Məhkəmə qərarları › İş №1(124)-385/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-385/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-385/2025 25.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi- X5 iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Xaçmaz rayonu, Bəbəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Xaçmaz rayonu, Xaspoladoba kənd məscidi imamının müavini vəzifəsində işləmiş, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə qardaşının övladı X6 müddətli həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təşkil olunmuş məclisdə iştirak edərkən arvadına sıxıldığını və evə getmək istədiyini bildirmiş, bu zaman arvadı Zərərçəkmiş şəxs məclisdən tez getmək istəməyərək etiraz edib “onun hər zaman belə etdiyini, heç bir məclisdə axıra qədər oturmadıqlarını” qeyd edərək ona iradını bildirdiyindən, aralarında qısa müddətli sözlü mübahisə yaşanmış, daha sonra Zərərçəkmiş şəxs öz iradını bildirməyə davam etsə də, Təqsirləndirilən şəxs avtomobilə oturaraq evə getmək istədiyini görüb evə getmək üçün onun idarə etdiyi avtomobilə əyləşmiş, onunla yaşadıqları evə qayıtdıqları müddət ərzində öz etirazını bildirməyi dayandırmamış, bu dəfə artıq ona qarşı aqressiv münasibət sərgiləyərək təhqiramiz ifadələr işlətməsi nəticəsində aralarında yenidən sözlü mübahisə baş vermiş, həmin mübahisə Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən yaşadıqları evə qədər davam etmiş, evdə olan zaman isə Zərərçəkmiş şəxs ona olan iradlarını daha aqresssiv formada bildirməyə davam etmiş, eyni zamanda onun və anasının ünvanına təhqiramiz sözlər işlətməklə, daha sonra isə ondan boşanacağını bildirməklə onu mübahisəyə təhrik etmiş, nəticədə Zərərçəkmiş şəxs tərəfindən durmadan təkrar edilən təhqiramiz sözlər və aqressiv münasibət, o cümlədən sərgilədiyi inadçılıq onda “əgər dediyini edərək arvadının ondan boşanacağı halda həyatının heç bir mənasının qalmayacağını, el içində rüsvay olacağını, camaat arasına çıxa bilməyəcəyini” düşünməsinə əsas olan hirslilik yaratmaqla sonuncunu qəsdən öldürməkdən ibarət qətiyyət formalaşdırmış, bu məqsədlə o, 06 aprel 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən yaşadıqları evin mətbəxində paltaryuyan maşının üzərində Zərərçəkmiş şəxs məxsus qəhvəyi rəngli baş örtüyünü (yaylığını) götürüb sonuncunun boğaz nahiyəsinə dolayıb sıxmaqla zərərçəkmiş şəxsi qəsdən boğaraq sonuncuya “boynunda tək, hər iki tərəfə çəp yuxarı qalxan stranqulyasiya şırımı” kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək boyun üzvlərinin ilgəklə boğulması zamanı baş vermiş asfiksiya nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən ailəmlə hər zaman xoşbəxt olmuşam və bu evlilikdən 3 uşağım dünyaya gəlib. Həyat yoldaşımla bir-birimizi sevib ailə həyatı qurmuşuq. Həyat yoldaşım da, mən də ailəmizə qarşı qayğı göstərmişik. Mənim əsas problemlərimdən biri o olub ki, mən uzun illər əsəb xəstəliyindən əziyyət çəkmişəm. Evdə övladlarım da bunun şahidi olub. Bir neçə dəfə əsəbləşəndə evdəki əşyalara qarşı aqressiv hərəkətlər etmişəm. Ancaq həyat yoldaşımı heç vaxt incitməmişəm. Hadisə baş verdiyi gün həyat yoldaşımın mənə qarşı aqressiv ifadələr işlətməsi mənim özümdən asılı olmayan hərəkətlər etməyimə səbəb oldu. Mən həyat yoldaşımı canımdan çox istəmişəm. Hadisənin baş verdiyi gün qardaşım oğlu İlkin Məmmədovun hərbi xidmətə yola salınması mərasimi idi. Həmin gün saat 17:00da ailəmlə birlikdə öz maşınımla qardaşımın evinə getdik. Orada qardaşlarım, qardaşlarımın həyat yoldaşları və onların uşaqları var idi. Axşam saat 19:00-da axşam namazı qılmaq üçün Xaçmaz rayonuna getdim. Axşam saat 20:30-da qardaşımın evinə geri qayıtdım. Geri qayıdanda gördüm ki, kişilər və qadınlar məclisdə birlikdə oturub. Əsəbi xarakterə malik olmağım mənim bəzən özümdən çıxmağıma səbəb olub. Mən kişilərlə qadınların məclisdə birlikdə oturma səbəbini soruşanda həyat yoldaşım sərt reaksiya verdi. Əslində orada yad biriləri yox idi, hər biri yaxınlarımız idi. Ancaq bir-iki nəfər kənardan gələn şəxslər var idi. Mən cibimdən pul çıxarıb qardaşım oğlunun cibinə qoyanda qardaşım oğlu məni yubatdı və həyat yoldaşım o müddət ərzində mənə səbirsiz olduğumu söyləyərək mənə qarşı sərt reaksiyalar verdi. Daha sonra əsəblərimin sakitləşməsi üçün maşına əyləşdim, məndən sonra yoldaşım da maşına əyləşdi. Maşınla evə getdiyimiz müddətdə maşında həyat yoldaşımla məndən başqa heç kim olmayıb. Bütün yol boyu həyat yoldaşım mənə maşında təhqiramiz sözlər, aqressiv ifadələr işlətdi. Həyat yoldaşım məndən boşanacağını, artıq sərbəst olmaq istədiyini, mənim səbirsiz olduğumu söylədi. Mən ailəmə çox bağlı olduğum üçün həyat yoldaşım boşanmaq istədiyini söyləyəndə daha da əsəbləşdim. Mən qardaşımgildən evin açarlarını gətirəndə həyat yoldaşım evə gəlməyəcəyini, küçədə oturacağını, sabah da buradan məhkəməyə gedəcəyini söylədi. Həyat yoldaşımın məndən boşanmaq istəməsini söyləməsi məni daha da özümdən çıxmağa vadar etdi və bundan sonra baş verən hərəkətlərimi əsəbi vəziyyətdə, özümdən asılı olmadan etmişəm. Mənim 23 illik əziyyətim, övladlarım və ailəmi sevməyim-hər şey gözümdə yox oldu. Özümə gəldikdən sonra məscidə getdim və tez-tələsik gecə namazını qıldım. Daha sonra polis şöbəsinə gedərək təslim oldum. Polis şöbəsinə yaxınlaşanda qardaşıma zəng edərək baş verənləri söylədim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əslində məclisdə o qədər də əsəbi deyildim, sadəcə oradakı vəziyyət mənim xoşuma gəlmədi və oradan uzaqlaşmaq istədim. Məni özümdən çıxaracaq vəziyyətə gətirən həyat yoldaşımın reaksiyası oldu. Mənə ən çox təsir edən həyat yoldaşımın mənə dözə bilmədiyini və məndən boşanmaq istəməsini söyləməsi idi. Həyat yoldaşım mənə bu sözləri məclisdə deyil, maşında söyləmişdi. Kaş həmin gün yoldaşım mənimlə birlikdə evə gəlməzdi və məclisdə qalardı. Mən həyat yoldaşımı döyməmişəm. Onu hansı vəziyyətdə öldürdüyümü isə bilmirəm, çünki mən həmin vaxt özümdə deyildim. Həyat yoldaşımın “boşanıram” sözünü işlətməsi mənə təsir etdi və mən həyatımın necə olacağını düşündüm. Həyat yoldaşım maşında boşanmaq istədiyini söyləmədi, maşında mənə qarşı təhqiramiz ifadələr işlətdi. Həyat yoldaşımla mübahisə maşında başladı. Maşında mübahisə olan zaman yanımızda heç kim yox idi. Mən hələ qardaşımın evində olanda oğluma mənimlə gəlməyi təklif etdim, ancaq oğlum əmisigildə qalacağını söylədi. Evə gələndə evdə həyat yoldaşım və məndən başqa heç kim yox idi. Hadisəni törədən zaman etdiyim hərəkətdən xəbərim olmayıb, özümdə olmamışam. Etdiyim hərəkətdən peşmanam. Mən psixi vəziyyətimdən dolayı özümdə olmadığım üçün həyat yoldaşımı öldürmüşəm. Həyat yoldaşımın anamı təhqir etməsi mənim daha çox özümdən çıxmağıma səbəb oldu.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir: “Mən hadisənin baş verdiyi gün Bakıda kollecdə olmuşam. Atamla və mərhum anamla münasibətim yaxşı olub. Mən Bakıda “Şəbnəm” X13 təhsil alıram. Gecə saatın neçə olduğunu xatırlamıram, müəlliməm məni yuxudan oyatdı və mənə deyiləcək sözü olduğunu bildirdi. Müəlliməm evə getməli olduğumu və əmimin məni gəlib götürəcəyini söylədi. Mənə dedilər ki, nənəmin ürəyində problem olduğuna görə vəziyyəti pisləşib. Atamın dayısı oğlu məni maşınla götürdü. Mən maşında olduğum müddətdə mənə heç bir şey söyləmədi. Evə çatanda artıq hər şey mənə məlum oldu.” Zərərçəkmiş şəxsin hüquqi varisi İnci Məmmədzadə məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Atamın etdiyi hərəkətə haqq qazandırmıram,ancaq anamı itirmişəm, atasız da qalmaq istəmirəm. Çünki valideynsiz yaşamaq çox çətindir. Atam hirslənəndə əşyalara zərər vururdu, ancaq ailədə heç birimizə əl qaldırmayıb. Mən evdə olmayan vaxtlarda evdə qardaşım olub. O özü də söyləyə bilər ki, atamla anam mübahisə ediblər, ancaq daha sonra sakitləşiblər. Onlar arasında bir-birinə əl qaldırmaq və ya şiddət kimi hallar olmayıb. Biz heç gözləmirdik ki, belə bir hadisə baş verə bilər. Atamdan şikayətçi deyiləm, barışıq olmasını və ailəmizə geri dönməsini istəyirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Tədbir mənim evimdə keçirilib. Tədbirin mənim evimdə keçirilməsinin səbəbi qardaşımın Rusiyada yaşaması və burada evi olmaması idi, buna görə də qərara gəldik ki, qardaşım oğlunun əsgərliyə getməsi ilə bağlı olaraq tədbiri mənim evimdə qeyd edək. Qardaşlarım və qardaşlarımın yoldaşları da tədbirə gəlmişdi. Qardaşım Asəfin yoldaşı və uşağı da bizdə idi, özü axşam namazını qılmağa getmişdi. Onu gözlədik ki, birlikdə oturub yemək yeyək. Axşam saat 9-10-a işləmiş qardaşım gəldi. Birlikdə oturub yemək yedik. Daha sonra qardaşım qərara gəldi ki, evə getməlidir. Qardaşım əsgərliyə gedən qardaşım oğlunun cibinə pul qoydu və daha sonra həyat yoldaşına evə getməli olduqlarını söylədi. Həyat yoldaşı qalmaqda israr etsə də Asəf buna razı olmadı. Asəf hamımıza müraciət edərək kişilər və qadınların ayrı oturmasını söylədi. Bu zaman Asəfin həyat yoldaşı Asəfin evə getmək istəyi ilə razılaşdı. Məclisdə içki yox idi. Asəfin xarakterindən irəli gələrək o kişilərlə qadınların eyni məclisdə oturmasını istəmirdi. Asəf oğluna onunla gəlməsini söyləyəndə oğlu əmisi oğlunu sabah əsgərliyə yola saldıqdan sonra gələcəyini dedi. Asəf və həyat yoldaşı birlikdə getdikdən sonra məclisimiz davam etdi. Ancaq Asəfgilin məclisdən getməsi mənə pis təsir etdi, istəyirdim ki birlikdə olaq. Asəflə həyat yoldaşının gedişindən 20 dəqiqə sonra Asəfdən mənə zəng gəldi. Onun hərəkəti mənə pis təsir etdiyi üçün birinci zəngini açmadım. Ancaq 2-ci dəfə zəng etdikdən sonra telefonu açdım. Asəf mənə özümü tez evə çatdırmağımı, özünün isə polis şöbəsinə gedəcəyini söylədi. Mən o zaman başa düşdüm ki, nəsə bir hadisə baş verib. Mən qardaşım Vüqarla birlikdə maşınla Asəfin evinə getdim. Maşında olanda polis mənə zəng etdi və Asəfin evinin ünvanını soruşdu. Hadisə yerinə birinci mən çatdım. Evin qapısından içəri daxil oldum və qardaşımın yoldaşının evin mətbəxində uzanıqlı vəziyyətdə olduğunu gördüm.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Hər bir evdə mübahisə ola bilər. Çox güman ki, aralarında mübahisə olub ki, məsələ bu həddə gəlib çatıb. Asəf qapalı insan idi, ailə sirlərini hər zaman gizlədirdi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Axşam təxminən saat 21:00 radələrində hamı kimi mən də ailəmlə birlikdə qardaşım oğlunun məclisi ilə bağlı olaraq qardaşım Rüfətin evinə gəldim. Daha sonra qardaşım Asəf də gəldi. Bir müddət sonra Asəfin həyat yoldaşı ilə mübahisəsi yarandı və Asəf ona birlikdə evə getməyi söylədi. Daha sonra Asəf həyat yoldaşı ilə məclisdən ayrıldı. Gedişlərindən 1 saat sonra Asəfdən zəng gəldi və belə bir hadisəni törətdiyini söylədi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Asəflə həyat yoldaşının münasibətləri çox yaxşı olub. Onların arasında polis bölməsinə düşəcək heç bir mübahisə olmayıb. Qardaşım arvadı mənim həyat yoldaşıma Asəflə bağlı heç bir şikayət etməyib. Məclisdə aramızda heç bir mübahisə olmayıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Məclis bizim evdə idi. Qaynımın oğlunu əsgərliyə yola salmaqla bağlı kiçik bir məclis keçirirdik. Axşam saatlarında qaynım Asəf, həyat yoldaşı Yaqut və oğlu Məmmədəmin bizə gəldilər. Asəf onları bizim evdə düşürüb, özü axşam namazına getdi. Biz də ailə üzvü kimi məclisə yığışmışdıq. Axşam hava qaralanda qaynım Asəf gəldi. Daha sonra o bizə etirazını bildirərək həyat yoldaşıyla birlikdə evə getmək istədiyini söylədi. Ancaq biz hələ də onun etitazının səbəbini bilmirik. Həyat yoldaşı da etiraz etmədən onunla birlikdə çıxdı və evdən çıxanda Asəfə həmişə belə qısqanclıq etdiyini bildirdi. Məclis kiçik bir yerdə qurulmuşdu. Asəflə Yaqut məclisdən ayrıldıqdan təxminən 1 saat yarım keçmişdi ki, biz bu xəbəri eşitdik. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Mən ailəmlə birlikdə məclisə getdim. Məclisə sonradan gəlmişdim. Mən gələndə mərhum Yaqut xanım orada idi, ancaq Asəf yox idi. Mən onunla görüşdüm, hər şey yaxşı idi. Daha sonra Asəf gəldi, onunla da salamlaşdım. Daha sonra mən övladım ağladığı üçün onu götürüb digər otağa keçdim. Otaqdan çıxanda artıq onların getdiyini gördüm. Təxminən saat 22:00 radələrində qaynıma zəng gəldi və həyat yoldaşımla qaynımı çağırdılar.” Şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Asəflə həyat yoldaşı Yaqutun münasibəti yaxşı olub. X21 evlilik münasibətlərində bizə öyüd-nəsihət verirdilər. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün günortaya qədər biz evdə idik. Ondan sonra biz əmim oğlunun əsgərliyə getməsi ilə bağlı əmimgilə getdik. Atam namaza getdi, daha sonra əmimgilə qayıdıb gəldi. Mən həmin vaxt süfrənin ətrafında oturub yemək yeyirdim. Atam gedəcəyini söylədi və məndən maşının açarlarını istədi. Mənim kürəyim qapıya tərəf olduğu üçün anamın qapıdan çıxdığını görmədim. Daha sonra mən çölə çıxanda anamla atamın getdiyini gördüm. Əmim mənə atamgillə birlikdə getməməyi, məni sabah evə aparacağını söylədi. Məclisdə heç bir münaqişə olmayıb.” Şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Atam, əsəbi idi, ancaq heç kimsəyə zərər vuracaq həddə əsəbi deyildi. Atam özündən çıxırdı, əsəbiləşirdi. Evdə atamla anamın mübahisəsi olub, ancaq bu həddə mübahisə heç vaxt olmayıb. Anamın əvvəllər atamı özündən çıxaracaq söz işlətməsini xatırlamıram. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Biz ailəmlə birlikdə Qusara istirahətə getmişik.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün Bakı şəhərində övladlarımın yanında olmuşam. Gecə saat 1-ə qalmış mənə xəbər ediblər ki, Yaqut özünü asıb. Mən gecə Bakıdan çıxdım və saat 3-ə qalmış onların evinə gəlib-çatdım. O zaman mənə məlum oldu ki, Yaqut özünü asmayıb, Asəf onu boğub öldürüb.” Şahid Vaqif Bayramov məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bacım mənə həyat yoldaşı ilə bağlı şikayət etməyib, ancaq hiss etmişəm. Asəfin qısqanclığından, onu heç bir məclisə getməyə icazə verməməsindən, qapını bağlamasından hiss etmişəm. Bacım şikayətçi olmasa da, ancaq danışanda həyatından razı olmadığını başa düşürdüm. Bacımın uşaqları mənə atalarının onları incitməsi ilə bağlı şikayət etməyib, kiməsə şikayət etdiklərini bilmirəm. Asəflə münasibətimiz çox yaxşı olub. Asəf mənə qarşı çox hörmətcil olub, mənə heç bir pisliyi olmayıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqrir”dən görünür ki, həmin tarixdə saat 22:46-da Xaçmaz Rayon Polis Şöbəsindən Xaçmaz rayonu, Xaspoladoba kənd sakini Zərərçəkmiş şəxs boğularaq öldürülməsi barədə Xaçmaz rayon prokurorluğuna məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan 06-xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri koordinatları şimal enliyi 41.487576 və şərq uzunluğu 48.826765 olan Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən fərdi yaşayış evinin mətbəx otağıdır. Evin darvazası iki taylı olmaqla qəhvəyiyaşıl rəngli və dəmir materialdandır. Darvazadan daxil olduqda iki mərtəbəli yaşayış evi görünür. Evin birinci mərtəbəsində hadisənin baş verdiyi yer, yəni mətbəx otağı yerləşir. İçəriyə doğru daxil olduqda mətbəx otağında mətbəx üçün istifadə olunan əşyalar və yerdə uzanıqlı vəziyyətdə mərhum Zərərçəkmiş şəxs meyiti və meyit ətrafında sonuncuya məxsus baş örtüyü (yaylığı) müşahidə olundu. Mətbəx otağının uzunluğu 3.82 m, eni 1.94 m və hündürlüyü isə 2.8 metrdir. Mərhum Zərərçəkmiş şəxs sol ayaq ucundan qarşı divara olan məsafə 0.78 m, sağ ayaq ucundan 0.75 m, baş nahiyəsindən isə 0.70 metrdir. Hadisə yerində qanabənzər ləkələr aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs paltarlarında hər hansısa zədə aşkar edilməmişdir. Meyitin boğaz nahiyəsində boğulma əlamətlərini xarakterizə edən şırım izləri müşahidə olunmuşdur. Daha sonra Zərərçəkmiş şəxs meyiti daxili və xarici müayinə olunması üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılmışdır. Meyitin ətrafında olan qəhvəyi rəngli baş örtüyü (yaylığı) sübuti əhəmiyyətə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 04-08). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir (cild 01, iş vər. 72-73). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-79/2-12059/2025 nömrəli məktubdan görünür ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində qeyd olunan şöbədə təqsirləndirici material yoxdur, həmçinin onlar Xaçmaz Rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata götürülməmişlər (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-43/2-671/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir xəstəliklə əlaqədar stasionar müalicə almamışdır. O, xx.xx.2024-cü il tarixdə “Radikulopatiya” diaqnozu ilə, xx.xx.2024-cü il tarixdə “İdiopatik periferik-vegetativ nevropatiya”, “Vegetativ sinir sisteminin somotoform disfunksiyası” diaqnozu ilə, xx.xx.2024-cü il tarixdə “Kəskin hemorragik qastrit” diaqnozu ilə, xx.xx.2025-xx.xx.2025-ci il tarixdə “Yuxarı tənəffüs yollarının kəskin infeksiyası” diaqnozu ilə xəstəxanaya ambulator müraciət etmişdir. xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hər hansı bir xəstəliklə əlaqədar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında stasionar və ambulator müalicə almamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X22də həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında olmamışlar (cild 01, iş vər. 145). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayətə dair ifadəsindəki xüsusatları hadisə yerində bir daha göstərmiş, ifadənin yerində yoxlanmasını əks etdirən video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 157-159). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 574 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - boynunda tək, hər iki tərəfə çəp yuxarı qalxan stranqulyasiya şırımı ölümdən az əvvəl tarıma çəkilmiş ilgəyin təsirindən boğma zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarət boyun üzvlərinin sıxılması, beyin qan dövranının pozulması və huşun itməsi ilə nəticələndiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə boğulması zamanı baş vermiş asfiksiya olmuşdur (cild 01, iş vər. 161-164). Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/746R nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əl dırnaq kəsintilərinin alt səthində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur, Zərərçəkmiş şəxs əl dırnaq kəsintilərinin alt səthində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallarla yanaşı naməlum şəxsə məxsus DNT profilinin fraqmentləri də mövcuddur, Təqsirləndirilən şəxs əl dırnaq kəsintilərinin alt səthində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallarla yanaşı naməlum şəxsə məxsus DNT profilinin fraqmentləri də mövcuddur (cild 01, iş vər. 166-171). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1383 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №- li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir (cild 01, iş vər. 173-179). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 01, iş vər. 181-184). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif olunmuş və ona qeyd olunan maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmış, o cümlədən onun barəsində CM-in 120.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 188- 197). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qəsdən adam öldürmə xuliqanlıq niyyəti ilə törədildikdə, şəxsin əməli CM-in 120.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin, həmin qərarda göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs cüzi səbəb olan - qardaşının övladı X6 müddətli həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təşkil olunmuş məclisdən tez qayıtması səbəbindən arvadı Zərərçəkmiş şəxs etirazını bəhanə edib sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 06 aprel 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu, Xaspoladoba kəndində yerləşən yaşadıqları evin mətbəxində paltaryuyan maşının üzərində Zərərçəkmiş şəxs məxsus qəhvəyi rəngli baş örtüyünü (yaylığını) götürüb sonuncunun boğaz nahiyəsinə dolayıb sıxmaqla zərərçəkmiş şəxsi qəsdən boğaraq sonuncuya “boynunda tək, hər iki tərəfə çəp yuxarı qalxan stranqulyasiya şırımı” kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək boyun üzvlərinin ilgəklə boğulması zamanı baş vermiş asfiksiya nəticəsində Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərək zərərçəkmiş şəxsi qəsdən öldürməsi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CMnin 120.2.2-ci maddəsi ilə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, hazırkı işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı heç də xuliqanlıq motivi ilə hərəkət etməmiş, öz davranışı ilə heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə cinayət əməli törətməmişdir. Belə ki, o, ailəsi ilə birlikdə qardaşı oğlu İlkin Məmmədovun hərbi xidmətə yola salınması ilə bağlı qardaşının evində təşkil olunmuş məclisdə iştirak etmiş, daha sonra axşam namazını qılmaq üçün həmin yerdən ayrılıb məscidə getmiş və məsciddən qayıtdıqda arvadı Zərərçəkmiş şəxs da daxil olmaqla qadınların kişilərlə birlikdə əyləşdiyini görmüşdür. Bu hal onda əsəbiliyə səbəb olmuş, kişilərlə qadınların birlikdə oturmalarının səbəbini soruşmuş və həmin anda arvadı ona sərt reaksiya vermişdir. Daha sonra Təqsirləndirilən şəxs qardaşı oğlu İlkin Məmmədovun hərbi xidmətə yola salınması ilə bağlı təşkil olunmuş məclisdə qalmaq istəməyərək qardaşı oğlunun cibinə pul qoymuş və arvadına evə getmək üçün hazırlaşmasını bildirmişdir. Bu zaman arvadı Zərərçəkmiş şəxs ondan şikayətlənməyə, gileylənməyə başlamış, buna baxmayaraq Təqsirləndirilən şəxs həmin anda da arvadı ilə heç bir mübahisə etməmiş və sakitləşmək üçün maşınına əyləşib oradan uzaqlaşmaq istəmişdir. Bundan sonra arvadı da maşına əyləşmiş, yolda getdikləri müddətdə arvadı ona qarşı təhqiramiz ifadələr işlədərək mübahisə başlatmış, yolda başlamış mübahisə yaşadıqları evə qədər davam etmiş və arvadı son olaraq evdə ona artıq sərbəst olmaq istədiyini, onun səbirsiz olduğunu və ondan boşanacağını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış ailə münaqişəsi zəminində sonuncunun ondan boşanacağını bildirməsini həyatının sonu kimi qiymətləndirmiş, el içində rüsvay olacağını, camaat arasına çıxa bilməyəcəyini düşünərək onun psixi-emosional sferasında hirslilik və gərginlik əmələ gəlmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus qəhvəyi rəngli baş örtüyünü (yaylığını) götürüb sonuncunun boğaz nahiyəsinə dolayıb sıxmaqla zərərçəkmiş şəxsi qəsdən boğaraq Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Lakin nədənsə ibtidai istintaq orqanı ailə münaqişəsi zəminində yaranan şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “cüzi səbəb” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “cüzi səbəbin (hazırki halda onun arvadı Zərərçəkmiş şəxs qardaşının övladı X6 müddətli həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təşkil olunmuş məclisdən tez qayıtması) bəhanə edilməsi” kimi, əslində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış münaqişəni, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə, Təqsirləndirilən şəxs məhz xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, o cümlədən məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 20 ildən artıq müddətdə evli olmuş, bu müddətdə onlar münaqişəli ailə kimi tanınmamış, Təqsirləndirilən şəxs arvadı və uşaqları ilə, qohumları və yaxınları ilə münasibətləri yaxşı olmuş, özü Xaçmaz rayon Xaspoladoba kənd məscidində imam naibi işləməklə ailəsindəki və ətrafdakı insanların hörmətini qazanmışdır. Bundan əlavə, o hadisə baş verən gün məclisdə iştirak edən insanların yanında arvadı Zərərçəkmiş şəxs ona verdiyi sərt reaksiyaya baxmayaraq cəmiyyətə açıqca hörmətsizlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı saymazlıq ifadə edən hər hansı hərəkətə yol verməmiş və özünü ətrafdakılara qarşı qoymaqla xırda bir məsələni şişirdərək mübahisə yaratmamışdır. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, onun hərəkətləri xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi deyil, məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış ailə münaqişəsinin gedişində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarının 4-cü bəndində də göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onun əməli CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xaspoladoba kəndində yaşayır, onun kənd sakinləri və qonşular ilə münasibəti həmişə normal olmuşdur. Xaçmaz rayon Xaspoladoba kənd məscidində imam naibi işləyərək məscidə gələn dindarların hörmətini qazanmışdır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, evlidir və 3 övladı var (cild 01, iş vər. 130- 131). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra şəxsən könüllü surətdə Xaçmaz Rayon Polis Şöbəsinə gələrək xx.xx.2025-ci il tarixdə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs boğaraq öldürdüyünü etiraf etmişdir (cild 01, iş vər. 25). Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına fəal köməklik etməsini CM-nin 59.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 167). Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ona CM-in 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin olunmalıdır. Belə ki, CM-in 60.1 maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra könüllü olaraq hüquq mühafizə orqanlarına gedərək təslim olmuş və törətdiyi cinayəti etiraf etmişdir, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmışdır və əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Belə olan halda ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəliliyi nəzərə alınmaqla şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(067)- 52/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 41, 123-128). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli baş örtüyü (yaylığı), 01 ədəd qəhvəyi rəngli don, 01 ədəd qara rəngli retuz, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd qan nümunəsi və dırnaq kəsintisi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd sarı rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli uzunqol köynək, 01 ədəd tünd sarı rəngli cins şalvar, dırnaq kəsintilərinin nümunələri və yanaq epitel qaşıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 154 AZN (bir yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli baş örtüyü (yaylığı), 01 ədəd qəhvəyi rəngli don, 01 ədəd qara rəngli retuz, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd qan nümunəsi və dırnaq kəsintisi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd sarı rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli uzunqol köynək, 01 ədəd tünd sarı rəngli cins şalvar, dırnaq kəsintilərinin nümunələri və yanaq epitel qaşıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 154 AZN (bir yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar