Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-385/2024 27.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 197, ev 13, mənzil 33-də qeydiyyatda olan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olmaqla 2,249 qram çəkidə psixotrop maddə metamfetamini 20 manat pul müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 04 iyul 2023-cü il tarixdə saat 23 radələrində kirayə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evinin yaxınlığında Abşeron RPl-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib həmin gün saat 23:50-dən 23:59dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə - 2,249 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən tutularkən 3 nəfər olmuşlar. Gəncəlidir, Gəncə ərazisində yaşamış, Bakıya qonaq gəlmişdir. Polis əməkdaşları onları qonaq gəldiyi yerdə tutmuşlar. Evdən 6 qram narkotik vasitə çıxmışdır. Narkotik vasitənin sahibi narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, buna baxmayaraq polis əməkdaşları onun özünə işgəncə verərək onun da narkotik vasitə istifadəçisi olduğunu deyərək 01 qram narkotik vasitəni öz üzərinə götürməsini bildirmişlər. 01 qram narkotik vasitəni cibinə qoyduqdan sonra çəkiliş zamanı narkotik vasitənin 02 qramdan çox olduğu məlum olmuşdur. Təzyiqlərə, işgəncələrə dözməyərək məcburi olaraq sənədlərə qol çəkmişdir. 2019-cu ildən narkotik vasitə kimi metamfetamin yox, heroin istifadə etmişdir. Əvvəllər məhkum olunmuşdur, lakin azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Üzərindən narkotik vasitə çıxmamışdır, polis əməkdaşları evin içindən onları tutmuşlar. Polis əməkdaşları onları bölməyə gətirdikdən sonra evdə stolun üstündən götürdükləri narkotik vasitəni ayrı-ayrılıqda onların üzərinə qoymağa cəhd etmiş, fiziki və psixi təzyiqdən sonra o, narkotik vasitənin ona məxsus olmasını qəbul etmişdir. Polis əməkdaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləcəyini bildirmiş, məcburiyyət qarşısında 01 qram narkotik vasitəni boynuna götürməyə razılaşmışdır. Üç polis əməkdaşından yalnız biri ona fiziki və psixi təzyiq göstərməmiş, zorakılıq tətbiq edənlərdən biri Xətayi adlanan polis əməkdaşı olmuşdur. Cəzaçəkmə müəssisəsində olan tanışının yanından qayıdanda qonaq getdiyi evdə tutulmuşdur. Ev sahibi Qafarov Canpoladın oğlu onun dostu olmuşdur, cəzaçəkmə müəssisəsinə tədarük aparanda onunla zəngləşmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat dəyərində psixotrop maddə olan metamfetamin almış və öz istifadəsi üçün həmin narkotik vasitəni üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Qobu PB-də üzərində narkotik vasitə olmasını demişdir. Abşeron RPİ-nin Qobu PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilirkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, qara rəngli qısa şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdən ibarət psixotrop maddə olan metamfetamini təqdim etmişdir. O, bükümün içərisindəki ağ rəngli kristal şəkilli maddənin “patı” deyilən maddə olduğunu, həmin maddəni Qobu qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayarkan və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. Onun üzərindən aşkar edilmiş büküm kağız zərfdə qablaşdırıldıqdan sonra üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür.(cild 1, iş vərəqə 35-36) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il Abşeron RPİ-nin Qobu Polis bölməsinə Qobu qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə digər polis əməkdaşları ilə birlikdə Qobu qəsəbəsi yeni məhəllədə əməliyyat mövqeyi seçib gözləmişlər, saat 23 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Qobu Polis bölməsinə dəvət etmişlər. Bölmədə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir, bu zaman o, şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisindəki maddənin “patı” deyilən maddə olduğunu, həmin maddəni Qobu qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 107-109) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonunun Qobu qəsəbəsi yeni məhəllədə nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı kütləni təqdim edərək, həmin maddənin psixotrop maddə olduğunu, özünə məxsus olmasını Qobu qəsəbəsində tanımadığı şəxsdən 20 manata almasını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. ( cild 1, i.v. 33-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, Ruhan Qədirlinin, Abşeron RPİ-nin Qobu Polis bölməsinin baş əməliyyat müvəkkiili Şahid2, əməliyyat müvəkkilləri Şahid1 və Azər Əliyevin və sahə polis nəfəri Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Nəsib Əliyevin iştirakı ilə süni işıqlandırma şəraitində, Qobu Polis bölməsində xidməti otaqda aparılır. X4 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, saxlanılma səbəbinin ona izah olunduğunu, polis bölməsinə gətirilərkən hər hansı təzyiqə və zorakılığa məruz qalmadığını bildirir, təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur və bükümün içərisindəki maddənin “patı” olduğunu, yaşadığı Qobu qsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirir və öz istifadəsi üçün üzərində gəzdirdiyini etiraf edir. Bunda sonra polis əməkdaşları tərəfindən onun üzərinə axtarış keçirilir hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm boş kağız zərfin içərisinə qoyulub, möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs müdafiəçi Nəsib Əliyevin sualına cavab olaraq ona qarşı hər hansı fiziki və psixi təzyiq olunmadığını qeyd edir.( cild 1, iş vərəqə 50) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3631 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245" dairəvi möhür əksi, "... H.Teymur..." və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,249 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (cild 1, i.v. 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertləri tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli 7028 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, i.v. 125-126) Azərbaycan Respublikası SN-nin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1350 №-li tibbi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir.(cild 1, i.v.110) İş materiallarına əlavə edilmiş 05 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən Abşeron RPİnin əməkdaşları tərəfindən fiziki işgəncəyə, qeyri-insani rəftara, təzyiq və təsirlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,249 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və metamfetaminin 2,149 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir.(cild 1, i.v. 48- 49, 51) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Hüseynov X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. ( cild 1, i.v.93-95,97-105) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış,məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 20-21, 81-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza keçirildikdən sonra qalıq çəkisi 2,149 qram narkotik vasitə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin Növbətçi Hissəssinə təhvil verilmiş qalıq çəkisi 2,149 qram olan narkotik vasitə olan metamfetamin məhv edilsin, 01 ( bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 ( yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-385/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-385/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver