Məhkəmə qərarları › İş №1(124)-393/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-393/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-393/2025 16.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Balakən rayonu, Katex kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttihama görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində tanışı Şahid ilə birlikdə kirayədə yaşadığı Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, 37-ci binadakı 20 nömrəli mənzilinə gələn Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu, gecə vaxtı ucadan danışmaqla narahatlıq yaratdığını görüb iradını bildirməklə, evin həyətinə çıxdıqdan sonra iradını qəbul etməyib onun ardınca həmin evin həyətinə çıxan Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edib yaxasından tutan zaman üzərində gəzdirdiyi bıçaqla sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsağı və nazik bağırsaq müsariqəsini yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək faktiki olaraq məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Qoşqar və o birlikdə yaşamışlar. Elvin həm dostu, həm də iş yoldaşı olmuşdur, tez-tez onlara gəlib-getmişdir. Bir gün onlara içkili vəziyyətdə gəlmişdir. Ona dediyi söz onun xoşuna gəlməmiş, aralarında mübahisə başlamışdır. Onun Elvini vurmaq fikri olmamış, bıçağı sağa-sola hərəkət etmişdir ki, ondan uzağa getsin. Elvinlə bir çörək kəsmiş, birlikdə işləmişlər. Törətdiyi əməldən peşmandır.. Verilən suallara cavab olaraq bildirdi ki, bıçaqla bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Hadisə zamanı tək olmuşlar, Qoşqar sonradan gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qoşqar və Gündüz onun yaxın dostlarıdır. Hadisə günü spirtli içki qəbul etmiş, Qoşqara zəng vuraraq görüşmək istədiyini demişdir, Qoşqar da işi olduğuna görə evə gedib gözləməyini istəmişdir. Onların evinə çatmış, sonra evdə yüksək səslə telefonla danışmışdır. Gündüz ona heç nə demədən həyətə düşmüş, ardınca o da düşmüşdür. Aralarında mübahisə baş vermiş və Gündüz bıçağı çıxarıb onu qorxutmaq istəmişdir ki, ona yaxınlaşmasın və dalaşmasınlar, lakin o, Qoşqarın üstünə getməyə davam etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, heç bir şikayəti yoxdur, Gündüz onun dostu, qardaşıdır. O, Gündüzün yaxasından tutmuşdur, o ana qədər Gündüz bıçaq çıxartmamışdır. Gündüzə qarşı şikayəti yoxdur. Hadisə zamanı o demişdir ki, “deyəsən bıçaqlandım”. Daha sonra evə getmiş, halı gecə saatlarında pisləşmişdir. Bir zərbədən sonra Gündüz hərəkətlərinə davam etməmişdir. Gündüzlə barışmışdır, heç bir şikayəti yoxdur, ona cəza təyin edilməsini istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Gündüzlə bir evdə kirayədə yaşamışlar. Elvinlə içkiyə görə arada yola getməmələri olmuşdur. Hadisə ilə bağlı şəxsən bıçağın vurulmasının şahidi olmamışdır. Ümumiyyətlə, Elvin fiziki cəhətdən Gündüzdən güclüdür. Mübahisə etmişlər və Gündüz özünü qorumaq üçün bıçaq çıxarmışdır. O, onların mübahisə etdiklərini görmüş və onları aralamamışdır. Elvinə xəstəxanaya getməyi təklif etmiş, lakin zərbə Elvinə təsir etməmişdir. Elvin daha sonra evinə getmiş, gecə saatlarında onun xəstəxanaya aparıldığından xəbərdar olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi barədə RPİ-nə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 03 noyabr 2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarnından bıçaq xəsarət alması barədə X11 RPİ-nə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında”xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilərək xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(iş vərəqə 51-55) Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulmasına dair” 28 fevral 2025-ci il tarixli protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 27 fevral 2025ci il tarixdə saxlanılaraq MSY-nə təhvil verilmişdir. (cild 01, iş vər. 58). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2024cü il tarixli, 2695 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən nazik bağırsağı və nazik bağırsaq müsariqəsini yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici- kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.(iş vərəqə 63-65) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsindən CM-in 126-cı maddəsinə tövsif edilmişdir. (iş vərəqə 84) Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(012)-107/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 106-109) Cinayət işinin materiallarında olan 21 may 2025-ci il tarixli “Aşurov Gündüz Şahid oğlunun ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyni olaraq göstərmiş və analoji ifadə vermişdir. (cild 01, iş vər. 123-126). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2025-ci il tarixli «2069» №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (iş vərəqə 159-161) Cinayət işinin materiallarında olan 15 iyul 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.1, 126.2.4, 221.3, 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 164-172). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 16 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan döş nişanı və onun vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 fevral 2013-cü il tarixdə hərbi xidmətdə olarkən “nümunəvi xidmətinə görə” hərbi hissə komandiri tərəfindən 3-cü məharət dərəcəli döş nişanı ilə təltif edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlü¬kəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəx¬siyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, hərbi xidmətdə olarkən vətənə nümunəvi xidmət göstərərək qəhrəmanlıq etməsini, (CMnin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 06 aydan artıq müddətdə həbsdə saxlanılması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, Təqsirləndirilən şəxs saxlanıldığı İstintaq Təcridxanasından həbsdən azad ediməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li qərarının 25-ci bəndində göstərilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir”. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə 27 fevral 2024-cü il tarixdən, hökmün elan olunduğu 16 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətinə hesablanmamalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Hökmdən elan olunduğu vaxtdan (20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar