Məhkəmə qərarları › İş №1(124)-382/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-382/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-382/2025 30.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zəngilan rayonu, Şayıflı ərazi dairəsi, Şayıflı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə günorta saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Şahnaz adlı şəxsin təklifi ilə M10 vasitəsilə 100 manat pul göndərdikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gedərək orada mərkəzi yolun kənarına qoyulmuş bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”-na daxil edilmiş 4,345 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 27 mart 2025-ci il tarixdə saat 19:55-də Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsində saxlanılaraq, orada həmin tarixdə saat 19:55-dən saat 20:01-ə kimi üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində həmin bir ədəd bükümdə 4,345 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində narkotik vasitələrdən son 1 il ərzində istifadə etdiyini və həmin narkotik vasitələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İİR vətəndaşından aldığını bildirmişdir. İİR vətəndaşın onun telefonuna göndərdiyi məkandan (konumdan) narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə isə Lökbatan ərazisindən narkotik vasitəni götürmüş, Xırdalan ərazisinə gəlib çatdıqda isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq son 1 il ərzində narkotik vasitə istifadə etdiyini və üzərindən aşkar olunan narkotik vasitə üçün 100 manat məbləğində pul ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq narkotik vasitələri İİR vətəndaşından aldığını, onunla görüşmədiyini, İİR vətəndaşının göndərdiyi məkana gedib şəxsi istifadəsi üçün narkotik vasitəni götürəcəyi barədə razılaşdıqlarını bildirmişdir. O, polis əməkdaşları tərəfindən təxminən saat 20-21 radələrində saxlanılmış, hər hansı psixi və ya fiziki təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq psixotrop maddə metamfetamin və arabir qurudulmuş marixuana istifadə etdiyini, narkotik vasitə heroindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞın kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirilməsi ilə bağlı olaraq daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə, saat təxminən 19-20 radələrində Abşeron rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansısa qanunla qadağan olunan əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün İİR vətəndaşında əldə etdiyini bildirmişdir. Şahid Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 mart 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində gəzdirməsi, həmçinin bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsinə gedəcəyi, üzərində də qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olacağı barədə əməliyyat məlumatı alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsinə gedərək orada gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 19:55-də zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib orada həmin gün saat 19:55-dən saat 20:01-ə kimi şübhəli şəxs qismində videoçəkilişlə üstü yoxlanılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanmazdan əvvəl ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində şəxsi istifadəsi üçün bir büküm halında psixotrop maddə metamfetamin olduğunu bildirmiş və şalvarının cibinən şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üstünü yoxladıqda üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki psixotrop maddə metamfetamini bir gün əvvəl, yəni xx.xx.2025-ci ildə günorta saatlarında sosial şəbəkədən İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Şahnaz adlı şəxsin M10 hesabına 100 manat ödədikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) vasitəsilə işarə etdiyi yerdən, yəni Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan metamfetamin təhqiqata təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb üzəri proses iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanması başa çatdıqdan sonra proses iştirakçıları ilə birlikdə Abşeron RPİ-yə gəlmişlər və RPİ-nin rəhbərliyinə raportla müraciət edərək keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib olunduqdan sonra sonuncunun üzərindən aşkar olunaraq götürülüb bir ədəd zərfdə qablaşdırılmış psixotrop maddə metamfetamin, həmçinin əməliyyat tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması prosesininin video görüntüsünün köçürüldüyü bir ədəd disk təhqiqat aparılması üçün təqdim olunmuşdur. Sonra isə Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Nağıyev tərəfindən kiçik əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə təqdim olunmuş zərfə, eləcə də keçirilmiş əməliyyat tədbirlərinin videogörüntüsünə baxış keçirilmişdir. Sonra isə bu barədə protokol tərtib olunmuş və proses iştirakçıları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bir daha qeyd edir ki, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir büküm metamfetamini xx.xx.2025-ci ildə günorta saatlarında sosial şəbəkədən İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Şahnaz adlı şəxsin M10 hesabına 100 manat ödədikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) vasitəsilə işarə etdiyi yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini haradan və kimdən alması, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə Abşeron RPİ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol, eyni tarixli “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 27 mart 2025-ci il tarixdə Əliyev X2 RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saat 19:55-də Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küçəsində saxlanılaraq orada üstü yoxlanılmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanmazdan əvvəl ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün əldə edib saxladığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üstünü yoxladıqda üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Şahnaz adlı şəxsə M10 vasitəsilə 100 manat ödədikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) vasitəsilə işarə etdiyi yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Redmi” markalı mobil telefonda olan SMS bölməsinə və WhatsApp mobil tətbiqinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan 1 (bir) ədəd disk və həmin diskə baxış keçirilməsi haqqında 13 iyun 2025-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 4,345 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 aprel 2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 19 iyun 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,245 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş vəsiqənin surətindən və “Elektron məhkəmə informasiya sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 4,245 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 27 mart 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 4,245 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar