Məhkəmə qərarları › İş №1(124)-384/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-384/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-384/2024 09.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göygöl rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə çəkisi 2,059 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda bir ədəd bükümdə çəkisi 2,142 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, Abşeron RPİnin Qobu polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən 04 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən “Məhəllə” adlanan marketin yaxınlığında saxlanılıb Abşeron rayonu, Qobu qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən Qobu polis bölməsinin inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 23:00-dan 23:10-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 2,059 qram çəkidə narkotik vasitə heroin və 2,142 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə istifadə etmişdir. Polis əməkdaşları onu kirayə yaşadığı evdə tutmuşlar. Həmin vaxt evdə 6 nəfər olmuşlar. 04 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində Gəncə şəhərindən oğlu və bacısı oğlu onun yanına qonaq gəlmişlər. O, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır, taksi faliyyəti ilə məşğul olurdu. Onun avtomobili nasaz vəziyyətə düşdüyü üçün oğluna məxsus “VAZ- 2106” markalı avtomobili götürmüş, Bakı şəhərində onu idarə edirdi. 04 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində tanışı, o və digər tanışları Teymur və Roma adlı şəxs sonuncunun 8 nəfərlik mikroavtobusu ilə Bakı Beynəlxalq Avtovağzalına gedib oğlu və bacısı oğlunu qarşılamış, daha sonra Abşeron rayonu, Qobu qəsəbəsinə qayıtmışlar. Yolda gələrkən “Meyvəli” marketə girib alış-veriş etmişlər. Oğlu və bacısı oğlu həmin gün VAZ-2106” markalı avtomobili götürüb Gəncə şəhərinə geri qayıtmalı idilər. O da onlara yol çıxacaqlarını bildirərək, evə gedib istirahət etmələrini demişdir. 04 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində polis əməkdaşları yaşadıqları evə daxil olmuşlar və hamısını Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə gətirmişlər. Orada üzərlərinə baxış keçirilmişdir. Qeyd etdiyi mikroavtobusun üzərindən deyəsən, qanunsuz vasitə aşkar olunmuşdur. Həmin şəxs 5000 manat məbləğində pul verərək, polis bölməsindən buraxılmışdır. Onunla birlikdə saxlanılan şəxslərdən X2 üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamasına baxmayaraq, onun üzərində narkotik vasitə aşkar olunması barədə rəsmiləşdirilmə həyata keçirilmişdir. Teymur Hüseynov da hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcrixanasında saxlanılır. Onlarla birlikdə saxlanılan şəxslərdən soyadını bilmədiyi Tural adlı şəxsin də üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamasına baxmayaraq, onun üzərində silah daşıması barədə rəsmiləşdirilmə həyata keçirilmişdir. Soyadını bilmədiyi Tural adlı şəxsin ata adı Faiqdir. Onun da üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamasına baxmayaraq, polis əməkdaşları onu oğlu və bacısı oğlu ilə hədələdiklərinə görə, verdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polislər oğlu və bacısı oğlunun cibinə narkotik vasitə qoymuş, onların dediklərini deməyəcəyi təqdirdə oğlu və bacısı oğlunun üzərində narkotik vasitə aşkar olunduğunu rəsmiləşdiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə “kakos” yəni heroin və psixotrop maddə “patı” yəni metamfetamin istifadəçisidir. Əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Göygöl rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 fevral 2022-ci il tarixdə Gəncə Apellyasiya məhkəməsi tərəfindən xx.xx.2021 -ci il tarixli amnistiya aktına əsasən ona təyin edilmiş cəza 6 ay azaldılmış və 06 oktyabr 2022-ci il tarixdə isə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. 04 iyul 2023cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olduğu zaman təsadüfən bir nəfərlə tanış olmuş, söhbət əsnasında həmin şəxsində “patı” yəni metamfetamin istifadəçisi olduğunu öyrənmiş, həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olub- olmamasını soruşmuş və adını bilmədiyi həmin şəxs isə üzərində həm “patı” yəni metamfetamin həmdə “kakos” yəni heroin olduğunu və hər birinin ayrıayrılıqda çəkisinin təxminən iki qram olduğunu bildirmişdir. O həmin şəxsdən narkotik vasitələri neçə manata satdığım soruşmuş, şəxs isə ikisini birlikdə 250 manata satdığını bildirmişdir. O da həmin şəxslə razılaşıb bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini 250 manat pul müqabilində almışdır. Bundan sonra həmin tarixdə saat 21:45 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Məhəllə” marketin yaxınlığında olduğu zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. Üzərində narkotik vasitələr olduğuna görə həyəcanlanıb oradan uzaqlaşmağa başlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan hansı səbəbdən onları görən kimi uzaqlaşdığını soruşmuşlar. O da üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün uzaqlaşdığını bildirmişdir. Bundan sonra onu üzərində şəxsi axtarış aparılması üçün Abşeron RPl-nin Qobu PB-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Qobu PB-nə getmişdir. Orada iştirakçıların iştirakları ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində psixotop maddə metamfetamin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü və içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzalan ilə təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 67-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 04 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı X6 rayonu, Qobu qəsəbəsində yerləşən “Məhəllə” marketin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman o, qaçmağa cəhd göstərmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdə içərisində bir neçə xırda bükümlər olan heroin növündə narkotik vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vasitələr barədə soruşduqda, onları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 250 manat məbləğində pul müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları zaman onun oğlu və bacısı oğlu yanında olmamışlar. Təqsirləndirilən şəxs saxlanılması zamanı və saxladıqdan sonra ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 04 iyul 2023-cü ildə təxminən saat 21:45 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə gəlmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 1 bükümdə heroin növündə narkotik vasitə və 1 bükümdə metamfetamin növündə psixotrop maddə olmaqla, ümumilikdə 2 bükümdə qanunsuz vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs onun saxlanılması zamanı heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə təxminən saat 22:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Məhəllə” marketin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. O, əməliyyat qrupunun tərkibində olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 2 bükümdə narkotik vasitə təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı onun tərəfindən hər hansı müqavimət, onlar tərəfdən isə hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən kirayə əsasında yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid4 və digər qohumu Şahid5 də onunla birlikdə gəlmişdir. Bir gün həmin evin həyətində ot biçərkən polis əməkdaşları hasardan həyətyanı sahəyə tullanmışlar. Daha sonra ona əl qandalı tətbiq edərək, evə daxil olmuşlar. Onların narkotik vasitələri satışı ilə məşğul olduqlarını bildirb narkotik vasitələrin yerini soruşmuşlar. Evdə narkotik vasitə olmadığını demişlər. Onlar evin hər yerini axtarmışlar, lakin heç bir qanunsuz vasitə aşkar edə bilməmişlər. Həmin vaxt Tural Məmmədov da onların yanında olmuşdur. Polis əməkdaşları onları günorta saatlarında təxminən 11:00-12:00 radələrində saxlamışdılar. Hətta onların evə daxil olmaqlarını qonşular da görmüşdülər. Polis əməkdaşları onları polis bölməsinə qara rəngli “Mercedes-Benz Vito” markalı avtomobil ilə aparmışlar. Hətta onlar paltar belə geyinə bilmədən polis əməkdaşları onları döymüşlər, onun dişini sındırmışlar. O, Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə yaxud onun üzərində narkotik vasitə görməmişdir. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs 6 qram miqdarında narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyini bilirdi. Onunla əvvəlcədən tanışlıqları var idi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükülü və içərisində kristal formalı, ağ rəngli psixotrop maddə olan metmfetaminə bənzər kütlə olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülü aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-31) “Şəxsi axtarış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi, “... Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,059 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,142 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5333 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbuli nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və .şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3,2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 114-115) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 1,959 qram narkotik vasitə heroin və 2,042 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 124-133) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, ödənilmiş məhkumluqlar istisna edilməklə Təqsirləndirilən şəxs sonuncu dəfə Göygöl rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 228.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (Cild 1, iş vərəqləri 89-91) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi təqsirləndirilən şəxs cinayət törədərkən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarında olan sənədlərdən və elektron-məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş, hər iki ayağında güllə yaralanması almaqla, birinci dərəcəli əlil olmuşdur. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməsi və hər iki ayağında güllə yaralanması almaqla birinci dərəcəli əlil olması onun cəzasını yüngülləşdirən hal kimi də nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 02 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 76-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbsdə olduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Birinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan 1,959 qram heroin və 2,042 qram metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1,959 qram çəkidə narkotik vasitə heroin və 2,042 qram şəkidə psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar