutudakı tərəzinin, pulların və bükümlərin özünə məxsus olduğunu, bükümlərdəki kütlələri İran vətəndaşından onlayın qaydada, yəni “whatsapp”da göndərmiş olduğu “Şamaxınka” adlanan ərazidə yerləşən ünvandan əldə etdiyini, qramını 8 manatdan aldığını, aldığının bir hissəsini satdığını, tərəzini kütlələri çəkməkdən ötrü istifadə etdiyini, satış məqsədi ilə əldə etdiyini, özünün “ot” çəkdiyini, həmin zaman mənzildə olan X6 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə heç bir əlaqəsinin və məlumatının olmadığını bildirdiyi, aşkar olunmuş 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin elektron tərəzidə çəkilərək bükümləri ilə birlikdə ayrı-ayrılıqda çəkilərinin 5,07 qram və 5,11 qram olduğu və qablaşdırılaraq götürüldüyü, baxış keçirilməsində iştirak edən X6 aşkar olunmuş kütlələrlə heç bir əlaqəsinin olmadığını bildirdiyi müəyyən olunur. (cild 1, iş vərəqə 09-11, 34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 iyul 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və həmin prosessual hərəkəti əks etdirən 01 ədəd DVD diskdə videogörüntüdən görünür ki, 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana sonuncunun iştirakı ilə baxış keçirildikdən sonra Sumqayıt ŞPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutularaq müstəntiq, polis kapitanı Orxan Bağırlı tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şortun sağ yan cibindən 01 ədəd siqaret qutusu, şortun sol yan cibindən 01 ədəd mobil telefon təqdim etdiyi, təqdim olunan 01 ədəd qutunun içindən 14 ədəd bükümün aşkar olunduğu, Təqsirləndirilən şəxs 06 ədəd bükümün içində “kakos”, “kola”, 08 ədəd bükümün içində metafetamin olduğunu, İran vətəndaşından onlayın satışla əldə etdiyini, mənzildən aşkar olunmuş kütlə ilə birlikdə ümumilikdə 500 manata əldə etdiyini, 1-2 dənə satdığını, İran vətəndaşının adının Hüseyn olduğunu, “instagram” sosial şəbəkəsində tanıyıb, daha sonra “whatsapp”da əlaqə saxladıqlarını, özünün heroin və metafetamindən istifadə etmədiyini, “ot” çəkdiyini, telefonun özünə məxsus olduğunu, daxilində ***-***-**-** saylı mobil nömrənin olduğunu, həmin telefon ilə “whatsapp”dan istifadə etmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini bildirildiyi, aşkar olunmuş bükümlərdən daxilində qəhvəyi rəngli kütlə olan 08 ədəd bükümün ayrı-ayrılıqda çəkisinin 0,34 qram, 0,37 qram, 0, 38 qram, 0,38 qram, 0,34 qram, 0,41 qram, 0.39 qram, 0,43 qram, birlikdə çəkisinin 3,03 qram olduğu, daxilində ağ rəngli kütlələr olan 06 ədəd bükümün ayrı-ayrılıqda çəkisinin 0,39 qram, 0,43 qram, 0,43 qram, 0,42 qram, 0,46 qram, 0,42 qram, birlikdə çəkisinin 2,55 qram olduğunu müəyyən olunur. (cild 1, iş vərəqə 30-34) Baxış keçirilməsi haqqında, şəxsi axtarış və götürmə aparılması barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18 iyul 2023-cü il tarixli 7/1034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1....Təqsirləndirilən şəxs” yazılan və imzalar olan paketdə 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -4,880 qram; -4,860 qram, ümumi təmiz çəkisi -9,740 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1, iş vərəqə: 41-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2023-cü il tarixli 6/3890 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”... N. Qəhrəmanovun üzərindən aşkar edilən; N. Qəhrəmanov imza, dörd-imza: müstəntiq: O.Bağırh- imza..” yazı əlavəsi qeyd edilmiş 01 ədəd zərfdə 08 ədəd bükümlərdə təmiz çəkiləri -0,287 qram, -0,288 qram, -0,332 qram, -0,334 qram, - 0,251 qram, -0,360 qram, -0,311 qram, -0,351 qram, ümumi təmiz çəkisi -2,514 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 06 ədəd bükümlərdə təmiz çəkiləri -0,377 qram, -0,352 qram, -0,354 qram, -0,402 qram, - 0,338 qram, -0,374 qram, ümumi təmiz çəkisi -2,197 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində İştirakçılar: beş imza: müstəntiq: O. Bağırh-imza..” yazı əlavəsi qeyd edilmiş 01 ədəd zərfdə 01 ədəd elektron tərəzinin üzərində heroinin və metafetaminin izləri vardır. İş şəklində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (cild 1, iş vərəqə: 46-51) Cinayət işinin materiallarında olan və 26 iyul 2023-cü il tarixli, 4738 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostilmulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 122-123) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilərək götürülmüş 08 ədəd bükümdə ümumi təmiz çəkisi -2,514 qram (qalıq -2,354 qram) narkotik vasitə heroin, 06 ədəd bükümdə ümumi təmiz çəkisi -2,197 qram (qalıq -2,077 qram) psixotrop maddə metafetamin, 02 bükümdə ümumi təmiz çəkisi -9,740 qram (qalıq - 9,700 qram) narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış, üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilmiş, qalıq qalmış -2,354 qram narkotik vasitə heroin, -2,077 qram psixotrop maddə metafetamin, -9,700 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntülər cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 145- 154) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabindan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikasl Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin qərarın 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (cild 1, iş vərəqə 117- 121) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərrufatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil omamışdır. ( cild 1, iş vərəqə 105) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitə və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması, elektrok tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli də xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 23, 83-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,354 qram narkotik vasitə heroin, 2,077 qram psixotrop maddə metafetamin, 9,700 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 2,354 qram narkotik vasitə heroin, 2,077 qram psixotrop maddə metafetamin, 9,700 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar