Məhkəmə qərarları › İş №1(124)-387/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-387/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-387/2022 28.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 16 iyun 2022-ci il tarixli qərarı əsasında baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi cinayət işini məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 01 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 1-də yerləşən qohumu X8 məxsus evdə qonaq olmasını bilib tanışı Şahid2 ilə Zərərçəkmiş şəxs zorla “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmiş və həmin andan adam oğurluğu cinayəti bitmiş sayıldığından, cinayət əməli Abşeron rayonu ərazisində bitmiş hesab olunmalıdır. Məhkəmədə dövlət ittihamçısı vəsatətlə müraciət edərək, cinayət işinin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərini rəhbər tutaraq cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında daxil olmuş cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, həmin məhkəməyə göndərilməsi məsələsinə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununda görünür ki, o, İsmayıllı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(037)- 374/2019 nömrəli qətnaməsi ilə birgə nikahlarına xitam verilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 1-də yerləşən qohumu X8 məxsus evdə qonaq olmasını bilib tanışı Şahid2 Zərərçəkmiş şəxs zorla maşına mindirib İsmayıllı şəhəri, R.Rza küçəsi, ev 17 ünvanında yaşadığı evə aparacağını söyləyib bu işdə ona köməklik etməsinə razılıq aldıqdan sonra bu məqsədlə o, Şahid2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X2 məxsus “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Elman Azayevə məxsus evin qarşısına gəlmiş, o, maşından düşərək Zərərçəkmiş şəxs qohumlarına sonuncunu evdə gizlətmələrinə irad tutaraq mübahisə etmiş, Şahid2 isə əvvəlcədən aralarında olan razılığa əsasən sürücü qismində operativ şəkildə avtomobili idarə edib oradan uzaqlaşmaq üçün avtomobilin yanında dayanmış, o, Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq aparmasına Zərərçəkmiş şəxs həyətdə olan qohumları Şahid1 və digərlərinin müqavimət göstərəcəklərini düşünüb həyətdən aralaşaraq yaxınlıqda olan dükandan istintaqla müəyyən edilməyən mətbəx bıçağı alaraq yenidən evin həyətinə qayıtmış, həmin vaxt həyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu qəsdən oğurlamaq məqsədi ilə bir əli ilə yaxasından tutub digər əlində olan silah qismində istifadə etdiyi mətbəx bıçağını sonuncunun boğaz nahiyəsinə istiqamətləndirib onun iradəsinə zidd olaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə həyətdən avtomobilə tərəf aparıb zorla avtomobilin arxa oturacağına otuzdurmuş, Şahid2 aralarında əvvəlcədən olan razılığa uyğun sükan arxasında əyləşərək avtomobili hərəkətə gətirmiş, o isə Zərərçəkmiş şəxs yanında oturaraq hərəkətdə olan avtomobildə əlləri ilə Zərərçəkmiş şəxs əllərini tutub saxlamaqla və qəsdən bədən nahiyəsindən yumruqla vurmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ bazunun, sol saidin, döş qəfəsinin, qarının ön səthinin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşməyə nail olmaq üçün onun sol qolundan dişləyib əli ilə bədən nahiyələrindən vurub sonuncuya üzün, ənsə nahiyəsinin, sağ çiynin, sol bazunun, hər iki saidin, sağ əlin sıyrıqları, sol bazunun və sol saidin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirsə də avtomobildən düşməyə nail ola bilməmiş, sürücü Şahid2 avtomobili hərəkət etdirməklə ümumi niyyətdən kənara çıxaraq onunla birlikdə oğurladıqları Zərərçəkmiş şəxs könüllü azad etmək qərarına gəlib bunun üçün sonuncunu təhlükəsiz yer olaraq İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evə gətirərək Təqsirləndirilən şəxs ayrı otaqda arvadı X3 yanında saxlamasına və hadisə barədə öz mobil telefonu ilə onun qardaşı Şahid10 və əmisi Şahid9 mesaj yazaraq məlumat verməsinə şərait yaratmış, o, Zərərçəkmiş şəxs qohumlarına zəng edərək məlumat verməsindən əsəbləşib hərəkətlərini davam etdirərək sonuncunu həmin evdə qəsdən döyməklə və Zərərçəkmiş şəxs Sumqayıt şəhərinə aparmaq üçün xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində Şahid2 idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə yolun İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs onunla yenidən mübahisə etməsi ilə əlaqədar avtomobildə əyləşdiyi qabaq oturacaqdan çevrilərək arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən 3-4 dəfə vurmuş, Şahid2 onu sakitləşdirmək üçün avtomobili yolun kənarında mühərrikini söndürüb hərəkətsiz vəziyyətdə saxladıqda Zərərçəkmiş şəxs avtomobilin qapısını açıb yerə düşdüyünü və avtomobildən uzaqlaşdığını görüb ona yaxınlaşaraq saçından tutub dartaraq və yumruqla qəsdən bədən nahiyələrindən vurub sonuncuya sol gözaltı və sol almacıq nahiyəsinin, üst dodaq haşiyəsinin, alt çənənin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi kimi qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qəsdən törətdiyi adam oğurluğu cinayətini davam etdirmiş, Şahid2 onları aralaşdırıb sakitləşdirdikdən sonra onun başının qarışdığını görüb fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs könüllü olaraq azad etmək üçün dərhal avtomobilə oturdub həmin yerdən uzaqlaşdıraraq Ağsu şəhəri ərazisində Şahid10 və Şahid9 təhvil verməklə oğurladığı Zərərçəkmiş şəxs könüllü olaraq azad etmişdir. Bundan başqa o, 2021-ci ilin noyabr ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə, saat 11 radələrində gəlir əldə etmək üçün tamah niyyəti ilə tanışı Şahid5 zəng edib İsmayıllı şəhəri, Həsənbəy ünvan 1 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisində ağacları kəsdirmək istədiyini və ağacları kəsmək üçün icazə aldığını, habelə həmin ağacların yerləşdiyi ərazinin şadlıq sarayının sahibinin şəxsi mülkiyyətinə aid olduğunu, həmin şadlıq sarayına ümumi nəzarətin ona tapşırıldığını bildirib Şahid5 inandırdıqdan sonra sonuncu fəhlə kimi işləyəcək Şahid6 Firudin oğlu, Şahid7 və Şahid8 İsmayıllı şəhəri, Həsənbəy ünvan 1 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisinə gətirmiş, o, Şahid6, Şahid7 və Şahid8 də “Nur” şadlıq sarayının qarşısında meşə fonduna aid olmayan dövlət mülkiyyətinə aid torpaq sahəsində yetişmiş ağ qovaq cinsindən olan 7 (yeddi) ədəd ağacları kəsmək üçün icazəsi olduğunu bildirib həmin şəxsləri inandıraraq razılıqlarını aldıqdan sonra fəhlə kimi cəlb etdiyi Şahid6, Şahid7 və Şahid8 vasitəsi ilə qovaq cinsindən olan 1 ədəd diametri 21 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 22 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 23 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 24 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 28 santimetr dəyəri 250 manat, 2 ədəd diametri 35 santimetr hər birinin dəyəri 350 manat təşkil edən, yəni cəmi 7 ədəd bioloji inkişafda olan yaş kök üstə ağacları motorlu mişarla kəsdirib götürməklə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz ağac kəsib təbiətə xeyli miqdarda, yəni ümumilikdə 1750 (min yeddi yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən sonuncu əməl kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayət əməlinin törədilməsi göstərilsə də, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına ona törədilməsi istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Cinayət hüququnun doktrinasına görə adam oğurluğu cinayəti uzanan cinayətlər kateqoriyasına aid edilməklə formal tərkibli cinayət olduğundan nəzəriyəyə əsasən şəxs tutulduğu və başqa yerdə saxlanıldığı andan cinayət başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Lakin verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsinin dispozisiyasında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bağlı adam oğurluğunun törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Verilmiş ittihamdan da görünür ki, Təqsirləndirilən şəxs sadə adam oğurluğunda deyil, həmin cinayətin tövsifedici tərkibinin əlamətlərinə malik olan ağırlaşdırıcı hallarda adam oğurluğu cinayətinin törədilməsində ittiham olunur və Cinayət Məcəlləsinin 144.2.4cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməl cinayətin əsas bilvasitə obyekti olan şəxsin azadlığına qəsd etməklə yanaşı, əlavə obyekt kimi şəxsiyyətin həyatı və sağlamlığına da toxunur. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarına əsasən qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməli törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. İttihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlayıb onun azadlığına qəsd etməyi davam etməklə yanaşı, İsmayıllı rayonu Kürdmaşı və Qubaxəlilli kəndləri ərazisində onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmədən ibarət hərəkətləri də davam etməklə zərərçəkmişin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən ağır cinayətlər kateqoriyasına aid edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş sonuncu cinayət əməli İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində törədilmişdir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarına əsasən, İsmayıllı rayonunun ərazi vahidi Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinin mütləq tələbinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmə hesab edir ki, cinayət işinin Şəki və ya Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan, cinayət işi Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan mənada Avropa Məhkəməsi hesab edir ki, "qanun"a xüsusən məhkəmə orqanlarının təsis edilməsi və səlahiyyəti haqqında qanun (Lavents Latviyaya qarşı, § 114; Rixert Polşaya qarşı, § 41, Yorqiç Almaniyaya qarşı, § 64), həmçinin pozulduğu halda məhkəmə baxışında bir və ya daha artıq hakimin iştirakının qeyri-qanuni olmasına səbəb olacaq hər hansı başqa milli qanunvericilik müddəası (Qorqiladze Gürcüstana qarşı, § 68; Pandjikidze və başqaları Gürcüstana qarşı § 104) daxildir. "Qanun əsasında yaradılmış" ifadəsi yalnız "məhkəmənin" mövcudluğu üçün hüquqi əsası deyil, həm də "məhkəmə" tərəfindən onun fəaliyyətini tənzimləyən (Qorqiladze Gürcüstana qarşı, § 68 ) konkret qaydalara riayət edilməsini və hər bir halda məhkəmənin tərkibini (Posoxov Rusiyaya qarşı, § 39; Fətullayev Azərbaycana qarşı, § 144; Kontaleksis Yunanıstana qarşı, § 42) əhatə edir. Müvafiq olaraq, milli qanunvericiliyin müddəalarına əsasən, təqsirləndirilən şəxsin işinə baxmaq üçün səlahiyyəti olmayan "məhkəmə" 6§1-ci maddənin nəzərdə tutulan mənası çərçivəsində "qanun əsasında yaradılmış" hesab olunmur (Rixert Polşaya qarşı §41; Yorqiç Almaniyaya qarşı, § 64). Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinin tələbinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Məhkəmədə Təqsirləndirilən şəxs onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı həbsin qətimkan tədbiri qismində seçilməsinə səbəb olmuş prosessual-hüquqi əsasların aradan qalxmadığına görə, onun barəsində hazırda qüvvədə olan həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmasına mütləq zərurət vardır, bu səbəbdən də həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxsin vəsatəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75, 77, 174, 299 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə aidiyyəti ilə bağlı Şəki və Sumqayıt Ağır Cinayətlər Məhkəmələri arasında fikir ayrılığı olduğundan, cinayət işi məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin, bununla bağlı dövlət ittihamçısının vəsatəti də təmin edilsin.

2. Təqsirləndirilən şəxsin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatəti əsasız olduğundan təmin edilməsin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılsın.

3. Qərar qətidir apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. H

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar